Məhkəmə qərarları › İş №2-1(112)-1668/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1668/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1668/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququnun pozulması ilə əlaqədar ona dəymiş ziyanla bağlı kompensasiya məbləğinin müəyyən edilməsi və cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiləşdirilməsinə dair ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən mənzilin 1/16 hissəsinə mülkiyyət hüququnun pozulması ilə əlaqədar İddiaçı dəymiş ziyanla bağlı kompensasiya məbləğinin müəyyən edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış yeri Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun qeydəalma vəsiqəsi əsasında mülkiyyətinə verilmişdir. Sonradan Neftçala rayonuna köç etməsilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.7-ci maddəsinə müvafiq olaraq öz əmlakından istifadə etməmiş və bu hal əmlakın iqtisadi dəyərinə zərər vurmadan və ictimai mənafelərə qəsd etmədən 2014-cü ilə qədər davam etmişdir. Əmlakından istifadə etməsə də, əmlak hüquqlarından irəli gələn vergi və digər ödənişlər tərəfindən vaxtı-vaxtında ödəmişdir. 2014-cü ildə “Qış Parkı”nın salınması ilə əlaqədar sözügedən ünvanda yerləşən, ona məxsus yaşayış yeri Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş, ancaq cavabdehin bəhs olunan söküntü işləri ilə əlaqədar sökülməsi planlaşdırılan mənzillərin mülkiyyətçi və sahiblərinə ödəniləcək kompensasiya ilə bağlı onunla hər hansı razılaşma əldə etməmişdir. Beləcə, mülkiyyət hüququ sonuncunun qanunsuz hərəkətləri nəticəsində pozulmuş, qeyri-hüquqi yolla əmlakından məhrum olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə sorğusu əsasında müəyyən edilmişdir ki, ona məxsus yaşayış yeri Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin bir sıra rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərar əsasında sökülmüş, bununla belə mənzil mülkiyyətçisi kimi iddiaçının hüquqları pozulmaqla onunla kompensasiya barədə heç bir razılaşma əldə edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan yaşayış yerinin sökülməsi ilə əlaqədar kompensasiya məbləği hesablanmalı və xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, iddia tələbi iddia ərizəsinin məzmununa uyğun oaraq Bakı şəhər İcra Hakimiyyətinə münasibətdə yolverilməzdir. Belə ki, iddiaçı iddia ərizəsində ona məxsus yaşayış sahəsinin Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən söküldüyünü qeyd etsə də, kompensasiyanın Bakı Şəhər İcra Hakimiyyətindən tutulmasını xahiş edir. Cavabdeh hesab edir ki, iddia tələbi Bakı şəhər İcra Hakimiyyətinə münasibətdə qeyri mümkün hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində subyektiv hüquqlarının pozulduğunu hesab edir və ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsini tələb edir. Mübahisə publik xarakterli olduğundan işə inzibati məhkəmə icraatı qaydasında baxılmaldır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasıyaların ödənilməsi lələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı hazırkı tələbi ilə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladığı məqsədə nail ola bilmədiyindən cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia tələbinə cavab verməli olan şəxsin Bakı Şəhər İcra Hakimiyyəti olmaması əsası ilə iddianın mümkün sayılmaması ilə bağlı cavabdehin etirazındakı dəlillərə münasibətdə bildirir ki, işin araşdırılan halına görə paylı mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olmuş yaşayış sahəsinin sökülməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhərinin Baş Planın icrasının təmin edilməsi ilə əlaqədar Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X4, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi haqqında” 30 dekabr 2010-cu il tarixli, 514 nömrəli Sərəncamının icrası ilə əlaqədar həyata keçirilmişdir. Belə olan halda, iddia tələbi də düzgün olaraq Bakı Şəhər İcra Hakimiyyətinə qarşı yönəlmişdir. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə, məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarda bildirilmişdir ki, Bakı şəhəri, keçmiş 26 Bakı Komissarı adına rayonun Dmitrov küçəsi (hazırda Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi) 61 ünvanında yerləşən və xüsusi mülkiyyətinizdə olan tikilinin (mülkün) Sizinlə razılaşma əldə edilmədən sökülməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə müraciətinizdə qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və nəticəsi barədə Sizə məlumat verilməsi üçün tərəfimizdən Nəsimi Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə məktub göndərilmişdir. -Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının ona məxsus mənzilin onunla razılaşdırılmadan sökülməsi ilə müraciətinə baxılaraq, həmin əraziyə xidmət göstərən 41 saylı MKİS-in arayışına əsasən Ş.Bədəlbəyli küçəsi, 61 saylı ünvanın 2011-ci il tarixdə sökülərək yerində “Qış Parkı”nın salındığı, bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının ona məxsus mənzilin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsi barədə Bakı şəhər İcra Hakimiyyətindən daxil olmuş müraciətinə baxılmış bildirilmişdir ki, Bakı şəhər Mənzil- Kommunal təsərrüfatı Departamenti tərəfindən ünvan 9 ünvanı üzrə köçürmə işlərinin həyata keçirilməmişdir. -Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun 196 nömrəli kitabının 10492-ci səhifəsində qeydiyyatdan keçmiş Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən 15 may 1980-cı il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 10 ünvanda yerləşən evin 1/16 hssəsinə X1 mülkiyyətində olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq sorğu ilə məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, ev 61-in arxiv qovluğunda saxlanılan sənədlərə əlavə edilmiş: -Azərbaycan SSR Nəsimi Xalq Məhkəməsinin 2-293/1980 saylı 04 fevral 1980-cı il tarixli qərarının surətindən görünür ki, X2 ünvan 10 ünvanda yerləşən evin 1/16 hissəsinin vərəsəlik üzrə mülkiyyətçisi və idarəedəni qismində tanınmışdır. Qərar 14 fevral 1980-ci il tarixdə qanuni qüvvəyə minmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində yerləşən 0.02052 hektar torpaq sahəsi üzərində inşa edilmiş A, B, Q, V literli, ümumi sahəsi 199.8 kv.metr, yaşayış sahəsi 125,3 kv.m olan 61 nömrəli fərdi yaşayış evinin 1/16 hissəsi X1 mülkiyyətində olmuşdur. Məhkəmənin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 514 nömrəli, 30 dekabr 2010cu il tarixli, “Bakı şəhərinin Baş Planın icrasının təmin edilməsi ilə əlaqədar Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X4, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi haqqında” Sərəncamının təsdiq edilmiş surəti əlavə edilməklə, həmin sərəncamın icrası ilə bağlı görülmüş işlər barəsində məlumat verilməsi, habelə Şəmsi Bədəlbəyli küçəsi 61 ünvanında aparılmış söküntü işləri ilə bağlı həmin ünvana dair hər hansı şəxsə kompensasiyanın ödənilməsi barədə məlumatların verilməsi barədə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən verilmiş 27 may 2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 514 saylı Sərəncamına əsasən, Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X4, Mirzə İbrahimov küçələrin əhatəsində olan ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri hüquqmüəyyənedici sənədlər əsasında notariat qaydada rəsmiləşdirilmə aparılmaqla vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinin hər kv.metri üçün 1500 (bir min beş yüz) manat məbləğində vəsaitin əmlak sahibləri tərəfindən bankdan əldə etməsi yolu ilə qeyd edilən sərəncamla yaradılmış komissiya tərəfindən aparılmış, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 61 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar ümumi sahəsinin hər kvadrat metri üçün 1500 manat olmaqla əmlak sahiblərinə kompensasiya ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir. Məktuba əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2010-cu il tarixli, 514 nömrəli Sərəncamının surətindən görünür ki, Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi və Respublika Prezidentinin müvafiq göstərişinə əsasən şəhərin abadlaşdırılması ilə əlaqədar Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X4, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 (bir min beş yüz) manat ödənilməklə köçürülməsi işlərinin aparılması yenidən Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmış, Bakı Şəhərin Baş Planına, «Şəhərsalmanın əsasları haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X4, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən ərazinin boşaldılması, həmin ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin, tikililərin sökülməsi, sakinlərə və mülkiyyət sahiblərinə yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 (bir min beş yüz) manat ödənilməklə kompensasiya edilərək köçürülməsinin təmin edilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin qanuna müvafiq surətdə aparılması, ortaya çıxan mübahisəli məsələlərin həll edilməsi məqsədilə komissiya yaradılması qərara alınmışdır. Qeyd olunan sorğu ümumi formada cavablandırıldığından və sözügedən ünvanda aparılmış söküntü işləri ilə əlaqədar İddiaçı kompensasiya ödənilməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixdə daha bir məhkəmə sorğusu verilmiş, lakin sorğu cavablandırılmamışdır. Məhkəmə cavabdehin hərəkətsizliyinin qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. -60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipində nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. -211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. -1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan AR Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 514 nömrəli, 30 dekabr 2010-cu il tarixli, “Bakı şəhərinin Baş Planın icrasının təmin edilməsi ilə əlaqədar Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X4, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar boşaldılaraq sökülmüş və ərazidə “Qış parkı” salınmışdır. İddiaçı ünvan 11 ünvanında yerləşmiş fərdi yaşayış evinin 1/16 hissədə paylı mülkiyyətçisidir. İddiaçının sözügedən evə paylı mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış çıxarış mövcuddur. Bu halın əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmin əmlakın sözügedən Sərəncamın təsirinə düşməsi də tərəflər arasında mübahisələndirilmir. Lakin iddiaçı əmlakının sökülməsi ilə bağlı ona kompensasiya ödənilmədiyini bildirir və həmin vəsaitin ona ödənilməsini tələb edir. Qeyd olunan Sərəncama əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 (bir min beş yüz) manat kompensasiya ödənilməklə köçürülmə işlərinin aparılması Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdır. Cavabdeh tərəfindən sərəncamın təsir dairəsinə düşən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri hüquqmüəyyənedici sənədlər əsasında notariat qaydada rəsmiləşdirilmə aparılmaqla vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinin hər kv.metri üçün 1500 (bir min beş yüz) manat məbləğində vəsaitin əmlak sahibləri tərəfindən bankdan əldə etməsi yolu ilə qeyd edilən sərəncamla yaradılmış komissiya tərəfindən aparıldığı və Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 61 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar ümumi sahəsinin hər kvadrat metri üçün 1500 manat olmaqla əmlak sahiblərinə kompensasiya ödənilməklə köçürülmə işləri həyata keçirildiyi bildirilsə də, göstərilənləri təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmənin sorğuları natamam formada cavablandırılmış, yaxud ümumiyyətlə cavablandırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçının paylı mülkiyyətində olan yaşayış sahəsinin sökülməsi ilə bağlı ona kompensasiya ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edə bilmədiyindən iddia əsaslı sayılmalıdır. Odur ki, məhkəmə belə qənaətə gəlir edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında mövcud olmuş fərdi yaşayış evinin paylı mülkiyyətçisi olduğu 1/16 hissəsinin hər kvadrat metrinə görə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 514 nömrəli, 30 dekabr 2010-cu il tarixli, “Bakı şəhərinin Baş Planın icrasının təmin edilməsi ilə əlaqədar Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X4, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi haqqında” Sərəncamında göstərilmiş məbləğdə kompensasiya məbləğinin müəyyən edilməsi və hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında mövcud olmuş fərdi yaşayış evinin paylı mülkiyyətçisi olduğu 1/16 hissəsinin hər kvadrat metrinə görə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 514 nömrəli, 30 dekabr 2010-cu il tarixli, “Bakı şəhərinin Baş Planın icrasının təmin edilməsi ilə əlaqədar Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X4, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi haqqında” Sərəncamında göstərilmiş məbləğdə kompensasiya məbləğinin müəyyən edilməsi və hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar