Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1671/2021 22.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı soyadın dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02.09.2012-ci ildə anadan olmuş oğlu Mehmetın “Utanır” olan soyadının onun soyadı olan “Sofiyev”ə dəyişdirilməsinə dair rəy verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 19 fevral 2011-ci il tarixində Türkiyə Respublikasının vətəndaşı Haydar Utanır ilə ailə həyatı qurararaq, rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan 02.09.2012-ci il təvəllüdlü X11 doğulmuşdur. 2013-cü ildə həyat yoldaşından ayrılmışdır. Eyni tarixdən isə Azərbaycan Respublikası vətəndaşı olan oğlu ilə birlikdə Azərbaycan Respublikasına köçərək, burada yaşamağa başlamışlar. X11 2018-ci ildən Bakı şəhərində ibtidai təhsilinə başlamışdır. Bütün bu müddət ərzində oğlunun atası, keçmiş həyat yoldaşı olan Haydar Utanır onlara nə maddi, nə də mənəvi heç bir dəstək göstərməmişdir. Hal-hazırda 3-cü sinif şagirdi olan oğlu Mehmet istər məktəbdəki, istərsə də ətrafındakı digər uşaq və böyüklər tərəfindən mutəmadı şəkildə 'Utanır” olan soyadına görə “bullinqə” sözlü zorakılığa məruz qalır. Uzun müddətdir soyadına görə davam edən ələ salmalar, kobudluqlar uşaqda narahatlıq yaradaraq, psixi sarsıntılara səbəb olur. O, 07 avqust 2020-ci il tarixində Bakı şəhəri, Cavabdehnə “soyadın dəyişdirilməsi ilə bağlı” ərizə ilə müraciət etmiş, Bakı şəhəri Cavabdeh Başçısının Aparatının 18 avqust 2020-ci il tarixli, S-105-164 saylı məktubu ilə müraciətinə rədd cavabı verilmişdir. Uşağının məruz qaldığı bulinqin- övladının incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilən aqressiv davranışın gələcəkdə daha ciddi fəsadlara yol açacağından qorxduğuna görə soyadının dəyişdirilməsi ilə bağlı müraciət edir. Cavabdeh Bakı şəhəri Xəti rayonu İcra Hakimiyyətinin iddia tələbinə münasibətindən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, müvafiq İcra Hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadını digər valideyninin soyadına dəyişdirilməsinə, valideyinlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq İcra Hakimiyyəti orqanı bu məsələni digər valideyinin rəyini nəzərə almaqla və uşağn maraqlarından asılı olaraq həll edir. Digər valideyinin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideyinİik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsi ilə məşğul olmaqdan imtina etdikdə həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi iş üzrə İddiaçı həyat yoldaşı olmuş Türkiyə vətəndaşı Haydar Utanırın hal-hazırda harada olduğunu və eyni zamanda onun təsdiq olunmuş razılıq ərizəsini rayon İcra Hakimiyyətinin “Qəyyumluq və Himayəçilik Komissiyası”na təqdim edə bilmədiyindən iddia tələbi təmin edilməmişdir. Bununla bağlı vətəndaşa yazılı olaraq cavab verilmişdir. Nəzərə alınması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə doğulmuşdur. - Türkiyə Cümhürriyyəti vətəndaşının F13 142514 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 02.09.2012-cü il təvəllüdlü Utanır Mehmetın ata adı Haydar və ana adı isə Ofeliya qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 393 №-li, 12.02.2013-cü il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 02.09.2012-ci ildə Türkiyə Respublikasında anadan olmuş X6 30.09.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı sayılır. - Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 260989 №-li, 28.01.2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 və Utanır İddiaçı ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2013-cü ilin noyabr ayının 23 günündə 501 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AZE 10791770 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası Utanır Haydar, anası Utanır İddiaçı olan Utanır Mehmet 02.09.2012-ci il tarixdə Türkiyə, Fatih şəhərində doğulmuşdur. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 33/4144 №-li, 30.11.2020-ci il tarixli məktubdan görünür ki, X2 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında 06.10.2019-ci ildə giriş və 13.10.2019-cu ildə çıxış qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin 05/2-2102/13 №-li, 15.03.2021-ci il tarixli məktubundan görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən U.Mehmetin doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. - Bakı şəhəri Xəti rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış S-105-164 №-li, 18.08.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərinin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərinin razılığı ilə atanın və ya ananın soyadı verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Odur ki, keçmiş həyat yoldaşının (uşağın atasının) notariat qaydada təsdiq olunmuş razılıq ərizəsini rayon İcra Hakimiyyətinin “Qəyyumluq və Himayəçilik Komissiyası”na təqdim etdiyi təqdirdə ərizəsinə müvafiq qaydada baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı X5 Respublikasının vətəndaşı X7 ilə birgə nikahından 02.09.2012-ci il təvəllüdlü Mehmet adlı uşağı anadan olmuşdur. Uşağa atasının soyadı “Utanır” verilmişdir. İddiaçı Ofelya Sofiyeva ilə Haydar Utanır arasında nikah ləğv edilmiş, yetkinlik yaşına çatmayan uşaq anasının yanında qalmışdır. Hazırda iddiaçı Ofelya Sofiyeva uşağının soyadının uşağın mənafeyinə xələl gətirdiyini, gülünc olmasını göstərərək soyadının onun soyadına dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh atanın razılığının olmamasını əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası ailə və mülki qanunvericiliyinin qeyd edilən normalarından göründüyü kimi fiziki şəxsin adının və soyadının, atasının adının dəyişdirməsi (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) müvafiq qaydalarla müəyyənləşdirilir. Həmin qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”dır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. - 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. - 4.2-ci bəndinə əsasən uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. - 4.3-cü bəndinə əsasən valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. “Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun: - 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. - 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları haqqında» BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Şahin Almaniyaya qarşı” iş üzrə qəbul etdiyi 08 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyət orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə hesab edir ki, iddiaçının övladının soyadı atasının soyadına uyğun olsa da həmin soyad hazırda cəmiyyətdə gülünc yarada bilən, bununla da uşağın mənafeylərinə xələl gətirə biləcək soyaddır. Uşağın atasının Azərbaycan Respublikasının hüdudlarından kənarda olması, yaşadığı yerin məlum olmaması səbəbindən cavabdehə notariat qaydada təsdiq olunmuş razılıq ərizəsinin iddiaçı tərəfindən təqdim edilməməsi uşağın mənafeyləri baxımından əsaslı hesab edilə bilməz. Ona görə də cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 02.09.2012-ci il təvəllüdlü X1 anasının soyadı “Sofiyev”ə dəyişdirilməsinə dair müvafiq rəy verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 02.09.2012-ci il təvəllüdlü X1 anasının (Ofelya Sofiyeva) soyadı “Sofiyev”ə dəyişdirilməsinə dair müvafiq rəy verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1671/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1671/2021
22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver