Məhkəmə qərarları › İş №2-1(112)-1676/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1676/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1676/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin təkrar verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” vəsiqəsinin təkrar verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ona Daxili İşlər Nazirliyi tərəfindən xx xxxx 1998-ci il tarixdə "Müharibə veteranı” adı verilmişdir. Bu adın təsdiqi üçün həmin təşkilat tərəfindən ona 016559 nömrəli “Müharibə veteranı” vəsiqəsi təqdim edilmişdir. Həmin vaxtdan vəsiqəni sənədlərinin arasında səliqə ilə saxlamışdır. Lakin bir neçə ay bundan əvvəl vəsiqənin iç tərəfinin şəkil olan hissəsi yararsız hala düşmüşdür. Buna baxmayaraq, vəsiqədən həmin vəsiqənin hansı təşkilat tərəfindən verildiyi, kimə verildiyi, vəsiqənin nömrəsi aydın oxunur, vəsiqədə səlahiyyətli şəxsin imza və möhürü vardır. Vəsiqənin iç üzünün bir hissəsi yararsız hala düşdüyü üçün vəsiqəni vermiş Daxili İşlər Nazirliyinə müraciət edərək vəsiqənin (müharibə veteranı adının deyil) ona təkrar verilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli cavabı ilə bundan imtina etmişdir. İmtina arxiv sənədlərində onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumatın aşkar edilməməsi ilə əsaslandırılmışdır. O, həmin imtinanı qanunsuz hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 18.1-ci və 18.2-ci maddələrinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. Həmin Qanunun 19.1ci maddəsinə uyğun olaraq inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, qanunun mənasına görə əvvəllər təqdim edilmiş sənədlərin bir daha təqdim edilməsinə ehtiyac yoxdur. Bundan başqa vətəndaşın təqdim etdiyi sənədlərin mötəbər olduğunu sübut etmək kimi vəzifəsi yoxdur və bunun üçün ondan əlavə sənədlər tələb oluna bilməz. Ona “Müharibə veteranı” adı 1998-ci ildə verilmişdir. X10 Nazirliyinin verdiyi vəsiqə təsdiq edir. Vəsiqənin nömrəsi və digər rekvizitləri yerindədir. Döyüş əməliyyatlarında iştirakla bağlı əvvəllər məlumat və sənədlər Nazirliyə təqdim olunduğundan və bunun nəticəsində ona veteran adı və vəsiqəsi verildiyindən döyüş əməliyyatlarında iştirakla bağlı sənədlər ondan təkrar tələb oluna bilməz. Həmin sənədlərin təqdim olunduğunu vəsiqə təsdiq edir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı Əlavə - “Müharibə veteranı, silahlı qüvvələr veteranı, əmək veteranı vəsiqələrinin təsviri nümunəvi və eskizi”-nin 6-cı bəndinin mənasına uyğun olaraq vəsiqənin itirilməsi, xarab olması, yanması və sair hallarda, ancaq bu faktı təsdiq edən sənədlər olduqda, vəsiqə təkrar verilir. Bu bənddən göründüyü kimi, vəsiqənin yararsız hala düşdüyü halda yararsız hala düşmə faktını təsdiq edən sənəd olduqda vəsiqə təkrar verilməlidir. Onun yararsız hala düşmüş vəsiqəsi özü özlüyündə onun yararsız hala düşdüyünü təsdiq edir. Belə olduğu təqdirdə cavabdeh orqan ona imtina etməkdə haqlı olmamışdır. Həmçinin arxivdə ona aid sənədlərin olmadığı onun təqsiri ucbatından deyil. Belə ki, onun Daxili İşlər Nazirliyində yerləşən arxiv sənədlərini qorumaq kimi vəzifəsi yoxdur. Bu vəzifə də cavabdeh inzibati orqana aiddir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X6 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmamışdır. Bu səbəbdən də iddiaçının təkrar «müharibə veteranı» vəsiqəsi ilə təmin edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X8 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 024-35177M-3219 saylı məktubdan görünür ki, DİN-də fəaliyyət göstərən müvafiq komissiya iddiaçının yararsız hala düşmüş vəsiqənizin yenisi ilə əvəzlənməsini arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar edilmədiyindən mümkün hesab etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 024-3418-1219 saylı məktubdan görünür ki, iddiaçının arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakı faktını təsdiq edən məlumat aşkar edilmədiyindən təkrar «müharibə veteranı» vəsiqəsi ilə təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X8 tərəfindən vəkil Nəsib Əhmədova ünvanlanmış xx.xx.2019-cu il tarixli, 024-4193-1219 saylı məktubdan görünür ki, sabiq polis əməkdaşı İddiaçı Seyfulla oğluna xx xxxxxx 1998ci il tarixli, 15 nömrəli protokola əsasən «Müharibə veteranı» adı və vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 024-4887-1219 saylı məktubda qeyd edilir: İddiaçı verilmiş «Müharibə veteranı» vəsiqəsinin əsaslılığını müəyyən etmək məqsədilə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 sorğu verilmiş, həmin Baş İdarədən daxil olmuş xx.xx.2019-cu il tarixli, 012-16753-1219 nömrəli cavab məktubunda iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyatın aşkar olunmadığı göstərilmişdir. Bu səbəbdən də Daxili İşlər Nazirliyi tərəfindən sabiq polis əməkdaşı İddiaçı yararsız vəziyyətə düşmüş «Müharibə veteranı» vəsiqəsinin yenisi ilə əvəzlənməsi mümkün olmamışdır. İş materiallarında oan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2019-cu il tarixli 012-16753-1219 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2009-cu ilədək daxili işlər orqanlarında xidmət etmiş, lakin arxiv şəxsi işinin xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmamışdır. Bununla əlaqədar DİN-in arxivində saxlanan Ağsu rayon polis şöbəsinin 1993-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış və onun döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilmədiyi qeyd olunmuşdur (Əsas: arxiv şəxsi işin № Siyahı-51, Arx.233). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarix 024-2439-1220 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın xx.xx.1998-ci il tarixli, 15 nömrəli protokolunda İddiaçı adı qeyd olunsa da, həmin protokola əlavə olunmuş materallarda ona “Müharibə verteranı” adı və vəsiqəsi verilməsinə əsas olan sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət etmişdir. Ona “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Hazırda iddiaçı ona verilmiş “Müharibə veteranı” vəsiqəsi yarasız hala düşdüyünə görə, ona “Müharibə veteranı” vəsiqəsinin təkrar verilməsini xahiş edir. Lakin iddiaçının arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakı faktını təsdiq edən məlumat aşkar edilmədiyindən cavabdeh tərəfindən ona təkrar «müharibə veteranı» vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.2009-cu ilədək daxili işlər orqanlarında xidmət etmiş, lakin arxiv şəxsi işinin xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın xx.xx.1998-ci il tarixli, 15 nömrəli protokolunda iddiaçının adı qeyd olunsa da, həmin protokola əlavə olunmuş materallarda ona “Müharibə verteranı” adı və vəsiqəsi verilməsinə əsas olan sənədlər aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin təkrar verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar