Məhkəmə qərarları › İş №2-1(112)-1675/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1675/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1675/2024 25.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə qərarın ləğv edilərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə qərarın ləğv edilərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1958-ci ildə Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində doğulmuşdur. 1977-ci ildə X2 ilə Neftçala rayonunda nikaha daxil olaraq ailə qurmuşdur. 1995-ci ilə qədər Neftçala rayonunda yaşamışlar. Övladları da orada dünyaya gəliblər. İddiaçı 1995-ci ildə ailəsi ilə birgə Türkmənistan Respublikasına köçmüş və orada yaşamağa başlamışlar. xx.xx.1996-cı ildə iddiaçının həyat yoldaşı işlədiyi yerdə qəzaya düşərək həlak olmuşdur. 2005-ci ilə qədər Türkmənistan Respublikasında yaşamışlar. 2005-ci ildə daimi yaşamaq üçün Azaərbaycan Respublikasına gəlmişdir. Maddi imkanı olmadığından Sabunçu rayonunda Kürdəxanı qəsəbəsində Ə.Cəmil küçəsi 55 saylı evi almışdır. İddiaçının aldığı ev özbaşına tikili olduğu həmin ünvana qeydiyyata düşə bilməmiş və bütün bu illər ərzində Bakı şəhərində qeydiyyatsız yaşamışdır. İddiaçı 2022-ci ildə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh onun yaşadığı yer üzrə qeydiyyatı olmadığı üçün Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2022-ci il tarixdə ******* saylı qərar qəbul etmişdir. Hüquqi savadı və imkanı olmadığı üçün həmin qərardan vaxtında şikayət verə bilməmişdir. İddiaçı 2022-ci ildə cavabdehə yenidən müraciət etmiş, lakin cavabdeh həmin qərara əsaslanaraq ona məhkəməyə şikayət etməsini bildirmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla cavabdeh belə nəticəyə gəlmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, şəxsin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 7 oktyabr tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli sorğusu əsasında vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmaması müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati akt qəbul edilmişdir. Hesab edilir ki, Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, təqdim olunmuş sənədlər əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən şəxs barəsində inzibati icraata başlanılmış, icraat zamanı şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək ölkə ərazisində doğulduğu nəzərə alınaraq “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndində göstərilən əsaslara malik olub-olmaması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinə sorğu göndərilmişdir. Adıçəkilən qurumun xx.xx.2022-ci il tarixli məlumatında şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (1998-ci il 7 oktyabr tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmadığı göstərilmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Bundan başqa bildirilir ki, şəxslə bağlı icraat Dövlət Miqrasiya Xidməti tərəfindən 2022-ci il tarixdə aparılmış və müvafiq inzibati akt qəbul edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Məhkəmədə qeydiyyatdan keçmişdir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə ilə müraciət edərək qərardan hüquqi savadsızlığına görə vaxtında şikayət verə bilmədiyini bildirmiş və buraxılmış iddia müddətinin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materialları iddia ərizəsinin qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə, yəni imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi vaxtdan 30 gündən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edildiyinə işarə etməkdədir. Belə ki, iş materiallarına cavabdeh tərəfindən elektron kabinet vasitəsilə xx.xx.2023cü il tarixdə əlavə olunmuş 47051993 nömrəli sərhədkeçmə sənədindən görünür ki, iddiaçı X1 xx.xx.2005-ci ildə Türkmənistan Respublikasından ölkə ərazisinə daxil olmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh tərəfindən elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə iş materiallarına əlavə olunmuş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə” ******* nömrəli bildirişdən görünür ki, İddiaçı müraciətinin nəticəsi barədə sorğunun qeydiyyata alındığı vaxtdan 20 gün müddətdə qəbul ediləcək müvafiq qərarın xx.xx.2022-ci il tarixdə götürülməsinin zəruriliyi barədə xx.xx.2022-ci il tarixdə məlumatlandırılmışdır. İddiaçı tərəfindən isə hazırkı tələblə xx.xx.2023-cü il tarixdə, qərarın qəbul edilməsindən bir ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən və vəkillə təmsil olunan iddiaçıya prosessual müddətin buraxılması ilə bağlı qanunvericiliyin tələbləri İPM-in 13-cü maddəsinə müvafiq olaraq izah edilmiş, iddiaçı və vəkili öz növbələrində müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etdiklərini bildirmişlər. İddiaçı xx.xx.2024-cü il tarixli buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı o, iddia ərizəsində qeyd etmişdir ki, hüquqi savadı və imkanı olmadığı üçün qərardan vaxtında şikayət verə bilməmişdir. İddiaçı 2022-ci ildə cavabdehə yenidən müraciət etmiş, lakin cavabdeh həmin qərara əsaslanaraq ona məhkəməyə şikayət etməsini bildirmişdir. Beləliklə, iddiaçı faktiki olaraq cavabdehin imtina qərarından daha əvvəlki tarixdə məlumatlı olduğunu qəbul və təsdiq etmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəməyə müddətin bərpa edilməsi ilə bağlı iddiaçının təqdim etdiyi ərizəsində qeyd olunanlardan belə qənaətə gəlir ki, İPM 24.1-ci maddəsində müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxılmamışdır. Belə ki, İPM-in 24.2-ci maddəsinə əsasən, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Lakin iddiaçı ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları göstərməmiş, həmçinin məhkəmə iclasında prosessual müddəti hansı səbəbdən buraxmasını əsaslandıra bilməmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və iddiaçıya məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə qərarın ləğv edilərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar