Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16876/2025 24.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və "Azneft" İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə qarşı "güzəştli pensiya arayışının təqdim edilməsi və s." tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və "Azneft" İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh N. Nərimanov adına NQÇİ-nin güzəştli pensiya təyinatı üçün tələb olunan xüsusi arayışı verməkdən imtinası qanunsuz hesab edilsin və güzəştli pensiya arayışını təqdim etmək öhdəliyi idarənin üzərinə qoyulması, cavabdeh DSMF-nin idarəyə təqdim ediləcəyi boş blank arayışları, SSRİ dövrünə aid hüquqi aktları və mövcud vaktiki ağır iş şəraitindəki vəzliyyəti nəzərə almadan güzəştli pensiya hüququnu rədd etməsi qanunsuz hesab edilməsi, hər iki cavabdehin hərəkətsizliyi nəticəsində pozulmuş güzəştli şərtlərlə pensiya hüququnun bərpası üçün işin faktiki şəraitə uyğun, əmək kitabçanda qeyd edilən 2007-2009 cu illərin nəzərə alınaraq,ən azından həmin illərin qiymətləndirməsi aparılaraq hüququnun bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, zərərli və təhlükəli əmək şəraitində faktiki işlənmiş peşə üzrə güzəştli pensiya hüququ verilməsindən imtina edilməsinə, dair: yuxarıda adı qeyd olunan Süleymanov. A. D oğlu təyinatı üzrə xüsusi ayrılmış təhlükəli yanacaq daşıyan aftoçənli maşınının sürücüsü olaraq 1986-2009-cu illər ərzində SOCAR "Azneft" İB-nin tərkibində fəaliyyət göstərən "N. Nərimanov adına NQÇİ"də uzun müddət ərzində neftçıxarma sahəsində zərərli və təhlükəli şəraitdə, faktiki olaraq "neft məhsulunun doldurucusu" peşəsi üzrə çalışmışam. Bu müddətdə idarənin ştat cədvəlində "doldurucu" peşəsi rəsmi şəkildə nəzərdə tutulmasa da, bu işlər faktiki olaraq sürücülər tərəfindən yerinə yetirilmiş, əməkhaqqıma zərərlilik əmsalına əsasən 8% ödənişlər edilmişdir. 2007-ci il mart ayından, 2009-cu il avqust ayınadək olan illərdə isə bu fəaliyyət və vəzifə üzrə 20%əvəzetmə əmri verilmiş, əmək kitabçamızda və əmək haqqı cədvəllərində qeyd olunmuşdur. Hazırda mən, pensiya yaşına çatmış şəxs olaraq, əmək fəaliyyətimə görə Əmək pensiyaları haqqında Qanunun 10.1.2 və digər aidiyyəti müddəalarına əsasən güzəştli pensiya hüququmu həyata keçirmək istəyirəm.Məsələ ilə bağlı N. Nərimanov ad. NQÇİ - nin rəhbərliyinə ərizə ilə müraciət edilsədə, lakin qeyd edilən təşkilat tərəfindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təqdim olunmalı olan zərərli peşə üzrə güzəştli arayış mənə verilməmişdir. Buna səbəb kimi təşkilatın ştat cədvəlində bu peşənin olmaması göstərilmişdir ki, bu da faktiki işləmə və verilmiş əmrlər, ödənişlər və vəzifə funksiyaları ilə ziddiyyət təşkil edir.Əlavə olaraq qeyd edirirəm ki, SSRİ dövründən qüvvədə olan və sonrakı dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 447 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılara əsasən, "neft məhsulunun doldurucusu" peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxildir.Mən DSMF-yə bu funksiyanın əslində qüvvədə olmuş qərara əsasən güzəştli pensiya hüququ verən peşələrdən olduğunu bildirsəmdə, onlar həm bu qərarı araşdırmaqdan, həm də funksional uyğunluq əsasında digər peşə ilə eyniləşdirərək N. Nərimanov ad. NQÇİ - nə sorğu yollamaqdan imtina etdilər. Bu səbəbdən həm idarənin zəruri arayışı verməkdən şifahi imtinası, həm də DSMF - yə idarə tərəfindən təqdim olunmuş zəruri sənədləri əsassız şifahi rədd etməsi və vəzifəsini yerinə yetirməməsi qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-12279/2025 saylı qərardadından görünür ki, eyni tələblərlə bağlı iddia mümkün sayılmamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçıya izah edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqların məhkəmə tərəfindən müəyyən edilən müddətdə aradan qaldırılmaması iddianın mümkünsüzlüyünə səbəb ola bilər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazın məzmununa uyğun izahat vermiş və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-12279/2025 nömrəli qərardadı ilə, iddiaçılar İddiaçı və X1 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və "Azneft" İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə qarşı "güzəştli pensiya arayışının təqdim edilməsi və s." barədə iddia tələbi mümkün sayılmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi, hazırda irəli sürülən iddia tələbi üzrə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan qərar qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2053/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir. Həmin qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edilmiş və qərar qanuni qüvvəsini almışdır. Tərəflər, o cümlədən iddiaçı məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır və iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz. Ona görə də bu iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1709/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(102)-1775/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 851/2023 nömrəli və xx.xx.2023-cü il, 2-1(102)-1335/2023 nömrəli). İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2-1(112)-16876/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16876/2025
24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver