Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1673/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X4 (mütəxəssis, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyinedilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli **********8 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi, xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək “Günəş firması”nda çilingər ustası işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxtdan (xx.xx.2019-cu ildən) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Ucar rayonu, Kəçəkənd kəndində doğulmuşdur. 1975-1977-ci illərdə hərbi xidmət keçmişdir. Əmək fəaliyyətinə xx.xx.1974-cü il tarixdən başlamışdır. Həmin tarixdən fasiləsiz olaraq işləmişdir. Bütün iş illəri əmək kitabçasında qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək “Günəş firması”nda işlədiyi stajını araşdırmaq, əmək haqqından sığorta ayırmalarının tutulmasını müəyyən etmək mümkün olmadığına görə ona pensiya təyin etmək mümkün deyildir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. Göründüyü kimi mənim iş stajımı təsdiq edən əmək kitabçası vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənlərin vəzifəsidir. Həmin Qanunun 11-ci maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq sığortaolunanın hüququdur. Həmin Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Cavabdeh iddiaya dair verilmiş yazılı etirazı məhkəməyə təqdim edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2019-cu il tarixə qüvvəyə minmiş dəyişikliklərə uyğun olaraq Qanunun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Günəş firması”nda iş stajını araşdırmaq, əmək haqqından sığorta ayırmalarının tutulmasını müəyyən etmək mümkün olmadığına görə həmin illər iş stajına daxil edilməmişdir. Vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə və tələb olunan iş stajı olmadığına görə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Cavabdeh daha sonra etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Şübhə yaradan hallar qismində 1. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 33.1-ci maddəsinə əsasən “Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəvicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar”. Əmək kitabçasında qeyd olunan dövrlərdə “Günəş” firması üçün 2 vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) yazılmışdır. Bir müəssisədə yalnız bir VÖEN olmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında qeyd olunan VÖENlərdən biri ümumiyyətlə aşkar edilsə də, digəri aşkar edilməmişdir 2. İddiaçının işdən azad olunma tarixi isə elektronlaşdırılmış sistemə keçid gününə təsadüf etməsi şübhə yaradan digər bir haldır. İddiaçı işlədiyini iddia etdiyi “Günəş” firmasının vergi uçotu orqanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X5 üzrə Baş İdarəsidir. Cavabdehdə şübhə yaradan hallara aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X5 üzrə Baş İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq qeyd edilmişdir ki, “Günəş” firması (VÖEN: **********) xx.xx.1999-cu ildə vergi orqanında qeydiyyata alınmışdır. Müəssisənin xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmasına baxmayaraq iddiaçının xx.xx.1998-ci il tarixdən orada işləməsi cavabdeh orqanda əmək kitabçasında aparılan qeydlərin düzgünlüyünə şübhə yaradır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbləri əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza və ona əlavəyə uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx xxx 1975-ci il tarixdən xx xxx 1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx xxxxx 1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən Azərbaycan SSR Əhalinin məişət xidməti Nazirliyinin trikotaj məhsullarının fərdi tikişi və təmiri fabrikinin 15 saylı atelyesinə toxucu vəzifəsinə qəbul olunmuş, xx.xx.1974-cü il tarixdən 18 saylı atelyeyə sahə ustası vəzifəsinə keçirilmiş, xx.xx.1975-ci il tarixində Sovet Ordusunda xidmətə çağırılması ilə bağlı işdən azad edilmişdir, xx.xx.1977-ci il tarixdən Azərbaycan SSR Əhalinin məişət xidməti Nazirliyinin trikotaj məhsullarının fərdi tikişi və təmiri fabrikinin 4 saylı atelyesinə xəzinədar vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə 4 saylı atelyedə istehsalatın hazırlığı mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci il tarixdən Fabrikin strukturunun dəyişilməsi ilə bağlı “Natavan” trikotaj məmulatların toxuculuğu və təmiri fabriki adlandırılmışdır. xx.xx.1991-ci il tarixdən həmin atelyedə sifarişləri qəbul edən vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdən 4 saylı atelyedə usta vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixdə “Günəş” təsərrüfatı hesablı müəssisəyə keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1993-cü il tarixdən “Günəş” təsərrüfat hesablı müəssisəsinə usta vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixdən strukturunun dəyişilməsi ilə əlaqədar “Günəş” firmasına keçirilmiş, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixdək həmin firmada çilingər ustası vəzifəsinə keçirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********8 saylı imtina məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə istinad etmiş, qeyd olaraq xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Günəş” firmasında iş stajını araşdırmaq, əmək haqqından sığorta ayrılmalarının tutulmasını müəyyən etmək mümkün olmadığına görə həmin illər iş stajına daxil edilmədiyi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə və tələb olunan iş stajı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının tələbi əsaslıdır və həmin dövrlər pensiya təyin edilməsi üçün əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki halda iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək “Günəş firması”nda çilingər ustası vəzifəsində işlədiyi xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək olan müddətin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X7 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixdək “Günəş” firmasında çilingər ustası vəzifəsində işləməsi müəyyən edilmişdir. Lakin cavabdeh həmin dövr üzrə əmək haqqından sığorta ayırmalarının tutulmasını müəyyən etmək mümkün olmadığına görə həmin illəri iş stajına hesablamaqdan imtina etmişdir. Məhkəmə araşdırması dövründə “Günəş” firmasının xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək fəaliyyət olub-olmaması, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Günəş” firmasında çilingər usta peşəsində işləyib-işləməməsi, işlədiyi təqdirdə buna dair əmrlərin, əmək haqqı ödənişləri cədvəllərinin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən və “Günəş” firmasından sorğu əsasında tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 5/308 saylı məktubla bildirilmişdir ki, “Günəş” firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq “Günəş” firması tərəfindən verilmiş xx xxxx 2020ci il tarixli, 1 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən “Günəş” müəssisəsinə işə qəbul olunmuş, xx.xx.1993-cü il tarixdən müəssisə “Günəş” firması adlandırılmış (VÖEN 140052796, VÖEN **********) və İddiaçı xx.xx.2006-cı il tarixə qədər çilingər ustası işləmişdir. Müəssisəsinin rəhbəri vəfat etmiş və mühasibi başqa ölkəyə köçmüş, bununla əlaqədar mühasibat sənədləri (əmək haqıq cədvəlləri 1993-2006-cı illər üzrə və s.) təqdim edə bilmir. O, müəssisədə mühəndis vəzifəsində işləmiş və sonra rəhbəri əvəz etmişdir. Vaxtı-vaxtında sosial sığorta vergilər üzrə ödənişlər olunmuş və hesabatlar DSMF-na təqdim olunmuşdur. “Günəş” firması xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər fəaliyyətini dayandırıb. Qeyd edilən məktub firmanın rəhbəri Ş.H.Hüseynova tərəfindən imazalanaraq, müəssisənin möhürü ilə təsdiqlənmişdir. X1rumlarının dövlət reyestri haqqında məlumatlardan görünür ki, “Günəş” firması xx.xx.1998-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsində VÖEN ********** ilə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X2r. Həmçinin məhkəməyə təqdim edilmiş xx xxxxxx 1999-cu il tarixli, 1999-cu ilin İİİ rübü üzrə və 2004-cü il tarixli Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəllərindən görünür ki, “Günəş” firması tərəfindən həmin dövlər üzrə sığorta ödənişləri aparılmışdır. Cavabdeh etirazında “Günəş” firmasının xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmasına baxmayaraq iddiaçının xx.xx.1998-ci il tarixdən orada işləməsinin əmək kitabçasında aparılan qeydlərin düzgünlüyünə şübhə yaratması ilə bağlı dəlillər göstərmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun “Natavan” trikotaj məmulatlarının toxuculuğu və təmiri Fabrikinin 4 saylı atelyesində işlədiyi usta vəzifəsindən xx.xx.1993-cü il tarixədəл “Günəş” təsərrüfat hesablı müəssisəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilməsi göstərilmişdir. Həmçinin iş materiallarından görünür ki, “Günəş” firması xx.xx.1999-cu il tarixdə vergi orqanında firma kimi qeydiyyata alınsa da, lakin daha əvvəl “Günəş” təsərrüfat hesablı müəssisə kimi fəaliyyət göstərmiş və iddiaçı xx.xx.1998-ci il tarixdən daha əvvəl orada işləmişdir. Belə olan halda göstərilən əsaslarla iddiaçının işlədiyi illərin ümumi iş stajına hesablanmaması əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2019-cu ilin yanvar ayının 1-də kişilərin yaş həddi 64 yaş olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, 64 yaşı xx.xx.2019-ci ildə tamam olmuşdur. İddiaçının xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək “Günəş firması”nda çilingər ustası işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun ümumi sosial sığorta stajı həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 31 il 06 ay 25 gün təşkil edir. Bu da iddiaçının qanunla tələb olunan minimum sosial sığorta stajından artıq staja malik olduğunu, onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir. Məhkəmə qeyd edir ki, cavabehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin xx.xx.2019-cu il tarixli **********8 nömrəli imtina məktubu qanunsuz hesab edilməli, İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək “Günəş firması”nda çilingər ustası işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 64 yaşı tam olduğu xx.xx.2019cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********8 nömrəli imtina məktubu qanunsuz hesab edilsin. İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək “Günəş firması”nda çilingər ustası işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 64 yaşı tam olduğu xx.xx.2019cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1673/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1673/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver