Məhkəmə qərarları › İş №2-1(112)-1681/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1681/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1681/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının vəkili X1 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla əmlaka dair istifadə hüquqlarının qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlərt Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeydiyyatda olmaqla yaşadığı və sahibi olduğu, ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 16,0 kv.m sahəsi olan 74-cü mənzili üzərində daşınmaz əmlaka dair istifadə hüquqlarının qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12.11.2020-ci il tarixli, 2-1(112)-6390/2020 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2007-ci il tarixdən fasiləsiz olaraq yaşadığı ünvan 2 ünvanında yerləşən 1 otaqlı, 16,0 kv.m. sahəsi olan 74-cü mənzil Binəqədi rayon məhkəməsini qərarına və müvafiq sənədlərə əsasən onun istifadəsinə verilmiş, uzun müddətdir ki, həmin mənzildə pasport qeydiyyatındadır və daşınmaz əmlaka sahiblik etməklə yaşayır. Mənzilin yerləşdiyi bina əvvəllər yataqxana olmuş, sonradan Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Binəqədi rayon məhkkəməsinin 2(001)-1- 785/2016 saylı, 04 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən onun ünvan 2 ünvanında yerləşən 1 otaqlı, 16,0 kvm. sahəsi olan 74-cü mənzilə istifadə və sahiblik hüququ tanınmışdır. Həmin hüquqmüəyyənedici sənədlərə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən faktiki qeydiyyatda olmaqla yaşadığı mənzilə dair adına kommunal xiddətlərə dair müqavilələr bağlamış və ödənişlər həyata keçirilmiş, hazırda da keçirilməkdədir. Bundan sonra həmin ünvana daimi pasport qeydiyyatına alınmışdır. Ona görə də hesab edir ki, hazırda istifadəsində olan və sahiblik hüququ ilə ona məxsus olan mənzilə dair hüquqları dövlət reyestrində qeydə alınmalıdır. Cavabdeh inzibati orqan **********84 nömrəli, 10.08.2020-ci il tarixli imtina məktubunda qeydə alınmamanı həmin mənzilin digər şəxsin adına qeydiyyata alınması və məhkəmə tərəfindən onların üzərinə hər hansı öhdəliyin qoyulmaması ilə əlaqələndirmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına (X6) qeydiyyata alındığı müəyyən edilmişdir. Həmçinin bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 76 saylı evin 74 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı İdarəyə müraciəti zamanı ərizəsinə əlavə etdiyi Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)- 10785/2016 saylı, 04.11.2016-cı il tarixli qiyabi qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamış, həmin iş üzrə İdarə tərəf olmamış və əlavə olunan qiyabi qətnamənin və ya icra sənədinin İdarəyə rəsmi qaydada daxil olması barədə məluma aşkar olunmamışdır. Sözügedən mənzil Binəqədi rayon İcra Hakimiyyətinin 04.11.1999-cu il tarixli, 790 nömrəli sərəncamı əsasında verilmiş Bakı şəhəri XDS İK-nin 24.11.1999-cu il tarixli, 040649 nömrəli orderi əsasında 1082/162617 qeydiyyat nömrəsi ilə 13.03.2014-cü il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və halhazırda da onun mülkiyyətindədir. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X5 iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının 02.03.2017-ci il tarixli, seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Quba rayonunda doğulmuşdur, yaşayış yeri ünvan 4 ünvanıdır. - Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(001)- 10785/2016 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh X3 qarşı mənzilə sahiblik və istifadə hüquqlarının tanınmış hesab edilməsi barədə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbəyov (keçmiş Xarici dairəvi) küçəsindəki 76 saylı evin 74-cü mənzilinə istifadə hüquqları tanınmış hesab edilmişdir. - Həmin qətnamədən həmçinin görünür ki, işə baxan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 01 fevral 2002-ci il tarixdə Azərbaycan Beynəlxalq Univerisitetinin “Azərbaycan dili” kafedrasında müəllimə vəzifəsinə işə qəbul edilmiş, 01 sentyabr 2004-cü il tarixdə “Ana dili və onun tədrisi metodikası” kafedrasına müəllimə vəzifəsinə keçirilmiş, 01 oktyabr 2010-cu il tarixə kimi həmin vəzifədə çalışmışdır. Özünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən yaşayış sahəsinin ayrılması məqsədilə iddiaçı işlədiyi Universitetin rəhbərliyinə müraciət etmiş, nəticədə iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbəyov (keçmiş Xarici dairəvi) küçəsindəki 76 saylı evin 74-cü mənzili təhvil verilmişdir. Mübahisəli mənzil 26 fevral 2000-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmiş, 23 sentyabr 2000-ci il tarixdə sonuncu tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə faktiki verilsə də onlar arasında bağlanmış müqavilə rəsmiləşdirilməmişdir. Mübahisəli mənzil hazırki vaxtda da Xədicə Cəfərovanın mülkiyyətində olmasına baxmayaraq qeyd edilən tarixdən Azərbaycan Beynəlxalq Universitetində verilmişdir ki, Universitet də öz növbəsində bu mənzili İddiaçı istifadəsinə vermişdir. İddiaçı hazırda mübahisəli mənzildə qeydiyyatsız yaşamaqla yanaşı bu mənzildən istifadəyə görə bütün kommunal ödənişləri həyata keçirir. Mənzilə dair hüquqlarının tanınması üçmün aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq müraciəti nəticəsiz qalmış, məhz bu məqsədlə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi mqəsədilə məhkəməyə müraciət etmişdir. - Bakı şəhəri, Binəqədi rayon məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 04 fevral 2021-ci il tarixli, 2(001)-10785/2026 nömrəli məktubdan görünür ki, İddiaçı cavabdeh X3 qarşı mənzilə sahiblik və istifadə hüquqlarının tanınmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılaraq 2(001)-10785/2016 saylı, 04 noyabr 2016-cı il tarixli qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsi 05 dekabr 2016-cı il tarixdə qanuni qüvvəsini aldığından iş üzrə icra vərəqəsi icra edilməsi üçün30 dekabr 2016-cı il tarixdə aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 28.10.2020-ci il tarixli, **********21 №-li məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 04.11.1999-cu il tarixli, 790 nömrəli sərəncamına əsasən 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi 76 ünvanında yerləşən binandakı 1 otaqlı, yaşayış sahəsi 19,6 kvm. olan 74 saylı mənzilə X4 ailə tərkibi 4 nəfərlə (özü, 3 uşağı) daimi order verilmişdir. 19.01.2000-ci il tarixdə həmin mənzilin X2 adına özəlləşdirilməsi ilə bağlı müraciət edilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 10.08.2020-ci il tarixli, **********84 nömrəli məktubun surətindən görünür ki, ərizəsinə baxılmışdır. Aparılan araşdırma zamanı qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alındığı müəyyən edilmişdir. Bununla əlaqədar bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 76 saylı evin 74 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin ərizəsinə əalvə etdiyi Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-10785/2016 saylı, 04.11.2016-cı il tarixli qiyabi qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamış, həmin iş üzrə İdarə tərəf olmamış və əlavə olunan qiyabi qətnamənin və ya icra sənədinin İdarəyə rəsmi qaydada daxil olması barədə məlumat aşkar olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(001)-10785/2016 nömrəli qiyabi qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbəyov (keçmiş Xarici dairəvi) küçəsindəki 76 saylı evin 74-cü mənzilinə istifadə hüquqları tanınmışdır. İddiaçı həmin mənzil üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınmasını, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-10785/2016 saylı, 04.11.2016-cı il tarixli qiyabi qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamasını, həmin iş üzrə İdarənin tərəf olmamasını və əlavə olunan qiyabi qətnamənin və ya icra sənədinin İdarəyə rəsmi qaydada daxil olması barədə məlumatın aşkar olunmamasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.3-cü maddəsinin tələbinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 76 nömrəli evin 74 nömrəli mənzilinə istifadə hüquqi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun: - 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). - 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2 və 24.3-cü maddələrinə görə isə inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə araşdırılması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında aparılmış inzibati icraatda “İnzibati icraat haqqında” Qanunun 15 və 24cü maddələrinin tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında, həmçinin etirazında göstərdiyi Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-10785/2016 saylı, 04.11.2016-cı il tarixli qiyabi qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamasını formal mülahizə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyi sonuncunun mübahsəli mənzil üzərində istifadə hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Həmin hüquqların qeydə alınmasından cavabdeh inzibati orqanın imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 76 nömrəli evin 74 nömrəli mənzilinə istifadə hüquqlarının qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 76 nömrəli evin 74 nömrəli mənzilinə istifadə hüquqlarının qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar