Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1657/2022 13.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı vəkili X2 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqdim olunmuş sənədlər əsasında Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-3 y/m cənub-şərqində, Talıblı küçəsində ümumilikdə 270,4 kvm. torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı direktoru X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin 233 nömrəli, 14.02.1995-ci il tarixli sərəncamına əsasən İddiaçı KM tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 3 yaşayış massivinin cənub şərqində, Talıblı küçəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində İddiaçı KM-in mülkiyyət hüquqlarının mövcud vəziyyətdə olan ölçülər daxilində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarış verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 14.02.1995-ci il tarixli, 233 saylı Sərəncamı ilə “X6”nə Bakı şəhəri, Yasamal rayonu, Yeni- Yasamal 3 ünvanında torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən 9703 nömrəli “İnşaat Pasportu’' Tərtib edilmişdir. İnşaat Pasportuna toplanmış sənədlərdən biri olaraq, 19 oktyabr 1995-ci il tarixli 95/216 saylı Aktla ayrılmış torpaq sahəsinin ölçüləri qeyd edilmiş və həmin aktın arxasına torpaq sahəsinin cizgisi çəkilmişdir. Cizgiyə əsasən, 150 kv.m. torpaq sahəsi ayrılmışdır. Bundan əlavə aparılacaq tikinti işləri ilə bağlı memarlıq göstərişləri, müxtəlif aidiyyatı qurumlardan müvafiq göstərişlərlə bağlı məktublar da alınaraq bəhs edilən İnşaat Pasportu tərtib edilmiş, müəssisəyə təhvil verilmişdir. Bundan sonra müəssisə tərəfındən tikintisi aparılacaq “Çexol” sexinin layihəsi hazırlanaraq 21.11.1996-cı il tarixli, 3 saylı müşaiyət məktubu ilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04d-814 saylı, 03.12.1996-cı il tarixli məktubla müraciətə cavab verilmiş, layihənin razılaşdırılmış olması bildirilmişdir. Bundan sonra ayrımış torpaq sahəsində “İnşaat Pasportu”nda toplanmış müvafıq qurumların göstərişləri nəzərə alınmaqla tikinti işləri başlanmış və yekunlaşdırılmışdır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, istifadədə olan torpaq sahəsdinin ölçüsü daha böyükdür. Belə ki, yuxarıda qeyd etdiyi əsaslarla istifdəsinə ayrılmış 150 kv.m. torpaq sahəsindən əlavə 120 kv.m., yəni ümumilikdə 270 kv.m. torpaq sahəsi elə həmin dövrdən istifadəsində olmuşdur. Bu səbəbdən dövlət əmlakının idarə edilməsi üzrə məsul olan təşkilat olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişlər. Müraciətini ətraflı araşdırıldı və istifadəsində olan torpaq sahəsinin rəsmi olaraq onların icarəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir. Buna görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı KM arasında 11 iyun 2021-ci il tarixli, 488 saylı “Hüquqi və fıziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” Müqavilə imzalanmışdır. Bu ilin əvvəllərində həmin dövrdən fasiləsiz olaraq sahiblik və istifadəsində olan qeyri-yaşayış sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq qərarına gəlmişlər. Bunun üçün tələbləri üzrə cavabdeh təşkilata 07.01.2021-ci il tarixli, ********** saylı ərizə ilə müraciət etmişlər. Lakin, cavabdeh təşkilat tərəfındən hüquqların ilkin qeydiyyatının aparılması əvəzinə **********32 saylı, 03.02.2021-ci il tarixli məktubla hüquqların qeydiyyatının aparılmasından imtina edildi. Cavabdehin imtinası əsassızdır. Belə ki, inşaat pasportuna əlavə edilmiş cizgidə istinadlar var. Üstəlik cizginin başlığında miqyas da göstərildiyindən istənilən mütəxəssis yeri asanlıqla təyin edə bilər. Perimetrik ölçülərində uyğunsuzluq haqda göstərilənlər yalnışdır. Hər iki əsasla - həm istifadə, həm də icarə əsası ilə ayrılmış torpaq sahəsi ümumi perimetrdə 15x18 ölçüdədir. Layihədən də görünmüşdür ki, tikilinin ölçüsü 15X17.90 ölçüdədir. Beləliklə ölçüyə aid göstərilən perimetrik ölçülərində uyğunsuzluq faktı mövcud deyil. Tikiliyə icazə verilməsi haqda müvafıq icra hakimiyyəti orqanının qərarı elə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 14.02.1995-ci il tarixli 233 saylı sərəncamıdır ki, həmin sərəncamda İddiaçınə çexol sexinin tikintisi üçün torpaq sahəsi ayrılması nəzərdə tutulur. Tərəfindən təqdim edilən sənədlərdən də görünmüşdür ki, tikintinin layihələndirilməsi işləri həyata keçirilmiş, həmin layihə də Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfındən 18/04d-814 saylı, 03.12.1996-cı il tarixli məktubu ilə razılaşdırılmışdır. Belə olan halda cavabdehin bu əsaslarla tikilinin ilkin hüquqi qeydiyyata alınmasından imtina edilməsi ilə bağlı mövqeyinin əsassız olduğu aşkardır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim edilən yerləşmə sxemində dəqiq istinad və məsafələr qeyd olmadığından naturada yerləşmə mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin ayrıc aktı ümumi sahəyə uyğun olsa da perimetrik ölçülərində uyğunsuzluq mövcuddur. Bundan əlavə tikintiyə icazə, istismara icazə, razılaşdırılmış layihə və cizgi təqdim edilməmişdir. Bu barədə iddiaçıya **********32 saylı, 03.02.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlardan əlavə bildirilmişdir ki, torpaq sahəsinin ayrılması haqqında 14.02.1995-ci il tarixli, 233 nömrəli sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmiş, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə torpaq sahəsinin ayrılması haqqında sərəncama istinad edilməmiş, habelə İddiaçı KM xüsusi firmasının istifadəsinə verilmiş ərazinin plan-sxemi Yasamal RİH tərəfindən təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X5 iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddiaya etriazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Uçot Vahidlərinin Dövlət reyestrinə daxil edilməsi haqqında 09 fevral 1998-ci il tarixli, ******* №-li şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 22.02.1994-cü il tarixdə 6853 №-li qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyində qeydə alınmışdır. - Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi X6 04.12.2004-cü il tarixdə qeydə alınmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 233 №-li, 14.02.1995-ci il tarixli sərəncamının notarial qaydada təstiq edilmiş surətindən görünür ki, Mustafa” Kiçik Müəssisənin 12.05.1994-cu il tarixli Oİ-№-li məktubu nəzərə alaraq Yasamal rayonu, Yeni Yasamal 3 yaşayış massivinin cənub-şərqində “Çexol” tikişi sexinin layihəndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmış, sifarişçiyə layihələşdirmənin vaxtı və qaydası üzrə Memarlıq və şəhərsalma baş idarəsinin tapşırığını yerinə yetirməsi, sahəni yerində qəbul etməsi, qoruması və onun sanitar vəziyyətinə nəzarət etməsi, ərazinin və obyektin memarlıq-planlaşdırılmasının eskiz həllini layihələşdirmə ərəfəsində Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırması, layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommunikasiyaları aşkar edərsə baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini razılaşdırmaq üçün memarlıq və şəhərsalma baş idarəsinə məlumat verməsi, torpaq sahəsi ayrılmış məqsəd üçün istifadə olunması, obyektin tikintisinə ayrılmış torpaq sahəsinin inşaat pasport alındıqdan və layihə-semta sənədləri Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırıldıqdan sonra başlanılması, tikintini qeydiyyatdan keçirmək və ona başlamaq üçün texniki sənədləri Bakı Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyinə vaxtından təqdim etməsi tapşırılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş və Bakı şəhərinin Baş memarı tərəfindən təsdiq edilmiş Mustafa k/müəssisəsinə Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-3 yaşayış massivi Talıblı küçəsində çexol tikişi sexi tikintisinə torpaq sahəsinin ayrılmasına dair 9703 №-li, 1995-ci il tarixli inşaat pasportunun surətindən görünür ki, 19 oktyabr 1995-ci il tarixli, 95/216 №-li akta əsasən İddiaçı KM-nə Yasamal rayonu, Yeni Yasamal yeni massivi çexol tikiş sexinin tikintisi üçün sahəsi 150 kvm torpaq sahəsi ölçülüb ayrılmışdır. DİN-nin Baş yanğından mühafizə idarəsi, Bakı kanalizasiya idarəsi, Bakı Su kəməri istehsalat idarəsi, “Bakıelektrikşəbəkə” İB tərəfindən razılaşdırılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 18/04g-814 №-li, 03.12.1996-cı il tarixli məktubun surətindən görünür ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər İcra hakimiyyəti Başçısının 14.02.1995-ci il tarixli, 233 №-li sərəncamı və 9763 №-li inşaat pasportu əsasında hazırlanmış Yasamal rayon, Yeni Yasamal 3 yaşayış massivinin cənub-şərqində “Çexol” tikişi sexinin təqdim etdiyi layihə sənədləri ilə tanış olaraq onu razılaşdırılmışdır. - İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi İddiaçı arasında bağlanmış 488 №-li, 11.06.2021-ci il tarixli hüquqi və fiziki şəxslərin istifadəsində verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin surətindən görünür ki, icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 3 yaşayış massivinin cənub-şərqi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 270.4 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Torpaq sahəsinin illik icarə haqqı 2838 manat, aylıq icarə 236.5 manatdır. İcarə müddəti 11.06.2021-ci il tarixdən 11.06.2023-cü il tarixədək müəyyən edilir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********45 №-li, 25.12.2019-cu il tarixli məktubdan görünür ki, təqdim edilən yerləşmə sxemində dəqiq istinadlar qeyd olmadığından naturada mövgeyi dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin, ayrıc aktı ümumi sahəyə uyğun olsada perimetrik ölçülərində uyğunsuzluq mövcüddur. Bundan əlavə, tikintiyə icazə, istismara icazə, razılaşdırılmış layihə və cizgi təqdim edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 233 №-li, 14.02.1995-ci il tarixli sərəncamına əsasən "xxxx" Müəssisəsinə Yasamal rayonu, Yeni Yasamal 3 yaşayış massivinin cənub-şərqində “Çexol” tikişi sexinin layihəndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmış, buna dair 9703 №-li inşaat pasportu tərtib edilmişdir. İnşaat pasportunda torpaq sahəsi və tikili ilə bağlı bütün məlumatlar toplanmaqla qeydiyyat aparılmışdır. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 233 №-li, 14.02.1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsində müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə uyğun qeyri-yaşayış sahəsini inşa etmişdir. İddiaçı layihəyə uyğun inşa etdiyi qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan təqdim edilən yerləşmə sxemində dəqiq istinadlar qeyd olmadığından naturada mövgeyi dəqiqləşdirmək mümkün olmamasını, həmçinin ayrıc aktının ümumi sahəyə uyğun olsa da perimetrik ölçülərində uyğunsuzluq mövcüd olması, bundan əlavə tikintiyə icazə, istismara icazə, razılaşdırılmış layihə və cizgi təqdim edilməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 233 №-li, 14.02.1995-ci il tarixli sərəncamında həmçinin "xxxx" Müəssisəsinə həmin sərəncama əsasən ayrılmış torpaq sahəsində “Çexol” tikişi sexinin tikintisinə icazə verilmiş və tikintisinə icazə verilən qeyri-yaşayış binasının layihəsi səlahiyyətli orqan tərəfindən təsdiq edilmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş inşaat pasportunda torpaq sahəsi barədə dəqiq məlumatlar qeyd olunmuş, əlavə istifadə olunan torpaq sahəsi ilə bağlı isə iddiaçı ilə səlahiyyətli orqan arasında icarə müqaviləsi mövcuddur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 28 aprel 2015-ci il tarixli 1262-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə aşağıdakı məzmunda 80.1-1-ci maddə əlavə edilmişdir: - “80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1.400 kvadratmetrdən və tikinti sahəsi 1.000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.”. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 16 may 2017-ci il tarixli 673-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində 80.1-1-ci maddə ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.12-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyəti mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçının mövcud qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərinin mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Bundan əlavə mübahisəli daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsini istisna edən hallara dair, həmçinin həmin tikilinin İİİ məsuliyyət səviyyəli binaya aid olmamasını istisna edən hallar müəyyən edilmədiyindən, bununla bağlı məhkəmə icraatında cavabdeh tərəfindən başqa sübutlar təqdim edilmədiyindən, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyatı qanuna zidd deyildir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 3 yaşayış massivinin cənub şərqində, Talıblı küçəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları əldə etmişdir və onun müvafiq qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı və bu barədə reyestrdən çıxarış verilməli idi. Belə olan halda məhkəmə cavabdehin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyətinin 233 nömrəli, 14.02.1995-ci il tarixli sərəncamına əsasən İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 3 yaşayış massivinin cənub şərqində, Talıblı küçəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının mövcud vəziyyətdə olan ölçülər daxilində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin 233 nömrəli, 14.02.1995-ci il tarixli sərəncamına əsasən İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 3 yaşayış massivinin cənub şərqində, Talıblı küçəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının mövcud vəziyyətdə olan ölçülər daxilində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1657/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1657/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver