Məhkəmə qərarları › İş №2-1(112)-168/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-168/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-168/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi) “mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda yerləşən 600.0 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqla 600.0 kv.m torpaq sahəsinə dair çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda yerləşən 600.0 kv.m torpaq sahəsi uzun müddət iddiaçının istifadəsində olmuşdur. Bu səbəbdən də iddiaçı 2004-cü ildə Səbail bələdiyyəsinə müraciət edərək istifadəsində olan 600.0 kv.m torpaq sahəsinin öz adına sənədləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 994 nömrəli sərəncamında 600.0 kv.m torpaq sahəsinin iddiaçının adına alqı-satqı qaydasında sənədləşdirilməsi göstərilmişdir. xx xxxxxx 2013-cü il tarixdə 6175 nömrə ilə qeydiyyata alınaraq “torpaqların alqı-satqısına dair akt” tərtib edilərək torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün xx.xx.2013-cü ildə Dövlət Torpaq Kadastrı kitabında 36301 nömrə ilə uçota alınmışdır. Qeyd olunan sərəncamın və alqı-satqının torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olmasına baxmayaraq, bu əsasla bağlı müvafiq qaydada müraciət olunmadığından 600.0 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Torpaq sahəsinə dair mülkiyyət hüquqlarını qeydiyyata alınması üçün müvafiq ərizə ilə tələb olunan sənədlər əlavə edilməklə xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh tərəfindən **********98 nömrəli, xx.xx.2019cu il tarixli məktubla iddiaçının müraciətinə imtina verilmiş və bildirilmişdir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İmtina əsassızdır, iddiaçı tərəfindən mülkiyyət hüqununun qeydə alınması üçün əsas olmuş bütün sənədlər qeydiyyat orqanına təqdim edilmişdir. Cavabdeh orqan iddiaçıya torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması ilə bağlı heç bir müraciət etməyərək onun müraciətinə imtina verməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilk müraciətinə cavab olaraq xx.xx.2019-cu il tarixdə sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığı üçün ərizənin icrasının mümkünsüzlüyü qeyd olunmuşdur. Daha sonra iddiaçının yenidən İdarəyə rəsmi qaydada müraciəti daxil olmuş və xx.xx.2019-cu il tarixli cavab məktubu ilə əmlak ilə bağlı idarəyə 2-1(81)-3235/2019 saylı xx.xx.2019 saylı məhkəmə bildirişinin daxil olduğu, eyni zamanda torpağın alqı satqı aktında istinad edilmiş bələdiyyə qərarının nömrəsinin olmaması, tarixinin isə natamamlığı, bundan əlavə təqdim edilmiş yerləşmə cizgisinin MŞBİ ilə razılaşdırılmadığı bildirilmişdir. Həmçinin ikinci müraciətlə bağlı aparılan araşdırma zamanı da idarənin mütəxəssislərinə çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Elektron kadastr məlumatına əsasən sözügedən ərazi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********98 saylı imtina məktubunda qeyd edilir: Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2019-cu il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24 bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventariaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventariaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Yuxarıda qeyd olunmuş nöqsanlara görə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən torpağın alqı-satqı aktında istinad edilmiş bələdiyyə qərarının nömrəsi yoxdur, tarixi natamamdır. Təqdim edilmiş yerləşmə cizgisi MŞBİ ilə razılaşdırılmayıb. Həmçinin idarənin mütəxəssislərinə çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 994 nömrəli Sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda Bələdiyyə ərazisinə məxsus 600 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi, Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında İddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktının tərtib edilməsi, İddiaçı tərəfindən alqı-satqı aktında göstərilən məbləğdə vəsaitin Səbail Bələdiyyəsinin hesabına ödənilməsi, Sənədləşdirilmiş torpaq sahəsinin və ətraf ərazinin texniki sanitar normalara uyğun, təmiz saxlanılmasının İddiaçı tapşırılması qərara alınmışdır. İş materiallarında olan torpaq sahəsinin planının surətindən görünür ki, İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsinin Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən planı tərtib edilmişdir. İş materiallarında olan İddiaçı ilə Bakı şəhəri Səbail Bələdiyyəsi arasında imzalanmış Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-2903/2013 saylı Qərarına əsasən İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda 600 kv.m torpaq sahəsinin Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2013-cü ildə 36301 nömrəli ilə uçota alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 994 nömrəli Sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda Bələdiyyə ərazisinə məxsus 600 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Lakin bu zaman sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Eyni zamanda iddiaçı ilə Bakı şəhəri Səbail Bələdiyyəsi arasında imzalanmış Torpaqların alqı-satqısına dair akt torpaq şöbəsinin müdiri tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Bundan başqa, torpaq sahəsinin alqı-satqına dair iddiaçı ilə Bakı şəhəri Səbail Bələdiyyəsi arasında müqavilə bağlanmamışdır, məhkəməyə belə bir müqavilə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən sözügedən ərazinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi) “mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar