Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1668/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər - X2, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və "X4" Şirkəti “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı oğlunun, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X2, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və "X4" Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 5 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X1 11 oktyabr 2002-ci il tarixli, 127 nömrəli qərarına əsasən Binəqədi rayonu, X1 ərazi hüdudları daxilində, Gülüstan yaşayış massivi ərazisində yerləşən 400 kv.m. (004 ha) boş torpaq fərdi yaşayış evinin tikintisi üçün daimi istifadə təyinatı üzrə İddiaçı ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, “...torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndində əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgsi) bələdiyyə sərəncamına istinad edilməmişdir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan yaşayış massivi ərazisində yerləşən 400 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-kadastr cizgisinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu X1 xx.xx.2002-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsi, Gülüstan yaşayış massivi ərazisində yerləşən 400 kv.metr torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq onun mülkiyyətinə verilmişdir. Bu barədə Bələdiyyə ilə aralarında "Torpaqların alqı-satqısına dair" Akt da bağlanmış və torpaq sahəsinin dəyərini təşkil edən 1.600.000 manat məbləğində pul tərəfindən bələdiyyənin hesabına keçirilmişdir. Həmçinin bələdiyyə qərarı və ona əlavə edilmiş eskiz layihəsi Dövlət Arxivinin Bakı filialında da mövcuddur. O, 2002-ci ildən bu günə kimi həmin fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, torpaq üzrə vergilərini daimi ödəyir və ona ayrılmış torpaq sahəsində sərəncama uyğun olaraq abadlaşdırma işlərini də həyata keçirmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Həmçinin bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşməklə sahənin yaxınlığında (37 metr) ləğv olunmuş neft quyusu mövcuddur. Eyni zamanda torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad məsafələr, perimetrik ölçülər və sahə qeyd edilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti məhkəməyə iddia tələbinə etiraz iddia tələbinin rədd olunmasının xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, həmin koordinatlarda olan torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X4” Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 219998 saylı ləğv olunmuş neft-qaz quyusunun, 211510 saylı fəaliyyətsiz fondda olan neft quyusunun (dayandırılmış və işlək vəziyyətinə qaytarılması ehtimalı olan) və 211117 saylı işlək neft-qaz quyusunun müvafiq olaraq 36, 84 və 119 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi iddiaya etirazı müdafiə edərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə digər üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, X1 11 oktyabr 2002-ci il tarixli, 127 nömrəli qərarına əsasən Binəqədi rayonu, X1 ərazi hüdudları daxilində, Gülüstan yaşayış massivi ərazisində yerləşən 400 kv.m. (004 ha) boş torpaq fərdi yaşayış evinin tikintisi üçün daimi istifadə təyinatı üzrə iddiaçıya ayrılmışdırr. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina əsası kimi ona istinad edir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndində əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgsi) bələdiyyə sərəncamına istinad edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşməklə sahənin yaxınlığında (37 metr) ləğv olunmuş neft quyusu mövcuddur. Eyni zamanda torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad məsafələr, perimetrik ölçülər və sahə qeyd edilməmişdir Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1.-ci maddəyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1. və 139-1.1.1-ci maddlərinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qeyd edilən normaların dispozitiv şərtlərinin mövcud olması üçün aşağıdakıların olması zəruridir: 1) Ayrılması (icarəyə verilməsi) nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmalıdır; 2) Torpaq sahəsinin ayrılmasına (icarəyə verilməsinə) dair akt qanunla müəyyən edilmiş qaydada qəbul edilməlidir. Bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasında dair qanunveriliyin tələbləri barədə: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə görə, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İ və İİ hissə). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət aktı tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Maddə 4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Sadalanan normalardan göründüyü kimi: 1) Bələdiyyə torpağının mülkiyyətə verilməsi bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclasda qəbul edilmiş bələdiyyənin qərarına əsasən həyata keçirilir: 2) Torpaq sahəsinin ayrılmasına dair qərar müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9.08.2001-ci il tarixli, 548 № li Fərmanın 2.5-ci maddəsinə əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 3) Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. 4) Qərar qəbul edildikdən sonra torpaq sahəsinin ayrılmasına dair müqavilə bağlanılır; 5) Torpaq sahəsinin ayrılmasında dair müqavilə torpaq şöbəsinin müdiri tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə görə, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər Cavabdeh iddia tələbinə etiraz edərkən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olmasını, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair hər hansı məlumatın olmamasını göstərir. İş materiallarında, o cümlədən təqdim edilən bələdiyyə qərarında torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə üzvlərinin iclasının keçirilməsi müəyyən edilmir. Məhkəmə sorğusuna əsasında cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubla torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış aktı), koordinatlar, ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, vahid elektron baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Mövcud vəziyyətdə yaşayış məntəqələrinin torpaqlarıdır. Həmçinin sahə dövlət mülkiyyəti torpağıdır. Sözügedən sahə elektrik xəttinin mühafizə zonasına düşür. Eyni zamanda sahənin 37 metr məsafəsində ləğv olunmuş neft quyusu var. Cavabdeh məktubda elektron kadastr baza məlumatının çıxarışın təqdim etmiş və həmin məlumatda torpaq sahəsinin mülkiyyət növünün dövlət mülkiyyəti olması müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Binəqədi rayonu X1 xx.xx.2002-ci il tarixli 127 nömrəli qərarı və xx.xx.2002-ci il tarixli 38 nömrəli iclas protokolu bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 29 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Həmçinin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, vahid elektron baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Mövcud vəziyyətdə yaşayış məntəqələrinin torpaqlarıdır. Həmçinin sahə dövlət mülkiyyəti torpağıdır. Sözügedən sahə elektrik xəttinin mühafizə zonasına düşür. Eyni zamanda sahənin 37 metr məsafəsində ləğv olunmuş neft quyusu var. Göründüyü kimi, normada qeyd edilən birinci və ikinci şərtin olması sübut olunmur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən torpaq sahəsinin onun istifadəsinə veirilməsinə dair qərarın təqdim edilməsi, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması qənaətinə gəlməyə əsas vermir. Cavabdehin imtina dəlillərindən biri ondan ibarətdir ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşməklə sahənin yaxınlığında (37 metr) ləğv olunmuş neft quyusu mövcuddur. Eyni zamanda torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İş üzrə üçüncü şəxs qismində məhkəməyə cəlb edilmiş ARDNŞ tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024–cü il tarixli məktubda cavabdehin imtinasında göstərilən bu hal öz təsdiqini tapmışdır. Belə ki, məktubda qeyd edilmişdir ki, həmin koordinatlarda olan torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X4” Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 219998 saylı ləğv olunmuş neft-qaz quyusunun, 211510 saylı fəaliyyətsiz fondda olan neft quyusunun (dayandırılmış və işlək vəziyyətinə qaytarılması ehtimalı olan) və 211117 saylı işlək neft-qaz quyusunun müvafiq olaraq 36, 84 və 119 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr, fəaliyyətdə olan neft quyularının mühafizə zonası 300 metr müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddia edilən torpaq sahəsi aktiv və ləğv edilmiş neft quyularının mühafizə zonasında yerləşdiyindən iddiaçının və ailə üzvlərinin təhlükəsziliyi (yanğın, partlayış, radiasiya və s.) baxımından da mülkiyyət hüququnun qeydə alınması yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımınan yolverilməzdir. Digər tərəfdən ərazidə neft quyularının mövcud olması dövltətin və cəmiyyətin iqtisadi maraqları baxımından həmin ərazidə neft və qaz hasilatının aparılmasına mane olur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia etdiyi torpaq sahəsinin ətrafında fərdi yaşayış evləri olduğunu və mülkiyyət hüququnun qeydə alındığını bildirərək etimadın qorunması prinsipinə istinad edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Göründüyü kimi, cavabdehin imtinsası əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1668/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1668/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver