Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1683/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəsarətin səbəb-əlaqəsinin dəyişdirilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aldığı xəsarətin “Hərbi travmadır, hərbi xidməti vəzifələrinin yerinə yetirərkən almışdır” səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi qeyd edilərək yenidən şəhadətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu ildən xx.xx.2009cu ilədək Müdafiə Nazirliyinin tərkibində N saylı hərbi hissədə düşmənlə həmsərhəd ərazidə xidmət etmişdir. O, xx.xx.2009-cu ilin fevral ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmış, 2-ci qrup hərbi əlil, prezident təqaüdçüsü, ehtiyatda olan əsgərdir. xx.xx.2009cu ildə N saylı hərbi hissədə döyüş postunda hərbi xidməti vəzifələrini yerinə yetirən mina partlaması nəticəsində travma almış, sağ baldırın aşağı 1/3 səviyyəsində travmatik qopmasına görə aparılmış orta 1/3 səviyyəsində amputasiya edilmişdir. İddiaçı hal-hazırda xəstəliyi ilə bağlı çox əziyyət çəkir, daimi müalicə və müayinələrdə olur. xx.xx.2009-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilən zaman ona döyüş postunda xidmət edərkən mina partlayışı nəticəsində sağ baldırın aşağı 1/3 səviyyəsində travmatik qopmasına görə aparılmış orta 1/3 səviyyəsində amputasiya edilməsi və digər xəsarətlər nəticəsində “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi deyil “Hərbi travmadır, hərbi xidməti vəzifələrini yerinə yetirərkən almışdır” kimi qeyd edilmişdir. Lakin iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 101 nömrəli şəhadətnaməsi ilə razı deyil, belə ki, ona döyüş postunda xidmət edərkən mina partlayışı nəticəsində sağ baldırın aşağı 1/3 səviyyəsində travmatik qopmasına görə aparılmış orta 1/3 səviyyəsində amputasiya edilməsi və digər xəsarətlər nəticəsində “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” kimi deyil “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi qeyd edilməlidir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona heç bir cavab verilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən 2009-cu ildən hərbi xidmətə çağırılmış, ehtiyatda olan əsgər İddiaçı Vasif oğlu xx.xx.2009-cu ildə MN Baş Klinik Hospitalı tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Mina partlayış travması (xx.xx.2009), sağ baldırın aşağı 1/3-i səviyyəsində travmatik qopmasına görə aparılmış orta 1/3-i səviyyəsində amputasiyasından (xx.xx.2009) və reamputasiyasından (xx.xx.2009) sonrakı güdülü. Mina partlayış travması. Hər iki gözün buynuz qişasının çoxsaylı kor qəlpə yaralanmaları, sol gözün başlanğıc kataraktası, sag gözün görmə itiliyi 0,8, sol gözün görmə itiliyi 0,7 olmaqla. Mina partlayışı yaralanmasından sonrakı üzün infraorbital və ağız ətrafı nahiyələrinin kiçik ölçülü bərkimiş dəri çapıqları, inkapsulyasiya olunmuş yad cisimləri (metal qəlpələr). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət ” diaqnozları ilə olan xəsarətlərin səbəb əlaqəsi “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏTİ VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi, “Sağ tərəfli xroniki adheziv orta otit. Reaktiv hepatit. Sağalma ilə nəticələnmiş somatagen mənşəli nevrotik reaksiya” diaqnozu ilə olan xəsarətin səbəb əlaqəsi “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 70 b maddələrinin İİ qrafasına əsasən “HƏRBİ UÇOTDAN ÇİXARİLMAQLA HƏRBİ XİDMƏTƏ YARARSİZDİR” sayılmışdır. Vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəsəssinin travma və xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin N saylı hərbi hissə komandirinin verdiyi xx.xx.2009-cu il tarixli, 350 nömrəli travma haqqında arayışda iddiaçının “HƏRBİ XİDMƏTİ VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN” travma aldığı göstərilmişdir. Bu səbəbdən də MN MHHK-sı “Əsasnamə”nin 7.3-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsini düzgün olaraq “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏTİ VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin etmişdir. İddiaçıya təyin edilmiş diaqnozla olan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3. bəndinin və 7.2. bəndinin “a” yarımbəndinin tələblərinə ziddir. İddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1990-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. AO seriyalı, ******* nömrəli Hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək N saylı hərbi hissədə heyət nəfəri, atıcı, sanitar kimi xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 190 nöməli, xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, Bakı şəhəri Binəqədi RHK tərəfindən 2009-cu ildə hərbi xidmətə çağırılmış, İddiaçı Vasif oğlunun hərbi xidmət dövründə postda hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2009-cu ildə aldığı və xx.xx.2009-cu ildə MN Mərkəzi Hərbi Klinik Hospitalının cərrahiyyə profilli hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin olunmuş travma-diaqnoz: “Mina partlayışı travması (xx.xx.2009), sağ baldırın aşağı 1/3 səviyyəsində travmatik qopmasına görə aparılmış orta 1/3 səviyyəsində amputasiyasından və reamputasiyasından sonrakı güdülü. Mina partlayış travması. Hər iki gözün buynuz qişasının çoxsaylı kor qəlpə yaralanmaları, sol gözün başlanğıc kataraktası, sag gözün görmə itiliyi 0.8, sol gözün görmə itiliyi 0,7 olmaqla. Mina partlayışı yaralanmasından sonrakı üzün infraorbital və ağız ətrafı nahiyələrinin kiçik ölçülü bərkimiş dəri çapıqları, inkapsulyasiya olunmuş yad cisimləri (metal qəlpələr). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət ” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin xx.xx.2024-cü il tarixli 11 nömrəli göndərişi, xx.xx.2024-cü il tarixli 180 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2009-cu il tarixli 101 nömrəli xəstəlik haqqında şəhadətnamə, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏTİ VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” və xx.xx.2009-cu ildə MN Mərkəzi Hərbi Klinik Hospitalının cərrahiyyə profilli hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Sağalma ilə nəticələnmiş somatogen mənşəli nevrotik reaksiya” (MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2009-cu il tarixli 101 nömrəli xəstəlik haqqında şəhadətnamə, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. İddiaçıya N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli travma haqqında arayışda iddiaçının xx.xx.2009-cu il tarixində hərbi xidmət zamanı xəsarət alması, xəsrətin həri xidmət vəzifələrini yerinə yetirərkən alınması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. İddiaçının qiymətləndirmə məlumatlarından görünür ki, ona ilk dəfə xx.xx.2010-cu il tarixdə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, təkrar qiymətləndirmə nəticəsində xx.xx.2016-cı il tarixdən Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 06 fevral 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin 2009-cu il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı hərbi xidmət keçməsi, mina partlayışının təfərrüatları və hadisə baş verən vaxtı N №-li hərbi hissənin döyüş tapşırığını yerinə yetirib-yetirməməsi barədə araşdırma aparmaq mümkün olmamışdır. 23 noyabr 2009-cu il tarixli, 101 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı 28.09.09 tarixdə postda xidmət apararkən mina partlayışı nəticəsində yaralanmışdır (təsdiqedici sənəd: N saylı hərbi hissə komandirinin 21.10.09 tarixli 350 saylı arayışı). Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində səbəb əlaqəsinin dəyişdirilərək "Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır" kimi qeyd edilərək yenidən şəhadətləndirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş, lakin ona cavab verilməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən hərbi-həkim ekspertizası dinc və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, həmçinin sərhəd qoşunlarında, daxili qoşunlarda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Hərbi Əks-Kəşfiyyat Xidməti və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) səhhətinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq dərəcəsini, həbelə vətəndaşların yaralanmalarının (travmaların, xəsarətlərin, kontuziyaların) və xəstəliklərinin hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmələri ilə səbəb əlaqəsini (bundan sonra — yaralanmaların (xəsarətlərin, kontuziyaların, travmaların) və xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədilə keçirilir ( 1.). Hərbi-həkim ekspertizası keçirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda, çağırış məntəqələrində ştatlı və ya ştatdankənar hərbi-həkim komissiyaları (bundan sonra — HHK) və həkim-uçuş komissiyaları (bundan sonra — HUK) yaradılır (2.). Şəhadətləndirilmə dedikdə, vətəndaşların hərbi xidmətə, hərbi qeydiyyat ixtisası üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığının müəyyən edilməsi məqsədilə, yazılı rəy çıxarmaqla onların, şəhadətləndirilmə anında səhhətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin həll edilməsi başa düşülür (4.). Vətəndaş HHK-nin (HUK-un) onun barəsindəki rəyindən məhkəməyə şikayət verə bilər. Məhkəmənin qərarı ilə vətəndaş nəzarəti müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər (7.). İşdən göründüyü kimi iddiaçı xx.xx.2009-cu ildən xx.xx.2009-cu il tarixlərində hərbi xidmətdə olmuşdur. O, xx.xx.2009-cu il tarixində hərbi xidmətdə olarkən mina partlayışı nəticəsində xəsarət almış və cavabdeh tərəfindən xx.xx.2009-cu il tarixində şəhadətlənirilərək ona aldığı xəsarətin səbəb-əlaqəsi kimi “Hərbi travmadır, hərbi xidməti vəzifələrinin yerinə yetirərkən almışdır” kimi göstərilmişdir. İddiaçı hazırda həmin səbəbəlaqənin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi qeyd edilməklə yenidən şəhadətləndirilməsini istəyir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də göstərilmişdir ki, hərbi qulluqçuların hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəyi HHK bu Əsasnamənin 17ci bəndinə uyğun olaraq çıxarır (29.). Vətənin müdafiəsi, hərbi xidmət vəzifəsinin icrası, fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində vəzifələrin yerinə yetirilməsi zamanı yaralanma (travma, kontuziya, xəsarət) almış hərbi qulluqçuların və xaricdə, döyüş əməliyyatları aparılmış dövlətlərdə hərbi xidmətkeçmə, xaricdə kəşfiyyat və əkskəşfiyyat işində olan dövrdə və ya fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində vəzifələrin yerinə yetirilməsi zamanı xəstələnmiş hərbi qulluqçuların şəhadətləndirilməsi stasionar müalicə başa çatdıqdan sonra keçirilir (36.). Həmin Əsasnamənin 44-cü bəndində göstərilmişdir ki, HHK-nin yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsi haqqında rəyi aşağıdakı ifadələrlə çıxarılır: a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» b) «Hərbi travma SSRİ-nin müdafiəsi zamanı alınmışdır» c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ç) «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» d) «Xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» e) «Ümumi xəstəlik» a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən, cəbhədə olduğu dövrdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, dövlət sərhəddini müdafiə edərkən; xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olan dövrdə, aktiv döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət edən dövrdə, kəşfiyyat və əks-kəşfiyyatla bağlı tapşırıqları yerinə yetirərkən yaranmışsa, yaxud bu xəstəliyin başlanğıcını həmin şəxsin cəbhədə olduğu dövrdə, kəşfiyyat və əks-kəşfiyyatla bağlı tapşırığı yerinə yetirdiyi dövrə aid etməyə imkan verən sənədlər varsa; əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti), xəstəliyi əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) «a» bəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, elektromaqnit sahələri mənbələrinin və optiki kvant generatorlarının təsirinə məruz qalmaq nəticəsində almışsa. Əsasnamənin 45-ci bəndinə əsasən HHK yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) səbəb əlaqəsi haqqında rəyi vətəndaşın yaralanma (travma, kontuziya, xəsarət) aldığı anda xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, digər qoşunlar və orqanların, təşkilatların, müəssisələrin rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti, habelə yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin icrası ilə əlaqədar olub-olmaması göstərilir). 46-cı bəndə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə yaralanma (travma, kontuziya, xəsarət) almış, lakin bu yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı HHK yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) səbəb əlaqəsi haqqında rəyi yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma səbəbini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Qeyd edilən normaların məzmunundan görünür ki, şəxsin xəsarətinin səbəbəlaqəsinin «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi yazılması üçün Əsasnamədə göstərilmiş konkret hallar mövcud olmalıdır. Həmin halların mövcud olmaması isə səbəb-əlaqənin «Hərbi trama hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» kimi qeyd edilməsinə səbəb olur. İşdən göründüyü kimi iddiaçının hərbi xidmətdə olduğu vaxt mina partlayışı nəticəsində xəsarət alaraq əlil olması işin mübahisəsiz halıdır. İddiaçının xx.xx.2009-cu il tarixində xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatlarının müəyyən edilməsi, həmçinin həmin hadisə baş verdiyi vaxt iddiaçının xidmət etdiyi N saylı hərbi hissənin hər hansı döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilib-edilməməsini aydınlaşdırmaq üçün məhkəmə tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğular verilmişdir. Müdafiə Nazirliyinin cavab məktubunda hadisənin təfərrüatları barədə, həmçinin həmin vaxt N saylı hərbi hissənin hər hansı döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilibedilməməsi barədə məlumat olmadığı bildirilmişdir. Həmçinin məktubda sorğunun cavablandırılması üçün N saylı hərbi hissəyə göndərildiyi qeyd edilmişdir. Lakin, sorğunun yönəldilməsindən 2 aydan da artıq müddət keçsə də, N saylı hərbi hissə tərəfindən məhkəməyə hər hansı cavab məktubu daxil olmamışdır. İPM-də göstərilmişdir ki, Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1.). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2.). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3.). Qeyd edilməlidir ki, cavabdeh iddiaçının xidmət etdiyi N saylı hərbi hissənin travma haqqında arayışına əsaslanaraq iddiaçının aldığı xəsarətin səbəbli əlaqəsinin «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» kimi qeyd edildiyini bildirir. Belə olan halda həmin travma haqqında arayışın düzgün verilibverilmədiyini aydınlaşdırmaq zərurəti yaranmışdır. Bununla bağlı verilmiş məhkəmə sorğusuna isə yuxarıda qeyd edildiyi kimi cavabdehin üst qurumu olan Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumat olmadığını bildirmiş, N saylı hərbi hissə isə ona yönləndirilmiş sorğuya hər hansl cavab verməmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və qeyd olunan halları iddiaçının xeyrinə şərh edərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2009-cu il tarixli xəstəlik haqqında şəhadətnaməsində göstərilmiş xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi qeyd edilərək yenidən şəhadətləndirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasın üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1683/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1683/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver