Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16588/2025 09.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “iddiaçıya 2-ci qrup əlil hesab edildiyinə görə dövlət qulluqçusu kimi xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi təyin edilmiş əmək pensiyasının müddətsiz hesab edilməsi və xx.xx.2022-ci il tarixdən ödənilməmiş dövlət qulluqçusu kimi əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya yaşı əlillik müddətində tamam olmuşdur. “Əmək pensiyaları haqqında" Qanunun 32.2.-ci maddəsinə əsasən., əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bıı Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İddiaçı pensiya yaşma əlillik müddətində çatdığından bəhs edilən normaya görə iddiaçının dövlət qulluqçusu kimi əlili ömürlük təyin edilə bilərdi. İddiaçı ilk iddiasında pensiyanın ilkin təyinat olunmuş əlillik kimi saxlanılmasını və keçmiş illərdən qalmış artımları və fərqlərin ödənilməsini xahiş etsə də, dəqiqləşdirilmiş tələbində əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsini deyil , dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, məhkəmə də onun bu tələbinə baxmışdır. Beləliklə, iddiaçı pensiya yaşına çatmasına baxmayaraq yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə görə dövlət qulluğunda stajı 15 ildən az olduğundan, dövlət qulluqçusunun pensiyasını təyin etməkdən imtina etməklə cavabdeh haqlı olmuşdur.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya yaşına çatdığı xx.xx.2018-ci il tarixində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun həmin pensiya növünə hüququ yaranmalı idi. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qeyd edilən tarixdə İddiaçı dövlət qulluqçusu kimi deyil, məhz ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququ yarandığına görə ona istər xx.xx.2018-ci il tarixində, istərsə də qeyd edilən tarixdən sonrakı istənilən dövrdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilə bilməzdi. Nəzərə almaq lazımdır ki, pensiyanın bir növündən digər növünə keçirilmə avtomatik baş vermir. Bu zaman şəxsin yeni təyin edilən pensiya növünə də subyektiv hüququ olmalıdır. Məsələn, yaşa görə pensiya təyin edilən şəxs sonradan onun pensiyasının ailə başçısını itirməyə görə pensiyaya keçirilməsi üçün müraciət edirsə, həmin şəxsə münasibətdə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün şərtlər mövcud olmalıdır. Qeyd edilən hal əlilliyə görə pensiyanın pensiya yaşına çatmaqla əlaqədar ömürlük müəyyən edilməsinə də aiddir. Əgər əlilliyə görə pensiya təyinatı zamanı şəxs pensiya yaşına çatmamışdırsa, ona pensiya əlillik müddətinə təyin edilir. Lakin şəxs əlilliyə görə pensiya aldığı müddət ərzində pensiya yaşına çatarsa, pensiyanın ömürlük müəyyən edilməsi üçün əlillik də müddətsiz müəyyən edilməlidir. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsi ömürlük təyinatı tənzim edir. “Təyin edilmə” və “müəyyən edilmə” isə fərqli anlayışlardır. Pensiya təyin edilməsi həmin təyinat üçün sərtlər müəyyən edildikdən sonra bas tutur. Əgər iddiaçı əlilliyə görə pensiya alarkən pensiyanın müddətsiz olmasına nail olmaq istəyirdisə, iik növbədə əlilliyin müddətsiz müəyyən edilməsini təmin etməli idi. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-4453/2017 qərarına əsasən iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı şəhər XDS İK-nin Sosial Təminat İdarəsində işlədiyi dövrlər onun dövlət qulluqçusu kimi qulluq stajına daxil edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosal Ekspert Komissiyasında müayinəyə dair məlumata əsasən iddiaçıya xx.xx.2017-ci ildə qiymətləndirmə əsasında “ÜİX stabil gərginlik stenokardiyası FS İİİ.Əvvəllər keçirilən miokard infarktı, Postinfarkt kardioskleroz. Sol mədəcik çatmamazlığı, ÜÇ İİ dərəcə.Ürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya İİ mərhələ, İİ risk faktoru, təkrarlanan hipertonik krizlə” diaqnozu ilə xx.xx.2022-ci ilə qədər ikinci dərəcəli əlillik müəyyən edilmişdir Əmək pensiyasının təyin edilməsi haqqında qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi olan şəxs kimi beş il müddətinə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin qüvvədə olduğu xx.xx.2022-ci il tarixədək dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ödənişi həyata keçirilmişdir. Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2022-ci il tarixdən ümumi əsaslarla yaşa görə pensiya təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11062/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilməmişdir. Sözügedən qərar yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Mərkəzi Filialda mövcud sənədlərdə iddiaçının dövlət qulluğu stajı 15 ildən az (11 il 7 ay 10 gün) təşkil edir. Bu səbəbdən də ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu (29 mart 2018-ci il tarixədək qüvvədə olan redaksiya): Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı ... 23.2.... Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya): 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; ... (hazırda qüvvədə olan redaksiya): Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsində imperativ şəkildə bildirilib ki, əlilliyə görə əmək pensiyası, həmin Qanunun 7ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə ömürlük təyin edilir. Buradan belə nəticə çıxır ki, 32.2-ci maddənin dispositiv şərtlərində pensiya yaşına çatmış əlilliyi olan şəxsə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün əlilliyin yenidən qiymətləndirilməsi şərti nəzərdə tutulmamışdır. Qanunvericilikdəki əsas şərt, əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün şəxs “Əmək pensiyaları haqqında” Qanunda müəyyən edilən pensiya yaşına çatmalı və həmin an əlillik statusu olmalıdır. Hətta əvvəllər əlilliyə görə əmək pensiyası təyin edilmiş olsa belə, həmin dövr ərzində şəxs pensiya yaşına çatarsa, həmin şəxsin əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi hüququ yaranır. Bu halda əlavə müraciət tələb olunmur, və məsələ inzibati orqanın xidməti vəzifəsinin icrası qaydasında həll olunmalıdır. Qeyd olunmalıdır ki, əmək pensiyası yaşına çatmış əlilliyə görə pensiya alan şəxslərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi zamanı bunun mütləq şəkildə müvafiq müraciətlə şərtləndirilməsi inzibati icraat haqqında qanunvericiliyin əsas prinsip və tələbləri ilə ziddiyyət yaratmış olardı. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan bununla bağlı inzibati icraatı lazımi qaydada aparmağa borcludur. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə, nəzərə almağa və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də, mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Odur ki, əlilliyə görə pensiya alan şəxs əmək pensiyası yaşına çatdıqda və həmin an onun əlillik statusu mövcud olduqda (əlilliyin müddətli və ya müddətsiz olmasından asılı olmayaraq) inzibati orqan qanunvericiliyin müddəalarını pensiya alan şəxsə izah etməli, pensiya yaşı çatdığı üçün əlilliyə görə pensiyanın ömürlük təyin edilməsi, şəxsin hansı pensiya növünü seçməsi, həm də hər iki pensiya növündən hansı üzrə təyin ediləcək pensiyanın məbləği barədə ətraflı məlumat verməli, bundan sonra şəxsin mövqeyi nəzərə alınaraq ona əlilliyə görə ömürlük, yaxud yaşa görə pensiya təyin edilməsi barədə qərar qəbul etməlidir. Göründüyü kimi, inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan maraqlı şəxsə yardım etməyə, iddiaçının malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Lakin işin faktiki hallarından cavabdeh inzibati orqanın iddiaçıya belə bir yardım etdiyi müəyyən olunmur. Bu halda, Məhkəmə qeyd edir ki, iddiaçının əlillik statusu qüvvədə olduğu dövrdə, yəni xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixinədək ikinci dərəcə əlillik statusu mövcud olmuş və pensiya yaşına çatması (tərəflər arasında mübahisə doğurmayan bir haldır) müəyyən edildiyi üçün, iddiaçının dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasını ömürlük almaq hüququ yaranmışdır. Bu baxımdan, cavabdeh inzibati orqan, müvafiq qanunvericiliyə uyğun olaraq, əlilliyə görə pensiyanın ömürlük təyin edilməsi məsələsini tam şəkildə həll etməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının dövlət qulluğu stajının 15 il olması bu halda iddianın rədd olunması üçün əsas vermir, çünki “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğu halda, dövlət qulluğu stajının müddətindən asılı olmayaraq iddiaçının tələbini təmin etmək üçün hüquqi əsas yaranır. Bu məsələyə aydınlıq gətirərək, 10 mart 2017-ci il tarixli dəyişikliklərlə (543-VQD nömrəli Qanun) 20.11.1 və 20.11.2-ci maddələr yeni redaksiyada verilmişdir ki, bunlar 5 il dövlət qulluğu stajının tələb olunduğunu göstərir. Lakin, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edildiyi xx.xx.2017-ci il tarixdə hər iki Qanunun əvvəlki redaksiyaları qüvvədə idi ki, burada 5 il dövlət qulluğu stajı tələb olunurdu. Həmin dövrdə iddiaçının dövlət qulluğu stajı 11 il 7 ay 10 gün olmuşdur, bu da müvafiq şərtlərə uyğun gəlir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3097/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2026-cı il tarixli qərardan (★★★) görünür ki, hazırkı qərar məhz adıçəkilən qərarda nəzərdə tutulmuş mövqe də əsas götürülməklə qəbul edilir. Qərarda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsindəki “şəxsin müraciəti əsasında” sözləri həmin normanın birinci hissəsinə, yəni “əlilliyə görə əmək pensiyasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün təyin olunması” hissəsinə aiddir. Yəni, həmin normada əlillik müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi təqdirdə (yaşa görə pensiya hüququ olmadıqda) müraciətin imperativliyi nəzərdə tutulmuş, əlilliyə görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə ömürlük təyin olunması hissəsində şəxsin müraciətinin olması nəzərdə tutulmamışdır. Həmçinin, qərarda qeyd olunmuşdur ki, əlilliyə görə pensiya alan şəxs əmək pensiyası yaşına çatdıqda və həmin an onun əlillik statusu mövcud olduqda (əlilliyin müddətli və ya müddətsiz olmasından asılı olmayaraq) inzibati orqan qanunvericiliyin müddəalarını pensiya alan şəxsə izah etməli, pensiya yaşı çatdığı üçün əlilliyə görə pensiyanın ömürlük təyin edilməsi, şəxsin hansı pensiya növünü seçməsi, həm də hər iki pensiya növündən hansı üzrə təyin ediləcək pensiyanın məbləği barədə ətraflı məlumat verməli, bundan sonra şəxsin mövqeyi nəzərə alınaraq ona əlilliyə görə ömürlük, yaxud yaşa görə pensiya təyin edilməsi barədə qərar qəbul etməlidir. Belə olan halda Məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə, daha dəqiq desək 2-ci qrup əlil hesab edildiyinə görə dövlət qulluqçusu kimi xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi təyin edilmiş əmək pensiyasının müddətsiz hesab edilməsi və xx.xx.2022-ci il tarixdən ödənilməmiş dövlət qulluqçusu kimi əmək pensiyasının ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 2-ci qrup əlil hesab edildiyinə görə dövlət qulluqçusu kimi xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi təyin edilmiş əmək pensiyasının müddətsiz hesab edilməsi və xx.xx.2022-ci il tarixdən ödənilməmiş dövlət qulluqçusu kimi əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-16588/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16588/2025
09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver