Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1666/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X3 oglunun Cavabdehin vəkili X2 oglunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsindən çıxarılması barədə əmrin ləğv edilməsi və iddiaçının Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsindən çıxarılması barədə əmrin ləğv edilməsi və iddiaçının Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsində işləmiş, Daxili İşlər Nazirliyinin 06 mart 2020-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Əmrdə göstərilmişdir ki, “Nərimanov RPİ PPXB-nin polis nəfəri İddiaçı 03.02.2020-ci il tarixdə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 2 nömrəli Poliklinikada “ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərək sidik nümunəsinin tərkibində morfın və barbituratlar qrupuna aid olan narkotik maddə aşkar olunaraq bu barədə 1 nömrəli akt tərtib edilmişdir. Polis serjantı İddiaçı həmin tarixdə Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələrinə aid olan Fenobarbital və tiryək qrupu alkoloidlərinə aid olan Kodein adlı alkoloid aşkar edilərək bu barədə 11.02.2020-ci il tarixli 470/k nömrəli ekspert aktı tərtib edilmişdir...”. İddiaçı 2017-ci ilin yanvar ayından Daxili İşlər orqanlarına işə qəbul olunmuş, ikinci təhsil almaq üçün həmin ildə Polis Akademiyasının qiyabi şöbəsinə daxil olmuş və hazırda 4-cü kurs tələbəsidir. İddiaçı 6 mart 2020-ci il tarixədək Bakı şəhəri Nərimanov RPİ-nin PPXB-də polis serjantı rütbəsində qüsursuz xidmət etdiyinə görə vəzifədə irəli çəkilməyi üçün 03 fevral 2020-ci il tarixdə zabit rütbəsi almaq üçün verilmiş təqdimata əsasən DİN-nin müvafiq göndərişi ilə DİN-in Tibb İdarəsinin 2 nömrəli poliklinikasında tibbi müayinədən keçmişdir. 03.02.2020ci il tarixdə DİN-nin Tibb İdarəsinin 2 N-li poliklinkasında müayinə olunarkən, məhkəməkimyəvi ekspertizadan keçərkən, eləcə də, araşdırma zamanı Daxili Təhqiqatlar İdarəsində tam səmimi izahat verərək, heç vaxt narkotik vasitə qəbul etmədiyini, yalnız 02.02.2020-ci il tarixdə baş ağrısı ilə əlaqədar evdən ona verilmiş “Pentalqin-H” dərmanı qəbul etdiyini göstərmişdir. Həmin dərmanının tərkibində olan komponentlərin insan bədənində qısa müddətdə qalması, narkotik vasitə istifadəçilərinin bədənində isə narkotik vasitənin uzun müddət qalmasının aydınlaşdırılması üçün iddiaçının təkrar tibbi müayinədən keçirilməsinə dair xahişləri təmin edilməmiş, izahatında göstərdiyi xüsusatlardan başqa hal aşkar edilməmiş, iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün valideyinləri və əlaqədar şəxslərin izahatları alınmamış, 470/K nömrəli ekspert aktının nəticələri (Fenobarbital və Kodein adlı alkoloidlər Pentalqin və sair dərman preparanların tərkibinə daxildir və tibdə geniş istifadə olunması göstərilsə də nəzərə alınmayaraq) təhrif edilərək araşdırma zamanı heç bir əsas olmadan, qanuna zidd olaraq qanunsuz dövriyyədə olan narkotik vasitə istifadə etməyi barədə saxta rəy tərtib edilmişdir ki, nəticədə bu da DİN-nin 06.03.2020-ci il tarixli əmri ilə Daxili işlər orqanlarından və Polis Akademiyasından qanunsuz olaraq xaric olunmasına səbəb olmuşdur. Bundan sonra qanunverciliyə uyğun olaraq 14 may 2020-ci il tarixli ərizəsi əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 barəsində narkotik və psixotrop maddələrin təyin edilməsinə dair məhkəmə-kimyəvi ekspertizası təyin edilərək 31 may 2020-ci il tarixli 1503/К nömrəli akt alınmışdır. 11.02.2020-ci il tarixli 470/K nömrəli ekspert aktının nəticə hissəsində ”Pentalqin-H” dərmanın tərkibində olan komponentlərin iddiaçının sidik və qan nümunələrində aşkar olunmuş fenobarbital və kodeinlə eynilik təşkil etməsi, 31 may 2020-ci il tarixli 1503/К nömrəli aktının nəticə hissəsində ondan götürülmüş qanda və sidikdə fenobarbital və kodein alkoloidlərinin, habelə hər hansı psixotrop maddələr və narkotik vasitələrin aşkar edilməməsi, 02 fevral 2020-ci il tarixdə müayinədən öncə qəbul etdiyi, izahatında göstərdiyi və 470/K N-li ekspert aktı ilə müəyyən edildiyi kimi müalicə təyinatlı tibbdə geniş istifadə olunan “Pentalqin-H” dərman preparatının olması tam təsdiq olunmuşdur. Qeyd etməlidir ki, işdən çıxarılma barədə əmr hələ də iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında ərizəyə əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən əmr iddiaçıya rəsmi qaydada təqdim edilmədiyindən iddia müddəti ötürülməmiş, ötürülmüş müddətin üzürlü sayılaraq bərpa edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi iddia tələbinə etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, sabiq polis əməkdaşı İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən təmin edilməyərək rədd olunmalıdır. Belə ki, Nərimanov RPİ PPXB-nin polis nəfəri İddiaçı 03.02.2020-ci il tarixdə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 2 nömrəli Poliklinikada “ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərək sidik nümunəsinin tərkibində morfin və barbituratlar qrupuna aid olan narkotik maddə aşkar olunaraq bu barədə 1 nömrəli akt tərtib edilmişdir. Polis serjantı İddiaçı həmin tarixdə Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələrinə aid olan Fenobarbital və tiryək qrupu alkoloidlərinə aid olan Kodein adlı alkoloid aşkar edilərək bu barədə 11.02.2020-ci il tarixli 470/K nömrəli ekspert aktı tərtib edilmişdir. Bununla bağlı DİN-in Tibb İdarəsinin rəisi Mahmud Yusifovun raportu əsasında cari ilin fevral-mart aylarında xidməti təhqiqat aparılmışdır. Xidməti təhqiqat nəticəsində qanunsuz dövriyyədə olan narkotik vasitə əldə edib ondan istifadə etdiyinə, həmçinin xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna görə Nərimanov RPİ PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı DİN-in 06.03.2020-ci il tarixli Ə247-001-20 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Qeyd olunan əmr (DİN-in 06.03.2020-ci il tarixli Ə247-001-20 nömrəli əmri) 10.03.2020-ci il tarixdə Nərimanov RPİ-nin şəxsi heyətinə elan edilərək həmin tarixdə arayışla RPİ-nin dəftərxanasında işə alınmışdır. Həmçinin bildirilir ki, sabiq polis əməkdaşı İddiaçı 2017-ci ildən 2020-ci ilədək DİO-da xidmət etmiş, xidmət dövründə mükafatlandırılmamış, 1 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. Bu baxımdan İddiaçı müəyyən edilmiş müddəti ötürərək 7 ay 20 gün sonra qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Qanunvericiliklə müəyyən olunmuş müddəti ötürdüyünə görə İddiaçı iddiasının baxılmamış saxlanılması, baxılacağı təqdirdə Daxili İşlər Nazirliyinə qarşı iddiasının rədd edilməsi haqda qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək ötürülmüş müddətin bərpa olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz edərək buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, iddiaçı tərəfindən verilmiş iddia isə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan “Nərimanov RPİ əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunması barədə” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 06.03.2020-ci il tarixli Ə247-001-20 nömrəli əmrindən görünür ki, iddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 25.05.2021-ci il tarixli məktubundan görünür ki, Nərimanov RPİ-nin Post-patrul xidməti bölüyünün sabiq polis nəfəri İddiaçı barədə 07.03.2020-ci il tarixdə DİN-in 06.03.2021-ci il tarixli Ə247-001-20 nömrəli əmri Nərimanov RPİ-yə daxil olmuş və İdarənin 10.03.2020-ci il tarixli Ə21ş/h-078-21 nömrəli əmri ilə 06.03.2020-ci il tarixdən DİO-da xidmətdən xaric edilmişdir. İddiaçı 09.03.2020-ci il tarixdə RPİ-nin Kadrlar qrupuna dəvət edilərək DİN-in müvafiq əmri ona elan edilmiş və 10.03.2020-ci il tarixdə isə keçirilmiş RPİ-nin əməliyyat müşavirəsində (14 №-li protokol) şəxsi heyətə elan olunmuşdur. DİO-da xidmətdən xaric olunması ilə əlaqədar digər sənədlər 11-16 mart 2020-ci il tarixdə İddiaçı təqdim edilmiş və müvafiq qeydiyyatlar aparılmışdir. Məktuba əlavə edilmiş 13 mart 2020-ci il tarixli təhvil-təslim vərəqəsindən görünür ki, iddiaçı Nərimanov RPİ-nin 10.03.2020-ci il tarixli Ə21ş/h-078-21 nömrəli əmri əsasında təhvil-təslim işlərinə imza etmiş, ona aid olan 173885 nömrəli əmək kitabçasını 13 mart 2020-ci il tarixdə Nərimanov RPİ-nin Kadrlar qrupundan təhvil almış, 13 mart 2020-ci il tarixdə qəbzi imzalamaqla SX seriyalı № ******* saylı hərbi biletini almış və 7 gün müddətində Nərimanov Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə getməyinin zəruriliyi ona izah olunmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər. Hazırki işdə iddiaçı inzibati orqanın bundan 7 ay əvvəl onun barəsində qəbul etdiyi əmrin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Beləliklə, iş üzrə iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, əmr ona rəsmi təqdim edilmədiyindən bu səbəbdən də məhkəməyə müraciət etmək üçün imkanının olmaması ilə əlaqədar iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi inzibati aktdan şikayət müddəti həmin aktın təqdim, eləcə də elan olunmasından sonra, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın isə təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 7 ay müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı əmr ona elan olunmaqla və təhvil-təslim sənədlərinə imza etməklə tanış olduğundan, mübahisələndirilən qərar üzrə qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddəti həmin vaxtdan başlayır və iddiaçı həmin müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçının ərizəsində göstərilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Ona görə də qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1666/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1666/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver