Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1681/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: "xxxx" MTK) qarşı “mənzillərə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş "xxxx" mənzil tikinti kooperativinə məxsus çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv. metr olan 4 otaqlı 6 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilmiş "xxxx" mənzil tikinti kooperativinə məxsus çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv. metr olan 3 otaqlı 22 nömrəli mənzilə dair iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə "xxxx" MTK 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK (bundan sonra – üçüncü şəxs) ilə iddiaçı arasında bağlanmış 29 yanvar 2010-cu il tarixli və 07 sentyabr 2010-cu il tarixli müqavilələrə əsasən, ünvan 1 ünvanında inşa edilmiş üçüncü şəxsə məxsus çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.metr olan 4 otaqlı 6 nömrəli mənzil və ünvan 1 ünvanında inşa edilmiş üçüncü şəxsə məxsus çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv. metr olan 3 otaqlı 22 nömrəli mənzil onun adına alınmışdır. Hazırda iddiaçı və oğlu ailəsi ilə birgə həmin mənzillərdə yaşayırlar. Həmin mənzillərə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla cavabdehə müraciət edilmişdir. Müraciətinə cavab olaraq cavabdeh tərəfindən imtina verilmişdir. İmtinanın əsası olaraq məktubda bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə cavabdehə müraciət etmiş və **********24 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin cavabdehə təqdim edilmədiyi müəyyən edilmişdir. İdarənin mütəxəsissləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman 6 saylı mənzilin ümumi sahəsinin 193.2 kv.metr, 22 saylı mənzilin sahəsinin isə 157.7 kv.metr olduğu məlum olmuşdur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçıya və üçüncü şəxsə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 26 oktyabr 2004-cü il tarixli, 01 nömrəli protokolundan çıxarışa əsasən iddiaçı "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmiş, ona razılıq yolu ilə "xxxx" MTKnın binasında Nəsimi rayonu, H.Ələsgərov 35 ünvanında tikilən yaşayış binasında sahəsi 170 kv.metr olan 5 mərtəbədə 3 otaqlı 22 nömrəli mənzil ayrılmışdır. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 07 sentyabr 2010-cu il tarixli müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov 35 ünvanda yerləşmiş MTK tikilməkdə olan binasında 3 otaqlı, ümumi sahəsi 170 kv.metr olan 22 nömrəli mənzili iddiaçıya verməyi, iddiaçı isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MTK tərəfindən verilmiş 28 saylı, 07 sentyabr 2010-cu il tarixli arayışdan görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov 35 ünvanda "xxxx" MTK tərəfindən tikilən yüksək mərtəbəli, 1 bloklu yaşayış binasında ona ayrılmış 5-ci mərtəbədə, 3 otaqlı, 22 nömrəli mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 26 oktyabr 2004-cü il tarixli, 01 nömrəli protokolundan çıxarışa əsasən iddiaçı "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmiş, ona razılıq yolu ilə "xxxx" MTKnın binasında Nəsimi rayonu, H.Ələsgərov 35 ünvanında tikilən yaşayış binasında sahəsi 210 kv.metr olan 2 mərtəbədə 4 otaqlı 6 nömrəli mənzil ayrılmışdır. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 29 yanvar 2010-cu il tarixli müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov 35 ünvanda yerləşmiş MTK tikilməkdə olan binasında 4 otaqlı, ümumi sahəsi 210 kv.metr olan 6 nömrəli mənzili iddiaçıya verməyi, iddiaçı isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MTK tərəfindən verilmiş 68 saylı, 15 noyabr 2010-cu il tarixli arayışdan görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov 35 ünvanda "xxxx" MTK tərəfindən tikilən yüksək mərtəbəli, 1 bloklu yaşayış binasında ona ayrılmış 2-ci mərtəbədə, 4 otaqlı, 6 nömrəli mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 358 nömrəli, 31 mart 2020-ci il tarixli istismara icazə sənədində "xxxx" MTK tərəfindən təqdim edilmiş Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişməsi, 987-ci məhəllə, 1 girişli, zirzəmili, 16 (+mansarda) mərtəbəli yaşayış binasına xx.xx.2020-ci il tarixdən istismarına icazə verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda iddiaya yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzillərə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) (139-1.1.6), daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (139-1.1.3.); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (139-1.1.4.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139.1-1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.); mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) (8.0.6) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir (8.0.). İşin hallarına görə, iddiaçı qanuni sahibliyində və istifadəsində olan, ünvan 1 ünvanında inşa edilmiş "xxxx" mənzil tikinti kooperativinə məxsus çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv. metr olan 4 otaqlı 6 nömrəli və ünvan 1 ünvanında inşa edilmiş "xxxx" mənzil tikinti kooperativinə məxsus çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv. metr olan 3 otaqlı 22 nömrəli mənzillər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh buna əsas kimi qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyini, habelə İdarənin mütəxəsissləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman 6 saylı mənzilin ümumi sahəsinin 193.2 kv.metr, 22 saylı mənzilin sahəsinin isə 157.7 kv.metr olduğunu əsas gətirmişdir. Məhkəmə qeyd edir ki, həmin bina razılaşdırılmış layihəyə əsasən inşa edilmiş, qanunvericiliyin və qeyd olunan dövlət qurumlarının göstərişlərinə uyğun olaraq tikinti işləri yekunlaşdırılmış, bina istismara qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçı faktiki sahibliyində və istifadəsində olan mənzillər üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin sahələrin əldə edilməsinə dair qanunla müəyyən edilmiş sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. O ki qaldı, 6 və 22 saylı mənzillərin faktiki sahələrinin müqavilədə müəyyən edilmiş ölçüdən az olmasına, bu fakt həmin mənzillər üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinaya səbəb ola bilməz. Belə ki, mənzillərə dair iddiaçının mülkiyyət hüququ onların faktiki ölçülərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh tərəfindən etirazın əsası kimi göstərdiyi hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya aid edilən hallarda nəzərdə tutulmadığından və iddiaçı həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi əmlak üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. İşin yuxarıda şərh edilən hallarından görünür ki, cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi mənzillər üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırdığından iddia əsaslıdır. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən mənzillərin sahə ölçüləri mübahisələndirilmiş, yəni müqavilələrdə göstərilən ölçülərə uyğun olmamışdır. Belə ki, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilələr və digər sənədlərdə 6 nömrəli mənzilin sahəsi 210 kv.metr göstərilsə də, cavabdeh tərəfindən 193.2 kv.metr, 22 saylı mənzilin sahəsinin isə müqavilədə 170 kv.metr göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən 157.7 kv.metr göstərilmişdir. Məhkəmə hesab edir ki, mənzillər üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alarkən məznillərin sahələrinin müəyyən edilməsi və trxniki sənədlərin verilməsi cavabdehin səlahiyyətində olan məsələdir. Hazırkı vəziyyətdə bununla bağlı əlavə araşdırma aparılması məhkəmə icraatının lüzumsuz yerə uzanmasına səbəb ola bilər. Bu səbəbdən iddia tələbi mənzillərin ölçülərinə aid hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanında inşa edilmiş "xxxx" mənzil tikinti kooperativinə məxsus çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 6 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilmiş "xxxx" mənzil tikinti kooperativinə məxsus çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, 3 otaqlı 22 nömrəli mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı ünvan 4 ünvanında inşa edilmiş "xxxx" mənzil tikinti kooperativinə məxsus çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 4 otaqlı, 6 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilmiş "xxxx" mənzil tikinti kooperativinə məxsus çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 22 nömrəli mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1681/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1681/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver