Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1667/2020 02.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə” iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, sonradan həmin iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Dağlıq Qarabağ və onun ətrafında gedən döyüşlərdə 1988-ci ilin mart ayından 1994-cü ilin sonuna kimi könüllü olaraq iştirak etmiş və bir neçə dəfə yaralanmışdır. Yaşadığı Kərki kəndi ermənilər tərəfindən işğal edilmişdir. Həmin dövrdə Kərki kəndinin müdafiəsi üçün səfərbərlik elan edilmiş, könüllülər və polis əməkdaşları tərəfindən həmin kəndin düşməndən müdafiəsi təşkil edilmişdir. İddiaçı, o cümlədən, Naxçıvan Muxtar Respublikasında Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Dövlət Milli Müdafiə Komitəsi yaradıldıqdan sonra yenidən döyüşlərdə iştirakını davam etdirmişdir. İddiaçının döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən bir çox sənədlər mövcuddur, həmçinin, ona məxsus hərbi biletdə Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə əlaqədar qeydiyyat da aparılmışdır. İddiaçı ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, lakin cavabdehin inzibati orqanın cavab məktubu ilə onun könüllü özümüdafiə dəstələrində iştirak etməsini təsdiq edən sənədlərinin olmadığı əsas gətirilməklə ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsində 1988-ci ilin mart ayından 1994-cü ilin sonuna kimi Naxçıvan Muxtar Respublikasının Sədərək və Kərki kəndlərinin müdafiəsində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikasında erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak etməsini bildirsə də, bu barədə hər hansı yerli icra hakimiyyətinin siyahısının və ya arayışının (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə) təqdim etməmişdir. Hesab edilir ki, İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə yerli icra hakimiyyətinin arayışı olmadığından (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə iddia tələbi təmin edilə bilməz. Sonda iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş cavabdehin etirazına qarşı yazılı münasibətində qeyd edilmişdir ki, o, 1988-ci ilin mart ayından etibarən döyüşlərdə iştirak etmişdir. Bunu təsdiq edən ilkin sənəd Azərbaycan KP İliç rayon Komitəsinin Kərki kəndində növbə ilə kəndin mühafizəsini təşkil edən (kənd sakinləri – özümüdafiə dəstələri ilə birlikdə polis dəstələri) nümayəndələri tərəfindən verilən aktdır. Digər sənəd Azərbaycan KP İliç rayon Komitəsi tərəfindən Azərbaycan Respublikasının Baş Nazirinə ünvanlanan arayışdır. Başqa bir sənəd ona məxsus hərbi biletdir ki, həmin biletdə də iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi faktı təsdiqini tapır. Növbəti sənəd Naxçıvan Muxtar Respublikasının veteranlar təşkilatı tərəfindən verilən vəsiqədir. Həmin vəsiqə döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüşlərdə iştirak edən şəxslərə verilirdi. Bundan əlavə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşan 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında yaradılan Milli Ordunun Sədərək rayon regional qərargah komandiri tərəfindən verilən və notarial qaydada təsdiqlənmiş ərizə iddiaçının həmin illərdə yaralanmağını və döyüşlərdə iştirak etməsini bildirir. Sədərək rayon regional qərargahın vəzifəli şəxsi və döyüş yoldaşları tərəfindən təsdiq edilmiş və onların birlikdə vuruşmağını təsdiqləyən ərizə də vardır. Sonda cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara və cavabdehin etirazına qarşı yazılı münasibətində qeyd edilənlərə uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Y-9954 saylı, xx.xx.2019-cu il tarixli arayışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumatlarına əsasən xx xxxx 1954-cü ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur; - İddiaçıya məxsus olmaqla notarial qaydada təsdiq edilmiş ГE seriyalı, 134722 saylı hərbi biletin 11-ci bölməsində göstərilmişdir ki, “Sədərək rayonunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir” (imza var: Sədərək rayon Hərbi komissarı); - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli sorğusuna cavab olaraq, Naxçıvan Muxtar Respublikası Sədərək rayon İcra Hakimiyyətindən məhkəməyə ünvanlanmış 85 saylı, xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Sədərək rayonunun Kərki kəndi ərazisində gedən döyüşlərdə iştirakı haqqında heç bir məlumat yoxdur. Əsas: Sədərək rayon Dövlət Arxivinin 04 dekabr 2019-cu il tarixli, 09 nömrəli arayışı; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Xidmətin Aparatı Nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Belə ki, toplanmış sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özümüdafiə dəstələrinin tərkibində iştirakı təsdiqləyən sənədlər olmadığı üçün müharibə veteranı adının və vəsiqəsinin verilməsi mövcud qanunvericliyin tələblərinə əsasən mümkün deyil. İş materiallarına həmçinin, notarial qaydada tərtib və təsdiq edilmiş ərizələr, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi tərəfindən verilmiş 6098 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti, Azərbaycan Dövlət Milli Müdafiə Komitəsi, keçmiş 2 nömrəli zastava rəisi Lətif Usubov tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş şahidlik ərizəsi, Azərbaycan KP İLİÇ rayon Komitəsi tərəfindən 14 fevral 1990-cı il tarixli arayışın, AA seriyalı 109561 saylı məcburi köçkün vəsiqəsinin, Naxçıvan Muxtar Respublikası Kəngərli rayon İcra Hakimiyyəti Kərki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 51 saylı, xx.xx.2019-cu il tarixli arayışının və digər sənədlərin surətləri də əlavə edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim etdiyi sənədlərə SHXÇDX-nin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nda baxılmış və könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün ona “Müharibə veteranı” vəsiqəsinin verilməsi tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 iyul 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edildiyi halda yuxarıda qeyd edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Lakin iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə yetəri sübutlar mövcud deyildir. Belə ki, iddiaçıya məxsus hərbi biletdə onun Sədərək rayonunda gedən döyüşlərdə könüllü olaraq iştirak etməsi barədə qeyd olsa da, əlavə olaraq hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilmədiyindən, həmçinin Sədərək rayonunun Kərki kəndi ərazisində gedən döyüşlərdə iştirakı haqqında heç bir məlumat əldə edilmədiyindən iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1667/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1667/2020
02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver