Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16560/2025 24.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə qarşı “nikah qeydinin etibarsız hesab edilməsi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1991-ci il tarixində X2 ilə iddiaçı arasında Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində bağlandığı qeyd edilən AZ-T №023849 seriya nömrəli nikah haqqında şahadətnamənin və Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin xx.xx.1991-ci il tarixli, 46 qeydiyyata alınmış 46 №-li nikah nikah akt qeydi əsasında təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, AZ-T № 023849 seriyalı qeydiyyata alınmış nikah akt qeydinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi və X2 barəsində xüsusi qərarda qəbul edilməsi ə və aidiyyatı üzrə AR Baş Prokruroluğa məlumat verilməsinə və araşdırma nəticəsinin məhkəməyə təqdim edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş AZ-T №023849 seriya nömrəli şəhadətnamədə qeyd olunmuşdur ki, iddiaçı ilə xx.xx.1970-ci il təvəllüdlü X2 arasında rəsmi nikah bağlanmış və bu barədə məlumat nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixində 46 № ilə rəsmi qeydiyyata alınmışdır. Həmin nikah iddiaçının iştirakı olmadan keçirilmişdir. Belə ki, cavabdeh qanunun tələblərini pozaraq AZ-T №023849 seriya nömrəli sənədlə qeydiyyata alınmış nikahda onun iştirakı olmadığı, həmin nikaha dair sənədlərin heç birində onun imzasının olmadığı və nikahda iştirakı olmadığından, nikaha dair sənədlərin iddiaçının imzası saxtalaşdırılaraq imzalandığı halda iddiaçı və X1 nikahını xx.xx.1991-ci il tarixində 46№-li aktla qeydiyyata almışdır. Bu əqd barəsində məlumat iddiaçıya qısa müddət öncə, yəni 2025-ci ilin avqust ayında məlum olmuşdur. Odur ki, xx.xx.1991-ci il tarixində X2 ilə iddiaçı arasında Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində bağlandığı qeyd edilən, imzalarının saxtalaşdırıldığı və iradə ifadəsini əhatə etməyən nikah akt qeydinin etibarsız hesab edilməsi zərurəti mövcudur. Akt qeydinin ləğv edilməsi üzrə aidiyyatı cavabdeh orqana müraciəti hazırki müddətə qədər cavablandırılmamışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2.). Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (3.1.). İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır (3.2.). Azərbaycan Respublikasının Ailə Məcəlləsində göstərilmişdir ki, bu məcəllənin 10– 12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır (25.1). Nikah məhkəmə qaydasında etibarsız sayılır (25.2). Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır (25.4). Nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir (26.1.3.). Hazırkı iddiada iddiaçı onunla X2 arasında cavabdeh tərəfindən qeydə alınmış nikah akt qeydinin etibarsız hesab edilməsini xahiş edir. Bununla bağlı qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda inzibati aktın ləğv edilməsi və inzibati aktın etibarsız hesab edilməsi anlayışları mövcuddur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsində göstərilmişdir ki, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 65.2-ci və 65.3-cü maddələri isə inzibati aktın etibarsızlığı barədədir. Həmin maddələrdə göstərilir ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır (65.2). İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (65.3). İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsi və ya onların etibarsızlığının tanınması həmin inzibati orqanların özü tərəfindən və ya məhkəmə tərəfindən həyata keçirilə bilər. Qeyd edilən məsələ ilə əlaqədar verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə qeyd edir ki, nikah akt qeydi inzibati akt olmadığından onun ləğv edilməsi və ya etibarsız hesab edilməsi inzibati məhkəmə qaydasında həyata keçirilə bilməz. İnzibati məhkəmə icraatı qaydasında yalnız akt qeydlərində düzəliş edilməsi barədə iddialara öhdəliyin icrası haqqında iddia kimi baxıla bilər. Hazırkı halda isə mübahisə akt qeydində düzəlişlə bağlı deyil, konkret olaraq nikahın etibarsız hesab edilməsi ilə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi bu cür iddialara yalnız mülki qaydada baxıla bilər. Eyni zamanda cavabdehin üzərinə müvafiq akt qeydində düzəliş edilməsi öhdəliyi qoyula bilər ki, bununla iddiaçı öz hüquqi marağına nail olmayacdır. Bu səbəbdən hazırkı iddia mümkün hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Bu səbəbdən iddia mümkün sayılmamalı, eyni zamanda məhkəmə tərəfindən iddiaçıya izah edilməlidir ki, o, hazırkı tələblə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə qarşı “nikahın akt qeydinin etibarsız hesab edilməsi və digər” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-16560/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16560/2025
24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver