Məhkəmə qərarları › İş №2-1(112)-16712/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16712/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16712/2025 07.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ümumi sahəsi 60,27 kv.m olan ünvan 1, 26 saylı mənzil (Yeni qaydalarla : AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi, giriş 83, M1, m2) İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir. İddiaçı mənzilin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi tələbi ilə bağlı Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, 9 saylı evin 26 saylı mənzilində Cavabdeh sərəncamı olmadan özbaşına olaraq yenidən qurma işləri aparılmış, mənzil qeyri-yaşayış obyektinə keçirilmişdir. Cavabdeh xx.xx.2007-ci il tarixli 239 saylı sərəncamı ilə mənzildən yalnız ticarət obyekti kimi istifadə olunmasına razılıq verilsə də, mülkiyyətçi şəhərsalma və tikinti normaların kobud şəkildə pozaraq mənzildə yenidənqurma işləri həyata keçirmişdir. Odur ki, müraciət Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və qüvvədə olan şəhərsalma qanunvericliyinin tələblərinə uyğun olmadığından müraciətin təmin edilməsi imkan xaricindədir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ümumi sahəsi 60,27 kv.m təşkil edən, 3 otaqlı ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi 9 saylı evin 26 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi üçün faktiki və hüquqi əsaslar vardır. Belə ki, sözügedən mənzil 3 otaqlıdır, 60,27 kv.m ümumi sahəyə malikdir. Mənzil əvvəllər digər şəxslərin (X3, X6) mülkiyyətində olub, hazırda onun mülkiyyətindədir. Əvvəlki mülkiyyətçinin vaxtında Bakı şəhəri Cavabdeh Başçısının 11 may 2007-ci il tarixli, 239 N-li Sərəncamı ilə sözügedən mənzildən “Ticarət obyekti” kimi istifadə olunmasına icazə verilmişdir. Həmin vaxtdan mənzil qeyri-yaşayış sahəsi kimi istifadə olunub. Lakin, sahənin çıxarışında əmlakın növü mənzil kimi qeyd olunduğundan sahənin istifadəsində vergi, kommunal xidmət, ASAN xidmət və digər dövlət orqanlarında qeydiyyata alınmasında çətinliklər yaranır. Həmçinin, mənzil qeyri- yaşayış sahəsi kimi istifadə olunduğundan onun hüquq müəyyənedici sənədi ilə sahədən istifadənin təyinatında fərq yaranır. Sahə uzun illərdir ki, yaşayış sahəsi kimi deyil, qeyri-yaşayış sahəsi kimi istifadə olunub, bundan sonra da bu məqsədlə istifadə olunacaq, qəsəbə əhalisi tərəfindən də sahə ticarət obyekti kimi tanınır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi 9 saylı evin 26 saylı mənzilinin mövcud vəziyyəti Mənzil Məcəlləsinin 20.2, 20.3-cü maddələrində nəzərdə tutulmuş şərtlərə tam cavab verir. Belə ki, mənzilə gediş-gəliş yaşayış sahələrinə gedişgəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür, sahə eyni zamanda, hər hansı bir mənzilin tərkib hissəsi kimi qalmır, mülkiyyətçi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edilmir, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü deyil, mənzil binanın birinci mərtəbəsində yerləşir. Mənzilin yerləşdiyi binanın qonşu hissələri (yəni, 1-ci mərtəbənin digər mənzilləri) demək olar ki, başdan-başa qeyri-yaşayış sahələridir, marketlərdir, digər obyektlərdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı mənzil ünvan 2 ünvanında yerləşən yaşayış binasıdır. İddiaçının yaşadığı 26 saylı mənzilin pəncərələri qanunsuz olaraq qapı ilə əvəz olunmuş, eyvan sahəsi genişləndirilmiş və küçə istiqamətinə qapı açılaraq binada əlavə tikinti işləri aparılmışdır. İddiaçı yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciətində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri qeyd etməmişdir. Həmçinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Dövlət şəhərsalma norma və qaydalarına əməl edilməli və təhlükəsizliyin təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyindən müvafiq rəy alınmalıdır. Lakin qeyd edilən hallar nəzərə alınmamış özbaşına yenidənqurma işləri görülmüşdür. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənləri təsdiqləyərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə məktubu aldığı gündən 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən halıdır ki, ünvan 1, mənzil 26 iddiaçının xüsusi mülkiyyətindədir. Mənzil çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşir. İddiaçı həmin mənzidən faktiki olaraq qeyri-yaşayış sahəsi (ticarət obyekti) kimi istifadə edir və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciətdə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri qeyd edilməmişdir. Həmçinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Dövlət şəhərsalma norma və qaydalarına əməl edilməli və təhlükəsizliyin təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyindən müvafiq rəy alınmalıdır. Lakin qeyd edilən hallar nəzərə alınmamış özbaşına yenidənqurma işləri görülmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlilləri ilə çıxış etməklə iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etməkdədir. Belə ki, imtina dəlili onunla bağlı olmuşdur ki, müraciətdə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri qeyd edilməmiş və yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi üçün Dövlət şəhərsalma norma və qaydalarına əməl edilməli və təhlükəsizliyin təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyindən müvafiq rəy alınmalıdır Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin əsasları, şərtləri, qaydası, imtina əsasları konkret olaraq sadalanmış, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan həmin məsələnin digər bir inzibati orqandan asılılığı müəyyən edilməmişdir. Mənzil Məcəlləsinin 22.1-ci maddəsində Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina üçün əsaslar göstərilmişdir. Həmin normaya görə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Normadan göründüyü kimi, yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsindən imtina üçün əsaslara, Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilməməsi, Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilməməsi və yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin tikinti norma və qaydalarına uyğun olmaması göstərilmişdir. Mənzil Məcəlləsinin: Maddə 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. İddiaçı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı və texniki pasportu ərizə ilə cavabdehə təqdim etmişdir. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı isə balanssaxlayıcı kimi, cavabdehdə və onun tabeçiliyində olan qurumlarda olduğundan, Məcəllənin 21.2-1-ci maddəsinin tələbinə əsasən həmin sənədlərin iddiaçıdan tələb edilməsi əsassızdır. Göründüyü kimi, imtina üçün 21.2-ci maddədə qeyd edilən əsaslar mövcud deyil. Mənzil Məcəlləsi: Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri. 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Baxılan işdə iddiaçının mülkiyyətində olan mənzilin arxiv qovluğu Daşınmaz Əmlakın dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmiş və məhkəmə sorğusuna cavab olaraq təqdim edilən materiallardan müəyyən edilir ki, mənzil iddiaçının mülkiyyətindədir və hər hansı üçüncü şəxsin xeyrinə yüklülük qeydə alınmamışdır. Həmçinin iş materiallarına əsasən müəyyən edilir ki, mənzil binanın birinci mərtəbəsində yerləşir, mənzilə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür və ayrıca giriş-çıxışı vardır. Mənzil fakitiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Hər hansı bir mənzilin tərkib hissəsi kimi deyil. Göründüyü kimi, Məcəllənin 20-ci maddəsinin tələbləri baxımından da, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün hər hansı bir maneə yoxdur. Göründüyü kimi, cavabdehin etirazının dəlilləri kimi istinad etdiyi hallar öz təsdiqini tapmamaqla, Mənzil qanunvericiliyində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün nəzərdə tutulmuş bütün şərtlər ödənilir. Cavabdeh yazılı etirazında iddiaçının yaşadığı 26 saylı mənzilin pəncərələrinin qanunsuz olaraq qapı ilə əvəz olunması, eyvan sahəsinin genişləndirilməsi və küçə istiqamətinə qapı açılaraq binada əlavə tikinti işlərinin aparılmasını qeyd etmişdir. Bununla bağlı nəzərə alınmalıdır ki, təqdim edilən sənədlərdən müəyyən edilir ki, cavabdehin xx.xx.2007-ci il tarixli, 239 № li Sərəncamı ilə sözügedən mənzildən əvvəlki mülkiyyətçisinin müraciətinə əsasən “Ticarət obyekti” kimi istifadə olunmasına icazə verilmişdir ki, belə olan halda məhz həmin sərəncama uyğun olaraq mənzildən qeyriyaşayış sahəsi kimi istifadə oluna bilməsi üçün qeyd olunan dəyişikliklərin edilməsi zəruri olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı hüquqmüəyyənedici sənəd üzrə 60,27 kv.m mənzilə dair qərar qəbul edilməsini cavabdehdən tələb edir. Göründüyü kimi, iddiaçı tərəfindən aparılması iddia edilən yenidən qurma və ya yenidən planlaşdırma nəticəsində mənzilin sahəsində hər hansı dəyişiklik emtəmişdir. Cavabdehin etirazından və nümayəndəsinin məhkəməiclasında verdiyi izahatında da görünür ki, cavabdeh bu halla bağlı mənzilin pəncərələrinin qanunsuz olaraq qapı ilə əvəz olunması və küçə istiqamətinə qapı açılaraq binada əlavə tikinti işlərinin aparılmasına istinad edir ki, qeyd edildiyi kimi, bu işlər həmin mənzilin “Ticarət obyekti” kimi istifadə olunmasına icazə verilməsinə dair cavabdehin xx.xx.2007-ci il tarixli, 239 № li Sərəncamının icrasında irəli gəlmişdir və özbaşına aparılmamışdır. Bundan başqa iş materiallarında olan fotoşəkillərə əsasən də mənzilin hüquqmüəyyənedici sənədi üzrə sahəsindən kənara çıxan hər hansı dəyişikliyin edilməməsi, həmçinin eyni binada mənzilin qonşuluğunda yerləşən digər mənzillərdən də qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi müəyyən edilir. Həmçinin İddiaçı tərəfindən təqdim olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışlara əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən müvafiq olaraq X8 və X1 məxsus mənzillərin də təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, cavabdeh İdarə eyni faktiki və hüquqi əsasa söykənən şəxslər barəsində fərqli qərarlar qəbul edərək bərabərlik prinsipinin də tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh konkret olaraq müraciətin təminini istisna edən halları sübuta yetirə bilmədiyindən, hazırki iddia təmin olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ümumi sahəsi 60,27 kv.m təşkil edən, 3 otaqlı ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar