Məhkəmə qərarları › İş №2-1(112)-1670/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1670/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1670/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı məhkəməyə müraciət edərək Cənubi X5 tərəfindən verilmiş “Lingvistika” ixtisası üzrə bakalavr dərəcəsinə dair 13 iyun 2005-ci il tarixli ******* nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2001-ci ildə Cənubi X2 Bakı Filialına daxil olmaqla, həmin universitetdə “Lingvistika” ixtisası üzrə təhsil almışdır. Universitetdə təhsil aldığı müddətdə dərslərdə davamlı olaraq iştirak etmiş və diploma əlavədə qeyd edilən təhsil yükü tərəfindən tam olaraq mənimsənilmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə 13 iyun 2005-ci il tarixdə “Lingvistika” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Sözügedən bakalavr dərəcəsini təsdiq edən, Cənubi X5 tərəfindən verilmiş ******* nömrəli diplom Rusiya Təhsil İdarəsi tərəfindən apostil edilmişdir. Tərəfindən xx.xx.2021ci il tarixdə, cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin rəsmi internet səhifəsi vasitəsi ilə, elektron ərizə ilə müraciət edilərək, qeyd edilən bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınaraq, ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi xahiş edilmiş və bununla bağlı cavabdehə müvafiq sənədlər təqdim edilmişdir. Müraciəti 00003781 nömrəsi ilə qeydiyyata alınaraq, icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin ekspert qrupu tərəfindən ZOOM tətbiqi proqramı vasitəsilə onlayn qaydada nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə aparılaraq, xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir. Cavabdehin “Müraciətinə dair mənfi qərar qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız olmaqla ləğv edilməli və Cənubi X5 tərəfindən verilmiş 13 iyun 2005-ci il tarixli ABD ******* nömrəli diplom üzrə aldığı ixtisas ölkə ərazisində tanınaraq, ekvivalentliyi haqqında şəhadətnamə verilməlidir. Cavabdehin imtinasının “Rusiya Federasiyasının Cənubi X2 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında, həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyrimümkün hesab edilməsi” hissəsi ilə bağlı o, cavabdehə elektron qaydada müraciət zamanı, elektron ərizədə Cənubi X2 Bakı Filialında təhsil almağını qeyd etmiş, lakin, cavabdeh qanunvericiliyin tələblərinə əsasən üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməyərək, işin faktiki hallarını düzgün araşdırmayaraq, faktiki olaraq onun Cənubi X2 Bakı Filialında təhsil aldığını nəzərə almamış, öz imtinasını işin hallarına aidiyyəti olmayan arqumentlə əsaslandırmışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.7-ci bəndində ekvivalenti ik haqqında şəhadətnamənin verilməsindən imtina olunmasının əsasları göstərilmiş və həmin əsaslarda tədris dilinin qənaətbəxş olmaması barədə mənfi rəy imtina üçün səbəb göstərilməmişdir. Ümumiyyətlə, 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş sözügedən Qaydalarda ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərdə, ixtisas dilinin qənaətbəxş olub-olmamasının müəyyən edilməsi ilə bağlı rəy nəzərdə tutulmamışdır. Göründüyü kimi, cavabdeh işin faktiki hallarını, qanunvericiliyin normalarına düzgün tətbiq etməyərək, qanunsuz və əsassız olaraq müraciətindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.7-ci bəndinə istinad edərək imtina etmiş, sözügedən Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuş əsasları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2397/4-488 nömrəli, 05 mart 2007- ci il tarixli qərarı ilə Cənubi X2 Bakı filialının fəaliyyəti Azərbaycan Respublikasında dayandırılmış, Cənubi X2 Bakı filialında təhsil alan şəxslərin hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. Sözügedən qanuni qüvvəsini almış məhkəmə qətnaməsində məhkəmə öz hüquqi mövqeyi ilə hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəxslərin təhsil hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də, cavabdeh müəssisədə (Cənubi X2 Bakı filialında) təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun təmin olumalıdır. Sözügedən qətnamədə Filialda təhsil alan şəxslərin təhsil hüquqlarının qanunauyğun təmin olunması təsbit edildiyindən və eləcə də, qətnamədə Filial fəaliyyətə başladığı gündən verilmiş diplomların etibarsız sayılması barədə hər hansı bir müddəa öz əksini tapmadığından, bununla da, Filialın fəaliyyətdə olduğu müddət ərzində, yəni Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsili qanuni sayıldığından, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi cavabdeh tərəfindən icra olunmalı və təhsil hüququ Azərbaycan Respublikası ərazisində qanunauyğun olaraq təmin olunaraq, Cənubi X2 Bakı Filialı tərəfindən verilmiş diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməlidir. Cənubi X5 tərəfindən verilmiş diplomun Azərbaycan Respublikası ərazisində tanınmaması ilkin olaraq bir vətəndaş kimi Azərbaycan Respublikası Konstitusiyası ilə təmin olunan, eləcə də, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun İİ maddəsində təsbit olunan təhsil hüququnun kobud şəkildə pozulması deməkdir. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, xarici ali təhsil ixtisasının tanınması ilə bağlı xx.xx.2021-ci il tarixli elektron müraciətin nəticəsi barədə ona xx.xx.2022-ci il tarixli, NA00003781 nömrəli inzibati akt təqdim olunmuşdur. Müraciətə dair yekun qərar haqqında elektron inzibati aktı əldə etmək üçün şəxsi kabinetin elektron sənədlər bölməsinə daxil ola bilər. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Cavabdeh orqanın 11 fevral 2022-ci il tarixli iddiaçının elektron kabinetinə yerləşdirilmiş imtina məktubunda bildirilmişdir ki, ərizəçinin ali təhsil aldığı müəssisənin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyi məlum olmuşdur. Belə ki, sözügedən təhsil müəssisəsi onun fəaliyyətinə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmişdir. "Avropa regionunda əli təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyanın İ hissəsinə əsasən, ali təhsil müəssisəsi - ali rəhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Cavabdeh iddiaya dair yazılı etirazda bildirmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq Ramazanova (Məmmədova) Səbinə Ramazan qızının Cənubi X2 qeyri-qanuni fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2022-cİ il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı müraciət edən zaman elektron ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki, diploma əlavəsində, o cümlədən, hər hansı digər rəsmi sənəddə (arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə bildirmək istərdik ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 sentyabr tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci N tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Bundan əlavə, Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən İşlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatının 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 10 yanvar 2023-cü il tarixli, 3-29-61/2-09/2023 saylı məktubla bildirilmişdir ki, Rusiya Federasiyasının Cənubi X5 Rostov şəhərində qanuni əsaslarla fəaliyyətini təşkil etsə də, sözügedən ali təhsil müəssisəsinin Bakı şəhərində yerləşən filialına iddiaçının təhsil aldığı illərdə fəaliyyət göstərməsi üçün xüsusi razılıq (lisenziya) verilməmiş və sözügedən filial qanunsuz olaraq fəaliyyət göstərmişdir. Eyni zamanda sözügedən ali təhsil müəssisəsinin rəsmi internet səhifəsinin “Təhsil müəssisəsi haqqında əsas məlumatlar” bölməsində təhsil müəssisəsinin yalnız Rostov şəhərində yerləşməsi, filiallarının olmaması qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin iddiasına əsasən Azərbaycan Respublikası 1 saylı Yerli iqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2397/4- 488 saylı qətnaməsi ilə sözügedən filialının fəaliyyəti qanunsuz hesab edilmiş və həmin filialın fəaliyyəti dayandırılmışdır. Həm Rostov, həm də Bakı şəhərində təhsil alaraq X6 Universitetindən məzun olmuş ərizəçilər xarici dövlətdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyalarının tanınması üçün Elm və Təhsil Nazirliyinə müraciət etmişlər. Belə ki, əldə etdiyi xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 14 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə müsbət, 98 ərizəçinin müraciəti barədə mənfi qərar qəbul edilmişdir. Cənubi X2 13 iyun 2005-ci il tarixli AVB seriyalı ******* saylı (qeydiyyat nömrəsi “9”, 22 iyun 2005-ci il) diplomuna əsasən İddiaçı dövlət attestasiya komissiyasının 13 iyun 2005-ci il tarixli qərarı ilə “Linqvistika” istiqaməti üzrə “Linqvist” (Dilçilik) ixtisası üzrə bakalavr ali təhsil dərəcəsinə layiq görülmüşdür. Cənubi X2 AVB seriyalı ******* saylı diplomuna 22 iyun 2005-ci il tarixli 9 qeydiyyat nömrəli əlavədən görünür ki, əsasən İddiaçı dövlət attestasiya komissiyasının 13 iyun 2005-ci il tarixli qərarı ilə “Linqvistika” istiqaməti üzrə “Linqvist” (Dilçilik) ixtisası üzrə bakalavr ali təhsil dərəcəsinə layiq görülmüşdür. xx.xx.1984-cüil təvəllüdlü İddiaçı 2001-ci ildə Cənubi X5na daxil olub. Təhsilini (ixtisas lingvistika) 2005-ci ildə Cənubi X5nda bitirib. Cənubi X2 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cənubi X5n Bakı filialında “Linqvistika” istiqaməti üzrə təhsil almışdır. Təhsil normativi müddəti 04 ildir. İddiaçı dövlət attestasiya komissiyasının 13 iyun 2005-ci il tarixli qərarı ilə “Linqvistika” istiqaməti üzrə “Linqvist” (Dilçilik) ixtisası üzrə bakalavr ali təhsil dərəcəsinə layiq görülmüş və ona AVB seriyalı ******* saylı diplom, 9 qeydiyyat nömrəli, 22 iyun 2005-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2397/4-488 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Cənubi X2 Bakı filialınının fəaliyyəti dayandırılmışdır. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, Təhsildə Keyfiyyətə Təminat Agentliyinin xx.xx.2022-ci il tarixli cavab məktubu qeyd edilən əlamətlərə malik olmadığından inzibati akt hesab edilmir, inzibati aktın qəbulundən imtinaya dair yazılı məlumatdır. İddiaçı inzibati aktın qəbul edilməsini arzulayır və iddia məcburetməyə dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, imtina məktubunun iddiaçıya çatdırılma tarixi müəyyən edilmir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Məhkəmə qeyd edir ki, aparılan inzibati icraat zamanı cavabdeh qurum Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3-cü bəndində göstərilən tələblərə riayət etməli, ekspertiza həmin bəndlərin tələblərinə uyğun -xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə aparılmalı; eləcə də nəzərə alınmalıdır ki, Qaydaların 3.7-ci bəndinə əsasən mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərlə yanaşı məhkəmə vurğulayır ki, Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən iddiaçı əsasən İddiaçı verilmiş 13 iyun 2005-ci il tarixli AVB seriyalı ******* saylı diploma (qeydiyyat nömrəsi “9”, 22 iyun 2005-ci il) apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının xx.xx.2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”) ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün mənfi rəyin olmasını mütləq sayır və həmin rəylərdən biri də “ekspert rəyi”dir. Mənfi rəyin verilməsi üçün əsaslara gəldikdə isə, hansı ki, yuxarıda göstərilən Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuşdur, iddiaçıya münasibətdə nə inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2397/4-488 saylı, xx.xx.2007-ci il tarixli qətanməsi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Cənubi X2 Bakı filialınının fəaliyyəti dayandırılmasına dair iddia tələbi təmin edilmişdir. Məhkəmə qeyd edir ki, “dayandırılma” anlayışı mahiyyətcə həm müvəqqəti xarakter daşıyır, yəni gələcəkdə bərpa oluna bilən kimi qiymətləndirilir, həm də bu hərəkət (dayandırılma) qanunsuz yox, qanuni əsaslarla həyata keçirilən fəaliyyətə aid ola bilər. Bundan başqa, həmin iş üzrə iddiaçı tərəfin iddiasının qismən təmin olunması, yəni qalan hissədə təmin olunmaması “dayandırma”yadək verilmiş diplomların qanunsuz sayılmamasını ehtiva edir. Məhkəmənin qənaətinə görə “dayandırılma”dan əvvəlki dövrdə diplom almış şəxslərə, o cümlədən hazırkı iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununda təsbit olunmuş “bərabərlik prinsipi” (maddə 12) pozulmuş olur. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlir ki, İddiaçı Rusiya Federasiyası Cənubi X5 tərəfindən verilmiş AVB (АВБ) seriyalı ******* saylı, 13 iyun 2005-ci il tarixli diplom (qeydiyyat nömrəsi “9”, 22 iyun 2005-ci il) üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Rusiya Federasiyası Cənubi X5 tərəfindən verilmiş AVB (АВБ) seriyalı ******* saylı, 13 iyun 2005-ci il tarixli (qeydiyyat nömrəsi “9”, 22 iyun 2005-ci il) diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. Cənubi X5 tərəfindən İddiaçı adına verilmiş AVB (АВБ) seriyalı ******* saylı 13 iyun 2005-ci il tarixli bakalavr diplomu (qeydiyyat nömrəsi “9”, 22 iyun 2005-ci il) üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar