Məhkəmə qərarları › İş №2-1(112)-16860/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16860/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16860/2025 27.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, ddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təhsildə X2 xx.xx.2025-ci il tarixli, NA00041622 saylı qərarının ləğv edilməsi və həmin orqan tərəfindən xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının tanınması barədə inzibati aktın qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-2016-cı illər ərzində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Kimya ixtisası üzrə bakalavr təhsilini qiyabi formada almışdır və xx.xx.2016-cı ildə müvafiq ixtisas üzrə bakalavr dərəcəsini təsdiq edən diplomu əldə etmişdir. Təhsilini başa vurduqdan sonra xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının tanınması üçün Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müraciətinə baxılaraq xx.xx.2025-ci il tarixli, NA00041622 saylı “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarı ilə onun xarici ali təhsilə dair kvalifıkasıyasının tanınmasından imtina edilmişdir. İmtinanın əsas səbəbi olaraq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən diplomun autentik (həqiqi) olmaması qeyd edilmişdir. Diplomun tanınmasından imtina qərarının qəbul edilməsinə qədər uzun müddət ərzində - təxminən 6-7 ay ərzində dəfələrlə diplomun həqiqiliyinin müəyyən edilməsi məqsədilə məsələ üzrə Rusiya Federasiyasının Federal Təsil və Elm Nəzarət Xidmətinə rəsmi sorğu göndərilmişdir. Lakin indiyə qədər Rusiya Federasiyası müəyyən olmayan səbəblərə görə sorğuya cavab verməmişdir. Sorğunun cavabsız qalması isə onun subyektiv iradəsindən və imkanlarımdan kənar, dövlətlərarası münasibətlərin tənzimlənməsi predmetinə aid olan məsələdir. Vətəndaş olaraq onun dövlətləarası yazışmalara, diplomların autentikliyinə (həqiqiliyinə) dair beynəlxalq mübadilə mexanizmlərinə müdaxilə etmək, yaxud da bu prosesə təsir göstərmək imkanı mövcud deyildir. Halbuki, diplomun həqiqiliyinə dair təsdiqin olmaması onun təhsil hüququnun, eyni zamanda peşə fəaliyyəti ilə məşğul olmaq imkanlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Bu isə Konstitutsiyanın 42-ci maddəsində təsbit olunmuş təhsil hüququnun, habelə qanunvericilikdə nəzərdə tutulan digər subyektiv hüquqlarının reallaşdırılmasına əngəl törədir. Bundan sonra da 2025-ci ilin may ayından etibarən Agentliyə onlayn şəkildə çoxsaylı müraciətlər etmişdir. Bununla bağlı olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi xx.xx.2025-ci il tarixində onunla telefon əlaqəsi saxlayaraq diplomun nəzərdən keçirilməsi zərurətinin yarandığını bildirmişdir. xx.xx.2025ci il tarixində isə o bu məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı X1 Tanınması Şöbəsinin rəhbərliyinin qəbulunda iştirak etmişdir. Qəbul zamanı onun qısa suallar verilmiş, əlavə olaraq qeyd olunmuşdur ki, Agentlik Rusiya Federasiyasına rəsmi müraciət edərək sorğu göndərmiş, lakin bir aydan artıq vaxt keçməsinə baxmayaraq yalnız “Müraciətinizi aldıq, sizə cavab veriləcəkdir” məzmunlu cavab daxil olmuşdur. Agentlik tərəfindən məsələ üzrə siyasi xarakterli amillərin mövcud ola biləcəyi ehtimalının olması barədə ona məlumat verilmişdir. Agentliyin nümayəndələri özləri də qeyd etmişlər ki, yaranmış vəziyyət onlardan asılı deyil. Əslində bu cavaba əsasən diplomun tanınmasından imtina qərarının verilməsi mümkün deyildir. Çünki heç bir halda diplomun autentik olmaması və ya uyğun sayılmaması barədə rəsmi mövqe bildirilməmişdir. Sadəcə tərəfindən dəfələrlə cavab tələb olunduqdan sonra, heç bir fakt əsas gətirmədən diplomun tanınmasından imtina barədə qərar qəbul etmək məcburiyyətində qalmışdırlar. Qəbul zamanı bir sıra faktlar ortaya qoyularaq onun diplomumun tanınmamasının “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun “qanunçuluq” prinsipini tənzimləyən 11-ci maddəsinin, “bərabərlik” prinsipinin tənzimləyən 12-ci maddəsinin və “etimad hüququnun qorunması prinsipini” tənzimləyən 13-cü maddəsinin tələblərinin pozulduğu bildirilmişdir. Belə ki, dövlət orqanları və qurumları yalnız qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməlidir. Diplomun tanınmaması üçün əsas yalnız diplomun saxta olması, təhsil müəssisəsinin fəaliyyətinin şübhə altına alınması və ya beynəlxalq hüquqi prosedurların pozulması ola bilər. Halbuki, təqdim olunmuş diplomun autentik (həqiqi) olmaması barədə rəsmi və əsaslı cavab mövcud deyil. Buna baxmayaraq, yalnız digər dövlətin cavab verməməsi faktına istinad edilməklə imtina qərarı qəbul edilməsi qanunçuluq prinsipinə ziddir. Onun diplomu ilə bağlı proses uzun müddət əsassız olaraq yubadılmış, müracətləri cavabsız qalmışdır. Yekunda isə diplomun saxta və ya uyğun olmaması barədə heç bir əsas göstərilmədən imtina qərarı qəbul edilmişdir. Onun müraciətləri üzrə bu cür münasibətin göstərilməsi müvafiq qurumun vətəndaş müraciətlərinə laqeyd və məsuliyyətsiz yanaşmasının, işin mahiyyəti üzrə həll edilməsindən yayınmağa çalışılaraq məhkəməyə müraciət etməyi ilə bağlı təklifin edilməsi müvafiq qurumun süründürməçiliyə yol verdiyinin göstəricisidir və bu onun haqlı narazılığına səbəb olmaqdadır. Beləliklə, diplomun həqiqiliyinin müəyyən edilməsi üçün Rusiya Federasiyasının səlahiyyətli orqanına sorğu göndərilmiş, lakin bu sorğu indiyənədək cavabsız qalmışdır. Həmin sorğunun cavabsız qalması onun iradəsindən və imkanlarından kənar, yalnız dövlətlərarası münasibətlərin tənzimlənməsi ilə bağlı məsələdir. Vətəndaş olaraq onun bu məsələyə müdaxilə imkanı olmadığımdan, yaranmış vəziyyətin aradan qaldırılması və pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət edir. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarına əsasən xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsil pilləsi üzrə kvalifıkasiya dedikdə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin ali təhsil pilləsinin bakalavriat (o cümlədən əsas (baza) ali tibb təhsili) və magistratura səviyyələri üzrə şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd başa düşülür.

3. Cavabdehin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə 23 sentyabr 2025-ci il tarixli NA00041622 nömrəli qərarında qeyd edilmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə əldə etdiyi təhsil haqqında sənədin dövlət nümunəli olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.2-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.2-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması tanınma üzrə ümumi tələblərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır.

4. Cavabdeh iddia tələbinə dair etirazda qeyd etmişdir ki, İddiaçı M.V.Lomonosov adına Moskva Dövlət Universiteti tərəfindən ona verilmiş xx.xx.2016-cı il tarixli, №107705 ******* nömrəli diplom (Kimya/qiyabi)üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması və ekvivalentlik haqqında şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Təhsildə X2 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə Agentliyə müraciət etmişdir. İddiaçının müraciəti üzrə cavabdeh orqanda aparılan inzibati icraat zamanı onun diplomun dövlət nümunəli olmadığı müəyyən edilmişdir. Belə ki, Agentliyin sorğusuna ATM-dən daxil olan xx.xx.2025-ci il tarixli cavabda bildirilir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti № 107705 ******* nömrəli diplomun xx.xx.2016-cı il tarixində İddiaçı verilməsi faktını inkar edir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-959/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2377/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarlar v.s.) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”(bundan sonra – Qaydalar)na uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydalarının 4.1.2-ci bəndinə əsasən tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı M.V.Lomonosov adına Moskva Dövlət Universiteti tərəfindən ona verilmiş xx.xx.2016-ci il tarixli, №107705 ******* nömrəli diplom (Kimya/qiyabi) üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması və ekvivalentlik haqqında şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Təhsildə X2 üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “M.V.Lomonosov adına Moskva Dövlət Universiteti”nin 107705 ******* nömrəli mütəxəssis diplomunda qeyd edilmişdir ki, İddiaçı 02.00.03 neft emalı, neft kimyası və qaz kimyası ixtisası üzrə mütəxəssis proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə Kimyaçı, Kimya müəllimi ixtisası verilmişdir. Təhsil və ixtisaslaşma haqqında sənədin qeydiyyat nömrəsi 12240 verilmə tarixi xx.xx.2016-cı ildir.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin (Elektron ünvan ) elektron ünvanına göndərdiyi sorğusuna daxil olan xx.xx.2025-ci il tarixli elektron cavabda bildirilmişdir ki, İddiaçı 2016-cı il tarixdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti”də oxumadığı və həmin Universitetin kimya fakultəsinin bitirmədiyi qeyd edilmişdir.

7. Məhkəmənin iclasında izahat verən iddiaçı iddianın təmin edilməsini xahiş etdi.

8. Məhkəmənin iclasında izahat verən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

10. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

11. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir.

12. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “M.V.Lomonosov adına Moskva Dövlət Universiteti”nin 107705 ******* nömrəli mütəxəssis diplomunda qeyd edilmişdir ki, İddiaçı “02.00.03 neft emalı, neft kimyası və qaz kimyası” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə “Kimyaçı, Kimya müəllimi” ixtisası verilmişdir. Təhsil və ixtisaslaşma haqqında sənədin qeydiyyat nömrəsi 12240, verilmə tarixi xx.xx.2016-cı ildir.

15. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir...

16. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərman ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; 1.5.7. qismən tanınma – xarici dövlətin ali təhsil müəssisəsində təhsil alan şəxsin natamam ali təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün həyata keçirilən akademik tanınma növü; 1.5.8. tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 7.8. Tanınma şəhadətnaməsində aşağıdakı məlumatlar əks olunmalıdır: 7.8.4. tanınmanın növü: 7.8.4.1. akademik tanınma (tam, qismən, şərti, alternativ); 7.8.4.2. peşə tanınması; 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

18. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “M.V.Lomonosov adına Moskva Dövlət Universiteti”nin 107705 ******* nömrəli mütəxəssis diplomunun təqdim edilməsinə baxmayaraq, cavabdehin (Elektron ünvan ) elektron ünvanına göndərdiyi sorğusuna daxil olan xx.xx.2025-ci il tarixli elektron cavabda İddiaçı 2016-cı il tarixdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti”ndə oxumadığı və həmin Universitetin kimya fakultəsinin bitirmədiyi bildirilmişdir.

19. İddiaçı hazırda Təhsildə X2 xx.xx.2025-ci il tarixli, NA00041622 saylı qərarının ləğv edilməsi və həmin orqan tərəfindən xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması barədə inzibati aktın qəbul edilməsini məhkəmədən xahiş edir.

20. Cavabdehin etirazının dəlili ondan ibarət olmuşdur ki, iddiaçının diplomunun dövlət nümunəli olmadığı müəyyən edilmişdir.

21. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən iddiaçı ilə eyni illərdə təhsil alan və təhsilini bitirmiş tələbələrin diplomları təqdim edilmişdir.

22. Məhkəmə müqayisəli şəkildə həmin diplomları nəzərdən keçirərək müəyyən etdi ki, iddiaçıya verilən diplom M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin il üzrə tələbələrə təqdim etdiyi diplomlardan fərqlidir.

23. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının təhsil aldığı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsi tərəfindən təsdiq edilməmişdir ki, İddiaçı təhsilini sözügedən universitetdə almamışdır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərman ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).

25. Göründüyü kimi iddiaçının təqdim etdiyi diplom tanınma üçün autentik (həqiqi) deyil.

26. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar