Məhkəmə qərarları › İş №2-1(112)-1665/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1665/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1665/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların qeydə alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “1082H” saylı torpaq sahəsinə olan mülkiyyət hüququnun dövlət reyestrinə qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “1082H” saylı torpaq sahəsinin (bağın) istifadəyə verilməsinə dair X3 və istismarı Birliyi ilə İddiaçı arasında 06 fevral 2006-cı il tarixli, 29067 saylı Müqavilə bağlanmış və Müqavilə əsasında qeyd edilən əmlak (bağ sahəsi) İddiaçı istifadəsinə və mülkiyyətinə verilmişdir. Qeyd edilən əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və müvafiq Çıxarışın verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizə ilə müraciət edilmişdir. 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********20 nömrəli Bildiriş ilə qeydiyyata alınmadan imtina edilmişdir. 1082H saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməməsi və qonşu bağ nömrələrinin ardıcıllığı ilə uyğunsuzluq təşkil etməsi imtinanın əsası kimi göstərilmişdir. İmtinanın əsası kimi cavabdeh elektron kadastr məlumatına əsasən “1082H” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməməsini qeyd etmişdir. İddiaçı bununla bağlı qeyd etmişdir ki, müvafiq orqanın istifadəsində olan, orqan tərəfindən daxil edilən və qorunan məlumatların aşkar olunmamasına görə vətəndaş məsuliyyət daşıya bilməz, həmin məlumatlar vətəndaşdan tələb edilə bilməz və həmçinin bu cür məlumatların dövlət qurumunun bazasında aşkar olunmamasına görə cavabdehin qanuni tələblərindən imtina edilə bilməz. İddiaçı həmçinin hesab edir ki, sxematik xəritə müqavilə bağlanan tarixdə X4 və istismarı Birliyi tərəfindən hazırlanmalı idi və vətəndaşın bu xəritənin reyestrə daxil edilməsi barədə hər hansı məlumatının olması mümkün deyildir. Birliyin ləğv edilərək səlahiyyətlərinin cavabdehə verilməsi, bununla bağlı hər hansı arxiv arayışının da cavabdeh tərəfindən verilməli olması, habelə dövlət təşkilatı tərəfindən vəzifələrin yerinə yetirilməməsinin qeydiyyatdan imtinaya əsas kimi çıxış etmədiyi aşikardır. Əlavə olaraq qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanından da görünür ki, bu Fərmanın verilməsi məqsədlərindən biri də torpaqların faktiki istifadə vəziyyətinin hüquqları təsdiq edən sənədlərdə əks etdirilməsidir. Bu vəzifələrin icrası isə müvafiq icra hakimiyyəti kimi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Bu vəzifələrin icrasından irəli gələrək, müvafiq bölgünün sxematik xəritədə təsbit edilməsi məhz cavabdeh qurumun üzərinə düşən vəzifədir. “Torpaq islahatı” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə, bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir (Konstisusiya Məhkəməsi Plenumunun 4 oktyabr 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-49/2022 saylı qərarında təsbit edilmişdir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə verilməsi) barədə hüquqmüəyyən edici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərinaid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əssında qeydiyyata alınmalıdır. Yekunda iddiaçı qeyd edir ki, ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan bağ sahəsində abadlaşdırma işləri aparmış və istifadə üçün müvafiq infrastruktur yaratmışdır.

3. İddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina onunla əsaslandırlmışdır ki, “1082H” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamış və qonşu bağ nömrələrinin ardıcıllığı ilə uyğunsuzluq təşkil edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan Dağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nczdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

4. İddiaçı ilə X3 və İstismarı birliyi arasında bağlanmış xx.xx.2006-cı il tarixli 29067 nömrəli müqaviləyə əsasən Şüvəlan ərazisində 0,12 ha torpaq sahəsi olan 1082H saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir.

5. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1082 nömrəsi ilə qeyd olunmuş bağ sahəsinin bölgü sxemi, həmçinin "1082H" saylı bağ sahəsinin müayinə aktının məhkəməyə təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, keçmiş X3 və İstismarı Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə edilən bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “1082H” saylı bağ nömrəsi xəritədə öz əksini tapmamışdır. Müayinə aktının surəti məhkəməyə təqdim edilmişdir. Müayinə aktına əsasən, torpaq sahəsinin faktiki ölçüsü 0,1677 ha-dır. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsinin nömrəsinin sxematik xəritədə əks olunmadığı bildirilir.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “1082H” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamış və qonşu bağ nömrələrinin (1081X, 1081H) ardıcıllığı ilə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********20 saylı və xx.xx.2022-ci il tarixli, **********96 saylı cavab məktubları ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.

7. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən “1082H” saylı torpaq sahəsinə dair sənəd surətlərinin məhkəməyə göndərilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “1082H” saylı torpaq sahəsinin nömrəsi sxematik xəritədə qeyd olunmamışdır. İdarənin arxiv məlumatlarına əsasən İddiaçı adına xx.xx.2006-cı il tarixli, 29067 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə ilə verilmiş Şüvəlan bağ massivində yerləşən 1082H bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Məlumat üçün bildirilmişdir ki, ilkin müqavilədə bağ nömrəsi “1082N” kimi yazılmışdır.

8. Bağ sahəsinin ayrılmasına dair müqavilədə iddiaçının ailə üzvü kimi qeyd edilmiş X9 tərəfindən notariat qaydasında təsdiq olunmuş ərizəyə əsasən, bağ sahəsinin özəlləşdirildikdən sonra satılmasına etiraz edilmədiyi qeyd edilmişdir.

9. Bağ sahəsinin ayrılmasına dair müqavilədə iddiaçının ailə üzvü kimi qeyd edilmiş X5 tərəfindən notariat qaydasında təsdiq olunmuş ərizəyə əsasən, bağ sahəsinin özəlləşdirildikdən sonra satılmasına etiraz edilmədiyi qeyd edilmişdir.

10. Bağ sahəsinin ayrılmasına dair müqavilədə iddiaçının ailə üzvü kimi qeyd edilmiş X8 tərəfindən notariat qaydasında təsdiq olunmuş ərizəyə əsasən, bağ sahəsinin özəlləşdirildikdən sonra satılmasına etiraz edilmədiyi qeyd edilmişdir.

11. Bağ sahəsinin ayrılmasına dair müqavilədə iddiaçının ailə üzvü kimi qeyd edilmiş X6 tərəfindən notariat qaydasında təsdiq olunmuş ərizəyə əsasən, bağ sahəsinin özəlləşdirildikdən sonra satılmasına etiraz edilmədiyi qeyd edilmişdir.

12. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi iddiaçının ərizəsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən sxematik xəritəyə uyğun “1082N” saylı bağ sahəsinin ərazisinə uyğun gələn “1082H” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və plan-ölçü sənədinin tərtib edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi. II. İddianın növü və mümkünlüyü

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

16. İddia tələbi həm plan və ölçü sənədinin tərtib edilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

25. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

26. X15 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

27. X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

28. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

29. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan bağ sahəsi sxematik xəritəyə əsasən 1082N saylı bağın ərazisinə uyğun gəlir. Bağ sahəsinə dair müqavilənin arxiv nüsxəsi mövcuddur və həmin bağ sahəsinə dair ilkin müqavilədə bağların sıralanması vaxtilə kirill əlifbasına uyğun olaraq 1082Н olaraq göstərilmişdir. Odur ki, bağ sahəsinin addan-ada keçirilməsi zamanı sənədləşdirmə aparılararkən latın qrafikalı əlifba ilə kirill əlifbasındakı “H” hərfi eyni yazılışda olduğundan iddiaçı ilə bağlanmış müqavilədə bağ sahəsinin nömrəsi “1082H” olaraq göstərilmişdir.

30. Məhkəmə araşdırması zamanı iddiaçının ailə üzvləri tərəfindən təqdim edilən ərizələri məhkəmə bağ sahəsinin özəlləşdirilməsinə dair yazılı razılıq kimi qiymətləndirir.

31. Qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina AİHM-in presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyətdən dinc istifadə hüququnun (1-ci qayda) pozuntusudur.

32. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində sxematik xəritəyə əsasən “1082N” saylı bağ sahəsinin ərazisinə uyğun gələn ölçüsü 0,12 ha olan “1082H” saylı torpaq sahəsi üzərində iddiaçı X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və plan-ölçü sənədinin tərtib edilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar