Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1672/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özü və övladlarının hazırda məskunlaşdığı Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağının əvəzinə ailə tərkibinin sayına və məskunlaşdığı əraziyə uyğun olaraq yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 16 sentyabr 2020-ci il tarixdə İddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə məhkəməyə ərizə verərək, iş üzrə yekun qərar qəbul edilənədək onu və uşaqlarını hal-hazırda yeganə yaşayış yeri olan Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağından məcburi qaydada çıxarılmalarının Azərbaycan Respublikasının Qaçqınlar və X10 üzrə Dövlət Komitəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6371/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apelyyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1880/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi M.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2-1(112)-6371/2020 saylı qərardadı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-576/21 nömrəli 10 mart 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli 2-1(103)- 1880/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sonradan iddiaçının vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Qaçqınlar və X10 üzrə Dövlət Komitəsinin üzərinə öhdəlik qoyularaq İddiaçı və övladlarının hazırda məskunlaşdığı Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağının əvəzinə, ailə tərkibinin sayına uyğun olaraq yaşayış sahəsi ilə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibti Məhkəməsinin 2-1(112)-1672/2021 saylı 08 iyul 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonundan məcburi köçkündür. 26.04.2016-cı ildən X12 ilə faktiki nikahdadır. 09.10.2017-ci il tarixdən isə rəsmi nikaha daxil olmuşlar.Ailə qurduqdan sonra 2016-ci ilin aprel ayından ərinin yaşadığı ünvan 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağına köçərək orada məskunlaşmışdır.Aslanov Səbuhi ilə 17.03.2020-ci il tarixdə boşandığından sonra birgə nikahdan olan övladları məhkəmə tərəfindən onun himayəsinə verilmişdir. Hazırda uşaqları ilə birlikdə yaşadıqları Azərbaycan Universitetinin 5 saylı yataqxanası Azərbaycan Respublikasının Qaçqınlar və X10 üzrə Dövlə Komitəsi tərəfindən sakinlərə yeni yaşayış sahəsi təqdim edilməklə boşaldılır. Bununla bağlı bütün yataqxana sakinləri Azərbaycan Respublikasının Qaçqınlar və X10 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahələri ilə təmin edilsələr də, onların ailəsinə yaşayış sahəsi verilməkdən imtina edilir.Bununla bağlı dəfələrlə Azərbaycan Respublikasının Qaçqınlar və X10 üzrə Dövlət Komitəsinə müraciət etsə də, orqan imtina cavabı ünvanlanmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin ünvanına daxil olmuş müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Komitə tərəfindən 07.08.2020-ci il tarixli 01/18322 nömrəli məktubla onun müraciəti müvafiq qaydada cavablandırılaraq siyahıya alınması zamanı iddiaçı sözügedən köçürmə obyektində fakiki olaraq yaşamadığına görə adı köçürüləcək ailələrin siyahısına salınmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə məskunlaşıb faktiki yaşayan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Məcburi köçkünlər müvəqqəti yaşayış sahələri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq təmin edilirlər. Komitə tərəfindən bu sahədə qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş Əlavələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız həmin Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən ictimai binalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülür. Yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulub və həmin ailələrin sayına uyğun tikinti işləri layihələndirilərək aparılır. Tikinti zamanı əlavə mənzil nəzərdə tutulmadığından həmin evlərə ehtiyacı olan digər ailələrin köçürülməsi mümkün deyildir. “Qobu-Park 3” yaşayış kompleksinə köçürmələrlə əlaqədar siyahıların yoxlanılması zamanı Komissiya tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı 2009-cu ildə atası X2 ailə tərkibində Füzuli rayonu ərazisində salınmış 4 saylı Zobucuq qəsəbəsində yerləşən 5 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. İddiaçı onlara verilmiş mənzildə məcburi köçkün kimi müvəqqəti qeydiyyata alınmışdır. Daha sonra 2016-cı ildə ailə qeydiyyatdan çıxmışdır. Atasının ailə tərkibində mənzillə təmin olunduqdan sonra iddiaçının ailə həyatı quraraq ayrı bir rayonda məskunlaşması onun yenidən Komitə tərəfindən mənzillə təmin olunmasına əsas vermir. İddiaçır Mürsəl qızının atasının ailə tərkibində mənzillə təmin olunmasına dair Komitənin Repatriasiya Departamenti tərəfindən 2009-cu ildə ünvan 2 ünvanında yerləşən 5 nömrəli 3 otaqlı mənzil ilə bağlı sənəd tərib olunmuşdur. Qeyd olunan mənzil onlara verilən zaman sənəddə ailənin tərkibi 5 nəfər şəxslərdən ibarət olmuşdur: X4, X5, X11, İddiaçı, X8. Daha sonra X4 və digər 4 nəfər ailə üzü ilə (İddiaçı daxil olmaqla) Komitənin Mənzil İstismar Departamenti arasında 15 sentyabr 2009-cu il tarixli 05 nömrəli müqavilə imzalanmışdır. Həmin göstərilən mənzil 2009-cu ilin 15 sentyabrda iddiaçının ailə vəziyyəti subay olduğu zaman atasının ailə tərkibində onlara verilmişdir. İddiaçı özünün iddia ərizəsində də qeyd etdiyi kimi 26.04.2016-cı il tarixdə X12 ilə faktiki nikaha daxil olmuş, daha sonra 09.10.2017-ci il tarixdə onların arasında rəsmi nikah bağlanılmışdır. Onun nikaha daxil olaraq ona verilmiş mənzili tərk etməsi və orada yaşamaması habelə onun sonradan Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanası üzrə məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin edilməsi ilə əlaqədar yenidən hazırki köçürmə obyekti üzrə ayrıca mənzillə təmin olunması qeyri-mümkündür. Məcburi köçkünlərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Hazırda ölkə ərazisində mənzillə təmin edilməmiş və mənzillə təmin olunmağa daha çox ehtiyacı olan məcburi köçkün ailələri var ki, onların Dövlət Proqramına uyğun olaraq növbəli və mərhələli qaydada mənzillə təmin olunması həyata keçirilir. Eyni zamanda tam qəzalı vəziyyətdə olan və yaşayış üçün ciddi təhlükə törədən binalarda yaşayan məcburi köçkün ailələrinin köçürülməsinə ciddi şəkildə ehtiyac vardır. Mövcud situasiyada isə artıq Komitə tərəfindən yaşayış sahəsi ilə təmin edilmiş məcburi köçkünün yenidən ayrıca yaşayış sahəsi əldə etməsi ədalətlilik prinsipinin tələblərinə də cavab vermir. Bununla yanaşı “Qobu Park-3” yaşayış kompelsinə köçürmə prosesi başa çatmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclası 26 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı 12 aprel 2017-ci il tarixdə AA№388132 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavininin 01/340 nömrəli 08 iyul 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 23 avqust 1993-cü il tarixə kimi Füzuli rayonunun Füzuli şəhərində yaşamış və məcburi köçkün olmuşdur. Hal-hazırda məcburi köçkün kimi Bakı şəhəri Yasamal rayonu Şərifzadə 1 küçəsi Azərbaycan Texniki Universitetinin yataqxanasında 109 saylı otaqda məcburi köçkün kimi məskunlaşıb yaşayırlar. Füzuli rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsi ilə X12 ilə cavabdeh X7 arasında 09 oktyabr 2017-ci il tarixdə Füzuli rayon Qeydiyyat Şöbəsində 210 nömrə ilə qeydə alınmış nikahın pozulması və tərəflərin birgə nikahından doğulmuş 18 iyul 2017-ci il tarixdə X9 və 03 sentyabr 2018-ci il tarixdə X13 cavabdeh X3 yanında qalmaları qət edilmişdir. Məhkəmə araşdırıması zamanı Füzuli rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, 01/343 nömrəli 05 avqust 2021-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, Füzuli rayon sakini İddiaçı məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 1 küçəsi, Azərbaycan Texniki Universitetinin yataqxanasında 104 nömrəli otaqda uşaqları X9 və Aslanlı adiq Səbuhi oğlu ilə məskunlaşıb yaşayırlar. İşin hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən onun istifadəsinə verilmiş mənzilin dəyişdirilməsini tələb edir. İddia tələbinin əsasında göstərilmişdir ki, Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanası dövlət tərəfindən sökülməsi ərəfəsində olduğundan, bütün yataqxana sakinlərin istifadələrinə digər yerlərdə mənzillər verilsə də, ona və uşaqlarına mənzil verilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Mənzil Məcəlləsi 91.1 və 91.1.5-ci maddəsindən görünür ki, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 2.1-ci bəndindən görünür ki, məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir. Həmin Qaydaların 4.1.1 və 4.1.2-ci bəndlərinə əsasən yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq ailə tərkibi 1 nəfərdən ibarət olanlara 1 otaq, ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara 2 otaq kimi müəyyənləşdirilmişdir. Odur ki, Məhkəmə işin hallarını tədqiq edərək müəyyən etmişdir ki, iddiaçı iddia edilən sözügedən yataqxanının dövlət tərəfindən sökülməsini və məhz cavabdeh tərəfindən onun və uşaqlarının məcburi qaydada çıxarılmalarını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, qaçqınların yaşayış sahəsi ilə təmin olunması “Qaçqınların və Məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 17-ci maddəsində qaçqınların yaşayış sahəsi ilə təmin edilməsinin qaydaları qeyd olunsa da, həmin maddədə “qaçqın” statusu almış şəxsə ikinci dəfə yaşayış sahəsi verilməsi ilə bağlı hər hansı bir norma qeyd olunmamışdır. Beləliklə, qanunvericilik “qaçqın” statusu almış şəxsə yalnız bir dəfə yaşayış sahəsi ilə təmin olunmaq hüququ verir. Beləliklə, iddiaçının iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının tələbi əsassız olduğundan məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 68-69-cu 75.4-cü, 81-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1672/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1672/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver