Məhkəmə qərarları › İş №2-1(112)-16624/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16624/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16624/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və və s.” tələbinə dair iddiası üzrə inzibati işə 22 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, barəsində təyin edilmiş xx.xx.2008-ci il tarixdən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının cavabdeh tərəfindən 2024-cü ilin aprel ayından dayandırılmasına dair qərarın ləğv edilməsi, xx.xx.2008-ci il tarixdən, 50 yaşına çatması ilə əlaqədar təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2024-cü ilin aprel ayından olmaqla, bərpa edilməsi, artıq ödənilmə hesab edilərək tutulmuş pul vəsaitinin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin ərizəsinə əsasən, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-4943/2024 nömrəli qərarın ləğv edilməsi, İddiaçı 50 yaşı tamam olduğu xx.xx.2008ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən sonra ödənilməmiş pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsinin qərarı ilə, iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu təyinatdan 15-16 il keçdikdən sonra, 2024-cü ilin aprel ayında iddiaçının əmək pensiyası ilə bağlı qanunsuz qərar qəbul edilmiş, bununla da əmək pensiyası almaq hüquqları pozulmuşdur. Pensiya hüququnun pozulması ilə əlaqədar etdiyi müraciətlərə cavabdeh tərəfindən müxtəlif vaxtlarda, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixli məktubla müsbət cavab verilməmişdir. Həmin məktuba cavabda “inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” xx.xx.2024-cü il tarixli məktubda və sözügedən qərarla bağlı etdiyi müraciətlərə verilmiş cavablarda (“Artıq ödənilmiş pensiya məbləği haqqında” xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixli məktublar) qeyd etdiyi kimi cavabdeh təşkilat bildirir ki: “Araşdırma zamanı, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamamlandığı 14 oktyabr 2010-cu il tartixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub.” İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona qarşı qanunsuzluqlara yol verilmişdir. Cavabdeh təşkilat həmin məktubla bildirmişdir ki, iddiaçıya 31.347,90 manat məbləğində artıq pensiya ödənilib. Əsassız olaraq, cavabdeh tərəfindən 31.347,90 manat məbləğində artıq pensiya borcunun iddiaçıdan tutulması barədə qərar qəbul edilib. Məbləği 1611,98 manat olan əmək pensiyası 2024-cü ilin aprel ayından başlayaraq əsassız və qanunsuz olaraq azaldılaraq 572,12 manat məbləğində təyin edilib, yəni pensiya qanunvericiliyinə zidd olaraq iddiaçıya az məbləğdə əmək pensiyası təyin edilib. Cavabdehə görə, həmin dövrdə o, 50 yaşında deyil, 52 yaşında əmək pensiyasına çıxmalı idi. Əslində isə pensiya qanunvericiliyinin normaları iddiaçıya qanuni əsaslarla pensiya təyin edildikdən 15-16 il sonra hazırkı iş üzrə cavabdeh tərəfindən yanlış müdaxilə nəticəsində düzgün tətbiq edilməyib, nəticədə onun pensiya hüququ pozulub. O da qeyd edilmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar - xx.xx.2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair barəsində olan qanunsuz qərar ona təqdim edilməmişdir. İddiaçı qeyd edir ki, 2008-ci ildə ona əmək pensiyası təyin edilərkən Fond tərəfindən hansı normativ hüquqi aktların pozulması əsaslandırılmır, yaxud subyektiv mülahizələrə əsaslanır. 2024-cü ilin aprel ayından əmək pensiyası hesablanarkən normativ hüquqi əsaslandırma düzgün aparılmamışdır, başqa sözlə azalmanın hüquqi əsası yoxdur. Buna görə də qəbul olunmuş qərar qanunsuzdur. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, 2008-ci ildə qanunvericiliyə zidd olaraq iddiaçıya 2 il əvvəl əmək pensiyası təyin edilib, mübahisələndirilən həmin dövrdə o, 50 yaşında deyil, 52 yaşında əmək pensiyasına çıxmalı idi. Cavabdehin bu mövqeyini aşağıdakılara görə əsassız və qanunsuz hesab edir: Belə ki, iddiaçının 50 yaşda əmək pensiyasına çıxması üçün səbəb və qanuni əsaslar aşağıdakılardır. Cavabdeh 04 sentyabr 2025-ci il tarixli məktubunda bildirir ki, “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində dəyişiklik edilmiş və güzəştli şərtlərlə pensiya yaş həddi 2000-ci ildən 52 yaş həddinə qaldırılmışdır. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1 -dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Cavabdehin yaş artımı ilə əlaqədar mövqeyini bir daha qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsi, ”Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında’’ Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbləri hüquqi əsas verir ki, iddiaçıya əmək pensiyası 52 yaşla deyil, 50 yaşla təyin edilsin. Qeyd edilən normativ aktlar mahiyyətcə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlardır, “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir kimi qanuni tələb və qanuni əsas vardır. 50 yaşında əmək pensiyasına çıxma barədə Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsinin qərarı qanuni və əsaslı olmuşdur. Digər bir faktı da nəzərə almaq lazımdır ki, 1997-2000-ci illərdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ləğv edilməmiş və ya qüvvədən düşməmişdir, bu Qanun 01 yanvar 2006-cı ilə qədər qüvvədə olmuşdur. Sadəcə olaraq bu Qanuna yaş həddi ilə əlaqədar dəyişiklik olunmuşdur və bu dəyişiklik yuxarıda qeyd etdiyim kimi, istinad olunan normativ hüquqi aktlara uyğun olaraq ona 50 yaşında əmək pensiyasına çıxmaq hüququna maneə yaratmır. Həmin qərarın qanuniliyi cavabdehin yenidən hesablanma ilə bağlı hazırda mübahisələndirdiyi qərarının qanunsuzluğunu da şərtləndirir. Bu mənada cavabdehin artıq ödənilmə kimi təqdim etdiyi 31.347,90 manat vəsaitin qaytarılması ilə bağlı mövqeyi də tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, Mərkəzi Filial tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-1-69529/2025 nömrəli “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktub ünvanlanmışdır. İddiaçının iştirakı ilə xx.xx.2024-cü il tarixində akt tərtib edilmişdir. Daha sonra iddiaçıya müxtəlif tarixli məktublarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanma qaydası, artıqödəmə məbləği, həmin məbləğin tutulması ilə bağlı yazılı razılıq ərizəsini təqdim etməsi barədə ətraflı məlumatlar təqdim edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ sözügedən Qərarla təsdiq olunmuş 1 №-li Siyahı üzrə 52 yaş müəyyən edilmişdir. Buna görə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, 1 yanvar 2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə 1 yanvar 2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 28 il 1 ay 04 gün təşkil edir. Bununla əlaqədar, 1 yanvar 2006-cı il tarixinədək iş stajına uyqun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən, həmin tarixə pensiyasının sığorta hissəsi 33,17 (28,09 il x 170 manat:144 ay) manat hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 51,40 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7230,24 manat pensiya sığorta kapitalına uyğun 50,21 (7230,24:144) manat və 85 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixinə 186,61 (51,40+50,21+85) manat (indeksləşdirilərək xx.xx.2012-ci il tarixinə 200,88 manat) məbləğində əmək pensiyası təyin edildiyi müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar, iddiaçı xx.xx.2012-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4291,49 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (4291,49:122 ay (144 ay - 22 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) = 35,18 manat) əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 200, 88 manatdan 236,06 manata (200,88+35,18) (indeksləşdirilməklə xx.xx.2024-cü il tarixinə 572,12 manat) artırılıb. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmışdır. Həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün şəxsə 28 fevral 2025-ci il tarixində məktub göndərilməklə 14 mart 2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. İddiaçının mülahizələrinin dinlənilməsi üçün Mərkəzi Filiala 14 mart 2025-ci il tarixində gəlmiş, lakin tərtib edilmiş aktı imzalamamışdır. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı son üç il üzrə 31347,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Həmin pul vəsaitinin hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi ilə bağlı yazılı razılığın təqdim edilməsi barədə iddiaçıya məktub ünvanlanmışdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Bildirilir ki, sosial təminat hüququnun məzmununa nəzər salındıqda, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdıran üç ulduz ilə nişanlanmış xx.xx.2024-cü il tarixli, 2- 1(102)-3135/2024 nömrəli qərarının 36-cı bəndinə əsasən, müvafiq məsələyə dair aşağıdakı kimi münasibət bildirilmişdir: “Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı.” İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilir ki, Mərkəzi Filialın mövqeyi haqlı olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndə-vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək tələbin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, iddia müddəti ötürülməmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmiş, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə təkrar baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçının əmək pensiyasından hazırda Mərkəzi Filial tərəfindən hər hansı tutulma həyata keçirilmir. Əlavə olaraq iddiaçıya dair pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: DSMF-nin Suraxanı rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2008-ci il tarixli, 2096/262 nömrəli qərarının surətindən görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. -Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4943/2024 nömrəli qərarının surətindən görünür ki, iddiaçının hazırkı əmək pensiyası (1611.98 manat) “İnventar (artıqvermə) 50-dən 52-yə + işdənçıxma PSK artıq hesablanıb” göstərilməklə, yenidən hesablanaraq 572.12 manat müəyyən edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, pensiya qurumu tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixdə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Sonradan cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən sığorta kapitalına uyğun təyin edilməli olduğunu əsas götürərək xx.xx.2024-cü il tarixli qərarla iddiaçının pensiyasını yenidən hesablamış və artıq ödənilmiş pensiya məbləği hesablamışdır. İddiaçı hazırda həmin qərarı və onun nəticələrini mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi aşağıda qeyd olunanlara əsasən qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. -27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar- 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: xx.xx.1997-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; xx.xx.1997-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. (AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). Hazırkı işin hallarına əsasən, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyası 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən təyin edilmişdir. Cavabdeh iddiaçının ümumi və güzəştli iş stajını mübahisələndirməmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə qəbul edilmiş qərardan, iddiaçıya və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hazırkı mübahisə iddiaçıya 52 yaşdan pensiya təyin edilib-edilməməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan 01 avqust 2000-ci il tarixdən etibarən pensiya yaşının kişilər üçün 52 yaşdan müəyyən edilməli olmasına istinad edir və iddiaçının 50 yaşının tamam olduğu dövrün məhz həmin tarixdən sonra olmasını əsas gətirərək pensiyanın 52 yaşdan təyin edilməli olmasını qanunauyğun hesab edir. Halbuki, yuxarıda istinad edilən müddəanın tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Belə olan halda iddiaçı xx.xx.1997-ci il tarixə qədər 20 il ümumi, 10 il güzəştli iş stajı topladığından ona əsaslı olaraq “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tələblərinə əsasən 50 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq hesablanma aparılmışdır. Göstərilən əsaslardan çıxış edərək cavabdeh tərəfindən iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixdə qərar ilə yenidən hesablanmışdır. Məhkəmə cavabdehin bu qərarı ilə aşağıdakılara görə razılaşmır. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixli qərarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda, təxminən 16 il sonra, yəni xx.xx.2024-cü il tarixdə yenidən hesablanma barədə qərar qəbul etmişdir. Halbuki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh bununla da iddiaçının etimad hüququnun qorunması prinsipinə əməl etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Sözügedən Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində maddələrində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış və iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Analoji iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından (★★★) qeyd olunmuşdur ki: “50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. 51. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. 52. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24 avqust 2023-cü il tarixli “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” məktubda qeyd edilmişdir ki, iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən qulluq stajına görə əlavənin yanlış olaraq artıq hesablandığı müəyyən edilmişdir. 53. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. 55. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. 56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.” Məhkəmə vahid məhkəmə təcrübəsini nəzərə almaqla hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün də cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, eləcə də iddiaçıya pensiya təyin edildikdən sonra onun pensiyasının yenidən hesablandığından, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. İddia tələbindən göründüyü kimi, iddiaçı 50 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsini və xx.xx.2024-cü il tarixindən sonra ödənilməmiş pensiya məbləği fərqinin birdəfəlik ödənilməsini istəyir. Məhkəmə hesab edir ki, iddiaçı bu tələbində haqlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, Qanunun 32.1-1-ci maddəsi pensiya hüququ, yaxud pensiyasının yenidən hesablanması hüququ yaranmış, lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Adıçəkilən norma sosial təminat hüquqlarının yaranmasını özündə ehtiva etsə də, hazırkı mübahisə belə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların tam şəkildə bərpasından bəhs edir. Baxılan mübahisədə isə hüququn realizə edilməməsi imkanının ötürülməsindən söhbət gedə bilməz. Əksinə, ödənişin dayandırılması cavabdeh orqanın qanunsuz inzibati qərarı nəticəsində baş vermişdir. Odur ki, iddiaçının pensiyanın ödənilməyən hissəsini ala bilməməsi cavabdeh pensiya qurumunun ona 50 yaşdan təyin güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının əsassız olaraq dayandırılmasına yönəlmiş qərarı ilə bağlı olduğundan və iddiaçı hazırkı məhkəmə icraatı nəticəsində əvvəlki pensiya məbləğinin bərpasına nail olduğundan, başqa sözlə pensiyanın ödənilməməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyindən həmin nəticələrin aradan qaldırılmasına dair hərəkətlər (ödəmələr) də hissəvi deyil, birdəfəlik xarakter daşımalıdır. Bu mənada, indiki situasiyada ƏPQ-nin 32.1-1-ci maddəsinin tətbiqi üçün əsas yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1237/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “iddiaçı pensiya hüququnun yarandığı tarixdən müraciəti etmiş və onun müraciəti təmin edilmişdir. Daha sonra isə ona əlillik statusu vermiş inzibati orqan tərəfindən əsassız olaraq onun qiymətləndirməsi ləğv edilmiş, iddiaçı öz pozulmuş hüquqlarını məhkəmə icraatı qaydasında bərpa etmiş və yenidən sosial təminat hüququnun bərpasına nail olmuşdur. yuxarıda sadalanan işin faktiki hallarından birmənalı şəkildə anlaşılır ki, pensiyanın dayandırılmasında iddiaçının hər hansı bir təqsiri olmamış onun hüquqları məhkəmə qaydasında bərpa edildikdən sonra hazırkı cavabdeh tərəfindən də ona pensiya ödənişləri həyata keçirilməyə başlanılmışdır. Mübahisə üzrə cavabdeh tərəfindən istinad edilən norma hüquqların yaranmasını özündə ehtiva edir, hazırkı mübahisə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların bərpasından ibarətdir. Bu halda isə iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1- 1-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir.” Göründüyü kimi oxşar mübahisə üzrə yuxarı instansiya məhkəməsində işə baxan məhkəmə kollegiyası tərəfindən ödənişlərin edilməsinə münasibətdə iddiaçının öz pozulmuş hüquqlarını məhkəmə icraatı qaydasında bərpa edərək sosial təminat hüququnun bərpasına nail olduğu vurğulanmış və “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci maddəsinin tətbiq edilməsinin yolverilməzliyi nəticəsinə gəlinmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, cavabdeh orqanın iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarı ləğv edilməli, ona 50 yaşdan, yəni xx.xx.2008-ci ildən təyin edilmiş pensiyanın bərpa edilməsi və xx.xx.2024-cü il tarixindən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4943/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı 50 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsi və xx.xx.2024-cü il tarixindən sonra ödənilməmiş pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar