Məhkəmə qərarları › İş №2-1(112)-1672/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1672/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1672/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil növbəsinin bərpa edilməsi və mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil növbəsinin bərpa edilməsi və mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə inzibati işə 03 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı mənzillə təmin olunması üçün cavabdeh orqana müraciət etmiş, müraciəti əlillik təyinatının müddətinin bitməsi səbəbi ilə təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış mənzil növbəsinin ləğv edilməsi haqqında qərarın ləğv edilməsi və mənzil növbəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdən olan mənzil növbəsinin bərpa edilməsi və mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə iddiaçı Tibbi Sosial Ekspert Komisiyyasına müraciət edərək 2-ci qrup Qarabağ əlili statusunu almışdır. İddiaçı növbəti dəfə 2021-ci ildə əlilliyinin təsdiqi ilə əlaqədar şəhadətləndirilməli və hospitaldan aldığı müalicənin epikrizlərini komissiyaya təqdim etməli olmuşdur. Lakin pandemiya ilə əlaqədar DİN-in hospitalı xəstə qəbulunu dayandırmışdır. Hospital 2022-ci ilə qədər təqaüdçüləri qəbul etməkdən imtina edirdi. İddiaçı mənzili olmadığına görə 2015-ci ildə Suraxanı rayonunda əlil kimi ev növbəsinə götürülmüşdür. İddiaçı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, 2021-ci ilə qədər mənzilii verməmişdirlər. 2021-ci ildə əlilliklə əlaqədar növbəti həkim komissiyasına göndərildikdən sonra xx.xx.2021-ci ildə Tibbi Sosial Ekspert tərəfindən cavab amışdır. Cavabda səhiyyə müəsissəsi tərəfindən göndərişin natamam doldurulması, son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış müalicə kursunun olmaması və yenidən stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyacin olması və göndərişin çox səthi yazılması barədə cavab aldım. Bu cavabda əlilliyinin ləvğ olunması barədə heç bir məlumat olmamışdır. Əlilliyi ilə əlaqədar həkim komissiyasının göndərdiyi cavabında, göstərilən çatışmamazlığa laqeyd münasibət göstərməyinin səbəbi böyük oğlu ilə əlaqədar olmuşdur. X9 müharibəsi zamanı böyük oğlu X1 Nazirliyinin "N" saylı hərbi hissənin xidmət rəisi vəzifəsində xidmət etdiyi zaman xüsusi hərbi tapşırığı yerinə yetirib qayıdarkən onlar erməni minomiyotların atəşi altına düşərək kontuziya və qəlpə yarası almışdır. xx.xx.2021-ci il tarixli, 2449 nömrəli Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələri və Qarabağ əlillərinin 2021-2025-ci illər ərzində mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bu sərəncamla əlaqədar olaraq iddiaçı Əmək və Əhalinin, Sosial Müdafiəsi Nazirliyinə zəng vuraraq mənzil növbəsi barədə məlumat istəmişdir və ona əlillik təyinatının bitməsi ilə əlaqədar olaraq mənzil növbəsinin ləğv edildiyi bildirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavabında göstərilmişdir ki,xx.xx.2021-ci il tarixində əlillik təyinatının müddəti bitdiyinə görə o, ev növbəsindən çıxarılmışdır. Lakin cavabda bu qərarın hansı qanun əsasında qəbul edildiyi göstərilməyib. Hesab edir ki, nazirliyin bu qərarı kobud qanun pozuntusudur və heç bir qanun normalarına əsaslanmayıb. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən Nazirliyə təqdim olunmuş, hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında İddiaçı 8 may 2015-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı 4 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyinatınının müddəti bitmişdir. İddiaçıya yenidən əlillik təyin ediləcəyi təqdirdə sosial-məişət şəraitininin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaqdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş, hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında İddiaçı 8 may 2015-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Lakin İddiaçı 4 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyinatınının müddəti bitmişdir. İddiaçı hazırda həmin növbə üzrə mənzillə təmin edilməsi tələbini irəli sürmüşdür. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir; Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. ... 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. ... Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. 55.2. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; ...

Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə iddianın predmeti iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzillə təmin olunması ilə bağlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mənzillə təmin edilmə müəyyən zaman çərçivəsində baş verən prosesdir və qüvvədə olan qanunvericilik normalarına görə, şəxs əvvəlcə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmalı, bundan sonra cavabdeh orqan tərəfindən mənzillə təmin edilməlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilməsi də eyni qaydalar çərçivəsində həyata keçirilir. Cavabdeh tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli, 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir. İşin faktiki hallarında müəyyən edilir ki, iddiaçının sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etməsinə hüquq yaradan əsas aradan qalxmışdır. Belə ki, hazırda əlilliyi olan şəxs deyildir. İstər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu, istərsə də yuxarıda istinad edilən Sərəncamlarda əlilliyi olan şəxslərin mənzil təminatı nəzərdə tutulmuşdur. Adıçəkilən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçının əlillik statusunun müddəti bitmişdir. Rayon İcra hakimiyyəti tərəfindən iddiaçının uçotdan çıxarılmaması da əsas vermir ki, cavabdeh tərəfindən mənzillə təmin edilsin. Belə ki, Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. Göründüyü kimi, şəxsin mənzillə təmin edilməsi üçün yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması zəruri olsa da, bu Agentliyin mənzillə təmin edərkən, həmin şəxslərin yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsasları yoxlamaq vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ona cavabdeh tərəfindən mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil növbəsinin bərpa edilməsi və mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil növbəsinin bərpa edilməsi və mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar