Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1665/2025 22.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, 3-cü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Ələt Bələdiyyəsinin 10 avqust 2004-cü il tarixli 08 saylı qərarına əsasən Ələt qəsəbəsi, Şıxlar bağ massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı ayrılmış 4800 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ rayonu Ələt Bələdiyyəsinin 10.028.2004-cü il tarixli 08 saylı qərarı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona Ələt qəsəbəsi, Şıxlar massivində verilmiş 4800 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, mülkiyyət hüququna dair çıxarışın və planölçü sənədinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-Q-0304/02-8/2024 **********34 nömrəli məktubla imtina edilmişdir. İmtina məktubunu poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə almışdır. Cavabdeh məktubunda müraciətinin əsası kimi göstərir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivində yerləşən 4800 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2024-cü il tarixli, ********** nömrəli müraciətinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar bildirilmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respubikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqısatqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Cavabdeh tərəfindən müraciətindən imtina edilməsini əsassız hesab edir. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və həmin çıxarışın ayrılmaz tərkib hissəsi olan torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün hüquqi əsaslar mövcuddur. Belə ki, Qaradağ rayonu Ələt Bələdiyyəsinin 08 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ələt qəsəbəsi, Şıxlar bağ massivində 4800 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin dəyəri xx.xx.2024-cü il tarixli kassa mədaxil orderi ilə tərəfindən Qaradağ rayon Ələt Bələdiyyəsinə ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixi, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əlavəyə uyğun olaraq ayrılmış 4800 kv.m torpaq sahəsinin satılması barədə “Torpaqların alqısatqısına dair” akt tərtib edilərək təsdiq edilmişdir. Həmin akta görə onun Ələt Bələdiyyəsinə müraciəti təmin edilərək ona Bələdiyyə ərazisində 4800 kv.m torpaq sahəsi satılması barədə qərar qəbul edilməsi qeyd edilmişdir. Sahibkarlıq fəaliyyəti üçün ayrılmış torpaq sahəsinin cizgisi də, tərtib edilib Ələt Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Ayrılmış torpaq sahəsi bələdiyyənin qərarına uyğun həcmdə yerində ayrılıb ona təhvil verilmişdir və həmin vaxtdan sahibliyində və istifadəsindədir. Qaradağ rayonu Ələt qəsəbə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 12/96 nömrəli arayışında göstərilir ki, İddiaçı Ələt Bələdiyyəsinin 08 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ələt qəsəbəsi, Şıxlar massivində verilmiş 4800 kv.m torpaq sahəsinin ayrılmasına dair sənədlər Ələt Bələdiyyəsinin arxivində mövcuddur. Yerli (Bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında şəhadətnaməyə əsasən Ələt Bələdiyyəsi tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və Ələt qəsəbə Bələdiyyəsinin 09 aprel 2024-cü il tarixli, 12/84 nömrəli arayışına əsasən 2024-cü il də, daxil olmaqla torpaq vergisi borcu yoxdur. Cavabdehin imtinada ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın alqı-satqısına dair aktın təsdiq edilməməsinin, həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməməsinin göstərilməsini də, əsassız hesab edir. Belə ki, cavabdehə təqdim edilmiş əraziyə İddiaçı satılmış torpaq sahəsinin Ələt Bələdiyyəsinin sədri tərəfindən imzalanaraq təsdiq edilmiş yerləşmə cizgisi əlavə edilməmişdir. Aktın ləğv edilmiş Komitə tərəfindən təsdiq edilməməsi Bələdiyyə tərəfindən torpaq sahəsinin ona verilmiş səlahiyyətlər daxilində satılmasını istisna etmir.
3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10718/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı etibarnamə üzrə nümayəndəsi Gafarov Rustam Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivində yerləşən 4800 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə müraciət etmiş və **********34 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qobustan ƏŞ) istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin qeyd edilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı fərqli sənədlər əsasında eyni ərazini göstərmişdir və bununla bağlı Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-10534/2024 saylı inzibati işi mövcuddur. Torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamış və həmin cizgidə torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarına istinad edilməmişdir. Torpaq sahəsinin faktiki ölçüsü 4816 kv.m təşkil edir.
6. 3-cü şəxsin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iş materiallarında olan, mübahisəli torpaq sahəsinin yerləşdiyi koordinatlarında olan sözügedən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Bundan başqa, Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan blokuna daxil olan üç sahənin («Şıxzəgirli», «Şeytanud», «Bürgüt», «Donquzduq», «Nardaran», «İlxıçı», «Qərbi Hacıvəli», «Sundi», «Şərqi Hacıvəli», «Turağay», «Kənizədağ», «Qərbi Duvannı», «Duvannı», «Solaxay» və «Daşgil» yataqlarının), kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Komonvels Qobustan Limited, X3 Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il 538-İQ nömrəli Qanununa əsasən, müvafiq neft-qaz əməliyyatlarının aparılması üçün Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmişdir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi, sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Hesab edirlər ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrıayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
10. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-Q-0304/02-8/2024 **********34 nömrəli məktubla imtina edilmişdir.
11. Ələt Bələdiyyəsinin 08 saylı, xx.xx.2004-cü il tarixli protokolundan çıxarışa əsasən İddiaçı Ələt Bələdiyyəsinə müraciəti qənaətbəxş hesab edilmiş və ona Bələdiyyə iclasının 08 saylı 10 avqust 2004-cü il tarixli qərarına əsasən Ələt qəsəbəsi, Şıxlar massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 4800 kv.m torpaq sahəsi ayrılmışdır.
12. Torpaqların alqı-satqısına dair akt, məxdaxil orderi, torpaq sahəsinin bələdiyə tərəfindən təsdiq edilmiş yerləşmə cizigisi iş materiallarına əlavə edilmişdir.
13. Qaradağ rayonu Ələt Bələdiyyəsi tərəfindən verilmiş 12/96 nömrəli, xx.xx.2024cü il tarixli arayışa əsasən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ələt qəsəbəsi, Şıxlar massivində 4800 kv.m torpaq sahəsi ayrılması barədə Ələt Bələdiyyəsinin 8 saylı, xx.xx.2004-cü il tarixli qərarı Ələt Bələdiyyəsinin arxivində mövcuddur.
14. Qaradağ rayonu Ələt Bələdiyyəsi tərəfindən verilmiş 12/230 nömrəli, xx.xx.2024cü il tarixli arayışa əsasən 2006-cı ilə qədər Bələdiyyə tərəfindən verilən torpaq sahələri Bələdiyyənin arxivində saxlanılır. 2006-cı ildən sonrakı dövrlərdə Bələdiyyə tərəfindən verilən torpaq sahələrinin protokollarının bir nüsxəsi X1 təqdim edilib.
15. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü – 0.48 ha, faktiki ölçüsü 0.4816 ha təşkil edir. Vətəndaş tərəfindən göstərilən torpaq sahəsinin sərhədləri mişar daşları ilə hasarlanıb. Torpaq sahəsi üzərində tikili yoxdur. Təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülər və istinad nöqtələri yoxdur. Məlumat üçün faktiki göstərilən sahənin cizgisi və koordinatları əlavə olunmuşdur.
16. İddiaçı tərəfindən məhkəməyə iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinə dair digər fiziki şəxslərin adlarına verilmiş qeydiyyat vəsiqəsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilmişdir.
17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 11 aprel 2025-ci il tarixli, 3- 21-3-30/2-13864/2025 nömrəli məktubla bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinə ən yaxın məsafədə “Zərgərlik” b/y-nın 150 saylı **********24 reyestr nömrəli, “Zərgərlik” b/y-nın 151 saylı **********41 reyestr nömrəli və həmin bağçılıq yoldaşlığının 152 saylı **********58 reyestr nömrəli bağ sahələri qeydiyyata alınmışdır. Sorğunun icrası ilə əlaqədar olaraq qeyd edilən bağ sahələrinin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri, müayinə aktı, torpaq sahəsinin planı və ortofoto məhkəməyə təqdim edilir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan inzibati iş (İş № 2-1(103)- 1527/2025) üzrə təqdim edilmiş 10/2911 nömrəli, 11 iyul 2025-ci il tarixli ekspert rəyinə əsasən tədqiqat iddiaçının digər inzibati məhkəmə icraatında olan mübahisə üzrə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivi ərazisində yerləşən 9600 kv.m torpaq sahəsi üzrə aparılmışdır. Mübahisəli torpaq sahəsi İddiaçı istifadəsinə Bakı şəhəri Ələt Bələdiyyəsinin 01 saylı, 12 avqust 2003-cü il tarixli qərarı ilə ayrılmışdır. Tədqiqatın nəticəsində müəyyən edilmişdir ki, Ələt Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 01 saylı qərarına əsasən Ələt qəsəbəsi Şıxlar massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı ayrılmış 9600 kv.m torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: 9600 kv.m. X: 366337.4070 366426.0051 366410.8109 366322.2623 Y 4432211.6049 4432224.2785 4432330.4973 4432317.8307. Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” Qanunun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini, Bakı şəhəri Qaradağ rayonu Ələt Bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini nəzərə alaraq, Ələt Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 01 saylı Qərarına əsasən Ələt qəsəbəsi Şıxlar massivinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı ayrılmış 9600 kv.m torpaq sahəsinin Ələt Bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Ələt Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 01 saylı qərarına əsasən Ələt qəsəbəsi, Şıxlar massivinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı ayrılmış 9600 kv.m torpaq sahəsinin təyinatı “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaqlara aiddir.
19. “X2” tərəfindən verilmiş 41 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən tədqiqatın nəticəsində müəyyən edilmişdir ki, İddiaçı adına sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsi ayrılması barədə Ələt Bələdiyyəsinin 08 saylı, 10 avqust 2004cü il tarixli protokolundan çıxarışa əsasən Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivində ayrılmış 0.48 ha torpaq sahəsinin (coğrafi məkan göstəriciləri) koordinatları aşağıdakı kimi müəyyən edilmişdir. Naturada qeydə alınan 0.48 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: 1) X = 366222.2048 Y = 4432304.3035 2) 366322.4827 Y = 4432317.8604 3) X = 366329.2763 Y = 4432270.6052 4) X = 366230.7762 Y = 4432257.0091. İddiaçı adına sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsi ayrılması barədə Ələt Bələdiyyəsinin 08 saylı, 10 avqust 2004-cü il tarixli protokolundan çıxarışa əsasən Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivində ayrılmış 0.48 ha torpaq sahəsinin Ələt Bələdiyyəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Bu barədə Ələt Bələdiyəsinin 09 iyul 2024-cü il tarixli, 12/165 saylı arayışında da, qeyd olunmuşdur ki, İddiaçı adına sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsi ayrılması barədə Ələt Bələdiyyəsinin 08 saylı, xx.xx.2004-cü il tarixli protokolundan çıxarışa əsasən Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivində ayrılmış 0.48 ha torpaq sahəsi Ələt Bələdiyyəsinin torpaq fonduna aiddir. Qeyd hissədə göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı əsasında 2007-ci ilə qədər bələdiyyə tərəfindən verilmiş torpaq sahələri qeydiyyatdan keçirilməlidir. Sözügedən 0.48 ha torpaq sahəsi barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə Ələt Bələdiyyəsinin 18 aprel 2024-cü il tarixli, 12/96 saylı arayışı təqdim edilmişdir. Mütəxəssislər qarşısında qoyulmuş sualları cavablandırarkən mövcud torpaq qanunvericiliyinə uyğun olaraq ərazinin elektron ümumi xəritəsindən, aerofotoplanşet xəritə materiallarından, Googlem Earth xəritə proqramından istifadə olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
20. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
21. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
23. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
24. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
26. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
29. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırki işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədən olan redaksiyada): 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.
30. ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı: Bənd 2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı orqanları” səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
31. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırki işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):
7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə ssahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12-ci maddəsinə əsasən (Bərabərlik prinsipi). 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
33. Yuxarıda istinad olunan qanunvericiliyin normalarını rəhbər tutaraq, işin faktiki hallarına əsasən məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
34. İddiaçı Ələt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 08 saylı protokolundan çıxarışına istinad edərək mübahisə preedmeti torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi tələbini irəli sürmüşdür.
35. İnzibati orqanın tələbin təmin olunmasından imtinasının əsaslarından biri olan torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktının əlavə olunmamasına münasibət bildirərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından aydın olduğu kimi torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması, DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməsi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməməsi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla yaxud inzibati aktın qəbul edilməsinə yardım edir.
36. Bundan başqa, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyəti sayılır və sahəvi xüsusi qanunvericilik normaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqamlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyəti icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməsi və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt – qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətlərinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqdil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır.
37. İnzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyat keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlətvətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən biri də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “a priori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamlıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır.
38. İş materiallarından göründüyü kimi, torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşmdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt hal-hazırda qüvvədədir.
39. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
40. Bundan əlavə məhkəmə cavabdehin digər dəlillərinə (torpaq sahəsinin dövlət mülkiyyətində olması, Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış ərazidə yerləşməsi, faktiki ölçüsünün 0.4816 ha təşkil etməsi, təqdim edilmiş cizgidə istinad və məsafələrin qeydə edilməməsi) münasibətdə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Həmçinin, hazırki mübahisənin predmetini təşkil edən torpaq sahəsinin qonşuluğunda iddiaçının özünə məxsus digər torpaq sahəsi yerləşir və sözügedən torpaq sahəsi eyni məzmunlu sənədlər əsasında iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı hazırki tərəflər arasında digər inzibati məhkəmə icraatında mübahisə mövcuddur. Həmin mübahisə üzrə və hazırki mübahisə üzrə aparılmış məhkəmə araşdırmaları zamanı əldə edilmiş ekspert və mütəxəssis rəyləri ilə sözügedən torpaq sahələrinin Ələt Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşməsi və koordinatları müəyyən edilmişdir. İddiaçının tələbindən də, göründüyü kimi, onun əlavə torpaq sahəsinə dair hər hansı bir iddiası mövcud deyildir.
41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin hcəminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz.
41. Məhkəmə qeyd edir ki, hazırki halda cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da, müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri eyni məzmunlu sənədlər əsasında qeydiyyata alınmışdır. Hazırki iş üzrə əvəllki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da, iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur.
42. Digər dəlillərlə bağlı isə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüqularının qeydə alınmasına əsas verdiyinə baxmayaraq cavabdeh torpaq sahəsinin cizgisində istinadlar olmadığını bildirərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərarzi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən mərzçəkmə işləri – kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçiərinin torpaq sahəslərinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır.
43. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçilyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qayasında müəyyən etmək cavbdehin vəzifəsidir. Həmçinin yerləşmə cizgisinin tam oxunmaması və cizgidə koordinat və perimetrik ölçülərinin olmaması iddiaçının məsuliyyət sferası ilə əhatə ola bilməz. Bundan əlavə, torpaq sahələrinin koordinatları artıq iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir.
44. Digər tərəfdən məhkəmə cavabdehin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, əgər həqiqətən də iddiaçıya ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 31 nömrəli Qərarının 3.3-cü bəndində əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşahyış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikütürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müvafiq cədvəldə verilmişdir. Göründüyü kimi, qanunvericilikdə neftqazçıxarma sənayesi obyektlərindən torpaq sahəsinə minimum məsafələr müəyyən edilməsi nəzərdə tutulmamışdır. İddiaçının tələbi torpaq sahəsi ilə bağlı olduğundan sözügedən dəlilə istinad edilməsi əsassızdır.
45. Cavabdehin sözügedən torpaq sahəsinin faktiki olaraq fərqli olması barədə dəlilərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin fərq müvafiq qərar qəbul edilərkən torpaq sahəsinin ölçülməsi ilə hazırda aparılan ölçünün fərqliliyindən qaynaqlandığından və qeyd edilənlərin iddiaçının iradəsindən və müdaxilə imkanından kənar olması nəzərə alındıqda cavabdehin vurğuladığı “ölçü fərqi” iddianın əsaslılığına təsir edə bilməz.
46. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələərin həlinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
47. Göründüyü kimi, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1695/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-1299/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-1621/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-970/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarlarında da analoji mövqedən çıxış etmişdir.
49. Beləliklə yuxarıda gösərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı bir mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
50. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
52. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
53. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
54. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Ələt Bələdiyyəsinin 10 avqust 2004-cü il tarixli 08 saylı protokolundan çıxarışa əsasən Ələt qəsəbəsi, Şıxlar bağ massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 4800 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva