Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16583/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “ali təhsilə dair kvalifikasiyanın tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Təhsildə X1rşı “kvalifikasiyanın tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “Mülki Müdafiə Universitetinin diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınmasının cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu ildə Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Fövqəladə Halların qarşısının alınması və aradan qaldırılması fakültəsinə qəbul olunmuş və 2024-cü ildə bitirmişdir. 26 iyun 2024-cü il tarixli, 3559 nömrəli diplom verilmişdir. İddiaçı aldığı təhsil üzrə kvalifikasiyanın tanınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh əsassız olaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il - İ semestr getməyib, İİ semestr pandemiya dövrü İİ il - Getməyib pandemiya dövrü İİİ il - Getməyib pandemiya dövrü İV il - 14 gün V il - 1 ay. İddiaçının qeyd olunan mövcud qiyabi təhsil normativi tələblərinə uyğun şəkildə bakalavriat səviyyəsi üzrə əldə etdiyi kvalifikasiyaya münasibətdə tədris prosesində iştirak etməməsi, iddiaçının ixtisas üzrə göstərilən tədris yükünü qeyd olunan təhsil müddəti ərzində əldə etməsini istisna edir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belarus Respublikası FHN-nın Mülki Müdafiə Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli diplomun surətindən görünür ki, İddiaçı “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisasını bitirmişdir. Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis ixtisası verilmişdir. Belarus Respublikası FHN-nın Mülki Müdafiə Universiteti tərəfindən verilmiş imtahan cədvəllərindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən 26 iyun 2024-cü il tarixədək Dövlət Təhsil Müəssisəsi “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti”nin qiyabi təhsil fakültəsində “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə təhsil aldığı dövrdə fənnləri mənimsəmişdir. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Qərarda qeyd olunmuşdur ki, iddiaçının müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. FHN X5 Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 0195/e nömrəli əmri ilə daxili xidmət çavuşu İddiaçı X3 Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 2-ci kurs imtahan sessiyasında iştirak etmək üçün 2021-ci ilin aprel ayının 11dən 24-dək 14 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. FHN X5 Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0164/e nömrəli əmri ilə daxili xidmət çavuşu İddiaçı X3 Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında distant formada iştirak etmək üçün 2022-ci ilin mart ayının 14-dən 28-dək 15 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. FHN X5 Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0738/e nömrəli əmri ilə daxili xidmət çavuşu İddiaçı X3 Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 4-cü kurs imtahan sessiyasında distant formada iştirak etmək üçün 2022-ci ilin sentyabr ayının 14-dən 27-dək 14 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. FHN X5 Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0151/e nömrəli əmri ilə daxili xidmət çavuşu İddiaçı X3 Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 4-cü kurs imtahan sessiyasında iştirak etmək üçün 2023-cü ilin mart ayının 28dən aprel ayının 10-dək 14 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. FHN X5 Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0968/e nömrəli əmri ilə daxili xidmət çavuşu İddiaçı X3 Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında iştirak etmək üçün 15 noyabr 2023-cü il tarixdən 4 dekabr 2023-cü il tarixədək 20 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. FHN X5 Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 0453/e nömrəli əmri ilə daxili xidmət çavuşu İddiaçı X3 Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında və dövlət imtahanında iştirak etmək üçün 26 may 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixədək 32 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: (ləğv olunmuş) 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. 7.1. Ərizəçinin ali təhsilə aid kvalifikasiyasının tanınmasına dair qərar qəbul edildikdə, tanınma şəhadətnaməsi qərarın qəbul edildiyi tarixdən etibarən 5 (beş) gün müddətində hazırlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli,75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ... 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində tələbələrin ixtisas üzrə təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.5. Tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə fənn (fənlər) də seçməyə icazə verilir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. Dövlət sifarişi ilə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81- 100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən bu Qaydaların 3.2.11-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla, təhsil aldığı ixtisas üzrə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Qanunvericilikdə tanınma üzrə ümumi tələblərin əhatə dairəsi dəqiq müəyyən edilmiş, bu tələblərdən biri, xüsusilə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrindəki kvalifikasiyalara münasibətdə, ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiyanın tədrisinə ayrılmış normativ müddətin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tələbidir (bu tələblər tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində olan təhsil müddətini də əhatə edir). Qeyd olunmalıdır ki, normativ hüquqi aktların tələblərinə əsasən, tibb və səhiyyə ixtisasları istisna olmaqla, digər ixtisaslar üzrə kvalifikasiyanın tanınması üçün, təhsil formasından asılı olaraq, tələbənin təhsil aldığı ölkədə tədris müddətinin ən azı yarısı ərzində iştirak etməsi mütləqdir. İşin faktiki hallarından görünür ki, iddiaçı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə qiyabi təhsilalma formasında bakalavr səviyyəsi üzrə ali təhsil almışdır. Təhsil prosesi ərzində iddiaçı İ kursun İ semestrində tədris məşğələlərində iştirak etməmiş, İ kursun İİ semestri, habelə İİ və İİİ kurslar COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlər dövrünə təsadüf etmişdir. İV kurs üzrə təhsil müddətində iddiaçının təhsil aldığı ölkənin ərazi hüdudlarında cəmi 14 gün, V kurs üzrə isə 1 ay müddətində olduğu müəyyən edilmişdir. Cavabdeh, iddiaçının təhsil aldığı ölkədə faktiki olaraq qısa müddət ərzində olmasını əsas gətirərək, onun müvafiq təhsil proqramını lazımi səviyyədə mənimsəmədiyi qənaətinə gəlmiş və bu əsasla iddiaçıya ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina etmişdir. Məhkəmə isə cavabdeh tərəfindən irəli sürülmüş bu arqumentlərin əsassız olduğunu bir sıra mühüm hallar ilə əlaqələndirir. İlk növbədə vurğulanmalıdır ki, analoji inzibati mübahisə üzrə baxılmış inzibati işin materiallarında olan Belarusiya Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubun məzmunu xüsusi diqqətlə təhlil edilməlidir (Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(105)-647/2025 nömrəli qərarı). Həmin məktubdan müəyyən olunur ki, 1-94 0101 "Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası (bakalavr səviyyəsinə uyğundur) "Təhlükəsizlik xidmətləri" təhsil profili üzrə, "Fövqəladə hallardan müdafiə" istiqaməti üzrə təhsilin təşkili tədris materiallarının ənənəvi pedaqoji təhsil metodlarına əsasən həyata keçirilmiş, Qiyabi təhsil formasının distant təhsil forması Belarus Respublikası Təhsil haqqında Məcəllənin 17-ci maddəsinin 3-cü bəndinin 2-ci hissəsinə əsasən (xx.xx.2016-cı il tarixli redaksiya) həyata keçirilir və müasir kommunikasiya və informasiya texnologiyalarının tədbiqi ilə həyata keçirdilir. Azərbaycan Respublikası FHN əməkdaşlarının tədrisi xx.xx.2006-cı il tarixli "Belarus Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə” və Azərbaycan Respublikası Fövqəladə hallar naziri müavini ilə xx.xx.2017-ci il tarixində razılaşdırılmış "Xarici tələbələrin (Azərbaycan Respublikası FHN əməkdaşlarının) təhsil prosesinin təhsil almaq üçün distant təhsil formasında təhsil prosesinin təşkili haqqında təlimata" uyğun olaraq həyata keçirilir. Qiyabi (distant) təhsil forması tədris materialının bir hissəsini müstəqil, bir hissəsini isə müəllimlə birbaşa öyrənmək, sonra isə cari və yekun qiymətləndirmə imtahan-laboratoriya sessiyalarında biliklərin, bacarıq və vərdişlərin yoxlanılmasını nəzərdə tutur. Universitetdəki semestrlərdə imtahan-laboratoriya sessiyaları şəxsiyyətin identifikasiyası və autentifikasiyası imkanları ilə müasir kommunikasiyalı və informasiya texnologiyaları istifadə edilməklə video konfrans vasitəsilə təşkil olunub. Cüt semestrlərdə isə sessiyalar birbaşa universitetdə keçirilib. İmtahan laborator sessiyaların həyata keçirdilmə müddəti: 1-ci kurs (xx.xx.2020- xx.xx.2020, xx.xx.2020-xx.xx.2020); 2-ci kurs (xx.xx.2020-xx.xx.2020,xx.xx.2021- xx.xx.2021); 3-cü kurs (xx.xx.2021- xx.xx.2021, xx.xx.2022-xx.xx.2022); 4-cü kurs (xx.xx.2022-xx.xx.2022, xx.xx.2023xx.xx.2023); 5-ci kurs (xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024); Dövlət imtahan komissiyası (xx.xx.2024- xx.xx.2024). Belarus Respublikası Xarici İşlər Nazirliyinin saytında olan xx.xx.2020-ci il tarixinə qədər olan məlumata əsasən xüsusi karantin rejimi qüvvədə olub, bu səbəbdən də qonşu dövlətlər olan Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə ilə sərhədlər bağlı qalıb-bütün istiqamətlərdə daimi sərnişin əlaqələri dayandırılıb-Azərbaycandan/Azərbaycana istənilən nəqliyyat vasitəsi ilə giriş/çıxışa qadağa qoyulub, yalnızca yük daşıması, o cümlədən Azərbaycan Nazirlər Kabinetinin Operativ qərargahının xüsusi icazəsi ilə azərbaycan vətəndaşlarının çarter və xüsusi reysləri ilə evakuasiyası halları istisna olmaqla; -sərhəddən gələn Azərbaycan vətəndaşları, həmçinin xarici vətəndaşlar COVİD-19 testindən keçdikdən sonra, məcburi surətdə yaradılmış daimi polis mühafizəsi və tibbi nəzarət olan mobil zonalarda və yaxud xüsusi ayrılmış yerlərdə yaradılmış yerlərdə məcburi olaraq 14 gün və daha artıq saxlanılırdı. Yuxarıda qeyd olunan məktubun məzmunundan aydın şəkildə görünür ki, iddiaçının İ kursun İİ semestri, habelə İİ və İİİ dövrləri əhatə edən təhsil müddəti bilavasitə COVİD-19 pandemiyası dövrünə təsadüf etmişdir. Məhz həmin dövrdə tətbiq olunan məhdudiyyətlər səbəbindən iddiaçının müvafiq dövlətin ərazisində fiziki olaraq olması, eləcə də imtahan sessiyalarında iştirak etməsi onun iradəsindən asılı olmayan, obyektiv xarakterli hallarla şərtlənmişdir. Eyni zamanda xüsusi olaraq vurğulanmalıdır ki, iddiaçının aldığı ali təhsil ümumilikdə Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli, 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişin icrası məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində təmin edilmişdir. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 16.1-ci bəndinə əsasən fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə fövqəladə hallar orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunur. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Saziş: -Tərəflər milli qanunvericiliyə uyğun olaraq və Tərəflərin səlahiyyətləri çərçivəsində aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər: -informasiya, dövri mətbuat, metodiki və elmi-texniki ədəbiyyat, elmi tədqiqat işlərinin nəticələri, video, foto və digər materialların mübadiləsi; -birgə işçi müşavirələrinin, seminarların, konfransların, tədris kurslarının, məşqlərin, təlimlərin, elmi tədqiqat layihələrinin, idman və digər tədbirlərin planlaşdırılması, işlənməsi və həyata keçirilməsi; -Tərəflərin tədris müəssisələrində mütəxəssislərin hazırlığının təşkil edilməsi, təcrübə keçənlərin, müəllimlərin, alimlərin, mütəxəssislərin və digər əməkdaşların mübadiləsi; -Tərəflərin fəaliyyətinə aid olan gənclər, könüllülər, idman və digər ictimai hərəkatlar sahəsində əməkdaşlığın inkişafı; -Tərəflərin səlahiyyətinə daxil olan məsələlər üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin işlənib hazırlanması; -texniki, sosial və humanitar əməkdaşlıq üzrə birgə layihələrin hazırlanması və həyata keçirilməsi; - zərurət yarandıqda, təbii və texnogen mənşəli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qarşılıqlı yardımın və ya üçüncü ölkələrə birgə yardımın göstərilməsinin təşkili; -Tərəflərin səlahiyyətlərinə daxil olan digər fəaliyyətin həyata keçirilməsi. İşin yuxarıda müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhz sözügedən Universitetdə müvafiq ixtisas üzrə 2019-2024-cü illər ərzində Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişin icrası ilə bağlı tədbirlərin həyata keçirilməsi çərçivəsində təhsil almışdır. Başqa sözlə desək, iddiaçının sözügedən Universitetdə müvafiq ixtisas üzrə təhsil alması məhz istinad edilən Sazişdən irəli gələn öhdəliklərin icrasının nəticəsi kimi ortaya çıxmışdır. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası FHN tərəfindən də iddaçının 2019- 2024-cü illər ərzində sözügedən Universitetdə müvafiq Sazişin icrası çərçivəsində qiyabi formada təhsil alması və iddiaçının təhsil hüqqunun təmin edilməsi məqsədilə ona təhsil məzuniyyətlərinin təmin edilməsi, habelə pandemiya dövründə kommunikasiya vasitələrinin tətbiq edilməklə təhsil almalarının təmin edilməsi halı təsdiq edilmişdir. Göründüyü kimi iddiaçı fərdi qaydada deyil, məhz müvafiq Saziş çərçivəsində “Fövqəladə orqanlarında xidmətekçmə haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən fövqəladə orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədilə 2019-2024-cü illərdə Belarusiya Respublikasının FHN Mülki Müdafiə Universitetində təhsil almışdır. Həmin aldığı təhsilin nəticəsində ona müvafiq “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması" ixtisası üzrə mühəndis ixtisas dərəcəsi verilmiş, təhsil müəssisəsinin verdiyi diplom əsasında təsdiq edilmişdir. Hazırda da təhsil aldığı ixtisas üzrə işləyir. Odur ki, işin müəyyən edilmiş fərdi xarakterli xüsusiyyətləri əsas götürülməklə, iddiaçının tədris yükünün yerinə yetirilməsinin müəyyən olunması və qiymətləndirilməsini onun təhsil aldığı müəssisənin məsuliyyət sferasına olmaqla, bu hal məhz təhsil müəssisəsi tərəfindən verilmiş diplom əsasında təsdiq olunmuşdur. Belə olan halda isə məhkəmə hesab edir ki, işin fərdi xarakterli faktiki halları (iddiaçının müvafiq inzibati orqanın əməkdaşı olmaqla, həmin qurumda müvafiq peşə üzrə işləməsi, bu səbəbdən də müvafiq Sazişin icrası qaydasında tədbirlərin görürlməsinə cəlb edilməsi, həmin tədbirlər çərçivəsində təhsil alması, müvafiq inzibati orqan tərəfindən həmin təhsilin alınmasına şərait yaradılması və təhsil məzuniyyətlərinin verilməsinin, pandemiya dövründə kommunikasiya vasitələrindən istifadə edilməklə təhsil almasına şərait yaradılması) iddiaçının müvafiq tədris yükünü mənimsəməməsi ilə bağlı cavabdehin istinad etdiyi arqmentin əsaslı hesab edilməməsinə səbəb olur. Məhkəmə həmçinin hesab edir ki, ali təhsil müəssisəsinin verdiyi diplomun qanuniliyi və etibarlılığı şübhə altına alınmamalıdır. Belarusiya Respublikasının FHN Mülki Müdafiə Universiteti iddiaçının bakalvr təhsilini başa vurduğunu təsdiqləyərək ona müvafiq diplom təqdim etmişdir. Bu, birbaşa olaraq universitetin iddiaçının akademik proqramı mənimsədiyini qəbul etdiyini göstərir. Cavabdeh tərəfin iddiaçının təhsil aldığı ölkə ərazisində az olması səbəbilə onun ixtisası lazımi səviyyədə mənimsəmədiyini irəli sürməsi hüquqi əsası olmayan mülahizələrə əsaslanır. Əgər universitet özü tələbənin bilik və bacarıqlarını yetərli hesab edərək diplom vermişdirsə, cavabdehin bunun əksini sübuta yetirməsi üçün ciddi hüquqi və akademik əsaslar tələb olunur ki, bu da iş materiallarında təqdim olunmamışdır Bundan başqa qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İş üzrə mövcud faktiki hallar və təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı ilə eyni dövrdə və eyni ixtisas üzrə təhsil almış digər şəxslərin ali təhsilə dair kvalifikasiyaları məhkəmə qərarları əsasında tanınmışdır. Bu hal iddiaçıya münasibətdə fərqli və ya ayrı-seçkilik xarakterli rəftarın tətbiq edilməsini hüquqi cəhətdən əsaslandıran hər hansı zərurətin mövcud olmadığını açıq şəkildə təsdiq edir. Bütün bu hallar nəzərə alınaraq, məhkəmə cavabdehin mövqeyini hüquqi baxımdan əsassız və iddiaçının ali təhsil almaq hüququnun qeyri-qanuni şəkildə məhdudlaşdırılmasına yönəlmiş bir yanaşma kimi qiymətləndirir. Beləliklə, iddiaçının aldığı bakalvr təhsilinin tanınması üçün onun Belarusiya Respublikasının hüdudları daxilində az olmasının əsas meyar kimi qəbul edilməsi düzgün hesab olunmur və bu arqument iddiaçının əldə etdiyi təhsil kvalifikasiyasının tanınmasından imtina üçün yetərli əsas sayıla bilməz. Bundan başqa Məhkəmə onu da bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddə-sinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibin-dən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) nota-rial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, tərəfindən iddiaçıya verilmiş diplom həmin ölkənin səlahiyyətli orqanı tərəfindən apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. Hazırki iş üzrə oxşar mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2494/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı verilmiş diplom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-16583/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16583/2025
19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver