Məhkəmə qərarları › İş №2-1(112)-1664/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1664/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1664/2021 03.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili-“Əkrəm Həsənov və Partnyorları” vəkil bürosunun vəkili nümayəndəsi X1 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1962-ci ildə Quba rayonunda doğulmuşdur. Əmək fəaliyyətinə Bakı Şin zavodunda başlamışdır. xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci ilədək Bakı Şin Zavodunda Elektrik sexində 3-cü dərəcəli avadanlıqların təmiri üzrə elektrik çilingəri, 26.11.981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü il tarixindən xx.xx.1984cü il tarixinədək Elektrik sexində avadanlıqların təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək vulkanlaşdırma sexində 4 dərəcəli elektrik çilingəri, xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək NÖC və A.Sexində elektrik çilingəri işləyərək, Vulkanlaşdırma sexində xidmət etmiş, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək elektrik sexində elektrik çilingəri işləyərək, hazırlıq sexində xidmət etmişdir. xx.xx.1991-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Vulkanlaşdırma sexində 5-ci dərəcəli elektrik çilingəri işləmişdir. xx.xx.1999-ci il tarixdə Mənzil İstismar İdarəsinin 5 saylı yataqxanasına komendant vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci il tarixdə Zavodun Mİİ-nə 5-ci dərəcəli elektrik montyoru keçirilmişdir. xx.xx.2001-ci il tarixdə Mİİ-nə çilingər-kanalizatorçu keçirilmişdir. xx.xx.2004-cü ildə işdən azad olunmuşdur. xx.xx.2004-cü ildə Nərimanov RllS-də 95 saylı q/x-ya Vİ dərəcəli montyor vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2011 -ci il tarixdə “X5” MMC-yə Elektriklər Xidmətinə Elektrik avadanlıqlarının istismarı və təmiri üzrə elektrik vəzifəsinə qəbul olunmuşdur, xx.xx.2014-cü il tarixdə həmin vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında (mülahizə) göstərmişdir ki iddiaçı iddia edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının zəruri staja sahib olmasıdır. İddiaçının işləmiş olduğu Bakı Şin Zavodu tərəfindən təqdim edilmiş xx.xx.2019cu il tarixli 01/122 nömrəli arayışdan görünür ki, iddiaçı cəmi 8 il 2 ay 7 gün güzəştli iş stajına malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər-57 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmçinin, iş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixədək İddiaçının topladığı ümumi iş stajı da 25 ildən azdır (24 il 9 ay 2 gün). Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən ümumi iş stajı olan 25 ili və güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Həmçinin, AR Ali Məhkəməsinin X2 işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2- 1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər. Göründüyü kimi, AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddənin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək, məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda göstərilənlərin nəzərə alınmaqla iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan: - Abşeron RPİ tərəfindən xx.xx.2019-cu ildə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci ildə Quba rayonunda doğulmuş Bağırov X3 rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsi ünvanında qeydiyyatdadır. - İddiaçıya məxsus ИТ-İ ********* №li əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçı Bakı Şin Zavodunda işə başlamazdan əvvəl xx.xx.1980-ci ildən xx.xx.1981-ci il tarixədək “Azərelektroterm” zavodunun nəzdində 86 saylı Texniki Məktəbdə təhsil almışdır. Bakı Şin Zavodunda xx.xx.1981-ci il (əmr № 122-k, xx.xx.1981) tarixindən xx.xx.1981-ci il (əmr № 158-k, xx.xx.1981) tarixinədək Elektrik sexində 3-cü dərəcəli avadanlıqların təmiri üzrə elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.1983-cü il (əmr № 146-k, xx.xx.1983) tarixindən xx.xx.1984-cü il tarixinədək Elektrik sexində avadanlıqların təmiri üzrə 3 dərəcəli elektrik çilingəri, xx.xx.1984-cü il (əmr № 37-k, xx.xx.1984) tarixindən xx.xx.1985-ci il tarixinədək Vulkanlaşdırma sexində 4 dərəcəli elektrik çilingəri, xx.xx.1985-ci il (əmr № 143-k, xx.xx.1985) tarixindən xx.xx.1986-cı il tarixinədək NÖC və A sexində elektrik çilingəri işləyərək Vulkanlaşdırma sexində xidmət etmişdir. xx.xx.1988-ci ildə (əmr № 134k, xx.xx.1988) Elektrik sexində elektrik çilingəri vəziəsinə keçirilərək xx.xx.1989-cu il (əmr № 42-k, xx.xx.1989) tarixinədək orada işləməklə Hazırlıq sexinə xidmət etmiş, xx.xx.1991ci il (əmr № 44-k, xx.xx.1991) tarixindən xx.xx.1996-cı il tarixinədək Vulkanlaşdırma sexində 5-ci dərəcəli elektrik çilingəri işləmişdir. xx.xx.1989-cu ildə MİS-nə 5 dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci ildə şinlərin vulkanlaşdırma sexinə 5ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü ildə vulkanlaşdırma sexinə 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə (Əmr 78 k) Mənzil İstismar İdarəsinin 5 saylı yataqxanasına komendant vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdə (əmr 68 k), Zavodun Mİİ-nə 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir. xx.xx.2001-ci il tarixdən (əmr 46 k) Mİİ-nə çilingər kanalizatorçu vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü il tarixdə (əmr 38-k) ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə (27 №li əmr) Nərimanov RİİS-si Əmək müqaviləsinə əsasən 95 saylı qazanxanaya Vİ dərəcəli montyor qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə (06/12 №-li ) öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2011-ci il tarixdə Bakı Steel Company MMC-yə elektrik xidmətinə poladəritmə sexinə elektrik avadanlıqlarının istismarı və təmiri üzrə elektrik vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə işdən azad edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 340 №li arayışından müəyyən olunur ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş SSRİ silahlı Qüvvələrində hərbi xidmət etmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 01/122 №li arayışdan müəyyən edilir ki, İddiaçı Bakı Şin zavodunda xx.xx.1981-ci il (əmr № 122k, xx.xx.1981) tarixindən xx.xx.1981-ci il (əmr № 158-k, xx.xx.1981) tarixinədək Elektrik sexində 3 dərəcəli avadanlıqların təmiri üzrə elektrik çilingəri, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur, xx.xx.1983-cü il (əmr № 146-k, xx.xx.1983) tarixindən xx.xx.1984-cü il tarixinədək Elektrik sexində avadanlıqlarının təmiri üzrə 3 dərəcəli elektrik çilingəri, xx.xx.1984-cü il (əmr № 37-k, xx.xx.1984) tarixindən xx.xx.1985-ci il tarixinədək Vulkanlaşdırma sexində 4 dərəcəli elektrik çilingəri, xx.xx.1985-ci il (əmr № 143-k, xx.xx.1985) tarixindən xx.xx.1986-cı il tarixinədək NÖC və A sexində elektrik çilingəri işləyərək Vulkanlaşdırma sexində xidmət etmiş, xx.xx.1988-ci il (əmr № 134-k, xx.xx.1988) tarixindən xx.xx.1989-cu il (əmr № 42-k, xx.xx.1989) tarixinədək Elektrik sexində elektrik çilingəri işləyərək, Hazırlıq sexinə xidmət etmiş, xx.xx.1991-ci il (əmr № 44-k, xx.xx.1991) tarixindən xx.xx.1996-cı il tarixinədək Vulkanlaşdırma sexində 5 dərəcəli elektrik çilingəri işləmişdir. Vulkanlaşdırma sexi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə xüsusi zərərli sex sayıldığından 1 saylı siyahı üzrə “Vİİİ” bölmə, “Kimya istehsalatı” 1080A010 pozisiyasına aiddir. Elektrik sexi, NÖC və A sexinin Vulkanlaşdırma sexinə xidmət edən, Elektrik sexinin Hazırlıq sexinə xidmət edən elektrik çilingəri AR-nın Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə zərərli sexlər sayıldığından 2 saylı siyahı üzrə “X" bölmə, “Kimya istehsalatı” 2110AO10 və 2110A030- 17531 pozisiyalarına aiddir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu “xxxx" ASC-yə çevrilmişdir. İddiaçı hazırki tələblə cavabeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********2 saylı məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim olunnmuş sənədlərdən göründüyü kimi ümumi iş stajı 25 ildən az təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2006-cı il tarixədək iddiaçının topladığı ümumi iş stajı (təhsil və hərbi xidmət dövrləri nəzərə alınmaqla) 25 ildən az, yəni 24 il 9 ay 2 gün təşkil edir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək həm ümumi, həm də xüsusi iş stajı kifayət qədər olmamışdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə araşdırması zamanı Bakı Şin Zavodu tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli 01/122 nömrəli arayışdan müəyyən olunmuşdur ki, iddiaçı cəmi 8 il 2 ay 7 gün güzəştli iş stajına malikdir. Bu isə o, deməkdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar