Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-167/2023 10.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzərə ixtisasın (kvalifikasiyanın) tanınması» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Təhsildə X1rşı «diplomun tanınması ilə bağlı qərarın ləğv olunması və iddiaçının hüquqlarının bərpa olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 2017-ci ildə Vladimir Dal adına Şərq Ukrayna Milli Universitetinin “maşınqayırma” istiqaməti üzrə bakalavr proqramına yiyələnmiş və dövlət yekun attestasiyasını uğurla keçmişdir. Ona 2017-ci il 30 iyun tarixdə В17№101721 saylı diplom verilmişdir. 10 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nosrifikasiya İdarəsinə elektron müraciət etmişdir. 17 oktyabr 2019-cu il tarixdə ona imtina cavabı verilmişdir. Səbəb onun oxuduğu müddət həmin ölkədə qısa müddətli olması göstərilmişdir. Oxuduğu müddət ərzində sessiyalarda iştirak etmiş və imtahanları müvəffəqiyyətlə başa vurmuşdur. Buna görə də Universitet ona В17№101721 saylı diplom vermişdir. Azərbaycan Respublikası nazirlər Kabinetinin 13 may 2003-cü ıl tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın müddəalarına görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentin haqqında şəhadətnamənin ekspertiza keçirilmədən verilməsi nəzərdə tutulmuşdur. İddiaçı hesab edir ki, Təhsil Nazirliyi qərar çıxararkən hüquq normalarını tətbiq etməmişdir. 2019-cu ildə iddiaçıya məhkəmə tərəfindən qərardad çıxarılmış, lakin pandemiya ilə əlaqədar iştirak edə bilməmişdir. Göstərilənlərə əsaslanaraq və Vladimir Dal adına Şərq Ukrayna Milli Universiteti tərəfindən iddiaçıya verilmiş 30 iyun 2017-ci il tarixli В17№101721 saylı diplomun tanınması üçün Təhsil Nazirliyinin 28 oktyabr 2019-cu il tarixli qərarının ləğv olunması və iddiaçının hüquqlarının bərpa olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında bildirilmişdir ki, İddiaçı ona Vladimir Dal adına Şərq Ukrayna Milli Universiteti tərəfindən verilmiş 30 iyun 2017-ci il tarixli В17№101721 saylı bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Tıəminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq, tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından, iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmiş və u barədə ona şəxsi kabinet vasitəsilə 1 may 2019-cu il tarixdə məlumat verilmişdir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı iddia müddətini buraxmışdır. Bununla belə hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Göstərilənlərə və «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»nın müddəalarına, Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış «Avropa regionu üzrə Tanınma Təlimatı»nın 10-cu hissəsinə, «Təhsil haqqında» AR Qanununun 1.0.43, 11.1-ci maddələrinə, AR Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1.48, 2.1.49-cü bəndlərinə, «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.6, 3.7-ci bəndlərinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə icraatının gedişində iddiaçının ərizəsinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin işdə cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. İPM-in 33.3-cü maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Məhkəmənin iş üzrə 10 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı X3 adına Şərq Ukrayna Milli Universiteti tərəfindən verilmiş 30 iyun 2017-ci il tarixli В17№101721 saylı bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminat Agentliyində yaradılmış Ekspert Qrupu tərəfindən iddiaçı ilə ixtisası üzrə yenidən müsahibənin aparılması Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə olunmuşdur. İPM-in 33.4-cü maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Bakı İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadının icrası barədə məlumat daxil olmadığından, iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iddia ərizəsində iddia tələbinin “diplomun tanınması ilə bağlı qərarın ləğv olunması və iddiaçının hüquqlarının bərpa olunması” kimi göstərilməsini formal xəta qismində qiymətləndirmiş və iddia tələbini “diplom üzərə ixtisasın (kvalifikasiyanın) tanınması” kimi qəbul ermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavbdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə görə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 nömrəli 24 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.5-ci bəndinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Məhkəmənin mövqeyinə görə İddiaçı Ukraynanın təhsil müəssisəsi Vladimir Dal adına Şərq Ukrayna Milli Universitetində təhsil üzrə tədris dilini qənaətbəxş səviyyədə mənimsəmədiyindən (bunu təkzib edən sübut yoxdur), cavabdeh diskresion səlahiyyətlər çərçivəsində tədris dilini bilməməsi qənaəti ilə iddiaçının adıçəkilən təhsil müəssisəsinin ona verdiyi 30 iyun 2017-ci il tarixli В17№101721 saylı bakalavr diplomu üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur və həmin imtina qanuna zidd sayıla bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzərə ixtisasın (kvalifikasiyanın) tanınması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzərə ixtisasın (kvalifikasiyanın) tanınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-167/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-167/2023
10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver