Məhkəmə qərarları › İş №2-1(112)-1681/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1681/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1681/2022 17.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı X5 (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir.

2. Cavabdeh 542-05/15 nömrəli, 11.03.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, iddiaçının şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsinin olmamasını əsas gətirərək doğum haqqında təkrar şəhadətnamənin verilməsinin mümkün olmadığını, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olduğu təqdirdə müraciətin təmin olunacağını bildirmişdir.

3. Bundan sonra İddiaçı 23.07.2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması:

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 28 yanvar 1986-cı ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuş və bu barədə Sabunçu rayon qeydiyyat şöbəsində müvafiq qeyd aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı sonradan doğum haqqında şəhadətnaməni itirmişdir. O, cavabdeh təşkilata müraciət etdikdə onlar iddiaçıya bildirmişlər ki, şəxsiyyət vəsiqəsi olmadığı üçün qeydiyyat şöbəsi sənədi vermir. İddiaçı Rusiya Federasiyasında məktəbə getmiş və 9 yaşı olanda anası ilə Bakı şəhərinə gəlmişdir. Daima anası ilə yaşamışdır. Atası ilə anası arasında olan nikah pozulmuşdur. Şəxsiyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnamə təqdim olunmalıdır. Lakin Sabunçu rayon qeydiyat şöbəsi təkrar şəhadətnamə verməkdən imtina edir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Cavabdeh məhkəməyə göndərdiyi məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

7. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

8. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin 06.08.2021-ci il tarixli, 05/13-2061 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş X4 məxsus 13.02.1986-cı il tarixli, 198 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X5 28.01.1986-cı ildə Bakı şəhərində anadan olmuşdur, atası 28.04.1962-ci il təvəllüdlü X6, anası isə 31.05.1957-ci il təvəllüdlü X1 qeyd edilmişdir.

9. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 69 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, X5 MKİS-də olan sənədlərə əsasən pasport qeydiyyatına alınmamışdır.

10. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 31.08.2021-ci il tarixli, 012-14550-1221 saylı məktubdan görünür ki, 28.01.1986-cı il təvəllüdlü X5 barədə əməliyyat–sorğu kartotekasında heç bir məlumat yoxdur.

11. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 03.09.2021ci il tarixli, 018-13506-1221 saylı məktubdan görünür ki, 28.01.1986-cı il təvəllüdlü X2 yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir.

12. İddiaçı hazırda doğum haqqında şəhadətnaməsini itirdiyindən ona doğum haqqında təkrar şəhadətnamə verilməsini istəyir.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir.

15. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

16. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

18. Hazırkı iddia cavabdehdən ona şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

19. İddia mahiyyəti üzrə əsaslıdır. Çünki işin sadalanan hallarından görünür ki, iddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinin tələblərini rəhbər tutmaqla iddiaçının şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından müraciətin təminindən imtina etmişdir.

20. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktı tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Qaydaların 9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır.

22. İşin hallarından müəyyən olur ki, iddiaçının doğumu barədə akt qeydi mövcuddur, akt qeydinə əsasən iddiaçı Bakı şəhərində doğulmuşdur.

23. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. 2 qızı və 2 oğlu vardır. X8 Vodnikov adına doğum evində dünyaya gəlmiş, həmin vaxt müraciət edilərək ona doğum haqqında şəhadətnamə alınmışdır. 1991-ci ildə Mark Kuşnaryov atası ilə Stavropol şəhərinə köçmüş, bir neçə il sonra geri qayıtmışdır. Həmin zaman Marka məxsus sənədlər, o cümlədən doğum haqqında şəhadətnamə itmişdir. Əri ilə ayrıldıqdan sonra davamlı işləmək məcburiyyətində olduğundan müraciət edərək oğluna doğum haqqında təkrar şəhadətnamə ala bilməmişdir.

24. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, o, iddiaçının bacısıdır. İddiaçı 28.01.1986-cı ildə doğulmuşdur. X3 ataları fərqlidir. Mark 16 yaşından işləməyə başlamış, təhsil almamışdır. Hazırda fəhlə işləyir, 17 yaşında bir qızı var. Uşaq yaşlarında işlədiyinə görə şəhadətnamə və şəxsiyyət vəsiqəsi almaq üçün vaxtı olmamışdır.

25. Beləliklə göründüyü kimi, şahid ifadələri iddia ərizəsi ilə məhkəməyə müraciət edən şəxsin Mark Kuşnaryov olduğunu təsdiq edir, həmin adda digər şəxs barədə məlumat yoxdur, həmçinin ona məxsus akt qeydi cavabdeh tərəfindən mübahisələndirilmir və iddiaçının doğumunun qeydiyyatının artıq bir dəfə aparıldığı təkzib edilmir. İddiaçıya imtina cavabının verilməsinin əsasını isə yuxarıda qeyd olunduğu kimi, şəxsiyyət vəsiqəsinin olmaması təşkil edir.

26. Məhkəmə qeyd edir ki, doğrudur, iddiaçının şəxsiyyət vəsiqəsi yoxdur, lakin doğum haqqında şəhadətnamə olmadan ona şəxsiyyət vəsiqəsinin verilməsi də mümkün deyil. Göründüyü kimi, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə təqdim edilməli, digər tərəfdən isə doğum haqqında şəhadətnamənin alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.

27. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Vətəndaşlıq hüququ, habelə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ insan hüquq və azadlıqlarının sırasında əhəmiyyətli yer tutur. Səbail rayon məhkəməsinin müraciəti məhz bu hüquqlar üzərində ətraflı hüquqi təhlil aparmaq zərurəti yaradır. Konstitusiyanın 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Vətəndaşlıq insan və dövlət arasında olan qarşılıqlı münasibətlər üçün əsasdır. Vətəndaşlıq dövlət daxilində insanın hüquqi vəziyyətinin başlıca əsası kimi bu vəziyyətə aydınlıq və müəyyənlik gətirir. Vətəndaşlıq mənsubiyyəti insan üçün müxtəlif hüquq və azadlıqlarından istifadə etmək imkanı verir. Dövlət öz vətəndaşlarını müdafiə və onlara hamilik edir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilərdoğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır. Doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur. Həmin sənəd Azərbaycan Respublikasının ərazisində, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Konstitusiyanın 52-ci maddəsinə müvafiq olaraq şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul olunmasına əsas verir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, doğum haqqında şəhadətnamə şəxsiyyət vəsiqəsi kimi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənədlərdən biridir.

28. Hazırda iddiaçı nə şəhadətnamə, nə də şəxsiyət vəsiqəsi ala bilmir ki, bu da onun konstitusion hüquqlarını, eyni zamanda vəzifələrini həyata keçirməyə mane olur.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. 28.01.1986-cı il təvəllüdlü X4 doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar