Məhkəmə qərarları › İş №2-1(112)-16812/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16812/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16812/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı, “ƏDV-nin yekun məbləği barədə müvəkkil banka məlumat verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 2 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası” (bundan sonra – Qayda) təsdiq edilmişdir. X2 (bundan sonra – iddiaçı) 25 iyul 2022-ci il tarixli 0406 №-li Payçı müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi 105821 (bir yüz beş min səkkiz yüz iyirmi bir) manat dəyərində ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 8-ci binasında, 8-ci blok, 3-cü mərtəbə, 3 №-li, 2 otaqlı mənzili almışdır. Bank qəbzlərinə əsasən iddiaçı 105821 (bir yüz beş min səkkiz yüz iyirmi bir) manat cavabdehin bank hesabına ödəniş etmişdir. İddiaçı həmin qaydalara əsasən əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2025-ci il tarixli elektron ərizə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli qərarla əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı X2 tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Vergi orqanı tərəfindən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 05 avqust 2025-ci il tarixli, **********272100 nömrəli qərar qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən “AVANT Park” Yaşayış Kompleksinin 8-ci binasında, 8-ci blok, 3-cü mərtəbə, 3 №-li, 2 otaqlı mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləğindən güzəşt barədə məlumatın müvəkkil banka "xxxx" ASC-nin Müştəri Xidmətləri Departamentinə ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənəvi ziyana görə ona 2 000 (iki min) manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, MTK-ya ödəniş etsə də, müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəyib, vergiyə hesabat təqdim etmişdir. Əlavə olaraq cavabdehin səyyar vergi yoxlamasının yekun sənədi olan akt ilə də bir daha öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən ödənilmiş ƏDV məbləği hazırda dövlət büdcəsinə ödənilib. Sadəcə iki hesaba deyil, bir hesaba ödənilməsi səbəbi imtina üçün heç bir halda əsas ola bilməz. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina qərarında qeyd edilənlərlə eyni məzmunludur. Əlavə olaraq bildirilmişdir ki, Qaydanın keçid müddəasının 6.1-ci maddəsinə əsasən aparılmış ödənişlər iki hissəyə bölünmüşdür: 1. Qayda qüvvəyə mindiyi tarixədək ödənişlər (yəni xx.xx.2022-ci ilə kimi) 2. Qayda qüvvəyə mindiyi tarixdən sonrakı ödənişlər (yəni xx.xx.2022-ci ildən sonra) Sözügedən Qaydanın 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır. İddiaçının iddia ərizəsi və ona əlavə etdiyi sənədlərdən məlum olur ki, o, “AVANT Group" MTK ilə müqaviləni xx.xx.2022ci il tarixində – yəni Qayda qüvvəyə mindikdən sonra – bağlamış və həmin gün də ilk ödənişini (65 021 manat) etmişdir. Sonuncu ödəniş isə xx.xx.2025-ci il tarixində həyata keçirilmişdir. Ödəniş qəbzlərindən görünür ki, bütün ödənişlər xx.xx.2022–xx.xx.2025-ci illər ərzində edilmiş və iddiaçı bu ödənişlərin heç birinin ƏDV hissəsini ayrıca ƏDV depozit hesabına köçürməmişdir. Qaydanın 5.1.2-ci bəndinə əsasən, ƏDV-nin qaytarılması üçün alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli və bunu bank sənədləri ilə təsdiq etməlidir. İddiaçı bu tələbə əməl etmədiyindən, cavabdeh tərəfindən verilmiş imtina qərarı qanuna tam uyğun və əsaslı olmuşdur. 1. İddiaçının qeydləri: İddiaçı bildirir ki, yaşayış sahəsinin dəyəri ƏDV daxil olmaqla hesablanaraq “AVANT Group" MTK-ya ödənilmiş, MTK isə öz növbəsində ƏDV məbləğini ödəmiş və vergi orqanına müvafiq hesabat təqdim etmişdir. O əlavə edir ki, bu hallar cavabdehin səyyar vergi yoxlamasının yekun sənədi olan aktda da öz təsdiqini tapmışdır. Buna münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyriyaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. adalanan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidir. Başqa sözlə, yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının (hazırkı iş üzrə "xxxx" MTKnın) bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir ki, bu norma qanunvericiliyin imperativ tələbidir. Lakin iddiaçı tərəfindən yaşayış sahələrinin tam dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir. Beləliklə, yaşayış sahəsinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci maddəsinə əsasən 5.1.2-ci bəndinin tələblərinə uyğun deyildir. "xxxx" MTK-nın ƏDV depozit hesabı üzrə çıxarışdan göründüyü kimi "xxxx" MTK tərəfindən nə öz adından, nə də iddiaçının adından hər hansı ödəniş edilməmişdir. Həmçinin ödəniş edilmiş olsaydı belə, bu hal Qaydaların tələblərində nəzərdə tutulmamışdır. Vergi orqanının xx.xx.2025-ci il tarixli **********183469 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi barədə” qərarı əsasında Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl olunması vəziyyətinin düzgünlüyünün yoxlanılması üçün "xxxx" MTK-da növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2025-ci il tarixli **********183857 saylı Akt ilə rəsmiləşdirilmişdir. Yəni, səyyar vergi yoxlaması məhz "xxxx" MTK tərəfindən aprel 2021mart 2024-cü il tarixlərdə vergi qanunvericiliyinə əməl olunmasının düzgünlüyünün yoxlanılması üçün keçirilmişdir, iddiaçının əldə etdiyi mənzil üzrə ödənişlərin bir hesaba köçürməsi və Qaydanın 5.1.2-ci bəndinin tələblərini pozmuş olması birbaşa iddiaçının məsuliyyət sferasına aiddir və səyyar vergi yoxlaması aktında bu hal nəzərdə tutula da bilməzdi. İddiaçının təqdim etdiyi analoji işlərlə bağlı məhkəmə qərarlarına istinadı ilə bağlı qeyd edək ki, həmin qərarlarda olan işin halları hazırkı işin hallarından fərqlidir. Belə ki, həmin qərarların iddiaçının xeyrinə yekunlaşması məhz ödənişlərin ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsini tənzimləyən elektron portalın xx.xx.2022-ci ildə istifadəyə verilməsindən əvvəl olması ilə bağlıdır. Ancaq hazırkı işin hallarından və iddiaçının ödəniş qəbzlərindən görünür ki, iddiaçı son ödənişini xx.xx.2025-ci il tarixində etmiş və öncəki tarixlərdədə hissə-hissə ödəniş etmişdir. Yəni iddiaçının istinad olunan Qaydaların 5.1.2-ci maddəsinin tələblərinə uyğun formada ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödənilməsi üçün imkanı olmuş və bu imkanı məhdudlaşdıran hər hansı maneə olmamışdır. Hazırkı işin hallarına uyğun olaraq qəbul edilmiş Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(102)-667/2025 saylı və xx.xx.2025-ci il tarixli, 2-1(102)-2593 /2025 saylı analoji məhkəmə qərarlarında iddiaçının kassasiya şikayəti təmin edilməyərək, iddia tələbi rədd edilmişdir. 2. İddiaçının qeydləri: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Bu əsasda mənəvi zərərimi 2 000 (iki min) manat olaraq qiymətləndirirəm və əsas tələb ilə birgə cavabdehdən tələb etməkdə haqqlıyam. Cavabdehin münasibəti: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Hazırkı halda cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında zərər dəyməsi sübuta yetirilmir. Belə ki, mənəvi zərərin nədə ifadə olunması və hansı hərəkətlərin nəticəsində baş verməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Qeyd edilənlərə əsasən vergi orqanının qanunvericiliyə uyğun olaraq həyata keçirdiyi hərəkətlər nəticəsində vergi ödəyicisinə hər hansı mənəvi zərərin dəyməsindən söhbət gedə bilməz. Yekun əsaslandırma: Aşağıda qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki, iddia tələbi təmin edilməməlidir: 1) İddiaçı tərəfindən edilmiş bütün ödənişlər Qaydanın qüvvəyə mindiyi tarixdən sonra həyata keçirilmiş və ödənişlərin heç birinin ƏDV məbləği satıcının ƏDV depozit hesabına köçürülməmişdir; 2) Mənəvi zərərin nədə ifadə olunması və hansı hərəkətlərin nəticəsində baş verməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməmiş və iddia ərizəsində əsaslandırılmamışdır Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16812/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbi “mənəvi ziyanın ödənilməsi” hissədə mümkün sayılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı mənzilin alqı-satqısı ilə bağlı ödədiyi pul məbləği üzrə ƏDV-nin geri qaytarılması üçün müvəkkil banka məlumat vermək öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddiadır. İddianın göstərilən qaydada qaldırılması, Qaydaların tələblərinə uyğundur. Belə ki, Qaydaların 2.0.6-cı bəndinə əsasən müvəkkil bank - ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır. Qaydaların 2.0.4-cü bəndinə görə, operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir; Qaydaların 5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Qaydaların 6.2-ci maddəsinə əsasən bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Qaydaların tələblərindən göründüyü kimi, ƏDV məbləğinin qaytarılması ilə bağlı cavabdeh tərəfindən müvəkkil banka məlumatın ötürülməsi nəzərdə tutulmuşdur ki, bu iddia cavabdehin üzərinə inzibati akt qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli hərəkətin edilməsi öhdəliyinin qoyulmasına dair öhdəliyin icrası haqqında iddiadır İPM, maddə 2.2.3). Cavabdeh ƏDV-nin geri qaytarılması ilə bağlı müvəkkil banka müraciət etməkdən imtina edir ki, bu imtina iddiaçıya ƏDV məbləğinin alınmasını məhdudlaşdırır ki, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyinə görə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçının cavabdehə müraciəti və hazırkı iddianı qaldırmaqda hüquqi marağı aldığı mənzilə görə ödədiyi ƏDV məbləğinin geri qaytarılmasına yönəlmişdir. Ona görə, hazırkı qaydada tələbin irəli sürülməsi, iddiaçının inzibati orqana müraciətinə uyğundur. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən qərarla imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı 25 iyul 2022-ci il tarixli Payçı müqaviləsinə əsasən ümumi dəyəri 105821 (bir yüz beş min səkkiz yüz iyirmi bir) manat olan mənzili almışdır. Bank qəbzlərinə əsasən iddiaçı xx.xx.2025-ci il tarixdə 105821 (bir yüz beş min səkkiz yüz iyirmi bir) manat cavabdehin bank hesabına ödəniş etmişdir. İddiaçı mənzilin dəyərini hissə-hissə ödəyərək tam ödənişi xx.xx.2025-ci il tarixdə başa çatdırmışdır. İddiaçı hazırda həmin mənzillə bağlı ödədiyi pulun ƏDV-nin alınmasından imtina barədə cavabdehin qərarını mübahisələndirir və qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynalxalq Bankı ASC-nə) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin əsaslılığı həmin qanuni əsasın dispozisiya şərtləri əsasında yoxlanılmalıdır. Tələbin qanuni əsasını Vergi Məcəlləsinin 165.6-cı maddəsi və həmin maddə ilə bağlı qəbul edilən Qaydalar təşkil edir. Həmin maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. İddiaçı həmin normanın və Qaydaların tələblərinə əsaslanaraq cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.1.2-ci bəndinin tələblərinin pozulmasına istinad etmişdir. Belə ki, cavabdeh imtinasında bildirmişdir ki, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-cı bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Göründüyü kimi ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. Yəni yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının ("xxxx" MTK-nın) bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, lakin iddiaçı X2 tərəfindən yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında mənzilin alqı-satqısı ilə bağlı müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmış və mənzilin dəyəri olan 105821 (bir yüz beş min səkkiz yüz iyirmi bir) manat pulu ilkin olaraq 65021 manat, xx.xx.2022-xx.xx.2025-ci il tarixləri aralığında hər ay 1140.00 manat, daha sonra 1134.00 və 906.00 manat məbləğində hissə-hissə ödənilib başa çatdırılmışdır. İşin mübahisələndirilməyən halıdır ki, aylıq ödənişlər bütövlükdə (ƏDV məbləği də daxil olmaqla) satıcının ("xxxx" MTK-nın) bank hesabına ödənilmişdir. Beləliklə, yaşayış sahələrinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Belə olan halda iddiaçının tələbinin təmin olunması üçün istinad olunan qanunvericiliyin dispozisiya şərtləri də ödənilmiş olmur. Həmçinin oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-477/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iddiaçı yalnız sonuncu ödənişi qaydalara uyğun həyata keçirmədiyindən, digər ödənişlərə mütənasib ƏDV məbləği geri qaytarılmalıdır. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, mənzilin dəyərinə görə ödənilmiş məbləğin ƏDVnin qismən əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericilik mənzilin dəyərinin tam şəkildə Qaydalara uyğun ödənilməsi halında ƏDV-nin əvəzləşdirilməsini təsbit etmişdir” (bənd 41-42). Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar