Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16710/2025 11.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair məxsusluq barədə arayışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Ləhiş bağlar sahəsindəki 245 saylı kooperativin 28 nömrəli orderindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 531 nömrəli qərarına əsasən Ləhiş bağ massivində yerləşən 0.12 ha sahəsi olan 4449a saylı bağ sahəsi X2 ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2015-ci il tarixli Arxiv arayışında qeyd edilmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1993-cü ilə dair sərəncamlar kitablarında aşağıdakı sərəncam vardır: Sərəncam N 531 (çıxarış) xx.xx.1993-cü il Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda (bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1993-cü il tarixli, 48 N-li protokolu) Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 N-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 N-li Qətnaməsinə əsasən: 4.Kürdəxanı ərazisində yeni yaranmış 245 N-li BTK tərkibi təsdiq edilsin—cəmi 58 nəfər. 28.X7 - SP- 14138.” Bakı şəhəri 39 saylı Notariat Ofisi xx.xx.2025-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, “xx.xx.1952-ci ildə anadan olmuş X1 xx.xx.2016-cı il tarixdə vəfat etməsi ilə əlaqədar onun ölümündən sonra irs qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 39 saylı notariat ofisinə müraciət daxil olmuş və vərəsələrin ərizəsi əsasında ofisimizdə vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.1983-cü ildə anadan olmuş İddiaçı miras qoyanın vərəsəsi olması barədə sizə məlumat verilir. Vərəsəlik işinin icrası ilə əlaqədar ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayış verməyinizi xahiş edirəm.” İddiaçı qeyd edilən ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların miras qoyan X2 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2025ci il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlər surətdir və təqdim edilmiş order barədə İdarənin arxiv əsaslarında hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, əlavə edilmiş arxiv arayışında torpaq sahəsi barədə məlumat qeyd olunmamış, həmçinin eyni arxiv arayışı X7 tərəfindən fərqli torpaq sahəsi ilə bağlı idarəyə ünvanlanmış müraciət zamanı təqdim edilmişdir. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 531 nömrəli xx.xx.1993-cü il tarixli Sərəncamı ilə yaradılmış 245 nömrəli Bağ Tikinti Kooperativinin (BTK) nəzdində olan və təqdim edilmiş 28 saylı Order əsasında mərhum X1 qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 1200 kv.m. təşkil edən 4449A saylı bağ (torpaq) sahəsinə dair hüquqların mərhum X2 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışın veriməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 531 nömrəli xx.xx.1993-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 1200 kv.m. təşkil edən 4449A saylı bağ sahəsi 245 nömrəli Bağ Tikinti Kooperativinin (BTK) nəzdində olmaqla mərhum atası X3 ayrılmışdır. Torpaq sahəsinə dair 245 saylı BTK-nın 28 saylı Orderi verilmişdir. Bağ sahəsi ayrıldığı vaxtdan sahiblik və istifadəsindədir. xx.xx.2016-cı il tarxdə atası X8 vəfat etmişdir. Mərhumun vəfatından sonra Bakı şəhəri 39 saylı Notariat ofisində vərəsəlik işi açılmış, onun mərhumun vərəsəsi olması haqqında 02 nömrəli 07 yanvar 2025-ci il tarixli məlumat məktubu verilmişdir. Bundan sonra cavabdeh təşkilata xx.xx.2025-ci il tarixdə ********** nömrəli ərizə ilə müraciət edərək, hüquqların mərhum atası X3 məxsus olması haqqında Arayış verilməsini xahiş etdi. Mərhum hələ sağlığında hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş, lakin ərizəsinin icrasından imtina edilmişdir. Tərəfindən verilmiş ərizəyə xx.xx.2025-ci il tarixli **********09 nömrəli məktubla cavab verildi. Cavab məktubunda “order barədə idarənin arxiv əsaslarında hər hansı məlumatın aşkar edilmədiyi, əlavə edilmiş arxiv arayışında torpaq sahəsi barədə məlumat qeyd olunmadığı, həmçinin eyni arxiv arayışının X8 tərəfindən fərqli torpaq sahəsi ilə bağlı idarəyə ünvanlanmış müraciət zamanı tədqim edildiyi” göstərilərək, qeydiyyat aparılmasından imtina edilmişdir. İlk növbədə imtina əsaslarına dair münasibətini bildirməyi zəruri hesab edir. “Order barədə idarənin arxiv əsaslarında məlumatın olmaması” imtina əsası deyil, belə ki, BTK üzvləri siyahısında mərhumun adının olması və orderin əslinin tərəfindən təqdim edilməsi kifayətdir. “Əlavə edilmiş arxiv arayışında torpaq sahəsi barədə məlumat qeyd olunmadığı” barədə göstərilənləri bəhanə hesab edir. Belə ki, BTK ilə bağlı olan istənilən arxiv arayışında torpaq sahəsi göstərilmir. Onların təqdim etdiyi Arxiv arayışı bu xüsusiyyətinə görə digərlərindən fərqlənmir. “Eyni arxiv arayışının X8 tərəfindən fərqli torpaq sahəsi ilə bağlı idarəyə ünvanlanmış müraciət zamanı təqdim edildiyi” barədə göstərilənlər onun üçün anlaşılmazdır. Belə ki, torpaq sahəsi əvvəldən istifadəsində olan eyni sahədir. Mərhumun ərizə ilə müraciət etdiyini bilir. Həmin vaxt sənədləşmə ilə mərhum özü məşğul olurdu. Həmin müraciətlə əlaqədar hansısa başqa ərazinin göstərildiyi ağlabatan deyil. Digər tərəfdən, hal-hazırki müraciətin araşdırılması ilə bağlı belə bir imtina səbəbinin göstərilməsi də yanlışdır. Hesab edir ki, cavabdeh təşkkilatın hüquqların dövlət qeydiyyatına alınmasından yayınması onun hüquqlarını pozur. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş order barədə İdarənin arxiv əsaslarında hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, əlavə edilmiş arxiv arayışında torpaq sahəsi barədə məlumat qeyd olunmamış, həmçinin eyni arxiv arayışı X7 tərəfindən fərqli torpaq sahəsi ilə bağlı idarəyə ünvanlanmış müraciət zamanı təqdim edilmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, faktiki sahə 600-lə başlayan bağların ərazisinə uyğun gəlir. Həmçinin sahənin bir hissəsi (təqribi 62 kv.m ) digər şəxs - X5 (fin : 14E1KBV) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin sahənin 312 kv.m hissəsinə digər şəxs X4 müraciəti və Bakı İnzibati Məhkəməsində 2- 1(112)-3701/2023 nömrəli inzibati iş mövcud olmuşdur (iddia tələbi rədd edilmişdir). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə):
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. Qeyd edilən normanın məzmununa əsasən mərhum X1 mübahisələndirilən torpaq sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüququnun xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.1-ci bəndinə əsasən “Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir.” Cavabdehin imtinasının və iddiaya qarşı etirazının dəlilləri ondan ibarətdir ki, təqdim edilmiş order barədə İdarənin arxiv əsaslarında hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, əlavə edilmiş arxiv arayışında torpaq sahəsi barədə məlumat qeyd olunmamış, həmçinin eyni arxiv arayışı X7 tərəfindən fərqli torpaq sahəsi ilə bağlı idarəyə ünvanlanmış müraciət zamanı təqdim edilmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, faktiki sahə 600-lə başlayan bağların ərazisinə uyğun gəlir. Həmçinin sahənin bir hissəsi (təqribi 62 kv.m ) digər şəxs - X5 (fin : 14E1KBV) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin sahənin 312 kv.m hissəsinə digər şəxs X4 müraciəti və Bakı İnzibati Məhkəməsində 2-1(112)-3701/2023 nömrəli inzibati iş mövcud olmuşdur (iddia tələbi rədd edilmişdir). Bununla bağlı aşağıdakılar qeyd edilir: Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Ləhiş bağlar sahəsindəki 245 saylı kooperativin 28 nömrəli orderindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 531 nömrəli qərarına əsasən Ləhiş bağ massivində yerləşən 0.12 ha sahəsi olan 4449a saylı bağ sahəsi X2 ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 531 nömrəli qərarına dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Arxiv arayışı verilmişdir. Məhkəmə sorğusu əsasında xx.xx.2026-cı il tarixli məktubla cavabdeh tərəfindən bildirilmişdir ki, göstərilən torpaq sahəsi (4449a saylı bağ sahəsi kimi) sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq 1186.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin (bağ sahəsi) yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd olunan bağın nömrəsi göstərilən əraziyə aid deyil. Torpaq sahəsi 6100 nömrəsi ilə başlayan bağların ərazisidir. Sözügedən sahənin bir hissəsi X5 adına **********88 reyestr nömrəli sahə ilə, bir hissəsi isə digər fiziki şəxsin müraciət etdiyi sahə ilə üst-üstə düşür. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktından isə görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha, faktiki sahəsi 0.1186 ha təşkil edir. Bağ sahəsinin sərhədləri 1 sıra mişar daşı düzülərək ayrılmışdır. Tikili yoxdur. Yerli baxış zamanı nümayəndə ümumi ərazidə 1 sıra mişar daşı düzülən sahəni göstərərək ona aid olduğunu bildirdi. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Belə ki, təqdim edilən sənədin sözügedən əraziyə aidiyyatı yoxdur. 4449A saylı bağ nömrəsi ilə X6 adına müraciət olub. X4 və X5 notarial qaydada verdikləri ərizələrə əsasən onlar qonşuluqda olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 2-ci Dalan ünvanında İddiaçı məxsus olan torpaq sahəsinin onun adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmir, razıdırlar. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 2.0.2-ci bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. 3.1.16.-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq onun vəzifələrinə aiddir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bu zaman icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakimiyyətinin vahidliyi prinsipi, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aidddir. Qeydiyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin mövcudluğu iş üzrə materiallar ilə təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbləri təmin edildiyindən, sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Buraya dövlət qeydiyyatı barədə müraciət olunan hüququn bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmununun qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxsin müraciət etməsi, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmaması göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan hallardan hər hansı biri müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Beləliklə, imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının 531 nömrəli xx.xx.1993-cü il tarixli Sərəncamı ilə yaradılmış 245 nömrəli Bağ Tikinti Kooperativinin (BTK) nəzdində olan və təqdim edilmiş 28 saylı Order əsasında mərhum X1 qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 1200 kv.m. təşkil edən 4449A saylı bağ (torpaq) sahəsinə dair hüquqların mərhum X2 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva