Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16870/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “müvafiq məlumatın xüsusi lövhələrdə yerləşdirilməsi” tələbinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin üzvlərinin səlahiyyət dövrünün ilk 6 ayı, yəni 2025-ci ilin 6 ayı ərzində fəaliyyətləri haqqında hesabatlarını seçiciləri tanış etmək məqsədi ilə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməsini cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 avqust 2025-ci il tarixdə Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin üzvləri: - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 məlumat əldə etmək haqqında ayrı-ayrılıqda müraciət göndərmişdir. Lakin, hal-hazırkı tarixə qədər Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin üzvləri tərəfindən müraciətinə cavab verilməmişdir. Belə ki, 14 avqust 2025-ci il tarixdə “Azərpoçt MMC”-nin 155 saylı poçt filialı vasitəsilə yuxarıda qeyd etdiyi Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin üzvlərinin adlarına uyğun olaraq SX052371381AZ, SX052371378AZ, SX052371280AZ, SX052371302AZ, SX052371293AZ, SX052371276AZ, SX052371347AZ, SX052371355AZ, SX052371364AZ, SX052371395AZ, SX052371320AZ, SX052371316AZ, SX052371333AZ nömrəli xəbərnaməli eyni məzmunlu və mətnli məktubları Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin bütün üzvlərinə ünvanlanmış və 478330378, 478330373, 478345582, 478343688, 478344808, 478345440, 478345706, 478331841, 478331673, 478329429, 478332553, 478344681, ********* nömrəli mədaxil qəbzlərinə əsasən göndəriş xidmətinə görə ayrı-ayrılıqda 2,37 manat xidmət haqqı ödəmişdir. Xəbərnamələrdən göründüyü kimi Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin üzvləri məktubunu qəbul etmişdir. Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin üzvlərinə ünvanladığı “məlumat əldə etmək haqqında” müraciəti həmin səlahiyyətli bələdiyyə üzvlərinin ilk 6 ay ərzində fəaliyyətləri haqqında məlumatları əhatə edir. Cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa oxşar izahat verərək həmçinin bildirdi ki, o, Müşviqabad bələdiyyəsinə qarşı eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Onun iddiası Bakı İnzibati Məhkəməsi tərəfindən təmin edilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin qərar ləğv edilərək iddia mümkünsüz sayılmışdır. Hazırda iş Ali Məhkəmənin icraatındadır. Hazırkı iddiasını müdafiə edərək iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 verdiyi izahatında bildirdi ki, Müşviqabad bələdiyyəsinin 13 üzvü vardır. Lakin, onlardan yalnız 4 nəfəri bələdiyyənin daimi əməkdaşıdır. Digər üzvlər isə yalnız bələdiyyə iclaslarında iştirak edir və öz səsvermə hüquqlarından istifadə edirlər. Onlar hələ bələdiyyə üzvlüyünə seçilərkən bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna 55400 manat borcu var idi. Bələdiyyə üzvü olan və bələdiyyənin daimi əməkdaşı olmayan üzvlərin ümumiyyətlə hər hansı hesabat verməsi mümkün deyildir. Əvvəllər bələdiyyənin gördüyü işlərlə bağlı hesabatı bələdiyyənin inzibati binasının daxilində yerləşdirilmiş lövhədə qeyd edilirdi. Hazırkı iddiadan sonra isə həmin lövhə bələdiyyənin inzibati binasının qarşısında hər kəsin tanış ola biləcəyi yerdə yerləşdirilib. Orada bütün məlumatlar öz əksini tapıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın mümkün sayılmamasını xahiş etdi. Digər Cavabdeh7 Cavabdeh3 oxşar məzmunlu izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin üzvlərinin səlahiyyət dövrünün ilk 6 ayı, yəni 2025-ci ilin 6 ayı ərzində fəaliyyətləri haqqında hesabatlarını seçiciləri tanış etmək məqsədi ilə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməsini cavabdehlərə həvalə edilməsini xahiş edir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri hüquqa zidd hərəkətlərə və hərəkətsizliyə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar (51). Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bələdiyyə, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər (52). Bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər həyata keçirilməsini “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təmin edirlər (52.1). Həmin Qanunun 52-2-ci maddəsində göstərilmişdir ki, bələdiyyələr aşağıdakı hallarda öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə aprel ayının 1-dək hesabat təqdim edirlər: Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi barədə; bu Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə (1). Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik maliyyə hesabatını bələdiyyə iclasına təqdim edirlər. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti il yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 gün müddətində təsdiq edirlər (2). Bu maddənin 1-ci və 2-ci hissələrində nəzərdə tutulan hesabatlardan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsi ərzində əvvəlki il üzrə görülmüş işlər haqqında, o cümlədən bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə bu maddənin 2-ci və 3-cü hissələrində nəzərdə tutulan hesabatlar bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla (protokollarla) rəsmiləşdirilən yığıncaqda (yığıncaqlarda) iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin “lehinə” səs verdikdə bu barədə qərar qəbul edilir və yığıncağın (yığıncaqların) protokolu (protokolları) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilir. Protokolun forması və tərtibinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan protokolu (protokolları) forma və tərtiblə bağlı tələblərə uyğunluq baxımından yoxlayır və uyğunsuzluq aşkar etdikdə protokolu (protokolları) geri qaytarır, uyğunsuzluq aşkar etmədikdə isə 20 gün müddətində bələdiyyənin hesabatı ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə bələdiyyənin vaxtından əvvəl buraxılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edir (3). Bu maddədə göstərilən hesabatlar bələdiyyə iclasında təsdiq edildikdən dərhal sonra qərara əlavə olunaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilir (3-1). Həmçinin, Qanunun 53-cü maddəsinə əsasən bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər. Qeyd edilməlidir ki, iddiaçı iddia tələbində Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin üzvlərinin səlahiyyət dövrünün ilk 6 ayı, yəni 2025-ci ilin 6 ayı ərzində fəaliyyətləri haqqında hesabatlarını seçiciləri tanış etmək məqsədi ilə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməsini cavabdehlərə həvalə edilməsini tələb edir. İPM-də göstərilmişdir ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (2.2.3.). Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər (34.1.). Qeyd edilməlidir ki, bələdiyyə kollegiyal fəaliyyət göstərən orqandır və hansısa hüquqi mübahisə zamanı bələdiyyə üzvünün, yaxud vəzifəli şəxsinin hərəkət və ya hərəkətsizliyinə dair cavabdehliyi müvafiq bələdiyyə orqanı daşıyır. Hazırkı halda isə iddia ərizəsində cavabdeh qismində Qaradağ rayonu Müşfiqabad bələdiyyəsi qeyd edilməli olduğu halda, bələdiyyə üzvlərinin adları qeyd edilmişdir. Bu səbəbdən məhkəmə xx.xx.2025-ci il tarixdə iddiaçıya hüquqi yardım məktubu göndərərək iddia ərizəsinin dəqiqləşdirilərək iddia tələbinin əsl cavabdeh inzibati orqana qarşı (Bakı şəhəri Qaradağ rayonu Müşviqabad Bələdiyyəsi) irəli sürülməsi və bu barədə ərizənin, habelə iddia ərizəsində göstərilən tələblə cavabdeh inzibati orqana müraciətini təsdiq edən müvafiq sənədləri (ərizə, poçt qəbzi, xəbərnamə və sair) məhkəməyə təqdim edilməsi təklif edilmiş və sözügedən məktub iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə poçt xəbərnaməsini imzalamaqla qəbul edilmişdir. İddiaçı isə məhkəmənin göndərdiyi hüquqi yardımdan imtina etmiş və iddia tələbinə olduğu kimi baxılmasını xahiş etmişdir. Eyni zamanda müəyyən edilir ki, iddiaçı Müşviqabad Bələdiyyəsinə qarşı eyni iddia ilə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9146/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-4688/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qərar ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Hazırda iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Göründüyü kimi iddiaçı fiziki şəxsləri cavabdeh qismində göstərməklə bələdiyyənin fəaliyyəti ilə əlaqədar məsələlərlə bağlı tələbi fiziki şəxslərə qarşı yönəltmişdir. İnzibatiprosessual qanunvericiliyin tələblərinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanlara qarşı qaldırılan iddia tələblərinə baxıla bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “müvafiq məlumatın xüsusi lövhələrdə yerləşdirilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına apelyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-16870/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16870/2025
29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver