Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-166/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra –iddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Ləhiş bağlar sahəsində yerləşən 790 saylı bağ sahəsinə hüququn qeydə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür, bir hissəsinə isə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. Həmçinin təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m göstərilsə də, faktiki olaraq 1184 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-1222/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarına əsasən 790 saylı torpaq sahəsinə dair “arayışın verilməsi” tələbi ilə bağlı iddia təmin edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin 30.01. 1991-ci il tarixli 116 saylı qərarına əsasən Bakı şəhəri, Ləhiş bağlar sahəsində yerləşən 790 saylı bağ sahəsinin X3 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, X3 215 saylı bağ Kooperativi tərəfindən Bakı şəhəri, Ləhiş bağlar sahəsində Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 1/16 saylı qərarına əsasən 0.12 ha olan 790 saylı bağ sahəsi verilmişdir. Həmin vaxtdan bağ iddiaçının istifadəsində olmuşdur. X7 vəfat edəndən sonra bir müddət torpaq baxımsız qalmışdır. İddiaçı 2021-ci ildə 4 saylı Bakı Asan Xidməti Mərkəzində Notariat Ofisinə yaxınlaşaraq vərəsəlik üzrə iş açdırmışdır. X1 (iddiaçının atası) vərəsəsi kimi bağın özəlləşdirilməsi üçün müvafiq sənədlərlə cavabdehə müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. İddiaçı qanunla tələb olunan hüquqmüəyyəredici sənədləri təqdim etmiş, imtinada bağ sahəsinin bir hissəsinin digər fiziki şəxs tərəfindən dövlət reyestrində qeydə alınması ilə bağlı qeyd edilsə dəŞ həmin fiziki şəxsin adı və hansı hüquq (müəyyənedici sənədlər əsasında qeydə alınması barədə məlumat (sübut) təqdim edilməmişdir. Buna görə də imtina əsassızdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinə etiraz edərək bildirmişdir ki, təqdim edilən orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı vətəndaşlar tərəfindən ərazidə mərzçəkmə və hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə və yerləşmə ardıcıllığına uyğun sərhədlənmə işləri aparılmadığı və bağlararası keçid yolları nəzərə alınmadığı səbəbindən bağ sahəsinin dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********55 saylı cavab məktubu ünvanlanmışdır. İddiaçı iddia tələbi ilə eynilik təşkil edən predmet barəsində, eyni əsaslarla - qeyd edilən bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məhkəmə mübahisəsi mövcud olmuş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1222/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ərizəçinin iddia tələbi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi tələbini müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddiaya etoraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs iddianı qəbul etməyərək tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Cavabdeh etirazında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1222/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarına əsasən 790 saylı torpaq sahəsinə dair “arayışın verilməsi” tələbi ilə bağlı iddia təmin edilmədiyinə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1222/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 790 saylı bağ sahəsinin kordinantları müəyyənləşdirilməklə həmin torpaq sahəsinə dair hüququn X3 məxsus olması haqqında arayışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə bu zaman ona istinad etmişdir ki, “...iddiaçının atasının order əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının özünün belə naturada harada yerləşdiyini bilmədiyi sahənin order ilə onun atasının qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün deyil. Bununla belə, məhkəmə baxışı zamanı yuxarıda göstərilən halların aydınlaşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspertizanın aparılmasından imtina edilmişdir. Beləliklə, iş materiallarında olan orderdə bağ sahəsinin ölçüsü və nömrəsi qeyd edilsə də, torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər təqdim edilmədiyindən və ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından (mübahisəsiz haldır ki, torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində deyil) həmin order özlüyündə iddiaçının mərhum atası X2 torpaq sahəsinə hüququnun qeydə alınması üçün mötəbər və yetərli sübut kimi qiymətləndirilə bilməz..” Göründüyü kimi, məhkəmə iddiaçının tələbini torpaq sahəsinin naturada harada yerləşdiyini bilmədiyi və sənədlərin təqdim edilməməsinə görə ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyin mümkün olmadığı əsası ilə rədd etmişdir. İşdən görünür ki, iddiaçı hazırda onun atasına ayrılmış torpaq sahəsinin yerini müəyyən etdiyini və həmin sahəyə hüququn qeydə alınmasını xahiş edir. “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsinə əsasən - 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə. - 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. - 35.3. Ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. - 35.5. İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Göründüyü kimi, qanunverici yeni hallar yarandıqda şəxsin inzibati orqana yenidən müraciət etmək imkanını tanıyır. İşdən görünür ki, iddiaçı bu hallara istinad edərək, inzibati orqana müraciət etmiş, inzibati orqan isə onun müraciətinə mahiyyəti üzrə baxaraq ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul etməmişdir. Belə olan halda, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia mümkün ididadır. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər X13 İcraiyyə Komitəsinin 1/16 saylı xx.xx.1991-ci il tarixli qərarından görünür ki, 215 nömrəli Ləiş bağ-tikinti kooperativinin 20 nəfərdən ibarət üzvünün siyahısı təsdiq edilmiş, siyahıda X2 adı 10-cu sırada qeyd olunmuşdur. - 20 nömrəli, xx.xx.1992-ci il tarixli orderdən görünür ki, Bakı şəhər X13 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 1/16 saylı qərarına əsasən Ləhiş massivində yerləşən 0,12 ha sahəsi olan 790 saylı bağ sahəsi X4 ayrılmışdır. - 4 saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 14 noyabr 2018-ci ildə ölmüş atası X2 adına vərəsəlik işi açılmışdır. - xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, göstərilən sahənin sərhədləri bir ərəfi qonşu hasar, 1 tərəfinə və 1 tərəfinin 1 hissəsinə hasar bünovrəsi kimi mişar daşı düzlüb, 1 tərəfi və 1 tərəfinin 1 hissəsinə hasar bünövrəsi qazılıb. Vətəndaşın bildirdiyinə görə sahə ilə bağlı digər vətəndaşla aralarında mübahisə var, hasarlanma işlərinə imkan vermirlər. İddiaçı hazırda istinad olunan qərara və orderə əsasən atasına ayrılmış Ləhiş bağ massivində yerləşən 790 saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İşdən görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin atası Ş.Mikayılova ayrılmasına dair qərar və orderi təqdim etmişdir. Lakin məhkəmə araşdırması ilə iddiaçının atasının order əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin onun atasının qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, işdə olan cavabdehin xx.xx.2024-cü il tarixli torpaq sahəsinə dair məlumatların göndərilməsi barədə məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 1184.0 kv.m təşkil edir. Ümumi ərazidə mərzçəkmə və hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə və yerləşmə ardıcıllığına uyğun aparılmamışdır. Həmçinin cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1184.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə mərzçəkmə və hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə və yerləşmə ardıcıllığına uyğun aparılmamışdır. Sahə 780 və 790 ilə başlayan bağların əraziləri olsa da, dəqiq hansı hissənin hansı bağ nömrəsinə aid olmasını müəyyənləşdirmək mümkün olmadı. İddiaçı mübahisəli torpaq sahəsinin 790 saylı bağın yerləşmə yerinə uyğun gəlməsini sübut etmək üçün “X8” MMC-nin 12 mart 2024-cü il tarixli rəyini təqdim etmiş, həmin rəydə 790 saylı bağ sahəsinin koordinatları müəyyən edilmişdir. Rəydə Ləhiş bağlarının sxematik xəritəsinə əsasən bağın koordnarlarının müəyyən edildiyi göstərilsə də, ümumi ərazidə mərzçəkmə və hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə və yerləşmə ardıcıllığına uyğun aparılmadığı nəzərə alınmamışdır. Bundan başqa, işdə olan 102 nömrəli xx.xx.2005-ci il tarixli Kürdəxanı Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 saylı ümumi iclasının qərarına əsasən 1200 kv.metr torpaq sahəsi bağçılıq məqsədilə X6 icarəsinə verilmişdir. Göründüyü kimi, iddiaçının ona ayrıldığını iddia etdiyi torpaq sahəsinin 790 saylı bağ sahəsi olmasını müəyyən edilməməklə yanaşı, həmin bağ sahəsinin bələdiyyə qərarı ilə digər şəxsin istifadəsinə verilməsi müəyyən edilir. Həmin qərarın geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsi iş materialları ilə müəyyən edilmir. O da qeyd edilməlidir ki, xx.xx.1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahatı haqqında” Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. İstinad olunan normalardan görünür ki, torpaq üzərində yeni mülkiyyət münasibətləri yaradılması məqsədilə 1996-cı ildə torpaq islahatı aparılarkən bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış o bağ sahələrinin onların əvəzsiz qaydada mülkiyyətinə verilməsi qərara alınmışdır ki, həmin torpaq sahəsi vətəndaşın istifadəsinə olsun və bui istifadə qanuni xarakter daşısın. Ləhiş bağ massivində yerləşən 790 saylı bağ sahəsinin Ş.Mikayılova 199188-ci ildə ayrılması, ,Mikayılovun, daha sonra isə iddiaçının həmin tarixdən etibarən, yəni 30 ildən artıq müddət ərzində həmin bağdan istifadə etməməsi işin mübahisələndirilməyən halıdır. Belə ki, işin araşıdırılan hallarından görünür ki, iddiaçı 2022-ci il tarixədək bağın harada yerləşməsindən ümumiyyətlə xəbərsiz olmuşdur. Belə olan halda aydındır ki, 790 saylı bağ sahəsi iddiaçıya ayrılsa da, o həmin bağdan istifadə etməmiş, torpaq islahatı aparılarkən bağ sahəsi onun istifadəsində olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda 30 ildən artıq ayrılma məqsədlərinə uyğun istifadə etmədiyi torpaq sahəsinə mülkiyyət hüququnun yarandığını iddia edərək, başqasının istifadəsində olan bağ sahəsinə hüququnun qeydə alınmasını tələb etməsi hüquqdan sui-istifadə hesab olunur. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Oxşar mövqe X10 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Romanalman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-166/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-166/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver