Məhkəmə qərarları › İş №2-1(112)-1658/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1658/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1658/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı hamiləlik və doğuma görə müavinətin ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hamiləlik və doğuma görə müvafiq müavinətin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bolqarıstan vətəndaşı İddiaçı “X2” məktəbində müəllimə vəzifəsində çalışmışdır. 04 oktyabr 2019-cu il tarixində səhhəti ilə əlaqədar olaraq ölkəsinə geri qayıtmış, orada xəstəxanaya müraciət etmişdir. Xəstəxana şəxsə hamiləlik diaqnozu qoymuş və yataq şəraitində hamiləlik dövrünü keçirməsi tövsiyyə olunmuşdur. İddiaçı həmin müddətdən hal-hazıradək Bolqarıstanda yaşayır və xəstəlik vərəqəsini işəgötürənə təqdim etmişdir. Bildirir ki, sözügedən xəstəlik sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 189 saylı qərarına müvafiq olaraq xəstəlik vərəqələri ilə əvəz edilmişdir. İşəgötürən tərəfindən zəruri sənədlər toplanaraq 27 avqust 2020-ci il tarixində İddiaçı hamiləlik və doğuma görə analıq məzuniyyətinə çıxmasına görə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Buna baxmayaraq, DSMF tərəfindən 5-ci dəfə müxtəlif əsaslar göstərərək müavinatın ödənilməsindən imtina etmişdir. İşəgötürən tərəfindən göstərilən göstərişlər icra edilsə də, bu günədək müavinat ödənilməmişdir. İddiaçı işlədiyi dövr ərzində qanunamüvafıq qayda əmək haqqından tutulmalar aparılsa da, hüquqları pozularaq hamiləlik və doğuma görə müavinat bu günə qədər ödənilməmişdir. Bundan sonra tərəflərindən Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmiş, inzibati orqan 19 aprel 2021-ci il tarixində rəsmi qaydada təqdim edilmiş imtina məktubu ilə cavab vermişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində göstərilmişdir ki, sosial sığorta hadisəsi baş verdikdə hamiləliyə və doğuma görə müavinət ödənilir. Sözügedən Qanunun 3-cü maddəsində göstərilmişdir ki, sosial sığortanın prinsipləri aşağıdakılardır: sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; sosial sığortanın ümumiliyi; sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; sosial sığorta subyektlərinin hüquq bərabərliyi; dövlət sosial sığortasının məcburiliyi; məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması. Göründüyü kimi hazırki halda cavabdeh tərəfindən Qanunla müəyyən edilmiş prinsiplər pozulmuş, müvafiq tutulmaların aparılmasına baxmayaraq iddiaçıya müavinat verilməmişdir. Həmin Qanunun 4-cü maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə sığorta hadisəsi baş vermiş, lakin cavabdeh heç bir əsas olmadan müxtəlif əsaslar gətirərək qanunla üzərinə düşən öhdəlikləri icra etmir. Belə ki, cavabdehin göstərdiyi əsaslar sığorta hadisəsinə məruz qalmış iddiaçının bu hüququnu məhdudlaşdırmamalıdır. Göründüyü kimi, hazırki halda cavabdeh tərəfindən qanunla müəyyən edilmiş prinsiplər pozulmuş, müvafiq tutulmaların aparılmasına baxmayaraq iddiaçıya müavinat verilməmişdir. Həmin Qanunun 4-cü maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə sığorta hadisəsi baş vermiş, lakin cavabdeh heç bir əsas olmadan müxtəlif əsaslar gətirərək qanunla üzərinə düşən öhdəlikləri icra etmir. Belə ki, cavabdehin göstərdiyi əsaslar sığorta hadisəsinə məruz qalmış iddiaçının bu hüququnu məhdudlaşdırmamalıdır. "Dövlət" Rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, yuxarıda göstərilən faktlara, sübutlara və mövcud qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olduğundan və imtina məktubunda qeyd olunan dəlillər əsassız olduğundan, iddia tələbi təmin edilməli və İddiaçı hamiləlik və doğuma görə müvafiq müavinatın ödənilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8709/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə “X3” Təhsil Kompleksi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Doğum Evi publik hüquqi şəxsi üçüncü şəxs qismində cəlb edilmişlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, hamiləlik və doğuma görə qanunvericilikdə müəyyən edilmiş qaydada 126 və 14 gün üçün müavinətin ödənilməsinə dair öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, “X2” Təhsil Kompleksi (SUN: **********0; VÖEN: **********) tərəfindən İddiaçı aid xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 819918 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəli Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edimiş (daxilolma tarixi xx.xx.2020-ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il; daxilolma tarixi xx.xx.2020ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il), lakin haqq-hesab cədvəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən uyğunsuzluqlar qeyd edilməklə icra olunmadan geri qaytarılmışdır: Mükafat məbləği düzgün daxil edilməyib; Çıxılan iş günlərinin sayı düzgün daxil edilməyib; Aylıq əmək haqqı düzgün daxil edilməyib; Məzuniyyətin verilməsi barədə əmrin tarixi düzgün daxil edilməyib. Nəzərə çatdırmışlar ki, SN 00006 seriyalı, 819918 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr xx.xx.2020ci il tarixindən xx.xx.2020-ci il tarixinədək (45 gün) olan dövrü əhatə etməsinə baxmayaraq sığortaedən tərəfindən hamiləliyə və doğuşa görə verilmiş xx.xx.2020-ci il tarixli 162-ş nömrəli əmrdə İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 126 təqvim günü müddətində ödənişli sosial məzuniyyət verilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsində əmək qabiliyyətinin itirildiyi dövrün başlanğıc tarixi xx.xx.2020-ci il-ci il olmasına baxmayaraq hamiləliyə və doğuşa görə məzuniyyət əmri xx.xx.2020-ci il tarixində verilmişdir. İşçi qaydada aparılan araşdırma nəticəsinə müəyyən olunmuşdur ki, Bolqarıstanda yaşayan İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər "Xəstəlik vərəqələrinin verilməsi və müalicəsağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 35-ci bəndinə əsasən xəstəlik vərəqələri ilə əvəz olunmuşdur. Sənədlərin əvəz olunması nəticəsində SN 00006 seriyalı 819918 nömrəli (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr - 45 gün) SN 00006 seriyalı 819940 nömrəli (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr - 42 gün ) əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqələrində əmək qabiliyyətinin itirildiyi günlər (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədən olan dövr) eynilik təşkil etdiyindən sənədlərin hər ikisinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilməsi mümkün deyildir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasınının Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələri qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənişin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 67-ci bəndinə əsasən doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. “Xəstəlik vərəqələrinin verilməsi və müalicəsağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 18-ci bəndinin 2-ci abzasına əsasən hamiləlik və doğuma görə xəstəlik vərəqəsi birdəfəlik 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətinə verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda, xəstəlik vərəqəsi 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü) müddətinə verilir. SN 00006 seriyalı 819918 nömrəli xəstəlik vərəqəsində diaqnoz bölməsində “hamiləlik" qeyd olunmasına baxmayaraq, hamiləlik üzrə ikinci xəstəlik vərəqəsi hesab olunan SN 00006 seriyalı 819940 nömrəli xəstəlik vərəqəsində bu hissədə “təcili keysəriyyə əməliyyatı” qeyd olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, sığortaolunan İddiaçı aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş və aşağıda göstərilən cədvələ uyğun olaraq ödənişə göndərilmişdir: Sıra Əmək qabiliyyətinin Əmək qabiliyyətinin Ödənişə Ödənilən №si olmaması vərəqəsinin olmaması vərəqəsinin getdiyi tarix məbləğ seriya və nömrəsi əhatə etdiyi dövr (manatla) 1 SN 00006-819912 xx.xx.2019-xx.xx.2019 xx.xx.2020 1755,11 2 SN 00006-819913 xx.xx.2019-xx.xx.2019 xx.xx.2020 3151,46 3 SN 00006-819914 xx.xx.2019-xx.xx.2020 xx.xx.2020 3275,35 4 SN 00006-819915 xx.xx.2020- xx.xx.2020 xx.xx.2020 2297,22 5 SN 00006 -819916 xx.xx.2020-xx.xx.2020 xx.xx.2020 1511,43 6 SN 00006 -819917 xx.xx.2020-xx.xx.2020 xx.xx.2020 1906,54 Cəmi: 14.133,21 Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 119-cu bəndində nəzərdə tutulub ki, “Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.” Qanunvericiliyin müddəasından da aydın olur ki, haqq-hesab cədvəlinin qanunauyğun (nəzərdə tutulmuş tələblərə cavab verən) formada göndərilməsinə müəssisə rəhbərliyi və mühasibi cavabdehdir. Sığortaedən tərəfindən qeyd olunan uyğunsuzluqlar aradan qaldırılaraq haqq-hesab cədvəli yenidən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) alt sisteminə daxil edildikdən sonra iddiaçının müavinətlə bağlı tələbi təmin oluna bilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki: - Bolqarıstanda yaşayan İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarının 35-ci bəndinə əsasən xəstəlik vərəqələri ilə əvəz olunmuşdur. Sənədlərin əvəz olunması nəticəsində SN 00006 seriyalı 819918 nömrəli (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr – 45 gün) SN 00006 seriyalı, 819940 nömrəli (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr – 42 gün) əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. - “X3” Təhsil Kompleksi (SUN: **********0; VÖEN: **********) tərəfindən İddiaçı aid xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı, 819918 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəli Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmişdir (daxil olma tarixi xx.xx.2020-ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il; daxil olma tarixi xx.xx.2020-ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il). Haqq-hesab cədvəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə”yə uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən uyğunsuzluqlar qeyd edilməklə icra olunmadan cavabdeh tərəfindən geri qaytarılmışdır: - mükafat məbləği düzgün daxil edilməyib; - çıxılan iş günlərinin sayı düzgün daxil edilməyib; - aylıq əmək haqqı düzgün daxil edilməyib; - məzuniyyətin verilməsi barədə əmrin tarixi düzgün daxil edilməyib. - SN 0006 seriyalı, 819918 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək (45 gün) olan dövrü əhatə etməsinə baxmayaraq sığortaedən tərəfindən hamiləliyə və doğuşa görə verilmiş xx.xx.2020-ci il tarixli, 162-ş nömrəli əmrdə İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 126 təqvim günü müddətində ödənişli sosial məzuniyyət verilmişdir. Əmək qabiliyyətnin olmaması vərəqəsində əmək qabiliyyətinin itirildiyi dövrün başlanğıc tarixi xx.xx.2020-ci il olmasına baxmayaraq, hamiləliyə və doğuşa görə məzuniyyət əmri xx.xx.2020-ci il tarixində verilmişdir. - Əmək qabiliyyətinin olmaması vərəqələrində əmək qabiliyyətinin itirildiyi günlər (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr) eynilik təşkil etdiyindən sənədlərin hər ikisinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilməsi cavabdeh tərəfindən mümkün olmamışdır. - Məhkəmə araşdırması dövründə iddiaçının nümayəndəsi və vəkili tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələrində olan yanlışlıqların aradan qaldırılması məqsədilə mübahisəli dövrlər üzrə Bolqarıstan Respublikasından xəstənin yeni ambulator kartaları əldə edilmiş, notarial qaydada tərcümə və təsdiq edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Hamiləliyə və doğuma görə müavinətin ödənilməsi haqqında” 06 aprel 2022-ci il tarixli, **********5 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia mahiyyətcə əsasız olduğundan təmin edilməməlidir. Belə ki, işin yuxarıda sadalanan hallarından göründüyü kimi, iddiaçı barəsində tərtib edilmiş əmək qabiliyyətinin olmaması vərəqələrində əmək qabiliyyətinin itirildiyi günlər (xx.xx.2020-ci iltarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr) eynilik təşkil etdiyindən sənədlərin hər ikisinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması dövründə iddiaçının nümayəndəsi və vəkili tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələrində olan yanlışlıqların aradan qaldırılması məqsədilə mübahisəli dövrlər üzrə Bolqarıstan Respublikasından yeni xəstənin ambulator kartaları əldə edilərək, notarial qaydada tərcümə və təsdiq edilərək məhkəməyə təqdim edilməsinə baxmayaraq, mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçının Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsinin notarial qaydada təsdiq edilmiş respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədləri və Azərbaycan Respublikasında yaşayış yerini təsdiq edən sənədi ilə birlikdə Doğum evinə yenidən müraciət edilməmişdir. Halbuki, “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimatın 35-ci bəndinə əsasən sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa və təcili müalicəyə ehtiyac yoxdursa, həmin sənədlər yaşayış və ya iş yeri üzrə tibb müəssisələrinin HMK-sı tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən sığorta haqqı ödəyənlər müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa və təcili müalicəyə ehtiyac yoxdursa, həmin sənədlər yaşayış və ya iş yeri üzrə tibb müəssisələrinin HMK-sı tərəfindən xəstəlik vərəqələri ilə əvəz edilməli olsa da, iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar sənədləri müvafiq tibb müəssisəsinə təqdim olunaraq xəstəlik vərəqələri ilə əvəz edilməmişdir. Sözügedən hallar, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin nəzərinə çatdırılsa da, həmin çatışmazlıqların aradan qaldırılmasından onun tərəfindən imtina edilərək, iddia tələbinə təqdim edilmiş sənədlərə əsasən baxılması xahiş edildi. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının əvvəlki əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədləri əsasında əvəz edilmiş xəstəlik vərəqələrində olan yanlışlıqlar nəticəsində həmin məlumatların Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilməsi mümkün olmadığından və əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş xəstənin yeni ambulator kartaları qanunvericiliyin tələblərinə əsasən yaşayış və ya iş yeri üzrə tibb müəssisələrinin HMK-sı tərəfindən xəstəlik vərəqələri ilə əvəz edilmədiyindən iddia tələbi mövcud vəziyyətdə əsaslı hesab edilməyərək, təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar