Məhkəmə qərarları › İş №2-1(112)-16792/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16792/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16792/2025 19.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulan ödəmələrin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq hal-hazırda əlilliyə görə təyin edilmiş əmək pensiyasından aparılan tutulmaların dayandırılması və indiyədək əsassız tutulan ödəmələrin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, cavabdeh tərəfindən əvəzləşdirilmiş 9487,71 manat pensiya məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12996/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən idda tələbi təmin edilərək, xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan səlahiyyətli qurum tərəfindən apellyasiya və kassasiya şikayətləri verilsə də, Bakı İnzibati Məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hal-hazırda məhkəmə qərarı aidiyyəti üzrə icra olunmaqdadır. Belə ki, təyin olunmuş əlliliyə gorə əmək pensiyası üzrə ödənişlər icra olunur. Lakin buna baxmayaraq cavabdeh heç bir əsas olmadan ona ödənilən pensiyadan tutulmalar aparır. Həmin tutulmalar qanuni olmamaqla, əsaslı deyildir. Cavabdeh tutulmaları ona əsasən müəyyən edir ki, xx.xx.2020-ci il tarixdə əlilliyi etibarsız hesab edilmişdir. 3 ildən artıq dövrü əhatə etməyən ödənişlərin geri qaytarılmasını labüd hesab etmişdir. Əllilik səlahiyyətli orqanın qərarı ilə təyin edilmişdir. xx.xx.2020-ci ilədək təyin olunmuş ödənişlərin onun tərəfindən əldə edilməsi ilə bağlı hər hansı qanunsuzluqlar aşkar olunmamışdır. Bu, inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli iddiaya yazılı etirazında iddianın təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, İddiaçı xx.xx.1970-cı il tarixində anadan olmuşdur. Z.lsmayılova xx.xx.2025-ci il tarixli müraciət ərizəsi ilə 4 saylı DOST mərkəzinə müraciət edərək əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən cavab məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” .Azərbaycan Respublikası Qanununun (bundan senra -• Qanun) 12.1-ci maddəsinin tələblərinə 'ösasən iddiaçıya xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya işi qovluğunda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək iddiaçının təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 19 il 5 ay 15 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 25916,79 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əlilliyə görə əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən (xx.xx.2025-ci il tarixli müraciətinizdən 3 il əvvəlki dövr nəzərə alınmaqla) 391,69 manat müəyyən edilmişdir. Burada, 148,48 manat pensiya xx.xx.2006-cı İİ tarixinədək sığorta stajına əsasında hesablanmış sığorta hissəsidir (19 il 5 ay 15 gün sığorta stajına uyğun olaraq (15821,56/(0,74*144)), 243,21 manat - xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək hesablanmış sığorta hissəsi (SH = PSK/(T*K), SH = 25916,79 / (0,74*144)=243,21 manat). Həmçinin Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 449,27 manata (391,69+(391,69*14,7%)) xx.xx.2024-cü il tarixindən 499,59 manata (449,27 +(449,27*11,2%)), 01.01,2025-ci il tarixindən 540,04 manata (499,59 +(499,59 *8,1%)) çatdırılmışdır. xx.xx.2020-ci il tarixində iddiaçının əlilliyinin etibarsız edildiyi üçün ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilib və Qanunun 39.1-ci maddəsinə uyğun olaraq 3 ildən artıq dövrü əhatə etmədiyi üçün artıqödəmə barədə qəbul edilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi mümkün hesab olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 930 nömrəli, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, iddiaçıya İİİ qrup əlilliyə görə xx.xx.2017-ci ildən ömürlük 110,02 manat pensiya təyin edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********9 saylı ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, xx.xx.2022-ci il tarixli **********9 saylı xidməti məktuba əsasən Tibbi-sosial ekspertiza və reabilitasiya altsistemində əlilliyin etibarsız edilməsi nəticəsində pensiya hüququ ləğv edildiyi üçün 9487,71 manat artıq vermə (xx.xx.2017-xx.xx.2020 dövründə) müəyyən edilmişdir. Əlilliyi qiymətləndirilən şəxs barədə məlumatdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək İİİ dərəcə əlillik təyin edilmişdir. Cavabdehin Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 532,57 manat pensiya təyin edilmiş, pensiya ödəniş tarixi xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixədək müəyyən edilmiş, əskik vermə 17759,89 manat müəyyən olunmuşdur. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, yendiən hesablanmış pensiya məbləği 540,04 manat müəyyən edilmiş, ötən dövr üzrə ödənişlər xx.xx.2022-ci il tarixdən müəyyən edilmiş, əksik vermə 238,21 manat təşkil etmişdir. İddiaçı hazırda ona 17759,89 manat əskikvermə kimi müəyən edilmiş məbləğin artıqvermə kimi müəyyən edilən 9487,71 manat məbləğlə əvəzləşdirildiyini və yerdə qalan məbləğin ona ödənildiyini iddia edərək, əvəzləşdirilmiş 9487,71 manat məbləğin ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 9.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya 9487,71 manat artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona ödənilməli olan 17759,89 manat əskikvermə ilə əvəzləşdirərək, bu məbləği iddiaçıya ödəməmişdir. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına, daha doğrusu, əvəzləşdirilməsinə razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Bu zaman məhkəmə qeyd etməyi zəruri hesab edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasından tutulması, yaxud ona ödəniləcək məbləğlə əvəzləşdirilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, deməli, cavabdehin artıq ödənilmiş pensiya məbləğini iddiaçıya ödənilmiş vəsaitlə əvəzləşdirməsi qanuni olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəlləni 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ödənilməli olan pensiya ödənişindən əvəzləşdirilmiş 9487,71 manat məbləğin iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar