Məhkəmə qərarları › İş №2-1(112)-1686/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1686/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1686/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (3-cü şəxs: "xxxx" ASC) qarşı “sərəncamın etibarsız sayılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 2021-ci il tarixli, 340 saylı sərəncamının Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən fərdi yaşayış evinin və qeyri-yaşayış təyinatlı tikilinin yerləşdiyi 15 sot torpaq sahəsinə münasibətdə etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Yasamai rayonu, Qanlı Gölün qərb sahili 41 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin 23 dekabr 2021-ci il tarixli, 340 saylı Sərəncamına əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" ASC (bundan sonra – üçüncü şəxs) tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə üçüncü şəxsin istifadəsinə verilmişdir. Üçüncü şəxs həmin sərəncamı əsas gətirərək əmlakın dəyərinin ödənilməsi ilə bağlı aralarında heç bir razılaşma olmadan iddiaçının əmlakını sökməyə cəhd göstərmiş, evinə gedən su və qaz xəttlərini sındırmış, habelə avtomobil yolunu qazıb yararsız hala salmışlar. Dəfələrlə bununla bağlı üçüncü şəxsin rəhbərliyinə, habelə cavabdehə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibət təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 340 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 hektar torpaq sahəsinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Kristal Bakı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. İddiaçı ilə X1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən mənzil Bəxtiyar Vəliyev tərəfindən iddiaçıya bağışlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 75.13 kv.metr olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1500 kv.metr təşkil edir. Torpaq sahəsinin üzərində ümumi sahəsi 75.13 kv.m (3 otaq yaşayış sahəsi 32.9 kv.m, köməkçi sahə 42.23 kv.m) olan mənzil və köməkçi tikililər (kafe kimi istifadə olunur) mövcuddur. Qeyd olunan mənzil **********43-05101-093001 reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyətindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahə Xarici dairəvi yolun kənarında yerləşir. Sahənin 3 kv.metr hissəsi su xəttinin mühafizəsindədir. Sözügedən sahə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müraciəti olmuş ərazinin hüdudları daxilində yerləşir. Bundan əlavə qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli, 14 iyun 2023-cü il tarixli Fərmanının icrası ilə əlaqədar ərazinin 1087,8 kv.m hissəsinə X1 tərəfindən müraciət olmuşdur. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 saylı sərəncamının Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 41 ünvanında yerləşən, fərdi yaşayış evinin və qeyriyaşayış təyinatlı tikilinin yerləşdiyi 15 sot torpaq sahəsinə münasibətdə etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə tanınma haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: İPM-də göstərilmişdir ki, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (2.2.5.). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (36.1.). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (36.2.). Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (36.3.). Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır (36.4.). “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt (65.1.). Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır (65.2.). Göründüyü kimi inzibati aktın etibarsız sayılması üçün qanunda konkret əsaslar müəyyən edilmişdir ki, yalnız həmin əsasların mövcud olduğu təqdirdə inzibati akt etibarsız sayıla bilər. İddiaçı tələbinin əsası kimi Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək həmin torpaq sahəsi ilə bağlı cavabdehin hər hansı sərəncam vermək hüququnun olmadığına istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər (153.1). Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir (153.2). Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (153.3). Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir (155.1). Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir (155.2). Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər (155.4). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur (5.1). Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (5.2). Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (5.3). Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, malqara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər (46). Yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşdən göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən yaşayış sahəsi mənzil kimi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin yaşayış sahəsinin fərdi yaşayış evi olaraq, onun yerləşdiyi və həyətyanı torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Lakin, iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində həmin yaşayış sahəsinin mənzil kimi iddiaçının mülkiyyətində olduğu, torpaq sahəsinin isə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağı olduğu qeyd edilmişdir. Yəni, iddiaçının həmin mənzilin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üzərində hər hansı hüququ yoxdur. Cavabdeh isə dövlət torpaqlarının balanssaxlayıcısı olmaqla, həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ mövcuddur. Bu səbəbdən cavabdeh 23 dekabr 2021-ci il tarixli, 340 saylı sərəncamı qəbul etməkdə səlahiyyətli olmuşdur. Həmin sərəncamda isə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 hektar torpaq sahəsinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə üçüncü şəxsə icarəyə verilmişdir. Göründüyü kimi, iddia ərizəsində etibarsızlığı tələb olunan sərəncamın etibarsızlığının tanınması üçün hər hansı əsas yoxdur. Bu səbəbdən hazırkı iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin başçısının 23 dekabr 2021-ci il tarixli, 340 saylı sərəncamının Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən fərdi yaşayış evi və qeyri-yaşayış təyinatlı tikilinin yerləşdiyi 15 sot torpaq sahəsinə münasibətdə etibarsız sayılması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar