Məhkəmə qərarları › İş №2-1(112)-1667/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1667/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1667/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək,onun 1970-ci ilin sentyabr ayından 2006-cı ilin yanvar ayına kimi əmək stajının təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı 28.10.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6360/2020 saylı 28.10.2020-ci il tarixli qəradadı ilə iddiaçının, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizəsi icraata qəbul edilmiş, iş üzrə əsl olmayan cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” əsl cavabdeh “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı” ilə əvəz edilmişdir. İddiaçı son olaraq 06.05.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 01.09.1970-ci ildən 29 iyun 1974-cü ilədək təhsil müddəti, 29 iyun 1974-cü ildən 04.12.1974-cü ilədək Ağdam rayonu Şaumyan adına sovxozda işlədiyi dövr, 12.12.1974-cü ildən 22.12.1976-cı ilədək hərbi xidmət müddəti, 22.12.1976-cı ildən 01.09.1981-ci ilədək Ağdam rayonu Şaumyan adına sovxozda, 01.09.1981-ci ildən 23.07.1993-cü ilədək Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim işlədiyi dövr, 23.07.1993-cü ildən 01.01.2006-cı ilədək Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim kimi əmək haqqı saxlanıldığı dövr sosial sığorta stajına daxil edilməklə və mövcud pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1667/2021 saylı 06.05.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə məlum hadisələrlə bağlı Ağdam rayonundan məcburi köçkün düşmüş və məcburi köçkün kimi ünvan 1 ünvanda məskunlaşmışlar. O, uzun müddət təhsil sistemində çalışmış, 50 illik iş stajı var. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, Qarabağ müharibəsi veteranıdır. 1970ci ildə Şelli sovxozunun göndərişi ilə X5 Mexanikləşdirmə və Elektrikləşdirmə Texnikomuna daxil olmuş, 1974-cü ildə texnikumu qurtarıb sovxozda işlə təmin olunmuş. Əmək kitabçasında texniki olaraq hərbi xidmətdən qayıdıb işlə təmin olunmağı 1976-cı ilin dekabrın 24-ü əvəzinə, 4-ü dekabr yazılıb. Həmin dövr kadrlar şöbəsi çox yaşlı adam olduğu üçün texniki səhv buraxıb. Bu günə kimi o da həmin səhvə diqqət yetirməmiş. İmtina edirlər ki, o eyni vaxtda 2 yerdə işləmiş, yəni qanunsuzluq etmiş, dövlət qanununu pozmuşdur. Dövlət tapşırığı olub, partiya tapşırığı olub, o da işləmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi FilialıAzərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də məcburi şərt kimi “mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmələri” əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur. Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Məlum olduğu kimi, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Belə ki, iddiaçının əmək kitabçasında aparılan qeydlərin uyğunsuzluğu, xronoloji ardıcıllığın pozulması, ümumilikdə şübhəli məqamların mövcudluğu kitabçanın əmək stajı kimi sübutedici rolunu heçə endirir. 1. Hərbi biletdə qeyd edilən hərbi xidməti başa vurma tarixi ilə Sovxozda əmək fəaliyyətinə başlama tarixi arasında ziddiyyətin olması; 2. “Şelli” kənd orta məktəbində fəaliyyət müddəti ilə Sovxozda olan əmək fəaliyyət müddəti üst-üstə düşməsi; 3. Əmək kitabçasında 04.09.1990-cı il qeydindən sonra 01.09.1981-ci il qeydinin mövcud olması. Göstərilənlərə əsasən iddiaçının əmək kitabçasında mövcud olan ziddiyyətli və şübhəli məqamlara görə nəinki sığorta stajını nəzərə almaq həmçinin əmək kitabçası üzrə iddiaçıya pensiya təyinatı aparılması və ya pensiyanın yenidən hesablanması mümkünsüzdür. Buna baxmayaraq’ “Əmək pensiyaları haqqında” qanunvericiliyin mütərəqqi müddəalarından yararlanaraq iddiaçıya əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı aparılmış, 01.01.2006-cı il tarixinədək 25 il sığorta stajı və 01.01.2006-cı il tarixindən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış 10489,61 manat pensiya kapitalı nəzərə alınaraq 201,54 manat məbləğində pensiya hesablanmışdır. İş üzrə şifahi məhkəmə baxış iclası 06 may 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi R.Kazımov iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZE № ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1955-ci ildə doğulmuşdur, Ağdam rayonunun Qasımlı kəndində qeydiyyatdadır. -Seriya AA № 120467 saylı vəsiqənin surətindən aydın olur ki, İddiaçı məcburi köçkündür. -Щ № 016512 saylı diploma əsasən İddiaçı 1970-ci ildə Azərbaycan CCR k/m nazirliyinin Ağdam k/m mexanikləşdirmə və elektrikləşdirmə texnikumuna daxil olmuş və 1974-cü ildə k/m mexanikləşdirmə ixtisası üzrə tam kursu bitirmişdir 29 iyun 1974-cü il tarixli qərarı ilə ona k/m texnik-mexanik ixtisası verilmişdir. İşdə olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı: -06.05.1974-cü il tarixdə Ağdam rayonu Şaumyan adına sovxozun avto-traktor parkına fəhlə qəbul edilmiş. 04.12.1974-cü il tarixdə hərbi xidmətə getdiyi üçün sovxozdan azad edilmiş. 04.12.1976-cı il tarixdə hərbi xidmətdən qayıtdığı üçün sovxoza çilingər qəbul edilmiş. 24.03.1978-ci il tarixdə Şaumyan adına üzümçülük sovxozuna ştat cədvəli əsasında mühəndis keçirilmiş. 14.03.1987-ci il tarixdə vəzifəsi ixtisara düşdüyü üçün ərizəsini nəzərə alaraq traktor parkına çilingər keçirilmiş. 01.02.1988-ci il tarixdə Sovxozun çilingərliyindən azad edilib sovxozun avtotraktor parkına avtomexanik keçirilmiş. 05.09.1989-cu il tarixdə Sovxozun avtoparkına avtomexanik vəzifəsindən azad edilmiş. 08.09.1989-cu il tarixdə Sovxozun avtoparkına çilingər təyin edilmiş. 02.04.1990-cı il tarixdə Sovxozun maşin-traktor parkına matarist keçirilmiş. 04.09.1990-cı il tarixdə Ərizəsinə əsasən sovxozun matarist-çilingər vəzifəsindən azad edilmişdir. 01.09.1981-ci il tarixdə Ağdam rayon Şelli kənd orta məktəbinə ixtisası üzrə müəllim vəzifəsinə qəbul edilmiş. 29.08.2019-cu il tarixdə Əmək məcəlləsinin 69.1 maddəsinə əsasən Şelli kənd orta məktəbin müəllimliyindən azad edilmişdir. 15.08.2019-cu il tarixdə Dövlətqaçqınkom Mənzil İstismar Departamentinin Sabunçu rayon Mənzil Kommunal İstismar sahəsinə xarrat-rəngsaz işinə təyin edilmişdir. 01.04.2020-ci il tarixdə Sabunçu rayon Mənzil Kommunal İstismar sahəsində fəhlə işinə keçirilmişdir. -ВП № 048129 nömrəli hərbi biletdən görünür ki, İddiaçı 12.12.1974-cü ildən 22.12.1976-cı ilədək hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 23.06.2020-ci il tarixli **********3 saylı məktubun surətindən görünür ki, təqdim edilmiş sənədlərə əsasən 22.12.1976-ci ildə hərbi xidməti başa vurduğu halda əmək kitabçasında 04.12.1976-ci ildə işə qəbul olmaq haqqında əmr qeyd olunmuşdur. Əmək kitabçasında olan ziddiyyətin aradan qaldırılması üçün 06.05.1974-cü ildən 23.07.1993-cü ilədək olan iş stajının təsdiq olunması üçün məhkəməyə müraciət etməyi xahiş olunmuşdur. -Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağdam rayon təhsil şöbəsi tərəfindən verilmiş 29.08.2019-cu il tarixli № 16 saylı arayışından görünür ki, orta məktəbin sabiq müəllimi İddiaçı 01 sentyabr 1981-ci ildən 31 dekabr 1993-cü ilə kimi Şelli kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. 01 yanvar 1994-cü ildən Nazirlər Kabinetinin 181 nömrəli qərarına əsasən 01 yanvar 2017-ci il tarixə qədər orta aylıq əmək haqqı almaqla 01 yanvar 2017-ci il tarixdən 29 avqust 2019-cu il tarixə kimi əmək stajı saxlanılmışdır. -Ağdam rayon Təhsil Şöbəsi üzrə 29.08.2019-cu il tarixli № 67 saylı əmrin surətindən görünür ki, İddiaçı Əmək məcəlləsinin 69.1 maddəsinə əsasən Şelli kənd orta məktəbin müəllimliyindən azad edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 18 avqust 2020-ci il tarixli № **********1 imtina məktubundan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş əmək kitabçası və hərbi bilet arasında, həmçinin əmək kitabçasında qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar və şübhəli məqamlar mövcuddur. Belə ki, hərbi biletdə qeyd edilən hərbi xidməti başa vurma tarixi ilə “Şelli” üzümçülük sovxozunda əmək fəaliyyətinə başlama tarixi arasında ziddiyət vardır. Həmçinin, “Şelli” kənd orta məktəbində fəaliyyət müddəti ilə “Şelli” üzümçülük sovxozunda olan fəaliyyət müddəti üst-üstə düşür. Ağdam rayon təhsil şöbəsinin və “Şelli” üzümçülük sovxozunun 23.07.1993-cü ilədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal olunmuş ərazilərdə qaldığından 06.05.1974-cü ildən 23.07.1993-cü ilədək olan iş stajının yoxlanılması mümkün deyildir. Ağdam rayon təhsil şöbəsinin 23.07.1993-cü ildən 01.01.2006-cı ilədək olan dövrünün dondurulmuş əmək haqqı cədvəllərinin yalnız 2001- 2005-ci il dövrləri üçün olan hissəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam rayon filialına təhvil verilmişdir,Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi QAYDALARının 3.2.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənir.Qeyd edilənləri nəzərə alaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq təyin olunmuş pensiya məbləğinin yenidən hesablanması üçün sığorta stajının məhkəmə qaydasında təsdiq edilməsi və daha sonra pensiya məbləğinin hesablanması üçün zərurisənədlərlə birlikdə yenidən müraciət etməyi məqsədəmüvafiq hesab olunmuşdur. -İddiaçı səhiyyə kitabçasından görünür ki, iddiaçı 1983-cü ildə Şelli kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi vaxtda bir necə dəfə həkim yoxlanışından keçmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialı tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli № 37 saylı arxiv arayışından görünür ki, Ağdam rayon DövlətArxivində saxlanılan Ağdam rayon Təhsil şöbəsinin arayış xarakterli arxiv sənədlərinə əsasən İddiaçı məktəbdə müəllim işləmiş və 2001-ci il üzrə aylıq əmək haqqısı 121812 manat, 2002-ci il üzrə aylıq 121812 manat, 2002-cü il üzrə aylıq əmək haqqısı 197718 manat, 2004-cü il üzrə 254000, 2005-ci il üzrə aylıq əmək haqqısı 263000 manat təşkil etmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 02 oktyabr 2020-ci il tarixli № ********** saylı məktubundan görünür ki, vətəndaş İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə uyğun olaraq 10.06.2020-ci il tarixindən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı aparılarkən 01.01.2006-cı il tarixinədək 25 il sığorta stajı və 01.01.2006-cı il tarixindən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış 10489,61 manat pensiya kapitalı nəzərə alınaraq 201,54 manat məbləğində pensiya hesablanmışdır. -Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi 15.01.2021-ci il tarixli № 09-09-03/12 saylı məktub ünvanlananaraq qeyd edilmişdir ki, Ağdam rayon Təhsil Şöbəsindən aldıqları məlumata əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Şelli kəndi işğal olunduğuna İddiaçı əmək kitabçası və əmək stajının hesablanması üçün zəruri olan sənədlər işğalçı ordu tərəfindən məhv olunmuşdur. Qeyd edilənlərin nəzərə alaraq İddiaçı Ağdam rayonu Şelli kənd tam orta məktəbində müəllim vəzifəsində işləyib-işləməməsi barədə məlumatın təqdim edilməsinin mümkün olmaması qeyd edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13 noyabr 2020-ci il tarixli № **********8 saylı xidməti məktubundan görünür ki, vətəndaş İddiaçı yaşa görə əmək pensiyası 2006-cı ilə qədər 25 il ümumi iş stajı olmaqla 18532,68 manat pensiya kapitalı və 2006-cı ildən sonra 11 il sığorta stajı olmaqla 10489.61 manat pensiya kapitalı (SH=72,84 manat) nəzərə alınaraq hesablanmış və 201,54 manat məbləğində təyin edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxs tərəfindən İddiaçı ünvanladığı 20 iyul 2020-ci il tarixli № **********7 saylı məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı il 1 yanvar tarixinədək olan dövr üçün şəxslərin sığorta stajına, 2006-cı il 1 yanvar tarixindən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir.Araşdırma məlumatına əsasən, 2006-cı ilin 1 yanvar tarixinədək 25 il iş stajının və 2006-cı ilin 1 yanvar tarixindən fərdi hesabınıın sığorta hissəsində toplanmış 10489.61 manat pensiya kapitalı nəzərə alınmaqla avtomatlaşdırılmış qaydada təyin edilmiş yaşa görə əmək pensiyasın məbləği 201.54 manat təşkil edir.Təqdim olunmayan əlavə əmək stajı vardırsa müvafiq sənədlərlə qeydiyyatda olduğu ərazi üzrə DOST və ya ASAN Xidmət Mərkəzləri vasitəsilə Fondun yerli orqanına müraciət etməyi məqsədəmüvafiq olduğu qeyd edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 19yanvar 2021-ci il tarixli № **********6 saylı məktubundan qeyd edilmişdir ki,yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Son dövrlər ölkəmizdə pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsi, pensiya təyinatı prosesinin sadələşdirilməsi və s. istiqamətlərdə mühüm əhəmiyyətə malik tədbirlər həyata keçirilmiş, effektiv mexanizmlər formalaşdırılmışdır. Belə ki, 2019-cu il 1 yanvar tarixindən etibarən sığortaolunanlara əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmış, təkcə 2019-cu ildə əmək pensiyalarının minimum məbləği ümumilikdə 72,4% artırılaraq 200 manata çatdırılmış, 01.01.2020-ci il tarixdən isə əmək pensiyalarının sığorta hissəsi 16,6 faiz indeksləşdirilmiş və nəticədə pensiyaların orta aylıq məbləği 300 manata yüksəldilmişdir.01.01.2006-cı il tarixədək 25 il sığorta stajı və fərdi şəxsi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixdən 10.06.2020-ci il tarixədək toplanmış 10489,61 manat pensiya kapitalı nəzərə alınmaqla hüququ yarandığı 10.06.2020-ci il tarixdən etibarən 201,54 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilərək müvafiq bank hesabına köçürülür. Belə ki, təqdim edilmiş sənədlərə əsasən hərbi xidmətdən buraxılma tarixi 22.12.1976-cı il göstərildiyi halda, kolxozda işə qəbul olunma tarixi 18 gün əvvəl yəni 04.12.1976-cı il qeyd olunmuşdur. Beləliklə, müvafiq iş stajı ilə hərbi xidmətdən buraxılma müddəti eyni dövrə təsadüf etdiyindən pensiyanın yenidən hesablanmasında nəzərə alınmamışdır. Təqdim edilmiş əmək kitabçasında və hərbi biletdəki qeydlər arasında uyğunsuzluqlar mövcuddur və qeyd olunan uyğunsuzluqların qarşılıqlı yoxlanılıb təsdiq olunması sənədlərin vaxtı ilə işğal olunan ərazilərimizdə qalması səbəbindən mümkün olmamışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsindəsənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanunu qüvvəyə minmiş qərarı ilə təsdiqlənir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən daxil olmuş 01 mart 2021-ci il tarixli № **********4 saylı məktubundan görünür ki, İddiaçı (FİN: xxxxxxx, Pensiya hesab nömrəsi: 818961) əmək kitabçasında qeyri-dəqiqlik olduğu üçün 1970-2006-cı illər üzrə stajının təsdiqlənməsi mümkünsüz olmuşdur. Məhkəmə tərəfindən həmin illər sığorta stajına daxil edilsə ona təyin olunmuş pensiya məbləği 261.27 manat, 11.4% indeksassiyadan sonra isə 291.05 manat olacaqdır (indiki əmək pensiyası məbləği 224.52 manatdır). İddiaçının əmək pensiyası hüququnun yarandığı 10.06.2020-ci il tarixdə pensiya kapitalının məbləği 10489.61 manat olmuşdur. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1955-ci ildir, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsinin tələblərinə uyğun olaraq 10.06.2020-ci il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək kitabçasında qeyd edilən staj illərinin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin inzibati orqan əmək kitabçasındakı qeydlər arasında uyğunsuzluqlar olduğundan, müraciətdən imtina etmişdir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyəti: İddia mahiyyəti etibarilə əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. İnzibati işdən aydın olduğu kimi, iddiaçının müraciəti əsasında 10.06.2020-ci il tarixində ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman iddiaçının 01.01.2006cı ildən sonra pensiya kapitalı nəzərə alınmaqla, 01.01.2006-ci ilədək 25 il sığorta stajı götürülərək avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyinatı aparılmışdır. İddiaçı əsaslı olaraq əmək kitabçasında qeydlərin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edir. Məhkəmə araşdırması zamanı əmək kitabçasındakı hansı qeydlərin pensiya təyinatında nəzərə alınmadığı, hansı dövrün mübahisələndirildiyi ilə bağlı müvafiq sorğular göndərilmiş, cavabdeh inzibati orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq İddiaçı əmək kitabçasında qeyri-dəqiqlik olduğu üçün 1970-2006-cı illər üzrə stajın təsdiqlənməsinin mümkünsüz olduğu bildirilmişdir. Beləliklə, Məhkəmə tərəfindən 1970-2006-ci illər üzrə əmək stajının pensiya təyinatı zamanı nəzərə alınmalı olub-olmaması araşdırılır. İddiaçı sübut qismində ali təhsil haqqında diplomu, əmək kitabçasını, partiya biletini, hərbi bileti təqdim etmişdir. İş materiallarına əlavə edilmiş diplomun surətindən görünür ki, iddiaçı 1970- 29 iyun 1974-cü illərdə iddiaçı Ağdam k/t mexanikləşdirmə və elektrikləşdirmə texnikumunda təhsil almışdır. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçının təhsil aldığı dövrün qanunvericiliyinə görə, həmin dövr artıq onun əmək stajı hesab edilir. Əmək kitabçasından görünür ki, iddiaçı 6 may 1974-cü ildən Ağdam rayon Şaumyan adına sovxozda işləməyə başlamış, 04 dekabr 1974-cü ildə hərbi xidmətlə əlaqədar olaraq sovxozdan çıxmışdır. Təhsil müddəti 1974-cü il 29 iyunadək davam etdiyindən sovxozdakı əmək fəaliyyəti 1974-cü ilin iyunun 29-dan götürülməlidir. İddiaçı 12.12.1974-cü ildən 22.12.1976-cı ilədək hərbi xidmət keçmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Əmək kitabçasından görünür ki, iddiaçı hərbi xidməti başa vurduqdan sonra da həmin sovxozda fəaliyyətə başlamışdır. Cavabdehin əsas imtina səbəbi iddiaçının hərbi xidmət müddətinin 12 dekabr 1974-22 dekabr 1976-cı il (hərbi biletdəki qeydlər) olmasına baxmayaraq, sovxozda işə girməsinə dair əmrin 04 dekabr 1974-cü ilə aid olması ilə bağlıdır. Belə olan halda arxiv məlumatları da mövcud olmadığından, cavabdeh iddiaçının sovxozdakı əmək fəaliyyətini ümumiyyətlə nəzərə almamış, qeydlərin mötəbərliyinə şübhə ilə yanaşmışdır. İlk olaraq nəzərə alınmalıdır ki, iddiaçı Ağdam rayonundan məcburi köçkün olmuş, onun işlədiyi dövrlə bağlı arxiv sənədləri işdə olan arxiv arayışlarına görə işğal altında qalmışdır. Lakin iddiaçının əmək haqqı almasına dair partiya bileti mövcuddur. İş materiallarına əlavə edilmiş komsomol bileti və partiya biletinin surətindən görünür ki, iddiaçı 1975-1991-ci illər arasındakı dövrlərdə əmək fəaliyyəti ilə məşğul olaraq əmək haqqı almış, aldığı əmək haqqına uyğun olaraq üzvlük haqqı ödəmişdir. Belə olan halda iddiaçının əmək kitabçasındakı qeydlərdə mövcud texniki səhv, həmin dövrlərin qarşılıqlı yoxlanılmasının mümkünsüzlüyü iddiaçının həmin dövrlərdə işləməməsi mənasını verməməlidir. İddiaçının digər əmək fəaliyyəti 01 sentyabr 1981-ci ildən başlayaraq Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim işləməsi ilə bağlıdır. Buna dair qeydlər həm əmək kitabçasında, həm də Ağdam rayon Təhsil Şöbəsi tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. Cavabdeh iddiaçının 1981-1993-cü illərdə Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim işləməsinə dair qeydlərə də şübhə ilə yanaşmış, qarşılıqlı yoxlanılmasının mümkün olmaması səbəbindən həmin dövrləri sığorta stajı kimi nəzərə almamışdır. Lakin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında Qərarı iddiaçıya da tətbiq edilmiş, məcburi köçkün kimi 01 yanvar 2017-ci il tarixə qədər orta aylıq əmək haqqı saxlanılmışdır. Bu hal da onu sübut edir ki, iddiaçı işğaldan əvvəlki dövrdə müəllim vəzifəsində çalışmış, özündən asılı olmayaraq iş yerindən məhrum olduğu üçün ona orta aylıq əmək haqqı ödənilmişdir. İşğaldan sonrakı dövrdə əmək haqqı, 2001-2005-ci illərdə Şelli kənd orta məktəbinin müəllim kimi əmək haqqı almasını nəzərə alan inzibati orqan Ağdam rayonunun 23 iyul 1993-cü ildə işğal edildiyini, 1993-cü ildən sonra Şelli kənd orta məktəbinin faktiki fəaliyyət göstərmədiyini nəzərə almadan arxiv sənədlərinin mövcud olmaması bəhanəsi ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Nəzərə almamışdır ki, iddiaçının 1993-cü ildən sonrakı dövrdə Şelli kənd orta məktəbinin müəllimi kimi əmək haqqı alması, onun əvvəlki dövrlərdə həmin məktəbdə müəllim işlədiyi üçün mümkün olmuşdur. “İnzibati icraat haqqında” Qanunun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-ci maddəsinə görə inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası və partiya bileti mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasında texniki səhvdən başqa orda olan məlumatların və partiya biletində olan məlumatın həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, iddia tələbi təmin edilməli, iddiaçının əmək pensiyası əmək kitabçasındakı qeydlər təhsil müddəti, hərbi xidmət müddəti və pensiya karitalı ilə birlikdə nəzərə alınmaqla yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı 01.09.1970-ci ildən 29 iyun 1974-cü ilədək təhsil müddəti, 29 iyun 1974-cü ildən 04.12.1974-cü ilədək Ağdam rayonu Şaumyan adına sovxozda işlədiyi dövr, 12.12.1974-cü ildən 22.12.1976-cı ilədək hərbi xidmət müddəti, 22.12.1976-cı ildən 01.09.1981-ci ilədək Ağdam rayonu Şaumyan adına sovxozda, 01.09.1981-ci ildən 23.07.1993-cü ilədək Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim işlədiyi dövr, 23.07.1993-cü ildən 01.01.2006-cı ilədək Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim kimi əmək haqqı saxlanıldığı dövr sosial sığorta stajına daxil edilməklə və mövcud pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar