Məhkəmə qərarları › İş №2-1(112)-1678/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1678/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1678/2025 14.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra mətndə Xidmət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi - 20207.5 kv.m, açıq torpaq sahəsi -18335.2 kv.m, ümumi tikili altı sahəsi-1340.4 kv. m. olan qeyriyaşayış sahəsi-yardımçı təsərrüfat sahəsinə görə onlara dəymiş ziyanın əvəzi kimi 400000 (dörd yüz min) manat məbləğində kompensasiyanın cavabdeh Xidmətdən tutularaq onlara ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, səhmdarı olduqları "xxxx" ASC 29 noyabr 2008-ci il tarixli, 3 saylı protokola əsasən ləğvetmə balansının təsdiq edilməsi və əmlakın naturada bölüşdürülməsinə dair qərar qəbul etmişdir. Müvafiq bölgüyə əsasən "xxxx" ASC-nin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi - 20207,5 kv.m; açıq torpaq sahəsi-18335,2 kv.m; ümumi tikili altı sahəsi-1340,4 kv.m olan qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsi naturada bölünərək ona, yəni İddiaçı1; "xxxx" ASC-nin balansında olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi - 14644,5 kv.m; açıq torpaq sahəsi-4.5414 kv.m; ümumi tikili altı sahəsi- 13954,4 kv.m olan qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsi naturada bölünərək ona, yəni İddiaçı2 Nürəddin oğluna və "xxxx" ASC-nin balansında olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi - 14558 kv.m; açıq torpaq sahəsi-1.51324 kv.m; ümumi tikili altı sahəsi-15132,4 kv.m olan qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsi naturada bölünərək ona, yəni X2 verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən onun, yəni İddiaçı1 adına qeyd edilən qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsinin 05 may 2009-cu il tarixli, 003334 saylı Müəssisə və Obyektin Daşınmaz Əmlakının Texniki Pasportu verilmişdir. Eləcə də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeütrindən Seriya RX, Nç 00087753 saylı, xx.xx.2012-ci il tarixli Çıxarışdan görünür ki, "xxxx" ASC-nin balansında olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi - 14644,5 kv.m; açıq torpaq sahəsi- 4.5414 kv.m; ümumi tikili altı sahəsi-13954,4 kv.m olan qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsi İddiaçı2 Nürəddin oğlunun mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 889 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, № ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" ASC-nin balansında olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi -14558 kv.m; açıq torpaq sahəsi-1.51324 kv.m; ümumi tikili altı sahəsi-15132,4 kv.m olan qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsi X1 mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 786 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən onların adına qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsinin 05 may 2009-cu il tarixli, 003334 saylı Müəssisə və Obyektin Daşınmaz Əmlakının Texniki Pasportu verilməsi üçün idarəyə aşağıda qeyd edilən sənədlər təqdim edilmişdir: 1) 259/V-05 saylı, xx.xx.2009-cu il tarixli sifariş məktubu; 2) Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 245 saylı Sərancamı; 3) "xxxx" ASC haqqında məlumat; 4) Qiymətli kağız sahiblərinin xx.xx.2008-ci il tarixli reyestri; 5) "xxxx" ASC-nin səhmdarlarının xx.xx.2008-ci il tarixli ümumi yığıncaqlarının 01 saylı və xx.xx.2008-ci il tarixli, 03 saylı protokolları; 6) "xxxx" ASC-nin daşınar və daşınmaz əmlaklarının əsas səhm sahibləri arasında bölüşdürülməsinə dair xx.xx.2008-ci il tarixli protokolu; 7) xx.xx.2008-ci il tarixli AKT; 8) Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında Bakı Şəhər Vergilər Departamentinin xx.xx.2009- cu il tarixli, **********57 saylı bildirirşi; 9) Qiymətli Kağızlar üzrə Dövlət Komissiyasının İ6.02.2009-cu il tarixli, 06/İ-027-379 saylı məktubu; 10) Bina və qurğuların texniki parametrləri. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi müraciətlərinə cavab olaraq **********88 saylı, xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış binasına dair adınıza “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir və bu səbəblərdən ərizənizin icrası tərəflərindən mümkün olmamışdır. Həmin torpaq sahəsi Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 47/732 saylı qərarına əsasən “Qazan Mexaniki” zavodu üçün ayrılmış torpaq sahəsidir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən onun adına qeyd edilən qeyri- yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsinin 05 may 2009-cu il tarixli, 003334 saylı Müəssisə və Obyektin Daşınmaz Əmlakının Texniki Pasportundan da göründüyü kimi həmin ölçüdə torpaq sahəsi "xxxx" ASC-nin balansında olan torpaq sahəsidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən onun adına, yəni İddiaçı1 adına hazırlanmış 05 may 2009-cu il tarixli, 003334 saylı Müəssisə və Obyektin Daşınmaz Əmlakının Texniki Pasportu təqdim olunmasına baxmayaraq cavabdeh tərəfindən bizə çıxarışın verilməsindən imtina olunmuşdur. Odur ki, tərəflərindən iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilməsi və "xxxx" ASC-nin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi - 20207,5 kv.m; açıq torpaq sahəsi-18335,2 kv.m; ümumi tikili altı sahəsi-1340,4 kv.m olan qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsinə dair onların adına Texniki Pasport və Çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-96/2022 saylı, 16 may 2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Onlar həmin qərardan narazı qalaraq apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2l(103)-272/2023 saylı, 15 mart 2023-cü il tarixli qərarı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin e-2-l(112)-96/2022 saylı, 16 may 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Onlar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(103)-272/2023 saylı, 15 mart 2023-cü il tarixli qərarından narazı qalaraq kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1662/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə onlar tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(103)-272/2023 saylı, 15 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşə baxmış məhkəmələr müəyyən etmişlər ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yardımçı təsərrüfat iddiaçılar tərəfindən qanuni əsaslarla əldə edilmişdir. İddiaçı3 tərəfindən işə apellyasiya qaydasında baxılarkən məhkəməyə təqdim edilmiş Xidmətin xx.xx.2023-cü il tarixli məktubunda da qeyd edilmişdir ki, qeyd edilən yardımçı təsərrüfat özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirilən əmlakın tərkibində cəmiyyətin nizamnamə kapitalına daxil edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçıların üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi 20307,5 kv.m olan qeyri-yaşayış sahəsinin koordinatarı qeyd edilmiş, qeyri-yaşayış sahəsinin "xxxx" Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Məhkəmələr hesab etmişlər ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yardımçı təsərrüfat iddiaçılar tərəfindən qanuni əsaslarla əldə edilsə də, təsərrüfatın yerləşdiyi torpaq dövlət tərəfindən “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X4 Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən "xxxx" Şirkətinin istifadəsinə verildiyindən qeyd edilən qanunun qüvvədə olduğu müddət ərzində iddiaçıların qeyd edilən təsərrüfat üzərində mülkiyyət hüququ qeydə alına bilməz. Belə ki, Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsində qeyd edildiyi kimi torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Torpaq sahəsinin üzərindəki obyekt üzərində iddiaçıların mülkiyyət hüququnun qeydə alınması o deməkdir ki, onlar həmin obyektin altındakı torpaq sahəsindən də istifadə hüququ əldə etmiş olur. Yuxarıda istinad edilən xx.xx.2007-ci il tarixli Qanuna əsasən sazişin, qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verildiyindən iddiaçılara məxsus yardımçı təsərrüfatın yerləşdiyi ərazidə hazırda hər hansı neft-qaz əməliyyatları aparılmasa da, gələcəkdə həmin sahədə də bu əməliyyatların aparılması istisna olunmur. Onlara izah olunur ki, qanuni əsaslarla əldə etdikləri qeyriyaşayış sahəsindən istifadə hüququna maneə yarandığı halda kompensasiya tələb etmək hüququna malikdirlər. Göründüyü kimi, işə baxmış məhkəmələr hesab etmişlər ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yardımçı təsərrüfat iddiaçılar tərəfindən qanuni əsaslarla əldə edilmişdir. Lakin təsərrüfatın yerləşdiyi torpaq dövlət tərəfindən “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X4 Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən "xxxx" Şirkətinin istifadəsinə verildiyindən, Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verildiyindən iddiaçılara məxsus yardımçı təsərrüfatın yerləşdiyi ərazidə hazırda hər hansı neft-qaz əməliyyatları aparılmasa da, gələcəkdə həmin sahədə də bu əməliyyatların aparılması istisna olunmur. Odur ki, tərəflərindən rəsmi ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı Qazan Mexaniki” Açıq Səhmdar Cəmiyyətinin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi - 20207,5 kv.m; açıq torpaq sahəsi-18335,2 kv.m; ümumi tikili altı sahəsi-1340,4 kv.m olan qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsinə görə 400000 (dörd yüz min) manat məbləğində kompensasiyanın onlara ödənilməsini təmin edilməsini xahiş etmişlət. Lakin, cavabdeh inzibati orqan hazırki vaxtadək müraciətlərini cavablandırmamışdır. Odur ki, məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə Xidmətin xx.xx.2024-cü il tarixli, № 3-21-3/2-14066/2024 saylı iddiaya dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıların tələbi "xxxx" ASC-nin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi 20207.5 kv.m, açıq torpaq sahəsi 18335.2 kv.m ümumi tikilialtı sahəsi 1340.4 kv.m olan qeyriyaşayış sahəsi - yardımçı təsərrüfat sahəsinə görə ona dəymiş ziyanın əvəzi kimi 400000 (dörd yüz min) manat məbləğində vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır. Bununla bağlı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 239 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən "xxxx" Dövlət Şirkətinin Qazan Mexaniki zavodunun bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilmişdir. "xxxx" ASC yaradılan zaman Qazan Mexaniki zavodunun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yardımçı təsərrüfatına məxsus tikili və qurğular da müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirilən əmlakın tərkibində cəmiyyətinin nizamnamə kapitalına daxil edilərək özəlləşdirilmişdir. Yardımçı təsərrüfatının torpaq sahəsi özəlləşdirilməmiş, dövlət mülkiyyətində qalmışdır. İddiaçılar iddianı onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi 20207.5 kv.m, açıq torpaq sahəsi 18335.2 kv.m ümumi tikilialtı sahəsi 1340.4 kv.m olan qeyri-yaşayış sahəsi yardımçı təsərrüfat sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəmədə iddia qaldırsalar da, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 1(112)-96/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddianın təmin edilməməsinin səbəbi yardımçı təsərrüfatın yerləşdiyi torpaq sahəsinin Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsində olmaqla neft yataqlarının daxil olduğu ərazi hüdudlarında yerləşməsi olmuşdur. Məhkəmə qərarında əmlakdan onların istifadəsinə maneə törədildiyi halda kompensasiya tələb edə biləcəyinin qeyd edildiyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Bununla əlaqədar yuxarıda qeyd edildiyi kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən mübahisəli yardımçı təsərrüfat sahəsi "xxxx" ASC-nin tərkibində özəlləşdirilərək xüsusi mülkiyyətə keçmişdir. Qeyd edilən əmlakın özəlləşdirilməsi məhkəmə qərarı ilə ləğv edilməmiş, hazırda da qüvvədədir. İddiaçıların özəlləşdirilməsi ləğv edilməmiş, hazırda xüsusi mülkiyyətlərində olan əmlaka görə kompensasiya tələb etməsi əsassızdır. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi, yardımçı təsərrüfatın yerləşdiyi torpaq sahəsi ümumiyyətlə özəlləşdirilməmiş, dövlət mülkiyyətində qalmışdır. Bu səbəbdən iddiaçıların kompensasiyanı ümumilikdə həm yardımçı təsərrüfatın tikililərinə, həm də torpaq sahəsinə münasibətdə tələb etməsi əsassızdır. Qeyd edilənlərdən əlavə, iddiaçılar yardımçı təsərrüfata görə 400 000 (dörd yüz min) manat məbləğində kompensasiyanın onlara ödənilməsini tələb etsələr də, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən onlara bu həcmdə ziyan vurulmasını əsaslandıran heç bir sübut məhkəməyə təqdim edə bilməmişdirlər. Bundan başqa iddiaçılar iddianın hüquqi əsası kimi, Mülki Məcəllənin 1096.1-ci (mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və 1096.2-ci (delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır) maddələrinə istinad etsələr də, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən onlara qarşı delikt törədilməsini təsdiq edən hər hansı əsas və ya sübut məhkəməyə təqdim edə bilməmişdirlər. Həmçinin nəzərə alınmalıdır ki, "xxxx" ASC-nin özəlləşdirilməsinə 2001- ci ildə başlanılmış, 2004-cü ildə özəlləşdirmə tam başa çatmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən mübahisəli yardımçı təsərrüfat sahəsinin ərazisi isə 2007-ci ildə qanunla kontrakt sahəsinə daxil edilmişdir. Beləliklə, Bakı Qazan Mexaniki” ASC özəlləşdirildiyi zaman mübahisəli yardımçı təsərrüfatın torpaq sahəsi neft yataqlarının daxil olduğu əraziyə aid olmamışdır. Əlavə olaraq yuxarıda qeyd edildiyi kimi iddiaçıların iddiası üzrə qəbul edilmiş məhkəmə qərarı ilə əmlakdan onların istifadəsinə maneə törədildiyi halda kompensasiya tələb edə biləcəyi qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçılara Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yardımçı təsərrüfatdan istifadəyə hər hansı maneə törədilmir. İddiaçılar hazırkı iddianı yardımçı təsərrüfatdan onların istifadəsinə maneəni törədən dövlət qurumuna qarşı qaldıra bilərlər. Göründüyü kimi, Xidmətin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçılara zərər vurulmamış və iddiaçılar bunu ərizəsində əsaslandırmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçıların nümayəndəsi və vəkili Vəkil iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 14558 kv.m olan, 1.51324 ha torpaq sahəsində yerləşən əmlak kompleksi tam mülkiyyət hüququ üzrə xx.xx.2011-ci il tarixdə İddiaçı3 adına Daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 786 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 14644.5 kv.m olan, 4.5414 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı2 adına xx.xx.2012-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 889 nömrəli vərəqində********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. Digər mülkiyyətçi İddiaçı1dur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-96/2022 saylı Qərarının surətindən müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Nürəddin oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və "xxxx" ASC-nin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən tikililərin və qeyri yaşayış sahəsi yardımçı təsərrüfat sahəsinə dair iddiaçıların adına texniki pasport və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin e-2-1 (112)-96/2022 saylı, 16 may 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 2- 1(103)-272/2023 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların vəkili həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, № 2-1(102)-1662/2023 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 2-1(103)-272/2023 saylı qərarından iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Nürəddin oğlunun vəkili tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin qəbulundan imtina edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; ... 1.0.3. özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ll Dövlət Proqramı” İİ Dövlət Proqramı müəssisə və obyektlərinin özəlləşdirmə baxımından təsnifatını, dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydasını, dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadə olunması qaydasını, özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinə verilən güzəştləri, özəlləşdirilən müəssisə və obyektlərin, fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satılmasını, özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydasını, özəlləşdirmə zamanı qoyulan məhdudiyyətləri, özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydasını, müəssisələrin özəlləşdirməqabağı restrukturizasiyasını, sağlamlaşdırılmasını və özəlləşdirilmiş müəssisələrin dəstəklənməsini, özəlləşdirmə prosesinin informasiyametodiki təminatını, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələləri müəyyən edir. ...

9. Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin satışı 9.1. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Dövlət Xidməti tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. ... 9.2. Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir.

Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə” İ. Ümumi müddəalar

1. Bu Əsasnamə “Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında” 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil olan məlumatların tərkibini, strukturunu və aparılması qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. ...

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra – Dövlət Xidməti) dövlət əmlakının mərkəzi registri, onun yerli bölmələrində — dövlət əmlakının yerli registrləri aparılır.

7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. ...

9. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının (bundan sonra — qeydiyyat obyektləri) mövcud olmasının, yaranmasının, ona əşya hüquqlarının keçməsinin, öhdəliklərlə yüklənməsinin, onlara xitam verilməsinin, həmin əmlakla bağlı əqdlər də daxil olmaqla qeydə alınması üçün aşağıda göstərilən sənədlər əsas hesab olunur: bu Əsasnamənin 7-ci bəndində göstərilən subyektlər tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri aktlar; daşınmaz dövlət əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr və digər əqdlər; daşınmaz dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi haqqında sənədlər (şəhadətnamələr); qanuni qüvvəyə minmiş məhkəmə qərarları; daşınmaz dövlət əmlakı üzərində hüquqların keçməsi barədə və (və ya) onun barəsində əqdlərə dair digər sənədlər. Yeni yaradılmış (inşa edilmiş, qurulmuş və s.) və yaxud əldə edilmiş (alqı-satqı, bağışlama və s.) daşınmaz dövlət əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirildikdən sonra müvafiq Registrdə qeydə alınır.

15. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə). ...

18. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər.

19. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmış daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün müvafiq əmlak sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və müvafiq registrləri aparan Dövlət Xidməti və onun yerli bölmələrinə 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidirlər. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilmiş daşınmaz dövlət əmlakı sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər hər ilin dekabr ayının 31-nə qədər müvafiq registrlərə daşınmaz əmlakın hərəkətinə dair balanslarının surətlərini təqdim etməlidirlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ... Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: Maddə 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi. Maddə 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. ... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. ... Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ... Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. ... Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur

“İnzibati icraat haqqında” Qanun ... Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

MƏHKƏMƏNİN MÖVQEYİ

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda istinad olunan istinad olunan maddəyə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən zərər dedikdə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Başqa sözlə desək, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Vurulmuş maddi zərərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad olunmuş normaya əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Bundan başqa, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 3) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə ki, iş materiallarından eləcə də, iddiaçı və cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi mülahizələrdən müəyyən olunur ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 239 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən "xxxx" Dövlət Şirkətinin Qazan Mexaniki zavodunun bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilmişdir. "xxxx" ASC-nin özəlləşdirilməsinə 2001- ci ildə başlanılmış, 2004-cü ildə özəlləşdirmə tam başa çatmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən mübahisəli yardımçı təsərrüfat sahəsinin ərazisi isə 2007-ci ildə qanunla kontrakt sahəsinə daxil edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən mübahisəli yardımçı təsərrüfat sahəsi "xxxx" ASC-nin tərkibində özəlləşdirilərək xüsusi mülkiyyətə keçmişdir. Belə ki, hazırki iş üzrə mübahisə predmenti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi - 20207.5 kv.m, açıq torpaq sahəsi - 18335.2 kv. m, ümumi tikili altı sahəsi -1340.4 kv.m olan qeyri-yaşayış sahəsi- yardımçı təsərrüfat sahəsinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X5 Limited" Şirkətinin istifadəsinə (Kontrakt sahəsi) verilmişdir. Belə ki, "xxxx" ASC-nin özəlləşdirilməsinə 2001-ci ildə başlanılmış, 2004-cü ildə özəlləşdirmə tam başa çatdığı halda yardımçı təsərrüfat sahəsinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X5 Limited” Şirkətinin istifadəsinə (Kontrakt sahəsi) verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçılar zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçıların cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. Belə ki, yuxarıda bəhs edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 21 və 23-cü maddələri yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur ki, hazırki mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən hərəkət və ya hərəkətsizlik nəticəsində iddiaçıya real zərərin dəyməsi sübüt olunmur. İddiaçı ona vurulmuş maddi zərər barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə real zərərin mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2076/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İddia tələbinin maddi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı qərarın 26-cı bəndində göstərilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 21 və 23-cü maddələri yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. 39. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı ona vurulmuş maddi zərər və əldən çıxmış fayda barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə real zərərin mövcudluğu öz təsdiqini tapmamışdır.” Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2076/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında da göstərilmişdir ki, “Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır.” Məhkəmə diqqətə çatdırır ki, Ali Məhkəmənin formalaşmış təcrübəsindən də göründüyü kimi, qanunvericilik yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur ki, real zərərinin mövcudluğunu sübut etmək zərərin yaranmasını iddia edən şəxsin (iddiaçının) üzərinə düşür. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində "xxxx" ASC-nin fəaliyyətinin dayanması və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması və iddiaçıların gəlirdən konkret olaraq hansı məbləğdə məhrum olması təsdiq olunmur. Eyni zamanda məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsi iddiaçıların istifadəsindədir. Beləliklə, iddiaçıların onlara dəymiş ziyanın əvəzi formasında maddi zərərin məbləği təsdiq edilmədiyindən iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar