Məhkəmə qərarları › İş №2-1(112)-16814/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16814/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16814/2025 05.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə Bakı İnzibati Məhkəməsi Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı "xxxx" MTK-dan ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK" yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 9-cu mərtəbə, 2 nömrəli, 3 otaqlı ümumi dəyəri 161507 manat olan mənzili 48507 manat ilkin ödəniş, qalan məbləği isə hissə-hissə ödəmək şərtilə almışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə 6203 manat ödəniş etməklə mənzilin dəyərini tam ödəmişdir. Bundan sonra iddiaçı daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-nin qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli qərarla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, ona qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi və mənəvi zərərin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" MTK (bundan sonra “MTK”) ilə 0257 saylı Payçı müqaviləsi bağlamışdır. Həmin Payçı müqavilələrinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK" Yaşayış Kompleksinin 6-cı bina, 6-cı blok, 9-cu mərtəbə, 2 nömrəli, 3 (üç) otaqlı mənzil sahəsini almışdır. Mənzilə sahəsinə görə toplamda ƏDV daxil 161 507,00 (bir yüz altmış bir min beş yüz yeddi) manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir. Daha sonra mənzil sahəsinə görə sonuncu ödənişi xx.xx.2025-ci il tarixində ödəniş etdikdən sonra "xxxx" MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra “Cavabdeh”) “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair **********339000 saylı elektron ərizə ilə xx.xx.2025-ci il tarixində “AVANT Group" MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, cavabdehə müraciət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, **********081700 saylı qərar ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinalarını onunla əlaqələndirmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin Alıcı İddiaçı araşdırılması zamanı qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) Satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda cavabdeh özü də təsdiq etmişdir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Bu tamamilə əsassız qərardır. Çünki iddiaçı yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb. MTK-ya ödəniş etsə də müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəyib, vergiyə hesabat təqdim etmişdir. Cavabdehin səyyar vergi yoxlamasının yekun sənədi olan akt ilə də bir daha öz təsdiqini tapmışdır. ƏDV-nin yekun dəyərlərini xx.xx.2025-ci il tarixində tamamlayaraq, xx.xx.2025-ci il tarixində ƏDV-nin yekun dəyərindən güzəşt üçün ilkin müraciət etdiyi üçün qanunvericilikdə müəyyən edilmiş 90 gün müddəti ötürməmişdir. Göründüyü kimi cavabdeh formal tələblərə əsaslanaraq imtina etmişdir. Belə ki, ödənilmiş ƏDV məbləği hazırda dövlət büdcəsinə ödənilib. Sadəcə iki hesaba deyil, bir hesaba ödənilməsi səbəbi imtina üçün heç bir halda əsas ola bilməz. Cavabdeh Qaydadan əvvəlki dövrdə həmin MTK üzrə mənzilləri alan Alıcılara güzəşt tətbiq olunan ƏDV-nin 30%-nin ödənilməsi üçün 25-30 nəfərə ƏDV-nin yekun məbləği barədə məlumatları müvəkkil banklara ötürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində qəbul edilmiş **********081700 saylı imtina qərarının öhdəliklərinin icrası iddiası üzrə hər hansı əsası olmadığı üçün hər hansı bir əhəmiyyət kəsb etmir. Yuxarıda normativ aktda da qeyd olunduğu kimi ƏDV-nin yekun dəyərindən güzəşt almaq hüququ keçid müddəaları ilə tənzimlənməlidir. Halbuki, cavabdeh öhdəliyini icra etməməklə hərəkətsizlik edir. Qanunla nəzərdə tutulan ƏDV-nin yekun məbləğindən güzəşt hissəsinin icra edilməsi üçün cavabdehin hərəkətsizliyi, öz üzərinə düşən öhdəliyi dərhal yerinə yetirməməsi ilə iddiaçının gözlənti hüquqlarını pozmaqla mənəvi iztirab vermişdir. Vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Bu əsasda mənəvi zərərini 2000 manat olaraq qiymətləndirir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-16814/2025 nömrəli qərardadı ilə "xxxx" MTK üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 0257 saylı xx.xx.2022-ci il tarixli “Payçı müqaviləsi”nə əsasən “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK" yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 9-cu mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzili tikib və "xxxx"-nın mülkiyyətinə verməyi öhdəsinə götürür. "xxxx" bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK" Yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 9-cu mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK" yaşayış Kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 161507 manat təşkil edir. "xxxx" müqavilə imzalandıqda dərhal 48507 manat məbləğində öncədən MTK-ya avans ödəniş edir. Qalıq 113000 manat məbləğində pul vəsaitini1 saylı əlavə üzrə müəyyən edilmiş ödəniş cədvəlinə uyğun şəkildə həyata keçirməyi öhdəsinə götürür. İddiaçı tərəfindən "xxxx" MTK-ya xx.xx.2022-ci il tarixdə 48507 manat, xx.xx.2022-ci il tarixdə 3140 manat, xx.xx.2022-ci il tarixdə 3138,89 manat, xx.xx.2022-ci il tarixdə 3138,89 manat, xx.xx.2022-ci il tarixdə 3139,45 manat, xx.xx.2022-ci il tarixdə 3139 manat, xx.xx.2022-ci il tarixdə 3150 manat, xx.xx.2022-ci il tarixdə 3140 manat, xx.xx.2023-cü il tarixdə 3139 manat, xx.xx.2023-cü il tarixdə 3140 manat, xx.xx.2023-cü il tarixdə 3139,45 manat, xx.xx.2023-cü il tarixdə 3140 manat, xx.xx.2023-cü il tarixdə 3139,45 manat, xx.xx.2023-cü il tarixdə 3140 manat, xx.xx.2023-cü il tarixdə 3139,45 manat, xx.xx.2023-cü il tarixdə 3139 manat, xx.xx.2023-cü il tarixdə 3138,89 manat, xx.xx.2023-cü il tarixdə 6290 manat, xx.xx.2023-cü il tarixdə 3138,89 manat, xx.xx.2024cü il tarixdə 3138,89 manat,xx.xx.2024-cü il tarixdə 3145 manat, xx.xx.2024-cü il tarixdə 3145 manat, xx.xx.2024-cü il tarixdə 3150 manat, xx.xx.2024-cü il tarixdə 3138,89 manat, xx.xx.2024-cü il tarixdə 3040,79 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 3140 manat, xx.xx.2024-cü il tarixdə 3140 manat, xx.xx.2024-cü il tarixdə 3150 manat, xx.xx.2024-cü il tarixdə 3139,45 manat, xx.xx.2024-cü il tarixdə 3138,89 manat, xx.xx.2024-cü il tarixdə 3140 manat, xx.xx.2025-ci il tarixdə 3140 manat, xx.xx.2025-ci il tarixdə 3140 manat, xx.xx.2024-cü il tarixdə 3140 manat, xx.xx.2025-ci il tarixdə 6203 manat ödəniş olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli **********081700 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. "xxxx" MTK-nın 19 avqust 2025-ci il tarixli 235 nömrəli arayışından görünür ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 161 507 (yüz altmış bir min beş yüz yeddi) manat məbləğin 2311,24 (iyirmi üç min on bir manat iyirmir dörd qəpik) ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi əldə etdiyi yaşayış sahəsinə görə ödədiyi ƏDV məbləğinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı payçı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, Mənzil Tikinti Kooperativi isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi üçün əsas olaraq qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi qeyd olunmuşdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən, alıcının ƏDV-nin qaytarılması məqsədi ilə vergi orqanına müraciət etmək hüququ 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etdikdə yaranır. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Göründüyü kimi, istinad edilən norma fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra, həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən, bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Həmin Qaydanın 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən isə Alıcı yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini, eyni zamanda müvafiq sənədləri, o cümlədən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədini portala göndərir. Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qəbul edilməsinin mənzil alan şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Bu qəbildən olan mübahisələrə baxılarkən aydınlaşdırılmalı olan əsas məqam mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyinin müəyyən edilməsidir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş, lakin ödənişləri həm Qaydaların qəbul olunmasından əvvəl, həm də sonra həyata keçirən şəxslərə münasibətdə isə qeyd edilməlidir ki, həmin şəxslərdən Qaydanın qüvvəyə mindiyi tarixədək aparılan ödənişlərə münasibətdə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmamalı, Qaydanın qüvvəyə mindiyi tarixdən sonra aparılan ödənişlərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə riayət edildiyi halda, başqa sözlə, alıcı qalan ödənişi (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ tanınmalıdır. Hazırki işdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müqavilə bağlamış, ümumi dəyəri 161507 manat olan mənzili 48507 manat ilkin, qalan məbləği isə hissə-hissə ödəmək şərtilə almış və o, xx.xx.2025-ci il tarixdə 6203 manat ödəniş etməklə mənzilin dəyərini tam ödəmişdir. Yəni iddiaçı tərəfindən ödənişlər həm Qaydanın qüvvəyə minməsindən əvvəl, həm də sonra aparılmışdır. Nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Yəni bu qəbildən olan işlərə baxarkən məhkəmələr alıcılara təqdim edilməli olan yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsi ilə bağlı texniki imkanların mövcud olub-olmamasını araşdırmalıdır. Belə ki, Qaydalar 2022-ci ilin may ayında qəbul olunsa da, ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal xx.xx.2022-ci il tarixdə istifadəyə verilmişdir. Lakin məhkəmə hesab edir ki, hazırkı iş üzrə bunun aydınlaşdırılmasına əsas yoxdur. Belə ki, iddiaçı tərəfindən aparılmış sonuncu ödəniş portalın istifadəyə verilməsindən sonrakı vaxta təsadüf edir, başqa sözlə, mübahisəsiz olaraq texniki imkanın mövcud olmasına baxmayaraq, ödəniş Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun həyata keçirilməmişdir. Qanunvericilik mənzilin dəyərinin tam şəkildə Qaydalara uyğun ödənilməsi halında ƏDV-nin əvəzləşdirilməsini təsbit etmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri üzrə aparılan ödəniş Qaydalara uyğun olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə iddia tələbinin 2000 manat mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin hərəkətləri qanuni və əsaslı olduğundan buna görə mənəvi ziyanın ödənilməsi təmin edilməmlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə).

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar