Məhkəmə qərarları › İş №2-1(112)-1660/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1660/2020

05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1660/2020 05.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi, həmçinin üçüncü şəxs Məmmədov Vüsal oğlunun iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə qarşı X14, X11, X3 və X12 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X11 ilə 07.12.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı quraraq cavabdehlərin yaşadıqları Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev Ö/T 95-ə gəlin gəlmişdir. Həmin mənzildə o, həyat yoldaşı və digər cavabdehlərə birlikdə yaşayır. Hazırda həmin mənzilə qeydiyyata düşmək istyəyir. Cavabdehlər onun həmin mənzilə qeydiyyata düşməyinə etiraz etmirlər. O, 2016-cı ildən ailə üzləri ilə birlikdə həmin mənzildə yaşamaqdadır. Hesab edir ki, uzun illər həmin mənzildə yaşadığına görə mənzildən istifadə etmək hüquqları vardır. Yaşayış yeri üzrə qeydiyyata alınmağı ilə əlaqədar müvafiq orqanına müraciət etsə də, xahişi təmin olunmamışdır. Cavabdehlər onun qeyd edilən ünvanda qeydiyyatsız yaşadığını təsdiq edirlər. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev Ö/T 95-ə qeydiyyata düşməyinə dair Pirallahı rayon Polis Şöbəsinə müraciət etsə də, onun həmin mənzilə qeydiyyata düşməyindən şifahi olaraq imtina etmiş və bu barədə məhkəməyə müraciət etməyini bildirmişlər. Hesab edir ki, onların həmin hərəkəti əsassızdır. Cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsi məktubla məhkəməyə müraciət edərək mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmiş, məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxlər X14, X12 və X7 ayrı-ayrılıqda izahat verərək İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və həmçinin üçüncü şəxs X11 iddia ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatnı dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası vətəndaşının 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur, yaşayış yeri ünvan 2 ünvanıdır. - 2 saylı Bakı “Asan xidmət” X6 tərəfindən verilmiş 16.12.2016-ci il tarixli, AZ-H№ 165454 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə İddiaçı arasında 07 dekabr 2016-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1692 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri, Pirallahı rayonu Rayon İcra Hakimiyyəti Başçısının Pirallahı qəsəbə Nümayəndiliyi tərəfindən verilmiş 214 №-li, sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, X11 ünvan 4 ünvanında yaşayır və pasport qeydiyyatındadır. Ailə tərkibi anası X12, bibisi X8, bibisi oğlu X9 ibarətdir. - Azərbaycan Respublikası vətəndaşının 17185393 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1209.01.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, yaşayış yeri ünvan 4 ünvanıdır. - X4, X10, X5 və X1 notarial qaydada təsdiq edilmiş 21.09.2019-cu il tarixli ərizəsindən görünür ki, onlar İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşməsinə etiraz etmirlər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 11.12.2019-ciu il tarixli, 018-17263-1219 №-li məktubundan görünür ki, X11 2013-cü, X14 2002-ci, X12 2013-cü və X7 2012-ci ildən ünvan 6 ünvanında qeydiyyatdadırlar. Qeyd edilən şəxslərin şəxsiyyət vəsiqəsini almaq üçün əsas verən sənədlərin saxlama müddəti 5 (beş) il olduğuna görə məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Beləlilklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq ünvan 7 ünvanında qeydiyyatsız yaşayır. Yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin ev faktiki olaraq mövcud olmaqla yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı həmin evdə qeydiyyatda olan X2 ailə üzvləri olmaqla onunla birlikdə həmin ünvanda yaşayırlar və həmin ünvanda yaşayan şəxslər iddiaçının həmin ünvan üzrə qeydiyyata alınmasına etiraz etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Konstitusiyanın 28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasınıın ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onun siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 12.2-ci maddəsinə görə (bərabərlik prinsipi) inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qeyd olunan Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, iddiaçınn yaşadığı evlə bağlı order, kirayə müqaviləsi və ya mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməsə də, iddiaçı faktiki olaraq həmin evdə yaşadığından, eləcə də bununla bağlı mübahisəli hal mövcud olmadığından (bu barədə məhkəməyə məlumat verilməmişdir), iddiaçının həmin evə qeydiyyata alınmaması barədə cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair üzrə məhkəmə vasitəsi ilə verilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, iddiaçı İddiaçı ünvan 8 ünvana qeydiyyata alınması cavabdeh Bakı şəhəri, Pirallahı rayon Polis İdarəsinə həvalə edilməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 8 ünvana qeydiyyata alınması cavabdeh Bakı şəhəri, Pirallahı rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar