Məhkəmə qərarları › İş №2-1(112)-16584/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16584/2025

23.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16584/2025 23.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin Fərdi yaşayış evlərinin tikintisinə torpaq sahəsi ayrılması haqqında xx.xx.1989-cu il tarixli 152 nömrəli qərarında göstərilmişdir: 1.Maştağa Zəfəran sovxozunun fəhlə və qulluqçularına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin bölgüsünün təsdiqi haqqında. RİK qeyd edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-ci il tarixli, 263 №-li qərarı ilə Maştağa Zəfəran sovxozunun fəhlə və qulluqçularına fərdi yaşayış evlərinin tikintisi üçün, hər birinə 0,10 hektar olmaqla 125 ailəyə 12,5 hektar torpaq sahəsi ayrılmışdır. Maştağa Zəfəran sovxozunun müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin 28 oktyabr 1988- ci il tarixli, 09 №-li birgə qərarı ilə 67 nəfərə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Abşeron rayon XDS İcraiyyə Komitəsi qərara aldı: ...61. İddiaçı.. 1.Maştağa Zəfəran sovxozunun müdriyyəti və həmkarlar ittifaqı komitəsinin, adları siyahıda qeyd olunan vətəndaşların fərdi yaşayış evlərinin tikintisi üçün hər birinə 0,10 hektar torpaq sahəsinin ayrılması barədə 28 oktyabr 1988-ci il tarixli, 09 №-li birgə qərarı təsdiq edilsin... Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Maştağa Zəfəran sovxozunun müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin xx.xx.1988-ci il tarixli 09 nömrəli birgə qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı (bundan sonra iddiaçı) ayrılmış torpaq sahəsinə dair xx.xx.1988-ci il tarixdə təhkim aktı tərtib edilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (1 saylı Bakı Ərazi İdarəsinə) müraciət etmiş, cavabdeh iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlər surətdir. Qeyd olunan torpaq sahəsinin ayrılmasına dair sovxoz direktorunun əmri və əmrin arxiv arayışı təqdim edilməmişdir. Bundan başqa, təqdim edilmiş təhkim aktı xx.xx.1988-ci il tarixli, təhkim aktında qeyd edilən Maştağa-Zəfəran sovxozunun 09 nömrəli əmri isə xx.xx.1988-ci il tarixlidir. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Maştağa Zəfəran sovxozunun müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin xx.xx.1988-ci il tarixli 09 nömrəli birgə qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Maştağa Zəfəran sovxozunun müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin xx.xx.1988-ci il tarixli 09 nömrəli birgə qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,0502 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Maştağa Zəfəran sovxozunun müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin xx.xx.1988-ci il tarixli 09 nömrəli birgə qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı (bundan sonra iddiaçı) 0,10 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən qərar Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 152 nömrəli qərarı ilə təsdiq edilmişdir. İddiaçı göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh tərəfindən sözügedən müraciətə imtina verilmişdir. İmtina səbəbi olaraq, torpaq sahəsinin ayrılmasına dair sovxoz direktorunun əmri və əmrin arxiv arayışının təqdim edilməməsi qeyd edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən müraciətinə göstərilən əsasla imtina verilməsi qanunsuzdur və göstərilən əsas müraciətinin təmin edilməsindən imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Cavabdehin məktubunda göstərilən əsasların heç biri göstərilən normanın tələblərində nəzərdə tutulmamışdır. Bundan başqa, əmrin arxiv arayışının olub-olmamasının araşdırılması ilə bağlı inzibati orqan olan cavabdeh tərəfindən hər hansı bir hərəkət edilməyərək “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun “İşin hallarının obyektiv araşdırılması” prosedur prinsipininin tələblərini pozmuşdur. Belə ki, cavabdeh tərəfindən bu barədə ondan hər hansı bir sənəd tələb edilməmiş, eyni zamanda cavabdehin özü tərəfindən bununla bağlı hər hansı bir araşdırma aparılmamışdır. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, elektron elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Eləcə də, sahə X2 Abşeron Rayon Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” 13 iyun 2008-ci il tarixli 2866 saylı Sərəncamı əsasında Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyinə saxlanılmış hissəsində yerləşir. Bu səbəbdən 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunması məqsədəmüvafiqdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki torpaq sahəsinin ölçüsünün 0,0502 ha olduğu müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: ...

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə Maştağa Zəfəran sovxozunun müdriyyəti və həmkarlar ittifaqı komitəsinin 28 oktyabr 1988-ci il tarixli, 09 №-li birgə qərarı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndində nəzərdə tutulmuş sənədlərə uyğundur. Odur ki, qeyd edilən 28 oktyabr 1988-ci il tarixli, 09 №-li qərar iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır və həmin sənəd hazırda qüvvədədir. Belə ki, həmin qərar geri çağırılmamış, ləğv olunmamış, dəyişdirilməmiş və ya qüvvədən düşmüş hesab olunmamışdır, cavabdeh də bu əmrin qüvvədə olmasını mübahisələndirilmir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, elektron baza məlumatlarına əsasən hal hazırda faktiki torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Məktuba əlavə edilmiş müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin faktiki ölçüsü 0.0501 ha təşkil edir. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq daş hasarın daxilində yerləşir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol vermişdir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Maştağa Zəfəran sovxozunun müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin xx.xx.1988-ci il tarixli 09 nömrəli birgə qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,0502 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar