Məhkəmə qərarları › İş №2-1(112)-16701/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16701/2025

28.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16701/2025 28.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı “sərəncama qismən dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhər Cavabdehə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə 1 -ci qrup gözdən əlil kimi mənzil növbəsinə götürülməyi barədə Bakı Şəhəri Cavabdeh başçısının xx.xx.2021 -ci il tarixli 298 saylı (X2) sərəncama qismən dəyişiklik edilərək növbəsinin xx.xx.2021-ci il tarixdən hesablanması barədə sərəncam vermək öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı birinci dərəcəli gözdən əlildir. 2020-ci ildən Bakı şəhəri Nərimanov rayonunda qeydiyyatdadır. 2020-ci ildə hazırki iş üzrə cavabdeh Bakı şəhəri Cavabdehə 1-ci qrup gözdən əlil kimi yaşayış yeri üzrə güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi barədə müraciət etmişdir. Müraciətinə əvvəl Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən (Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri) imtina vermiş və bildirmişlər ki, iddiaçı yaşayış şəraitini qəsdən pisləşdirmiş və bu səbəbdən də daimi uçota düşməyindən 5 il keçməlidir. İddiaçı bu barədə dəfələrlə müxtəlif direktiv orqanlara müraciət etmişdir. Nəhayət, Bakı şəhəri Cavabdeh başçısının müvafiq sərəncamı ilə 1-ci dərəcəli gözdən əlil kimi növbəyə götürmüşdür (İddiaçı xx.xx.2021-ci il tarixli 298 saylı sərəncam). İddiaçı növbəyə götürüldüyü tarixdən narazıdır. Çünki müraciəti bundan əvvəl olmuş və növbəliliyin əvvəli ən azı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respubliasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə (Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsi nəticələri) istinad olunması qanunun səhv təfsiri idi. Sözügedən müddəa yaşayış şəraitinin qəsdən pisləşdirilməsindən gedir. İddiaçı isə 1-ci dərəcəli gözdən əlil kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi barədə müraciət etmişdir. Bundan başqa Tovuz rayon Məhkəməsinin 2(062)-897/2020 saylı 21 may 2020-ci il tarixli qətnaməsindən də görünür ki, iddiaçı Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən RX ******* saylı çıxarışa əsasən Hüseynov gündüz Tağı oğlunun mülkiyyətində olan fərdi yaşayış evində istifadə hüququ yoxdur və bu qətnamə iddiaçının həmin yaşayış sahəsindən qeydiyyatdan məcburi çıxarılması üçün əsasdır. Bakı Şəhəri Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 305 saylı sərəncamına qismən dəyişiklik edilərək növbəsinin ən azı xx.xx.2021-ci il tarixdən hesablanması barədə etdiyi müraciətlərə cavabdeh orqanın 5-14/2-R-32- 068/205 saylı xx.xx.2025-ci il tarixli və 5-14/2-Ə-121 - 068/2025 saylı xx.xx.2025-ci il tarixli cavab məktubları ilə imtina verilmişdir. Cavabdeh orqanın iddiaçıya verdiyi imtina əsassızdır və müraciət təmin olunmalıdır. Odur ki, məcburetmə iddiası qaydasında cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə iddiaçının 1-ci qrup gözdən əlil kimi mənzil növbəsinə götürülməyi barədə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 305 saylı (İddiaçı) sərəncamına dəyişiklik edilərək növbəsinin xx.xx.2021-ci il tarixdən hesablanması barədə sərəncam vermək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini zəruri hesab edir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Bakı şəhəri Cavabdehin xx.xx.2021-ci il tarixli, 298 nömrəli sərəncamından görünür ki, İddiaçı yaşayış yeri üzrə Nərimanov RİH-də ailə tərkibi 1 nəfər olmaqla (özü) 1ci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülmüş və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. Bakı şəhəri Cavabdehin xx.xx.2024-cü il tarixli 90 nömrəli sərəncamından görünür ki, Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 298 №-li Sərəncamında 1-ci dərəcəli gözdən əlil İddiaçı mənzil uçotu işi üzrə ailə tərkibində dəyişiklik edilmiş, əvvəlki növbəlilik tarixi saxlanılmaqla əri, oğlu və qızı 4 nəfərdən ibarət ailə tərkibi siyahısına daxil edilmişdir. İddiaçı hazırda Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli, 298 nömrəli sərəncamına dəyişiklik edilməsi və növbəsinin xx.xx.2021-ci il tarixdən hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən görünür ki, iddiaçının hazırkı tələbi inzibati akta müddətlə bağlı onun xeyrinə dəyişiklik edilməsi, yəni mənzil növbəsinə götürülmə barədə inzibati aktın geri tarixdən, xx.xx.2021-ci ildən qüvvəsinin olması barədə əlavə müddəanın daxil edilməsidir. Bununla iddiaçı mövcud aktın qüvvəyə minmə müddəasının dəyişdirilməsi, yəni keçmiş tarixi ehtiva edən bir qərarın verilməsini arzu edir ki, belə bir iddia məcburetmə haqqında iddiaya uyğun gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli sərəncamla mənzil növbəsinə götürülmüş, həmin tarixdən aktın qüvvəsi barədə müddəa ona məlum olmuş, hətta 2024-cü ildə həmin sərəncama iddiaçının müraciəti əsasında dəyişiklik edilərkən, iddiaçı geriyə qüvvə ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Göründüyü kimi, iddiaçı onun barəsində əlverşli inzibati aktın qəbul edilməsi barədə cavabdehə etdiyi müraciət nəticəsində qəbul edilən inzibati aktdan narazı qalsa da, 4 ilə yaxın zaman keçdikdən sonra məhkəməyə müraciət etmiş, bununla qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, habelə buraxılmış prosessual müddətin ötürülməsi barədə ərizə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə, hazırkı iddia məcburetmə haqında iddialar üzrə mümkünlük şərtinə - iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi) cavab vermir. İşdən görünür ki, iddiaçı hazırkı tələbi ilə 2025-ci ildə də cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu imtinası iddiaçının hazırkı məzmunda iddia qaldırması üçün müddətin başlanğıc tarixi kimi qəbul edilə bilməz. Çünki 2021-ci ildə qəbul edilmiş sərəncam şəxsə elan edildiyi andan etibarən müəyyən müddət (1 ay və ya təlimat yoxdursa 6 ay) ərzində mübahisələndirilə bilərdi. Həmin müddət keçdikdən sonra akt qanuni qüvvəsini almaqla, məcburi hüquqi qüvvəyə malik olur (res judicata xüsusiyyəti qazanır). Şəxs 2025-ci ildə müraciət etməklə, əslində məcburi hüquqi qüvvəsini almış bir aktın hər hansı yeni hal olmadan yenidən araşdırılmasını tələb edir, hansı ki, qanunverici buna yol vermir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar