Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1657/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı yaşa görə sosial müavinətin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər Qaradağ rayon şöbəsinin üzərinə ona yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyi ilə əvəz edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə 19.01.2020-ci il tarixdən ona yaşa görə sosial müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə doğulmuşdur. Onun qızı X4 28.06.1992-ci il ildə doğulmuşdur. Doğulduğu gündən ona orta dərəcəli kəmağıllıq diaqnozu qoyulmuş və mütəmadi dərmanlar qəbul etməklə bu günə qədər həmin diaqnoz ilə müalicə olunur. Həkim Məsləhət Komissiyasının (HMK) 24.10.2005-ci il tarixli arayışı və sonradan təkrar olaraq Bakı Baş Səhiyyə İdarəsi X2 01.03.2010-cu il tarixli, 560/0 saylı rəyi əsasında orta dərəcəli kəmağılıq diaqnozu qoyulmuşdur. Bakı Baş Səhiyyə İdarəsi X2 22.03.2010-cu il tarixli arayışı ilə ona ensefalopatiya (orqanik-reidual fonda əql inktşaf geriliyi) ilə orta dərəcəli kəmağıllılıq diaqnozu qoyulmuş və buna müvafiq ona dərmanlar yazılmışdır. X2 4030 saylı xəstəlik tarixçəsində 31.03.2010-cu il tarixdən 08.04.2010-cu il tarixə kimi Azərbaycan Respublikası Uşaq Nevroloji xəstəxanasında müayinə və müalicə olunmuş, evə buraxılarkən mütəmadi qəbul etməsi üçün dərman preparatları yazılmışdır. 1 saylı Zona TSEK (117344 saylı arayış) tərəfindən 03.12.2010-cu il tarixli müayinə aktı əsasında ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Onun qızı faktiki olaraq doğulduğu vaxtdan kəmağıllıq diaqnozu ilə xəstəliyi olmuş, mütəmadi müalicə olunmuş, yəni, sağlamlıq imkanları məhdud olmuşdur. 28.06.92-ci il təvəllüdlü X4 8 yaşına kimi onun himayəsində olmuşdur. Sağlamlıq imkanları məhdud olan uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 (beş) il azaldılmaqla yaşa görə müavinət təyin olunur. 01 iyul 2019- 30 iyun 2020-ci illər üçün kişilər 64 il 6 ay, qadınlar 61 il 6 ay yaşa çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu baxımdan 61 il 6 aydan 5 il çıxıldıqda 57 il 6 ay təşkil edir. Onun bu yaşı 19.08.2019-cu ildə tamamlanmışdır. Qeyd olunanları nəzərə alaraq o yaşa görə sosial müavinətin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh ona yaşa görə sosial müavinətin təyin edilməsindən imtina etmişdir. Sözügedən müavinətin təyin olunması barədəki rəsmi müraciətlərinə cavab olaraq aldığı Dövlət Sosial Müdafiə Fondunun 31.08.2020-ci il tarixli, eləcə də bu fondun Qaradağ rayon şöbəsinin 15.05.2020-ci il tarixli məktublarından göründüyü kimi “Əlilliyi olan şəxslərin hüququ haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud, 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edildiyindən, ona yaşa görə müavinətin təyin edilməsi və yaş həddinə güzəştin tətbiq edilməsi üçün 28.06.92-ci il tarixdə doğulduğu andan əlil olan (orta dərəcəli kəmağıllılıq) və 8 yaşınadək tərbiyə etdiyi qızının əlil şəxs kimi sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi sosial ekspertiza komissiyasının müayinə aktından çıxarışın təqdim olunması hüquqi əsas kimi tələb olunur. Məhz səlahiyyətli orqanların məsuliyyətsizliyi səbəbindən 28.06.92-ci tarixdə doğulduğu anda əlil olan qızı Məmmədova Pünhanənin sağlamlıq imkanlarının məhdudluğunun tibbi sosial ekspertiza komissiyası tərəfindən vaxtında müəyyən edilməməsi Ali Məhkəminin 01.09.2020-ci il tarixli Qərarında (ailə başçısını itirdiyinə görə pensiya hüququnun yaranması barədə) öz hüququ təsdiqini tapmışdır. Başqa sözlə, doğulduğu andan əlil olan qızının əlil kimi pozulmuş hüquqlarının bərpası tam təmin olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddində olan və həmin yaşla bağlı güzəştlər tətbiq edilən şəxslər “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq əmək qabiliyyəti olmayan şəxslər hesab edilir. Yəni bu kateqoriyadan olan şəxs kimi sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət təyin edilə bilər. Sözügedən müavinətin təyin edilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.7-ci bəndi ilə müavinət təyin edilərkən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tələb olunan müayinə aktından çıxarış əsas götürülür. Həmçinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli Əlavədə nəzərdə tutulmuş “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nın 2.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə müavinətin təyin edilməsi üçün qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı da tələb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci və 1.5-ci bəndlərinə görə 8 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.02-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən göründüyü kimi, iddiaçıya yaşa görə müavinətin təyin edilməsi üçün onun səkkiz yaşınadək tərbiyə etdiyi uşağın əlil şəxs kimi sağlamlıq imkanlarının məhdudluqunun müəyyən edilməsi bərədə qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış mövcud olmalıdır. Lakin iş materiallarından görünmüşdür ki, iddiaçının 28.06.1992-ci il təvəllüdlü qızı X1 əlilliyi 03.12.2010-cu ildə - on səkkiz yaşı tamam olduqdan sonra müəyyən edilmişdir. Bu da iddiaçıya münasibətdə sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara edilən güzəştin tətbiq edilməsini istisna edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuşdur. - Bakı Baş Səhiyyə İdarəsinin 41 №-li, 18.02.2019-cu il tarixli tibbi arayışından görünür ki, X4 9 nömrəli BUX-n poliklinika şöbəsində 10.07.1992-ci il tarixdən 28.06.2010cu il tarixədək “Orta dərəcəli kəmağıllıq” diaqnozu ilə dispanser qeydiyyatda olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 117344 №-li arayışından görünür ki, X4 11.11.2010-cu ildən 2-ci qrup əlildir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 3260/2019 nömrəli, 17.12.2019-cu il tarixli qərarının surətindən görünür ki, həmin qərar ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə qarşı ailə başçısını itirməyə gorə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1932/2019 nömrəli, 8 avqust 2019cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1932/2019 nömrəli, 8 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Qeyd olunan qərardan həmçinin görünür ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X4 28.06.1992-ci ildə doğulduğu andan 28.06.2010-cu il tarixədək 18 yaşınadək olan yaş dövründə kəmağıllıq xəstəliyindən əziyyət çəkmiş, tibbi müəssisələrində müayinədən keçmiş, müalicə olunmuş, xəstəliyi xronoloji xarakter daşımış, mütəmadi sağlamlıq imkanları məhdud olmuş, lakin həmin dövrdə ona əlillik dərəcəsi verilməmiş, 18 yaş həddinə çatdıqdan az sonra ona (1 saylı Zona TSEK tərəfindən) 11.11.2010-cu il tarixdən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Hər bir halda iddiaçının doğulduğu vaxtdan 18 yaşınadək olan yaş dövrü üzrə xəstəliyi ilə əlaqədar məhkəməyə təqdim edilən sənədlərdə açıq-aşkar onun sağlamlıq imkanlarının məhdudluğunun öz təsdiqini tapması, bununla yanaşı Qanunun qeyd olunan 14.1.1.2-ci maddəsində də məhz sağlamlıq imkanları məhdud olan şəxsin 18 yaşadək əlillik dərəcəsinin alınmalı olduğunun imperativliyinin də müəyyən edilmədiyini və ona 1 saylı Zona TSEK tərəfindən 18 yaşı bitdiyində dərhal sonra, 11.11.2010-cu il tarixdə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin verildiyi – bütün bunlar “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsində qeyd olunan hər iki şərtin mövcudluğunu sübuta yetirir. - Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 415 №-li, 17.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 21-də qeydiyyatdadır və yaşayır. Qonşuların aktına əsasən 28.06.1992-ci il təvəllüdlü X4 8 (səkkiz) yaşa kimi onun himayəsində yaşamışdır. - Azərbaycan Respublikasının Əmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Qaradağ rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 15.05.2020-ci il tarixli, **********5 №-li məktubdan görünür ki, ona yaşa görə sosial müavinət təyin olunması barədə müraciəti araşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16.12.2019-cu il tarixli təsdiqlədiyi “Sosial müavinətlər haqqında” Qanuna olunan dəyişikliklərə əsasən sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş anaların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır. Lakin onun övladının doğulduğu vaxtdan 18 yaşınadək dövrü üzrə sağlamlıq imkanları məhdud olması Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən verilən forma 88 arayışı üzrə təsdiq olunmadığı üçün onun yaşa görə müavinət almaq hüququ yoxdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxs tərəfindən iddiaçıya ünvanlanan **********5 №li, 31.08.2020-ci il tarixli məktubdan görünür ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddində olan və həmin yaşla bağlı güzəştlər tətbiq edilən şəxslər “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə əmək qabiliyyəti olmayan şəxs hesab olunur. Yəni bu kateqoriyadan olan şəxs kimi sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla ona yaşa görə müavinət təyin oluna bilər. Sözügedən müavinətin təyin edilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.7-ci bəndi ilə müavinət təyin edilərkən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tələb olunan müayinə aktından çıxarış əsas götürülür. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı qızı 28.06.1992-ci il təvəllüdlü X4 uşaqlıqdan “Orta dərəcəli kəmağıllıq” diaqnozu ilə xəstəliyinə görə sağlamlıq imkanları məhdud uşaq olmuş, 11.11.2010-cu ildən, yəni 18 yaşı tamam olduqdan sonra ona 2-ci qrup əlillik təyin edilmişdir. Hazırda İddiaçı sağlamlıq imkanı məhdud uşağa 8 yaşınadək qulluq etməsini əsas gətirərək ona yaşa görə (57 il 6 ay) sosial müavinətin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan isə onun övladının doğulduğu vaxtdan 18 yaşınadək dövrü üzrə sağlamlıq imkanları məhdud olmasının Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən verilən forma 88 arayışı üzrə təsdiq olunmamasını əsas gətirərək müraciəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 4.0.1.2-ci maddəsinə əsasən bu Qanunla yaşa görə müavinət təyin edilir. - 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli, 284 nömrəli Qanunun (13 iyun 2008-ci il tarixli 648- İİİQD nömrəli Qanunla edilmiş əlavə və dəyişikliklərlə) (31 may 2018-ci il tarixli, 1153-VQ nömrəli Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli, 1153-VQ nömrəli Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur. İstinad edilən normaların məzmununa görə, qanunverici “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq”lara münasibətdə əlillik qrupları müəyyən etmir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçının övladı X1 28.06.1992-ci ildə doğulduğu andan 28.06.2010-cu il tarixədək 18 yaşınadək olan yaş dövründə kəmağıllıq xəstəliyindən əziyyət çəkməklə sağlamlıq imkanlarının məhdudluğu qanuni qüvvəsini almış məhkəmə qərarları ilə, həmçinin həmin uşağa 8 yaşınadək iddiaçının qulluq etməsi yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəsi tərəfindən verilmiş arayışı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının uşağının sağlamlıq imkanın məhdud olması və həmin uşağa 8 yaşınadək qulluq etməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından cavabdehin iddiaçının yaşa görə sosial müavinətin təyin edilməsi ilə bağlı müraciətini təmin etməsindən imtinası qanuna zidd olmaqla sonuncunun hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı 19.01.2020-ci il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 19.01.2020-ci il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1657/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1657/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver