Məhkəmə qərarları › İş №2-1(112)-1661/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1661/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1661/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X24 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı ünvan 2-ə dair onunla daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 1 ünvanında yerləşən 1 saylı məzil mərhum anası X1 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1957-ci il tarixli 17/401 saylı qərarı ilə təsdiq edilmiş müqavilə əsasında kirayə verilmişdir. Mərhum anası N.Heybətovaya həmin mənzil 1974-cü ildə rayon İcra Hakimiyyətinin balansında olan indiki mənzil kommunal təsərrüfatı birliyi tərəfindən ayrılmışdır və bununla bağlı kirayə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin maddələrinə əsasən müddəti bitdikdən sonra tərəflərin heç bir etirazı olmadığı təqdirdə və həmin daşınmaz əmlaka digər şəxslər tərəfindən tələb irəli sürülmədiyi təqdirdə müqavilənin müddəti uzadılmışdır. xx.xx.1987-ci il tarixdə anası vəfat etmişdir. Anası vəfat etdikdən indiki vaxtadək həmin ünvanda o, yaşayır və faktiki olaraq onun sahibliyindədir. Anasının tək varisi odur. Cavabdehə ərizə ilə müraciət edərək onunla daimi kirayə müqaviləsinin bağlanmasını xahiş etsə də, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətindən imtina edərək qeyd etmişdir ki, qüvvədə olan qanunları nəzərə alaraq müraciətini təmin etmək imkan xaricindədir. Bildirir ki, 1974cü ildən həmin mənzildə mübahisəsiz olaraq onların ailəsi yaşamışdır. Heç kəs tərəfindən qeyd olunan mənzillə bağlı hər hansı tələb irəli sürülməmişdir və hal-hazırda həmin mənzildə qeydiyyatda olaraq yaşayırlar.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Vİ-ЖГ seriyalı 342278 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı xx.xx.1957-ci ildə anadan olmuş, ata qrafasında X18, ana qrafasında X2 qeyd olunmuşdur. 7.İİİ-ЖГ seriiyalı 400768 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X3 xx.xx.1987-ci ildə ölmüşdür. Bu barədə doğum haqqında akt qeydləri kitabında 28 aprel 1987-ci il tarixdə qeydlər aparılmışdır.

8. İşdə olan notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən X4, X13, X9, X5 və X6 Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 1 ünvanında yerləşən 1 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə, reyestrdən çıxarışın, texniki sənədlərin və texniki pasportun verilməsinə etiraz etmirlər.

9. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 10 sentyabr 1957-ci il tarixli 17/401 nömrəli qərarı ilə təsdiq edilmiş müqaviləyə əsasən iddiaçının mərhum anası X2 ilə Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 1 ünvanında yerləşən 1 saylı, 2 otaqlı, yaşayış sahəsi 32 kv.m olan mənzilə dair kirayə müqaviləsi bağlanılmışdır. Müqavilənin müddəti 4 il, 1978-ci il tarixədək qeyd edilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 24 noyabr 2023-cü il tarixli 3-48-2F/2-08303/2023 nömrəli məktubla Bakı şəhəri X12 İcraiyyə Komitəsinin arxiv fondu üzrə xx.xx.1957-ci il tarixli 17/401 saylı “Mənzil kirayə müqaviləsinin bağlanması haqqında” qərarı məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş həmin qərarın müvafiq bəndlərinə əsasən: şəhərlərin rayon icraiyyə komitələrinin sədrlərinə elan edilmişdir ki, Bakı və onun rayonları 1957-ci ilin birinci rübü ərzində 1958-ci ilin birinci rübü ərzində kirayəçilərlə mənzil kirayə müqavilələrinin bağlanması üçün hazırlıq işləri aparırlar. Müqavilələrin qüvvədə olma müddəti 5 il müəyyən edilmişdir. Müqavilə müddəti bitdikdən sonra orderlə birlikdə MKİS-lərə kirayə müqaviləsini bağlanması tapşırılmışdır.

11. 113 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 481 nömrəli xx.xx.2023-cü il tarixli forma 2 arayışına əsasən, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Ondan başqa aşağıdakı ailə üzvləri vardır: arvadı –X10, qızları – X4, X5, X7. Nəvə, nəticələri – X13, Kamal Kamran oğlu, Nuridə Aydın qızı, Uğur Aydın oğlu, Nərmin Nazım qızı.

12. 113 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş X21 əsasən, həmin mənzil İddiaçı ailəsinin xx.xx.1952-ci il tarixdən istifadəsində olmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir. 14 İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri X12 İcraiyyə Komitəsinin xx.xx.1957-ci il tarixli 17/401 saylı “Mənzil kirayə müqaviləsinin bağlanması haqqında” qərarına müvafiq olaraq (qərarda müqavilənin ilkin bağlanma müddəti 5 ilədək göstərilmiş, müqavilə müddəti bitdikdən sonra order verilməklə yeni müqavilənin bağlanması tapşırılmışdır) iddiaçının mərhum anası ilə 1974-cü il tarixli kirayə müqaviləsi bağlanılmışdır. Kirayə müqaviləsində müqaviləsinin müddəti 4 il, 1978ci il tarixədək müəyyən edilmişdir. İddiaçının mərhum anası 21 aprel 1987-ci il tarixdə vəfat etmişdir. Müqavilədə müddət 1978-ci il tarixədək göstərilsə də, işin hallarından görünür ki, mübahisəli mənzil hətta 1952-ci il tarixdən iddiaçının və onun ailə üzvlərinin istifadəsində olmuşdur. İddiaçı uzun illərdir ki, həmin kirayə müqaviləsi üzrə mənzilin icarədarı funskiyasını yerinə yetirir və mənzilin icarə haqqı, eləcə də, digər kommunal xidmətləri iddiaçı tərəfindən ödənilir. İddiaçı mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən müqavilənin 1978-ci il tarixədək bağlanması əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

20. Məhkəmə hesab edir ki, Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 10 sentyabr 1957-ci il tarixli 17/401 nömrəli qərarı ilə təsdiq edilmiş mübahisəli ünvana dair iddiaçının mərhum anası ilə bağlanmış müqavilə 1978-ci il tarixədək bağlanmış olsa da, müqavilənin müddəti bitdikdən sonra həmin mənzil iddiaçının mərhum anasından alınmamış, o, faktiki olaraq həmin müqavilə üzrə yenə icarədar kimi üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmiş, öldükdən sonra isə mənzilin icarədarı funksiyasını icarədarın keçmiş ailə üzvü olan oğlu, yəni iddiaçı yerinə yetirmiş və bu günədək yerinə yetirməkdədir. Belə olan təqdirdə, hazırda mənzilin keçmiş icarədarının ailə üzvü olan İddiaçı ilə yeni kirayə müqaviləsi bağlanmalıdır.

21. Beləliklə işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mərhum anasına mübahisəli mənzil 2009-cu ildən əvvəlki dövrdə ayrıldığından və iddiaçı da mübahisəli mənzildə faktiki olaraq 2009-cu ildən əvvəlki dövrdən yaşadığından mənzil münasibətləri də, həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir.

22. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icra müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Sözügedən Məcəllənin 53-cü madəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəziflərinə onlar da malik olurlar.

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 4.0.2-ci bəndiə əsasən müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müüqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.

24. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, mübahisəli ünvana dair bağlanmış kirayə müqaviləsinin formasının təsdiq edilməsinə əsas olmuş qərarda müqavilənin müddəti bitdikdən sonra mənzilə dair order verilməklə yeni müqavilənin bağlanması aidiyyəti üzrə MKİS-lərə tapşırılsa da, həmin orqanlar tərəfindən faktiki hərəkətsizlik göstərilərək yeni kirayə müqaviləsi bağlanmamışdır. Əvvəlki kirayə müqaviləsi üzrə öhdəliklər davam etdirilmişdir. Belə olan təqdirdə, müqavilənin 4 il müddətinə bağlanması əsası ilə cavabdehin imtinası ümumiyyətlə əsaslı hesab edilə bilməz.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 1 ünvanında yerləşən 1 saylı mənzilə dair daimi kirayə müaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar