Məhkəmə qərarları › İş №2-1(112)-1674/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1674/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1674/2021 27.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3, üçüncü şəxs X1 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 inziati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla çıxarışın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı X4 inziati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 10 “a” (yeni qaydalarla 12) X2 və qeyrilərinə aid verilmiş texniki pasportun ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 (yeni 12) ünvanında yerləşən X1 adına verilmiş evə dair çıxarışın ləğv edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə tədim etdiyi xx xxxxxxx 2020-ci il tarixli **********65 edirazda iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən məsələ ilə bağlı İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciəti daxil olmamışdır. Bundan əlavə İddiaçı iddia ərizəsində qeyd olunan məhkəmə aktları barədə hər hansı məlumat idarədə aşkar olunmamışdır. Texniki sənədlər, o cümlədən daşınmaz əmlaka dair tərtib olunan texniki pasport müvafiq əmlakın cari anda mövcud olan vəziyyətini əks etdirir. Hal-hazırda sözügedən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında X4, X11, X12, X6 mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanları rəhbər tutularaq iddia tələbinin mümkün sayılmaması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək, hazırki tələblə inzibati orqana müraciət etmədiyini, lakin iddianı müdafiə etdiyini bildirdi və onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaçı tərəfindən hazırki tələblə bağlı təmsil etdiyi orqana müraciət olunmadığının nəzərə alınmaqla iddianın mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkünsüz sayılmalıdır. Belə ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Daşınmaz əmlakın Dövlət reyestrində cavabdeh inzibati orqan tərəfindən aparılmış qeydlər mübahisələndirilsə də, məhkəməyə iddia ərizəsi ilə müraciət olunmazdən əvvəl qeyd olunan tələblə bağlı cavabdeh inzibati orqana müraciət olunmamışdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müraciət etmədiyindən və müraciətinə dair imtina olunması barədə yazılı məlumat almadığından hazırki iddiaya mövcud vəziyyətdə baxıla bilməz. Odur ki, yuxarıda qeyd olunanlara əsasən işin bu cür halında iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 inziati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla çıxarışın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar