Məhkəmə qərarları › İş №2-1(112)-16594/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16594/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16594/2025 15.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X2rşı “xidmətkeçmə dövründə alınmış xəsarətin səbəb əlaqəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X2rşı “xidmətkeçmə dövründə alınmış xəsarətin səbəb əlaqəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1990-cı illərdə aldığı ağır xəsarətlərin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatı zamanı alması faktı hərbi xidmət dövrünə aid edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1990-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin dövürdə aparılan hərbi əməliyyatlar zamanı o, ağır xəsarət almış, qısa müddət koma vəziyyətində qalmışdır. Döyüş bölgəsindən onu döyüşçü yoldaşları çıxararaq döyüş bölgəsində yerləşən səyyar hospitala çatdırmış və orada bir necə gün stasionar müalicə almışdır. Lakin döyüş bölgəsində olduğundan və hərbi şəraitin gərginliyindən müalicə sənədlərini tələb etmək imkanı olmamışdır. Daha sonra həmin ərazilər düşmən tərəfindən işğal olunduğundan tibbi sənədləri orada qalmışdır. O, yaralandıqdan sonra döyüş mövqeyindən çıxararaq hospitala gətirən yoldaşları bu hadisənin canlı şahidləridir. Döyüş əməliyyatı zamanı yaralanmasının şahadətləndirilməsi üçün Müdafiə Nazirliyinin X8 müraciətinə cavabda isə bildirib ki, xəsarətlərdən uzun müddət keçdiyi üçün dəqiq tibbi ekspertiza aparmaq mümkün deyil. Halbuki, bədənində həmin xəsarətlərin izləri bu gün də qalır. Lakin Müdafiə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X5 xx.xx.2023- cü il tarixli müayinə aktının rəy hissəsində qeyd edilir ki, X9 məhkəmə-tibbi müayinəsi zamanı onun alının sol yarısında bir ədəd, sol bazunun aşağı 1/3-nin içəri yan sətində bir ədəd cərrahi tikimiş köhnə çapıq toxmalar, rengenoloq olaraq sağ said sümüklərinin orta 1/3-nin köhnə kafi bitişən sınıqlar,sol bazunun epikondilusunun qopmiş sınıq aşkar edildi kimi qeydlər göstərilsə də sonda qeyd edilmişdir ki, xəsarətlərin əmələ gəlmə mexanizimi və müddəti barədə hazırda fikir söyləmək mümkün deyil. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-cı il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2025-ci il tarixli, 90/4136 №-li məktubu ilə iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2023cü il tarixdə hərbi poçt vasitəsilə Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Faiq İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3-43-80/2-63/2023 №-li məktub daxil olmuş və həmin məktubda vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilməsi bildirilmişdir. Ekspertizaya məktubla birgə İddiaçı barəsində SHXÇDX-nin Səbail rayon idarəsindən verilmiş göndəriş, Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilmiş arayış, onunla birlikdə N nömrəli hərbi hissədə xidmət etmiş X11 və X10 tərəfindən imzalanmış şahid ifadələri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Travmatoloji-ortopedik Klinik Xəstəxanasında onun adına tərtib edilmiş “Stasionar xəstənin tibbi kartası N°535” (yalnız üz vərəqindən və epikrizdən ibarətdir) təqdim edilmişdir. İddiaçı xəsarət aldıqdan sonrakı ilk günlərdə, aylarda və illərdə hər hansı bir tibb müəssisəsinə müraciət etməsini və yaralanmasını təsdiq edən hər hansı bir sənəd, o cümlədən hərbi xidmətdə olduğu hərbi hissədən onun yaralanmasını təsdiq edən hər hansı bir sənəd (travma haqqında arayış, qeydiyyat kitablarından çıxarış, xəstəlik tarixi, çıxarış epikrizləri və sair) ekspertizaya təqdim edilməmişdir. İddiaçı özü xx.xx.2023-cü il tarixdə ekspertizaya müraciət etmiş və həmin gün məhkəmə-tibbi müayinədən keçirilmişdir. İddiaçı məhkəmətibbi müayinəsi zamanı təqdim edilmiş sənədlər öyrənilmiş, şikayətləri və anamnezi toplanılmış, müayinə olunmuşdur. Məhkəmə-tibbi müayinə zamanı İddiaçı 1993-cü ilin noyabr ayından 1994-cü ilin fevral ayına qədər N №-li hərbi hissədə könüllü olaraq hərbi xidmətdə olduğunu, Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etdiyini, 1994-cü ilin fevral ayının 11-də Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndində döyüşlər zamanı tankın üstündə hücuma keçərkən yaxınlığında mərmi partlaması nəticəsində başından və sol qolundan qəlpə yarası aldığını, partlayışın dalğası onu kənara tulladığından baş və sağ qolu üzərində yerə yıxıldığını, sağ qolunun sındığını, əsgər yoldaşları Kərimov Mirzə və Heydərov Piri tərəfindən onu döyüş meydanından çıxardıqlarını, Əhmədbəyli hospitalına gətirildiyini, bir gün orada qaldıqdan sonra səhəri gün Bakı şəhərinə Travmatologiya İnstitutuna gətirildiyini, təxminən 1 həftə orada müalicə olduğunu, yaraların cərrahi işləndiyini, müalicəsi başa çatdıqdan sonra xidmətini başa vurduğunu, 2000-ci ilin dekabr ayında həmin xəsarətlərə görə təkrar olaraq Travmatologiya İnstitutunda 35 gün müalicə olunduğunu bildirmiş, baş ağrıları, yuxu və yaddaş pozulması, eşitmənin zəifləməsi, hər iki əl barmaqlarında keyimə və hərəkət məhdudluğundan şikayət etmişdir. Lakin İddiaçı xəsarət aldıqdan sonra tibb müəssisəsinə müraciəti və stasionar müalicə almasını təsdiq edən hər hansı bir tibbi sənəd təqdim etməmişdir, halbuki, təqdim etdiyi Səhiyyə Nazirliyi Travmatoloji-ortopedik Klinik Xəstəxanasından onun adına 2001-ci ildə verilmiş epikrizdə olan diaqnoz kifayət qədər ciddi travmatoloji patologiya olduğundan, həmin patologiyanın müalicəsi ixtisaslaşmış tibb müəssisəsində aparılmalıdır, belə olan halda onun mütləq qaydada xəsarət alması və stasionar müalicəsi ilə bağlı tibbi sənədi olmalı idi. Məhkəmətibbi müayinə zamanı İddiaçı alnının sol yarısında bir ədəd və sol bazunun aşağı 1/3-nin içəri yan səthində bir ədəd cərrahi tikilmiş köhnə çapıq toxumalar aşkar edilmiş, o, göndərişlə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına göndərilmiş və həmin müəssisədə radioloji müayinədən keçirilmiş, həkim-cərrah tərəfindən müayinə edilmişdir. Radioloji müayinə zamanı İddiaçı sağ said sümüklərinin orta 1/3-nin köhnə kafi bitişən sınıqları, sol bazunun epikondilusunun qopmuş sınığı aşkar edilmiş, lakin onun bədən səthində odlu silah qəlpə yaralanmasının təyinində əhəmiyyətli əlamət olan kor qəlpə, mərmi, güllə və onun hissələri aşkar edilməmişdir. İddiaçı aşkar edilmiş capıq toxumalar cərrahi işlənmiş yaraların sağalmış izləri olduğundan, morfoloji əlamətləri biruzə olunmadığından, radioloji müayinədə partlayış travmasına xarakterik qəlpə, mərmi və ya onun hissələri aşkar edilmədiyindən, təqdim edilmiş tibbi sənəd xəsarət aldıqdan sonrakı vaxta deyil, uzun müddət sonrakı illərə aid olduğundan və həmin sənəddə də İddiaçı yaralanmasını əks etdirən hər hansı bir məlumat olmadığından, şahid izahatlarında olan məlumatlar ziddiyyətli olduğundan, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş alının sol yarısında və sol bazunun aşağı 1/3-nin içəri yan səthində cərrahi tiklmiş köhnə çapıq toxumaların və rentgenoloji olaraq aşkar edilmiş sağ said sümüklərinin orta 1/3-nin köhnə kafi bitişən sınıqları, sol bazunun epikondilusunun qopmuş sınığının əmələ gəlmə mexanizmi və müddəti barədə hazırda fikir söyləmək mümkün deyildir. Cərrahi yardım prinsiplərinə uyğun olaraq yaralar cərrahi işlənildikdə onun ilkin forma və ölçüləri, kənarlarının xüsusiyyətləri tam itir və hər hansı bir morfoloji əlamətlər biruzə olunmur və bu halda xəsarətin (çapıq toxumanın) əmələ gəlmə mexanizmini, yetirilmə alətini təyin etmək qeyri-mümkündür, belə ki, törənmə mexanizmindən asılı olmayaraq cərrahi işlənməyə mütləq ehtiyacı olan hər bir yara cərrahi işlənə bilər. Cərrahi işlənilmiş yaraların sağalmış izləri olan çapıq toxumaların əmələ gəlmə mexanizminin təyini yalnız tibbi sənədlərin olduğu və əlavə təyin edilmiş müayinələr zamanı aşkar edilmiş əlamətlərə əsaslanır. Yaranın cərrahi işlənməsi onun partlayış travması nəticəsində əmələ gəlməsinə dəlalət etmir. Hansı ki, İddiaçı məhkəmə-tibbi müayinə zamanı yaraların cərrahi işlənməsini xəsarət almasının sübutu olaraq bildirirdi. Təqdim edilmiş sənədlər öyrənilərkən müəyyən edildi ki, şahid izahatları bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, şahid X7 izahatından görünür ki, N nömrəli hərbi hissədə xidmətdə olarkən Füzuli rayon ərazisində gedən döyüşlər zamanı X10 yaxınlığında mərmi partlaması nəticəsində xəsarət alaraq komaya düşmüş, o, İddiaçı ilə birlikdə Heydərov Pirini döyüş mövqeyindən çıxararaq Əhmədbəyli xəstəxanasına göndərmişlər. Digər şahid X4 izahatından görünür ki, N saylı hərbi hissədə xidməti dövründə onunla eyni hərbi hissədə xidmət edən İddiaçı 1994-cü ilin fevral ayında Füzuli rayonu Seyid-Əhmədli kəndi ərazisində döyüş əməliyyatı zamanı zirehli TANKİ erməni silahlı birləşmələrinin ağır snaryadla vurması nəticəsində İddiaçı cox ağır xəsarətlər almış, hər iki qolları, baş və kəllə beyin silkələnməsindən koma vəziyyətinə düşmüş, onu döyüş mövqeyindən tabor komandiri X11 ilə çıxararaq Əhmədbəyli hospitalına, oradan da xəsarətləri çox ciddi olduğundan Bakı şəhərinə göndərdilər. Göründüyü kimi, təqdim edilmiş izahatlarda İddiaçı xəsarət alma şəraitini əks etdirən hadisə barədə məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir, X7 izahatında İddiaçı ümumiyyətlə döyüşlər zamanı yaralanması (xəsarət alması) təsdiqini tapmır. Digər tərəfdən, X7 izahatında X4 partlayış zamanı komaya düşdüyü göstərilsə də, X10 izahatında İddiaçı döyüş mövqeyindən çıxartmasını bildirir, hansı ki, birinci izahatda qeyd edilir ki, o, xəsarət alaraq komaya düşmüşdür və komada olan şəxsin əsgər yoldaşına kömək göstərməsi qeyri-mümkündür. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Travmatoloji-ortopedik X3 Sahib Hacı oğlunun adına tərtib edilmiş “Stasionar xəstənin tibbi kartası”nın (iki vərəqdən ibarətdir) təhlili zamanı müəyyən edildi ki, o, xx.xx.2000-ci il tarixdə saat 20:25-də klinikaya “Sol dirsək oynağının açıq çıxığı, sağ saidin hər iki sümüyünün orta 1/3-nin qəlpəli yerdəyişmə ilə qapalı sınığı” diaqnozu ilə daxil olmuş, həmin vaxt 91-02-02 nömrəli telefonla həkim Axundov tərəfindən “kapitan Heydərova” məlumat verilmiş, həmin klinikada 35 gün stasionar müalicə olunmuş və sonda poliklinika həkiminin nəzarətinə göndərilmişdir. Birincisi, 1993-cü ildə döyüşlər zamanı xəsarət almasını bildirsə də, bu xəsarətlərlə bağlı 7 il 10 aydan sonra 2000-ci ildə təkrar müraciət etməsi, planlı xəstənin klinikaya daxil olma saatı (saat 20:25), xəstənin travma məntəqəsindən göndərilməklə qəbul olunması, hadisə haqqında klinikadan həkim Axundov tərəfindən telefonla “kapitan Heydərova” məlumat verilməsi (yaralanmış xəstənin təkrar müraciəti zamanı heç kimə məlumat verilmir) şübhə doğurur, ikincisi, xəstəyə təyin edilmiş diaqnoz onda təzə travmanın olmasını ifadə edir. Yuxarıda göstərilən bütün hallar nəzərə alınmaqla, İddiaçı barəsində ekspert komissiyası tərəfindən K/77 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi müayinə aktı tərtib edilmiş və aidiyyəti üzrə göndərilmişdir. Bundan sonra, İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 müraciət etmiş, ərizəsində barəsində verilmiş K/77 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi müayinə aktında qeyd edilənlərin düz olmadığını, şablon qərarlar verildiyini bildirmişdir, həmçinin, o, ərizəsində Məhkəmə-Tibbi Ekspertiza və X5 1992-ci ildən dövlətə, vətənə vicdanla xidmtət edən, bütün döyüş əməliyyatlarında iştirak edən əməkdaşları və Mərkəzin özünün iş fəaliyyəti barədə aşağılayıcı ifadələr işlətmişdir. Bununla belə, İddiaçı ərizəsinə əsasən, o, yenidən məhkəmə- tibbi müayinədən keçməsi üçün Mərkəzə dəvət edilmiş və bu barədə ona 29 dekabr 2024-cü il tarixli məktub göndərilmişdir. Lakin hazırkı tarixədək İddiaçı təkrar olaraq Məhkəmə-Tibbi Ekspertiza və X8 müraciət etməmişdir. Qeyd olunanlara əsasən İddiaçı barəsində verilmiş K/77 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi müayinə aktının qiymətləndirilməsində yuxarıda göstərilənlərin nəzərə alınması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh inzibati orqan isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi

Nəzərə almaq lazımdır ki, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmanı aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Göründüyü kimi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi xəsarətin səbəbli əlaqəsinin müəyyən edilərək tibbi şəhadətləndirmənin aparılmasına nail olmaqdan ibarətdir. Əvvəla, məhkəmə qeyd edir ki hazırki iddia tələbinin qanuni əsasını “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. ... 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbihəkim komissiyasına həvalə olunur. ... 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”.

Normanın məzmunundan da göründüyü kimi, səbəbindən və vaxtından asılı olmayaraq hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. Göründüyü kimi yuxarıda adıçəkilən əsasnamənin tələblərinə uyğun olaraq hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anında vətəndaşların xəsarətin səbəb əlaqəsinin təyin edilməsi hərbi-həkim komissiyalarının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6-cı hissəsinin bəndinin tələbləri pozulmaqla iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə etməmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdehlə əvəz edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə yalnız iddiaçının razılığı ilə ilk cavabdehi əsl cavabdehlə əvəz edə bilər. Göstərilən xüsusata əsasən məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına rəsmi qaydada müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından iddiaçının hazırki iddiasına mövcud vəziyyətdə baxıla bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iddia üzrə inzibati orqana müraciətin düzgün əsl cavabdehə ünvanlanması ilə bağlı şərt məhkəmə qaydasında inzibati məhkəmə icraatının aparılmasından əvvəl inzibati orqanda inzibati icraatın aparılmasının zəruriliyi ilə bağlıdır. İnzibati icraat haqqında Qanunun: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati məhkəmə icraatı üzrə məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 703/2020 saylı İcmal məktubu da məhkəmə araşdırması və inzibati orqan tərəfindən həyata keçirilən araşdırmanın əhatəsi baxımından fərqləndirilməsinin zəruriliyini qeyd etmişdir. İcmal məktubunun məzmunundan aydın olur ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın “İnzibati icraat haqqında” Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. Bu mənada “İnzibati məhkəmə icraatı haqqında” Qanunun 10-19-cu maddələrində inzibati orqanlar tərəfindən müraciətlərə baxılmasının ümumi prinsipləri təsbit olunmuş, 24-cü maddəsində isə işin bütün hallarının obyektiv araşdırılması, təqdim olunmuş sübutları toplamaq vəzifəsi nəzərdə tutulmuşdur. Burada digər mühüm prinsiplərə riayət etməklə bərabər, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmaq, habelə təqdim edilmiş sübutlarla bağlı olmadan öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq borcu da daxildir. Qeyd edilən normalara uyğun olaraq inzibati orqanın şəxslərin müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın faktiki və hüquqi əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavabda aydın görmək, bununla da cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Odur ki, işə məhkəmədə baxılarkən inzibati orqanlarda mübahisənin düzgün həlli üçün lazımı araşdırmanın aparılıb-aparılmadığını və aidiyyəti sübutların toplanılıb-toplanılmadığını, eləcə də inzibati orqanın mübahisə üzrə bütün zəruri faktiki və hüquqi hallara münasibətini aydın şəkildə bildirib-bildirmədiyini müəyyən etmək üçün İPM-in 49, 51-ci və 60-cı maddələrində təsbit olunmuş imkanlardan fəal istifadə edilməlidir. Buraya cavabdehdən faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi, eləcə də dəqiqləşdirmə tələb olunan müəyyən halların izah olunmasını tələb etmək və bu məqsədlərlə müvfiq müddətlər üçün təyin etmək də daxildir. Bununla da, öz vəzifələrini tam həcmdə yerinə yetirmək üçün məhkəmələrə maraqlı şəxsin müraciəti ilə bağlı həmin inzibati orqanda aparılmış araşdırmanın bütün materiallarının (məhkəməyədək inzibati icraat materiallarının) cavabdehdən tələb edilməsi tövsiyə edilir. İnzibati orqanın imtinasının qanuniliyinə qiymət verilməsi üçün məhkəməyədək aparılmış inzibati araşdırma materialları təqdim edilmədikdə, yaxud təqdim edilmiş materiallardan şəxsin müraciəti üzrə “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmaqla zəruri araşdırmanın aparılmadığı, formal əsaslarla imtina olunduğu müəyyən edildikdə, bu hallar inzibati orqanın hərəkətsizliyi kimi qiymətləndirilə və hər bir konkret işin hallarından asılı olaraq həm İPM-nin 33.3, 33.4-cü maddələrində, həm də Məcəllənin 73.2 və 73.3-cü maddələrində müəyyən edilmiş hüquqi vasitələrdən istifadə edilə bilər. Göründüyü kimi inzibati məhkəmə icraatının aparılmasından əvvəl hazırkı növ iddialar üzrə inzibati icraatın aparılmasının zəruriliyi qanunvericiliyin konkret tələbidir ki, müraciətin səhv inzibati orqana ünvanlanması inzibati icraatın əsl cavabdeh tərəfindən aparılmasını mümkün etməmişdir. Belə olan halda həmin müraciətin mövcudluğu hazırki iddia tələbinin mümkünlük şərtlərini istisna edən haldır. İddiaçıya isə izah edilir ki, hazırkı növ tələblə ilkin olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmək, əgər həmin qurum tərəfindən müraciəti təmin edilmədiyi təqdirdə isə analoji iddia ərizəsi ilə düzgün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar