Məhkəmə qərarları › İş №2-1(112)-16845/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16845/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16845/2025 27.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin cərimə meydançasından götürülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı ““RENAULT” markalı 99RK744 nəqliyyat vasitəsinin cərimə meydançasından tərəfindən götürülməsi” tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, "99RK744 nəqliyyat vasitəsi sürmə etibarnaməsi ilə xx.xx.2024-cü il tarixdən bu günə qədər X2 adına olmuşdur və etibarnamə əsasında müvəqqəti nəqliyyat vasitəsini sürməyə götürmüşdür. xx.xx.2024-cü il tarixdən bu günədək ləğv edilməmiş qalmışdır. Bütün bu dövr ərzində bütün qayda pozuntuları nəqliyyat vasitəsi sürmə etibarnaməsi ilə maşını idarə edən X2 idarəçilyi zamanı qeydə alınmış və ödənilmişdirsə özü tərəfindən ödənilmişdir. Araşdırma aparılarsa bütün protokollar, cərimələr tətbiq olunarkən sürücü X4 olmuşdur. Kamera görüntülərinə baxılarsa bu fakt da öz təsdiqin tapmış olacaqdır. Bütün qeyd edilənləri sadalamaqda məqsədi onu ifadə etməkdir ki, ümumiyətlə 99RK744 nəqliyyat vasitəsinin idarə etməmişdir. Qeyd edilən protokollar, ödəniş qəbzləri, anten məlumatları və yaddaşda qalan kamera görüntüləri araşdırılarsa bütün bunların həqiqət olması faktı aşkar ediləcəkdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdən protokollar cərimələr tətbiq olunarkən araşdırılmasını sürücü X3 aid olduğunda ondan tələb edilməsini; cərimələr ona yazıldığından ona aid olmadığından 99RK744 nəqliyyat vasitəsinin cərimə meydançasından tərəfindən götürülməsini Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş X8 İdarəsinə ərizə ilə müraciyyət etdi. Ərizəni onunla əsaslandırıdı ki, maşının mülkiyyətçisi iddiaçının və ancaq maşını, o, idarə etməmişdir, cərimələr tətbiq olunarkən sürücü X3 aid olduğunda ondan tələb olunmasını və maşın iddiaçının mülkiyyətində olduğundan 99RK744 nəqliyyat vasitəsinin cərimə meydançasından tərəfindən götürülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-İ-861891 saylı xx.xx.2025-ci il tarixli 3- 13-xx/xx-176737 saylı məktubları ilə imtina etmişdir. Məktubda cərimələrin həqiqətən X3 yazıldığını bildirilsədə “RENAULT” 99RK744 nəqliyyat vasitəsinin cərimə meydançasından tərəfindən götürülməsi imtina edilmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciyyət edir.

3. Cavabdehin xx.xx.2025-ci il tarixli iddiaçıya ünvanlanan məktubu ilə bildirilmişdir ki, ““RENAULT” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı yol hərəkəti qayda pozuntuları törədilməsi halları üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin BDYPl-nin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrilə İnzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. Mövcud qərarlar üzrə tətbiq olunmuş cərimələr qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədiyindən Məcəllənin 150.11-cı maddəsinə uyğun olaraq üzərinə dəbbə pulu hesablanmış və nəqliyyat vasitəsinin saxlanılması barədə qərarlar qəbul olunmuşdur.”

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

6. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəziifəli şəxsə) verilir: hakimin qərarından – apellyasiya instansiyası məhkəməsinə (128.2.1); kollegial orqanın qərarından – kollegial orqanın olduğu yerin məhkəməsinə (128.2.2); səlahiyyətli orqanın (vəziifəli şəxsin) qərarından – yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (128.2.3). 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest – həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.

8. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı nəqliyyat vasitəsinin cərimə meydançasından götürülməsini xahiş etsə də, hüquqi marağı onun barəsində tərtib edilən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirir.

9. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür.

10. İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə öz yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım barədə məktub ünvanlamış, həmin məktubla yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət edilməsi ona təklif olunsa da, sözügedən hüquqi yardım iddiaçı tərəfindən nəzərə alınmamışdır.

11. Məhkəmə qeyd edir ki, iddiaçı inzibati tənbeh vermə haqqında qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilməz. Göstərilən halda iddiaçı barəsində qəbul edilmiş həmin inzibati tənbeh vermə haqqında qərardan müvafiq rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Bu səbəbdən də hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

12. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

13. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

17. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddia tələbinin mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar