Məhkəmə qərarları › İş №2-1(112)-1658/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1658/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1658/2024 17.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «müvafiq dövrər üzrə müavinətin və təqaüdün ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «müvafiq dövrər üzrə müavinətin və təqaüdün ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. Ona 7 fevral 2001-ci il tarixdə rəsmi qaydada 047816 nömrəli “müharibə veteranı vəsiqəsi” verilmiş və 1 yanvar 2006-cı il tarixdən başlayaraq müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətlərin ödənilməsinə başlanılmışdır. 12 yanvar 2016-cı il tarixdən ona İİ qrup müharibə əlilliyi (əlillik vəsiqəsi № 004643) təyin edilmiş və o, əlilliklə baglı pensiyaya çıxmışdır. Əlilliklə bağlı pensiyaya çıxması ilə əlaqədar 12 yanvar 2016-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin və 1 aprel 2019-cu il tarixdən hal-hazıradək verilməmiş “Prezident təqaüdü”nün ödənilməsi dayandırılmışdır. İddiaçı hesab edir ki, ona verilməli olan sosial müvinətlərin dayandırılması qanunsuzdur və indiyədək verilməmiş bütün dövrlər üçün verilməlidir. Ona görə də 12 yanvar 2016-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin və 1 aprel 2019-cu il tarixdən halhazıradək verilməmiş “Prezident təqaüdü”nün hesablanıb birdəfəyə ödənilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Fondun Bakı 2 saylı Xidmət Nümayəndəliyinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Müraciətlərə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 5 dekabr 2022-ci il tarixli məktubunda 12 yanvar 2016-cı il tarixdən 12 yanvar 2022-ci il tarixədək ona İİ dərəcə əlilik təyin edildiyindən və sonrra əlillik müddətinin bitməsi ilə əlaqədar ödənişlərin 31 yanvar 2022-ci il tarixdən dayandırılması və bu səbəbdən də müavinət və ya təqaüdün təyin edilərək ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi, yalnız 1 fevral 2022-ci il tarixdən hər ay verilməli olan 80 manat məbləğində müharibə veteranlarına verilən “Prezident təqaüdü”nün məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq təqaüdün üzərinə əlavə edilməklə ödəniləcəyi bildirilmişdir. İddiaçı cavabdehin bu hərəkətlərini qanunsuz və əsassız hesab edir. O, 1993 – 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılır. Bu isə o deməkdir ki, ona müharibə veteranı vəsiqəsinin 7 fevral 2001-ci il tarixdə verilməsi onun «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət etməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. Belə ki, o, müharibə veteranı vəsiqəsini ondan asılı olmayan səbəblər nəticəsində uzun illər ərzində almamışdır ki, bu illər ərzində də müharibə veteranlarının hüquqları məsələsinə münasibətdə qanunvericiliyin normaları sabit olmamışdır. Belə dəyişikliyin ən sonuncusu ondan ibarətdir ki, müharibə veteranlarına verilən müavinətlər 1 aprel 2019-cu il tarixdən “Prezident təqaüdü” ilə əvəz edilmişdir. Lakin qanunvericilikdəki bu dəyişiklik onun sosial təminat sahəsindəki qazandığı hüquqlarını poza bilməz. Belə olan halda qanunvericiliyin dəyişkənliyinin onun müharibə veteranı kimi hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə isə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhz buna görə də o (iddiaçı), qanunvericinin sosial təminat sahəsindəki “qazanılmış hüquq” konsepsiyasını əldə rəhbər tutaraq 12 yanvar 2016-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlər və 1 aprel 2019-cu il tarixdən halhazıradək verilməmiş “Prezident təqaüdü”nün ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Göstərilənlərə və «Sosial müavinətlər haqqında» Qanunun 1.0.1, 3.1, 7.0.6, 9.1, 10-1.5-ci maddələrinə, İPM-in müddəalarına əsaslanaraq, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 12 yanvar 2016-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətin və 1 aprel 2019-cu il tarixdən sonrakı dövr üzrə “Prezident təqaüdü”nün hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 1 sentyabr 2008-ci il tarixdən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçının 12 yanvar 2016-cı il tarixdən 12 yanvar 2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin olması müəyyən edilmişdir. Müvafiq olaraq iddiaçıya 12 yanvar 2016-cı il tarixdən İİ dərəcə əlilliyinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Prezident təqaüdü və əlilliyə görə əmək pensiyası təyin edilmiş, iddiaçının əlilliyinin müddətinin bitməsi ilə əlaqədar ödənişləri 31 yanvar 2022-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Prezdentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən 1 aprel 2019-cu il tarixdən müharibə veteranlarına təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941 – 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri ən yüksəyi verilir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin «Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında» 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müavinət təyin edilirdi. 12 yanvar 2016-cı il tarixdən 31 yanvar 2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə müharibə əlilliyinə görə Prezident təqaüdü və əlilliyə görə əmək pensiyası təyin edilərək ödənildiyi üçün iddiaçıya ərizəsində qeyd etdiyi dövrlər üzrə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün və ya müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya 1 fevral 2022-ci il tarixdən (müharibə əlilliyinə görə ödənilən Prezident təqaüdünün ödənişinin dayandırıldığı tarixdən) 80 manat məbləğində müharibə veteranlarına verilən Prezident təqaüdü təyin edilmişdir. Ötən dövr üzrə (1 fevral 2022-ci il tarixdən) hesablanmış Prezident təqaüdünün məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq təqaüdünün üzərinə əlavə edilməklə iddiaçıya ödənilməkdədir. Buna görə də hesab edilir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və bildirdi ki, Qarabağ müharibəsi veteranıdır, həm də əlildir. Müvafiq Fərmana görə 2019-cu ilin aprel ayından Qarabağ əlillərinə həm də veteran müavinəti də verilir. 2022-ci ilin fevral ayından müavinəti alır. Veteran vəsiqəsini 1996-cı ildə almışdır, 2021-ci ildə vəsiqə dəyişdirilmişdir. 2019-cu ilin aprel ayından veteranlar üçün nəzərdə tutulan müavinətin verilməsini tələb edir. 2016 – 2022-ci illərdə ona məbləğlər ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı təqdim edilmiş etirazı müdafiə etdi və bildirdi ki, vətəndaşa qeyd ediln tarixlər arasında əmək pensiyası və Prezident təqaüdü təyin edilmiş və ödənilmişdir. Təqüdlərin sırasından ən yüksək məbləğdə olan ödənilmişdir. Bu səbəbdən də müharibə veteranları üçün nəzərdə tutulan təqaüdün ödənilməsi həmin illər üzrə mümkün deyil. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. «Sosial müavinətlər haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.3-cü maddəsinə görə bu Qanunla nəzərdə tutulmamış bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: aylıq müavinətlər, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət, övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Həmin Qanunun 9.1-2-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmanının 1-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438; № 9, maddə 472; 2005-ci il, № 3, maddə 162; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 may tarixli 234 nömrəli Fərmanı) 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilsin. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə qərara alınmışdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddiaçıya “müharibə veteranı” vəsiqəsi 7 fevral 2001-ci il tarixdə verilsə də, o, müvafiq statusa həmin vaxtdan əvvəlki dövr üzrə xidmətlərinə görə malikdir. Qeyd olunmalıdır ki, hazırda iddiaçının “müharibə veteranı” adı və vəsiqəsi alması və ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi (vəsiqəsinin alındığı vaxtdan etibarən) işin mübahisəli hallarına aid deyil. Hazırkı inzibati mübahisə iddiaçıya 2016 – 2019-cu illər üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin, 2019cu ildən sonrakı dövr üzrə isə “Prezident təqaüdü”nün ödənilməsi ilə bağlıdır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə diqqətə çəkir ki, iddiaçı müharibə veteranı statusunu təsfiqləyən vəsiqəni 2001-ci ildə aldığından, «Sosial müavinətlər haqqında» Qanununun 9.1.5-ci maddəsinə uyğun olaraq müraciətin ünvanlandığı vaxtdan üç il əvvəlki dövr üzrə verilə bilərdi. Lakin məlum olduğu kimi, iddiaçının cavabdehə müraciəti 24 oktyabr 2022-ci il arixə təsadüf edir və həmin tarixdən üç il əvvəlki tarixdə, yəni 24 oktyabr 2019-cu il tarixdə müavinət verilməsi nəzərdə tutulmurdu. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki dövrə münasibətdə ödənilməsi isə, hər hansı normativ hüquqi aktda, o cümlədən sözügedən Fərmanda müəyyən edilməmişdir. Odur ki, iddia “müavinətin verilməsi” hissəsində əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 2.2-ci bəndinə görə bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941 – 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir. İddianın “Prezident təqaüdü”nün ödənilməsi hissəsinə gəldikdə isə, məhkəmə vurğulayır ki, iddiaçıya 2019-cu ilin aprel ayından sonrakı dövrdə həm təqaüd (digər təqaüd), həm də əmək pensiyası təyn edildiyindən, onun iddiası həmin hissədə əsassız sayılır. Odur ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «müvafiq dövrər üzrə müavinətin və təqaüdün ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «müvafiq dövrər üzrə müavinətin və təqaüdün ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar