Məhkəmə qərarları › İş №2-1(112)-1661/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1661/2022

23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1661/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı1, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçıların vəkili və nümayəndəsi iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binanın 20 Yanvar Metrostansiyası istiqamətindən həyətinə daxil olduqda 3-cü giriş (blok), 7-ci mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən, 1 yaşayış otaqlı olmaqla 54,2 kv.m olan 72 nömrəli mənzilə və həmin binanın 20 Yanvar Metrostansiyası istiqamətindən həyətə daxil olduqda 2-ci giriş (blok), 10-cu mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən, 4 yaşayış otaqlı olmaqla, ümumi sahəsi 131,9 kv.m olan 46 nömrəli mənzilə-iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Həmin Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin və həmin hüququn dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları sadalanmışdır. Hazırkı inzibati mübahisənin mahiyyətindən aydın olur ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçılara təhvil verilmiş yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını iddia etmiş, cavabdeh isə müraciəti mənzillərə dair sənədlərin təqdim edilməməsi və mənzillərin digər fiziki şəxslərin adına qeydiyyata alındığı qeyd etmişdir. Lakin ünvanda inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra nömrələri bir neçə dəfə dəyişdiyindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzillərlə iddiaçıların iddia etdiyi mənzillərin eyni olduğunu müəyyən etmək mümkün olmamışdır. Cavabdeh qeyd edir ki, ümumiyyətlə məhkəmə qərarları ilə də İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıdakı səbəblərdən qanunsuz və əsassızdır. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2014-cü il tarixli qərarından görünür ki iddiaçılar cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək digər mənzillərlə yanaşı hazırkı iş üzrə mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq istədiyi 19 və 53 nömrəli mənzillərin onlara təhvil verilməsini xahiş etmiş, məhkəmənin qətnaməsi ilə iddia qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə qətnaməsində iddiaçıların miras qoyan Rövşən Rüstəmovun birinci növbəli vərəsəsi olmasını, iddiaçıların məhz podrat müqaviləsinə əsasən həmin şəxsə verilməli olan əşyaları tələb etməsini nəzərə alaraq iddianı təmin etmiş, Ş.Hüseynov və R.N.Rüstəmov arasında şifahi razılaşma əsasında podrat müqaviləsinin bağlanıldığını, müqaviləyə əsasən 20 mənzilin, eləcə də hazırda mübahisə predmeti olan 2 mənzilin R.Rüstəmovun, yəni iddiaçıların atalarının sərəncamına verilməsi öhdəliyinin mövcudluğunun müəyyən etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların atası podrat müqaviləsindən irəli gələn öhdəliklərini icra etmiş və göstərilən mənzillərin təhvil alınması hüququna malik olmuşdur. Həmin hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 avqust 2014cü il tarixli qərarı ilə də təkrarlanmış və iddianın qanuni və əsaslı olması öz təsbitini tapmışdır. Hazırkı iş üzrə də əhəmiyyətli olan hal ondan ibarətdir ki, icra mərhələsinə qətnaməyə izah verilməsi zərurəti yaranmış və məhkəmənin 18 avqust 2020-ci il tarixli qərardadında qətnamədə təhvil verilmə dedikdə mənzillərə, həmçinin 19 və 53 nömrəli mənzilə sahiblik və istifadə hüquqlarının verilməsi başa düşülməli olduğu izah edilmişdir. Göründüyü kimi məhkəmə qərarları ilə iddiaçıların adıçəkilən mənzilə dair podrat müqaviləsindən və varislikdən irəli gələn sahiblik və istifadə hüququ tanınmış, iddiaçılar həmin hüquqlara mövcud olan şəxs kimi cavabdehə müraciət etsə də müraciət əsassız olaraq formal səbəblərdən təmin edilməmişdir. Məhkəmə iddia olunan mənzillərin iddiaçıların istifadəsində olması, digər şəxslərin qeydiyyatının olmaması ilə bağlı əlavə araşdırma aparmış və sıra nömrələrinin bir-neçə dəfə dəyişdirilməsinin mülkiyyət hüququnun pozulmasına səbəb ola biləcək halı aradan qaldırmaq üçün məhkəmə qərarlarında adıçəkilən iddiaçıların sahiblik və istifadəsində olan 19 və 53 nömrəli mənzillərin hal-hazırkı rekvizitlərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi ilə bağlı müraciət etmiş və alınan mütəxəssis rəyi ilə aşağıdakılar müəyyən edilmişdir. Məhkəmənin ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli binada 20 Yanvar metrostansiyası istiqamətindən həyətə daxil olduqda 1-ci (yeni nömrə ilə 3) giriş(blok) 7-ci mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən 19 nömrəli mənzil Yasamal Rayon İcra şöbəsinin icra sənədinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Rüstəm oğluna təhvil verilmişdirmi sualına cavab olaraq mütəxəssis qeyd etmişdir ki, həmin mənzil təhvil verilmiş, yeni qaydalarla mənzil 3-cü giriş, 7-ci mərtəbədə yerləşən 72 (köhnə mənzil nömrəsi ilə 19) saylı mənzildir. Məhkəmənin həmin binanın 20 Yanvar metrostansiyası istiqamətindən həyətə daxil olduqda 2-ci giriş (blok), 10-cu mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən 53 nömrəli mənzil Yasamal Rayon İcra şöbəsinin icra sənədinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Rüstəm oğluna təhvil verilmişdirmi sualına cavab olaraq mütəxəssis qeyd etmişdir ki, həmin mənzil də təhvil verilmiş, yeni qaydalarla mənzil 2-ci giriş, 10-cu mərtəbədə yerləşən 46 (köhnə mənzil nömrəsi 53) saylı mənzildir. Eyni zamanda məhkəmənin digər sualına da cavab olaraq mənzillərin sahələri 3-cü girişdə yerləşən 72 saylı mənzil 1 yaşayış otaqlı ümumi sahəsi 54,2 kv.m, 2-ci giriş 46 saylı mənzil 4 yaşayış otaqlı ümumi sahəsi 131,9 kv.m ölçüdədir. Göründüyü kimi məhkəmə qərarları ilə iddiaçılara təhvil verilən əvvəlki nömrələri 19,53 olan mənzillərin iddiaçılara təhvil verildiyi, yəni sahiblik və istifadələrinə verildiyi və yeni mənzil nömrələrinin müvafiq olaraq 72 və 46 olduğu aşkar müəyyən edilmişdir. Beləliklə, iddia olunan mənzillər iddiaçıların məhkəmə qətnamələri ilə həm hüquqi, həm da real olaraq faktiki istifadələrində olmaqla hər hansı digər şəxsin hüquqlarından azad əmlak hesab edilir ki, cavabdeh həmin halların araşdırılmasını aparmamış, nəticədə iddiaçıların mülkiyyət hüquqlarına müdaxilə ilə nəticələnən imtina vermişdir. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçılar yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-cı maddələrinə əsasən isə Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-topqa sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmıış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeyriyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci -maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir Məhkəmə qeyd etmək istəyir ki, iddiaçıların ataları və MTK arasında qeyd olunan formada rəsmiləşdirmə prosedurunun həyata keçirilməməsi iddiaçıların sözügedən mənzillər üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə təşkil etməməlidir. Belə ki, yuxarıda qeyd olunan məhkəmə qərarları ilə podrat hüquq münasibətlərinin mövcudluğu iddiaçıların atalarının həmin müqavilənin tələblərini yerinə yetirərək mənzillərə dair sahiblik və istifadə hüququna malik olmasını və iddiaçıların da varislər kimi həmin hüquqlara malik olması öz təsbitini tapmış, Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından qanunvericiliklə imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binanın 20 Yanvar Metrostansiyası istiqamətindən həyətinə daxil olduqda 3-cü giriş (blok), 7-ci mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən, 1 yaşayış otaqlı olmaqla 54,2 kv.m olan 72 nömrəli mənzilə və həmin binanın 20 Yanvar Metrostansiyası istiqamətindən həyətə daxil olduqda 2-ci giriş (blok), 10-cu mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən, 4 yaşayış otaqlı olmaqla, ümumi sahəsi 131,9 kv.m olan 46 nömrəli mənzilə-iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar