Məhkəmə qərarları › İş №2-1(112)-1659/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1659/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1659/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər Hacıyev Mirəddin oğlu və qeyriləri işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma təəlbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X9, X7, X23, X24, X34, X29, X25, X26 və X30 işə cəlb edilməklə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 577-ci məhəllə, ev 87 b ünvanında yerləşən 55 saylı mənzilindən üçüncü şəxslər 1957-ci il təvəllüdlü X4, 1981-ci il təvəllüdlü X3, 2009-cu il təvəllüdlü X10, 2013-cü il təvəllüdlü X5, 1986-cı il təvəllüdlü X11, 1989-cu il təvəllüdlü X12, 1991-ci il təvəllüdlü X19, 1971-ci il təvəllülü X15, 1990-cı il təvəllüdlü X13, 1992-ci il təvəllüdlü X14 və 2002-ci il təvəllüdlü X16 (ailə üzvləri 2009-cu il təvəllüdlü X27, 2013-cü il təvəllüdlü X17 ilə birlikdə) pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili 02.04.2020-ci il tarixdə alğı-satqı yolu ilə X25, X26, X34, X23 və X8 almış və onun adına ********** nömrə ilə qeydiyyatdan keçərək çıxarışla mülkiyyət hüququ tanınmışdır və hazırda da, istifadələrindədir. Mübahisəli mənzili keçmiş mülkiyyətçilərindən aldıqda üçüncü şəxslər olan 1957-ci il təvəllüdlü X9, 1981-ci il təvəllüdlü X7, 2009-cu il təvəllüdlü X27, 2013-cü il təvəllüdlü X17, 1986-cı il təvəllüdlü X23, 1989-cu il təvəllüdlü X24, 1991-ci il təvəllüdlü X34, 1971-ci il təvəllüdlü X29, 1990-cı il təvəllüdlü X25, 1992-ci il təvəllüdlü X26 və 2002-ci il təvəllüdlü X30 alğı-satqı zamanı hazırda onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 577-ci məhəllə, ev 87 b ünvanında yerləşən 55 saylı mənzilindən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürsələrdə pasport qeydiyyatından çıxmamış və hazırda da, qeydiyyatda qalmaqdadırlar. Üçüncü şəxslər artıq alğı-satqı olunan tarixdən mülkiyyətində olan mənzildə yaşamırlar və qeydiyyatda olmaları formal xarakter daşıyır. Göstərilənlərə əsasən hesab edir ki, üçüncü şəxslər onun mülkiyyətində olan mənzillə bağlı sərbəst sərəncam vermək səlahiyyətinə maneə yaradır. Ona görə də, üçüncü şəxslər və ailə üzvü olan nəvələri (2009-cu il təvəllüdlü X27, 2013-cü il təvəllüdlü X17) ona məxsus evdən qeydiyyatdan çıxarılmalıdırlar. Bu səbəbdən də, o, cavabdehə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün rəsmi müraciət etmişdir. Lakin, cavabdeh müraciətindən rəsmi imtina edib və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X4, X19 və X13 3-cü şəxs qismindən çıxarılmasını, 02.09.1984-cü il təvəllüdlü X1 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 577-ci məhəllə, ev 87 b ünvanında yerləşən 55 saylı mənzilindən üçüncü şəxslər 1984-cü il təvəllüdlü X6, 1981-ci il təvəllüdlü X7, 2009-cu il təvəllüdlü X27, 2013-cü il təvəllüdlü X17, 1986-cı il təvəllüdlü X23, 1985-ci il təvəllüdlü X24, 1971-ci il təvəllülü X29, 1992-ci il təvəllüdlü X26 və 2002-ci il təvəllüdlü X16 (ailə üzvləri 2009-cu il təvəllüdlü X27, 2013-cü il təvəllüdlü X17 ilə birlikdə) pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə X6 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxslər isə gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ünvan 4ndə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli, 02.04.2020-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcılar X25, X26, X34, X23, X24 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 10.03.2016-cı il tarixdə verilmiş, **********70-05101-093026 reyestr nömrəli, **********, **********, **********, **********, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlara əsasən paylı mülkiyyət üzrə ümumi sahəsi 69.6 kv.m olan ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı satmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcılar 01.05.2020-ci il tarixədək sözügedən ünvandan qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayou, Hüseyn Cavid prospekti, 577-ci məhəllə, ev 87 b, mənzil 55 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 16.04.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********70-05101-093026 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə 07.07.2021-ci il tarixli, 091- 34338H-3221 nömrəli məktubla verilmiş cavab məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülkiyyətçisi olduğu ünvan 1 ünvanından X4, X3, X10, X5, X11, X12, X19, X20, X13, X14, X16 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilər. İşdə olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı XT Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 356 nömrəli, 25.09.2020-ci il tarixli arayışdan görünür ki, mənzilə dair şəxsi maliyyə haqq-hesabı 16.04.2020-ci ildə açılmışdır. Bakı şəhəri, H.Cavid prospekti, 577-ci məhəllə, 876 nömrəli, 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki, ümumi sahəsi 62.9 kv.m olan 3 otaqlı 55 nömrəli mənzil həqiqətən İddiaçı məxsusdur. Mənzildə daimi qeydiyyatda – 18.02.1974-cü il tarixdən 1957-ci il təvəllüdlü X9, 10.03.1999-cu il tarixdən 1981-ci il təvəllüdlü X7, 05.03.2015-ci il tarixdən 2009-cu il təvəllüdlü X27, 05.03.2015-ci il təvəllüdlü X17, 18.02.1986-cı il tarixdən 1986-cı il təvəllüdlü X23, 29.03.1989cu il tarixdən 1989-cu il təvəllüdlü X24, 18.04.1991-ci il tarixdən 1991-ci il təvəllüdlü X34, 24.03.1991-ci il tarixdən 1971-ci il təvəllüdlü X29, 24.03.1991-ci il tarixdən 1990-cı il təvəllüdlü X25, 10.05.1992-ci il tarixdən 1992-ci il təvəllüdlü X26, 12.03.2016-cı il tarixdən 2002-ci il təvəllüdlü X30 mənzilin keçmiş sakinləri olmaqla qeydiyyatda qalıblar. Qeydiyyatda olmalarına baxmayaraq, göstərilən ünvanda yaşamırlar. İşdə olan məhkəmənin sorğusuna əsasən ünvan 4 tərəfindən 804 nömrəli, 09 sentyabr 2021-ci il tarixli məktubla təqdim edilmiş AN-İ seriyalı, ******* nömrəli, 02.04.2020-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nin rəsmiləşdirilməsi ilə bağlı notariat işinin surətindən müəyyən edilir ki, müqavilə rəsmiləşdirilərkən “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa əsasən həmin ünvanda 26.04.1971-ci il təvəllüdlü X29, 29.03.1989-cu il təvəllüdlü X24, 23.07.2002-ci il təvəllüdlü X30, 11.04.1990-cı il təvəllüdlü X25, 18.04.1991-ci il təvəllüdlü X34, 10.05.1992-ci il təvəllüdlü X26, 31.10.2009-cu il təvəllüdlü X27, 17.12.2013-cü il təvəllüdlü X17 qeydiyyatda olmuşlar. X24, X25, X34 və X26 mənzilin paylı mülkiyyətçiləri olmuş, X29 notarial qaydada razılıq ərizəsi verərək mənzilin satılmasına etirazı olmadığını, qeydiyyatda olduğu mənzildən 01.05.2020-ci il tarixədək qeydiyatdan çıxmağı öhdəsinə götürmüşdür. 23.07.2002-ci il təvəllüdlü X30, 31.10.2009-cu il təvəllüdlü X27 və 17.12.2013-cü il təvəllüdlü X17 isə yetkinlik yaşına çatmayan şəxslər olduğundan razılıqları tələb olunmamışdır. İşdə olan 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, 16.02.2022-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 2 ünvanında 02.09.1984-cü il təvəllüdlü X6, 31.10.2009-cu il təvəllüdlü X27, 26.04.1971-ci il təvəllüdlü X29, 17.12.2013-cü il təvəllüdlü X17, 10.05.1992-ci il təvəllüdlü X26, 22.03.1981-ci il təvəllüdlü X7, 29.03.1989-cu il təvəllüdlü X24, 18.01.1986-cı il təvəllüdlü X23, 23.07.2002-ci il təvəllüdlü X30, 19.03.2016-cı il təvəllüdlü X31, 18.01.2021-ci il təvəllüdlü X21 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 07.07.2021-ci il tarixli, 091-34338H-3221 nömrəli nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin mübahisəli mənzildə yaşamamaları, onların mənzilin əvvəlki mülkiyyətçilərinin ailə üzvləri olması öz təsdiqini tapdığından, iş üzrə mənzilin əvvəlki mülkiyyətçiləri X25, X32, X34, X23, X24 ilə hazırki mülkiyyətçisi İddiaçı arasında bağlanmış 02.04.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etdiklərindən, yəni, satıcı öz əmlakını alıcıya satdığından, alıcı isə həmin əmlakın dəyərini ona ödədiyindən və satıcı da, qəbul etdiyindən, bununla da, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verildiyindən, hazırda həmin mənzildə əvvəllər qeydiyyatda olmuş, mənzildə yaşamayan, artıq yaşayış sahəsinə istifadə və əmlak hüquqları olmayan, 3-cü şəxslərin qeydiyyatına, yeni mülkiyyətçi İddiaçı inzibati orqana müraciəti əsasında xitam verilməli idi. Məhkəmə eləcə də, qeyd edir ki, sözügedən alğı-satqı müqaviləsi rəsmiləşdirilən zaman da, Müqavilənin 13-cü maddəsinə əsasən mənzilin mülkiyyətçiləri müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan bir ay müddətində mənzildə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçı həmin şəxslərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X2 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X18 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 02.09.1984-cü il təvəllüdlü X6, 22.03.1981-ci il təvəllüdlü X7, 31.10.2009-cu il təvəllüdlü X27, 17.12.2013-cü il təvəllüdlü X17, 18.01.1986-cı il təvəllüdlü X23, 29.03.1989-cu il təvəllüdlü X24, 26.04.1971-ci il təvəllülü X29, 10.05.1992-ci il təvəllüdlü X26 və 23.07.2002-ci il təvəllüdlü X16 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar