Məhkəmə qərarları › İş №2-1(112)-16637/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16637/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16637/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı “nikahlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 2 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 qohum olmaqla biboğlu dayıqızıdırlar. İ-ЖГ 469555 №-li “Boşanma haqqında şəhadətnamə”yə əsasən İddiaçı2 ilə İddiaçı1 nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 1995-ci ilin iyun ayının 01 günündə 75 № ilə qeyd edilmişdir. İddiaçılar nikaha daxil olmaq üçün xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə müraciət edərək nikahlarının qeydə alınmasını xahiş etmişlər. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, “... Azərbaycan Respublikası Ailə Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VİQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 1 fevral 2025-ci il tarixli 20 nömrəli Qərarı xx.xx.2025-ci ildən qüvvəyə minərək və Ailə Məcəlləsinin 12 maddəsinin 12.02. bəndinə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi eyni olan uşaqları arasında, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına mane olan hallar əlavə edilmişdir. Sizin bibi oğlu və dayı qızı olmanızı nəzərə alaraq nikahın bağlanması mümkün hesab edilmədiyinə görə məhkəməyə müraciət edə bilərsiniz”. İddia tələbi, onun əsaslandırılması, cavabdehin etirazı: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək onların rəsmi nikahlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı1, və xx.xx.1958-ci il təvəllüdlü İddiaçı2, Sovet, yəni keçmiş SSRİ dövründə, müvafiq qanunvericiliyə əsasən rəsmi şəkildə boşanmışlar. Həmin dövrdə məhkəmənin qəran ilə nikahları qanuni qüvvədə olmadığı təsdiqlənmiş və nikah münasibətləri hüquqi baxımdan sona çatmışdır. Rəsmi sənədlərdəki bu boşanma aktı dövlət qeydiyyatına alınmış və hüquqi cəhətdən nikahın bitdiyi təsdiqlənmişdir. Lakin rəsmi sənədlərdə əks olunmuş bu boşanma faktiki olaraq həyatlarının real vəziyyətini tam əks etdirmir. Müxtəlif şəxsi, ailəvi və sosial səbəblərə görə aralarındakı münasibətlər faktiki olaraq davam edir və onlar birgə yaşayırlar. Bu müddət ərzində onlar yalnız eyni evi paylaşmamışlar, həm də birgə gündəlik həyatlarını qurmuş, övladlarını tərbiyə etmiş və ailəvi öhdəliklərini davam etdirmişlər, övladları var, qarşılıqlı dəstəklərini və ailə daxilində yaranan öhdəliklərin davamlılığını nümayiş etdirir. Onların həyatlarının bu real vəziyyəti ictimaiyyət tərəfindən də tanınır və qonşuları, yaxınları buna şahidlik edə bilərlər. Buna baxmayaraq, faktiki evlilik rəsmi nikahla təsdiqlənmədiyi üçün hüquqi baxımdan bir sıra çətinliklər meydana çıxır. Faktiki evlilik mövcudluğu yalnız şəxsi münasibətlərinin tanınması deyil, həm də övladlarının hüquqlarının qorunması, onlann sosial təminatlarının təmin olunması və gələcəkdə ortaya çıxa biləcək hüquqi və sosial məsələlərin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. Rəsmi nikahın olmaması səbəbindən, faktiki həyatlarının hüquqi tanınması olmadan, övladlarının miras, sosial təminat, tibbi və digər hüquqları risk altında qalır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçılar iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçılar qohum olmaqla bibioğlu dayıqızıdırlar. Onlar arasında əvvəllər rəsmi nikah münasibətləri olmuş və İ-ЖГ 469555 №-li “Boşanma haqqında şəhadətnamə”yə əsasən rəsmi nikahları ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 1995-ci ilin iyun ayının 01 günündə 75 № ilə qeyd edilmişdir. İddiaçılar yenidən nikahlarının qeydə alınması üçün cavabdehə müraciət edərək xahiş edirlər. Cavabdeh isə tələbin təmin olunmasından imtina etməklə ona istinad edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VİQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 1 fevral 2025ci il tarixli 20 nömrəli Qərarı xx.xx.2025-ci ildən qüvvəyə minərək və Ailə Məcəlləsinin 12 maddəsinin 12.02. bəndinə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi eyni olan uşaqları arasında, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına mane olan hallar əlavə edilmişdir. İddiaçıların bibi oğlu və dayı oğlu olmasınızı nəzərə alaraq, nikahın qeydə alınmasından imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla, cavabdehin imtinası əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi: 1.1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. ... 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. ... 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli № 1198-VİQD Qanunu ilə Ailə məcəlləsinə aşağıdakı məzmunda 12.0.2-1-ci və 12.0.2-2-ci maddələr əlavə edilmiş və həmin dəyişiklik xx.xx.2025-ci il tarixdən qüvvəyə minmişddir: ... 12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; ... 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; 12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; ... 25.1. Bu məcəllənin 10–12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 3.1. Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir. 3.2. Nikaha daxil olmağı arzu edənlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməklə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə nikaha daxil olmaq barədə ərizə ilə müraciət edirlər. 3.3. Ərizədə nikahın bağlanmasına mane olan halların - nikahın yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) arasında, övladlığa götürənlər və övladlığa götürülənlər arasında, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər arasında, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanması hallarının olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyad göstərilməli və ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir. Sadalanan normalardan göründüyü kimi, qanunvericilikdə nikahın bağlanmasına yol verilməyən şəxslərin siyahısına əlavə edilmiş və qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, həmçinin bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikah nikahın bağlanmasına mane olan hallar olaraq qeyd edilmişdir. İşin mübahisələndirilməyən hallarına görə iddiaçılar bibi oğlu və dayı qızıdır. Qanunvericilikdə həmin şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi qeyd edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı “nikahlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar